XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

15 Avqust 2015 - 03:42

ABŞ-ın “Böyük Yaxın Şərq” layihəsi iflasa uğradı – Təhlil (2)

Cihadın yüksəlişində ərəblərin günahı varmı?

Bölgədə indiki gərginliyin kəskinləşməsinin səbəblərini anlamaq üçün birinci növbədə Səudiyyə Ərəbistanının roluna diqqət yetirmək lazımdır. İlk neft böhranından sonra (1973-1974) Qərbi Afrikadan İndoneziyaya qədər müsəlman dünyasının fəal və ifrat mühafizəkar şəkildə islamlaşmasına məhz o cəhd edir. Bunun ilk əlamətlərindən birini hələ 1977-ci ildə Kot-de İvuarda film çəkərkən təsadüfən özüm üçün qeyd etmişdim. Lap gənc oğlanların təhsil aldığı bir mədrəsədə İslamın yayıldığı ərazilərin yaşıl rənglə qeyd edildiyi bir xəritə gözümə dəydi. Müəllimin hələ coğrafiyanı da tədris etdiyi haqda təəccübümü bildirərkən o cavab verdi ki, Səudiyyə Ərəbistanından ikiillik qrant alıb. O, Misirdə tarix və coğrafiyanın tədris edildiyi nüfuzlu əl-Əhzər universitetində təhsil almışdı. Universitetdə İslamın siyasi önəmi və dünyadakı görkəmli mövqeyi xüsusi vurğulanır. Neft qiymətlərinin dörd dəfə artması imkan yaradan kimi Səudiyyə Ərəbistanı (Məkkə məhz bu sünni dövlətində yerləşir) fəal şəkildə vaizlər göndərməyə, məscidlər tikməyə və müsəlman ölkələrindəki icmaların “vəhhabiləşməsi”nə şərait yaratmağa başladı.

O, əvvəllər ABŞ-ın dəstəyi ilə həm Yəməndə, həm də bütün Yaxın Şərqdə panərəbçiliyin hər cür təzahürünə qarşı çıxırdı. Səudiyyə Ərəbistanının mühafizəkar siyasəti onda müsəlman dünyasında kommunizmə qarşı müttəfiq tapan Vaşinqtonun işinə tam yarayırdı (bu, həm də Amerikanın neft maraqlarına uyğun gəlirdi). Ər-Riyad üçün təhlükə qaynağı Tehran oldu. Hamının bildiyi kimi, sünnilərlə şiələrin mübahisəsinin Məhəmməd Peyğəmbərin vəfatı və onun ilk varislərinin təsdiq olunması dönəminə gedib çıxan dərin kökləri var.

Hər necə olsa da, gözümüzün qabağında baş verən böhran üçün mərkəzi hadisə 1979-cu ildə Xomeyninin islam inqilabı islamçılığın yüksəlişində mərhələ oldu.

Yaxın Şərqdə Nasir ideologiyasının iflası və ərəb sosialist rejimlərinin səhvləri buna gətirib çıxartdı ki, hakimiyyətə qarşı daha radikal etiraz İslamın bayrağı altına keçdi. O, hətta hansısa ciddi qərarlar təklif etmədən o zaman daha çox səfərbərlik xarakteri daşısa da. Səudiyyə Ərəbistanı şiə (və daha pisi, fars) liderlərinin Amerika imperializmi ilə mübarizə əsasında müsəlman aləmində rəhbərlik roluna iddialarını süngü ilə qarşıladı.

Bundan başqa, İran rejimi sünnilərin qəlbini fəth etmək üçün təcavüzkar antisionçu siyasət yürütməyə başladı. Lakin Sovet İttifaqının dəstəyinə bel bağlamadı və İraqla savaş zamanı (1980-1988) təcridə düşdü.

Səudiyyə Ərəbistanı 1979-cu ildə (Pakistan və ABŞ-ın logistik dəstəyi ilə) əfqan döyüşçülərinə yardım üçün sünni cihadı təşkil edib sovetlərin Əfqanıstana müdaxiləsinə qarşı fəaliyyətə başladı. ABŞ Əfqanıstanın özündə Gülbəddin Hikmətiyarın ən radikal islamçı qrupunu dəstəkləməyi qət etdi. Sovet İttifaqı ilə münaqişə başa çatarkən bu qrup da Usamə bin Ladən kimi ABŞ-a qarşı çevrildi. İlk islamçı teraktlar – 1993-cü ildə Nyu-Yorkda ümumdünya Ticarət Mərkəzində (17 nəfər həlak oldu), 1995-1996-cı illərdə Ər-Riyadda və Əl-Xobarda (24 nəfər həlak oldu),1998-ci ildə Nayrobidə Amerika səfirliyində və Dar-əs-Səlamda, 2000-ci ildə Ədəndə “Koul” esminesinə qarşı, 2001-ci il sentyabrın 11-də Nyu-Yorkda – məhz o zaman başlandı. Məşhur Nyu-York teraktı dolayısı ilə yeni mühafizəkarların, birinci növbədə Pol Vulfoviçin və Dik çeyninin mövqeyinin güclənməsinə səbəb oldu. Əfqanıstana cəza ekspedisiyası yeni mühafizəkarların “Böyük Yaxın Şərq”in yenidən biçimlənməsi proqramı üzrə siyasi, diplomatik və psixoloji hazırlığına müqəddimə oldu. Sonradan gördüyümüz kimi, məqsəd “bitməmiş müharibə”ni başa çatdırmaq, “kütləvi qırğın silahlı” diktaruradan can qurtarmaq və İsrailin durumunu yüngülləşdirməkdən ötrü Suriya rejimini HƏMAS və “Hizbullah”a köməkdən imtina etməyə məcbur etmək və əsas düşmənə – İrana sarı üz tutmaq idi (vəzifə ölkədə rejimin dəyişdirilməsi idi). Lakin layihə tam iflasa döndü.

ABŞ İraqda onu gözləyən şəraitə hazırlıqsız çıxdı: effektli işğal üçün ordu azlığı, kəşfiyyat məlumatları qıtlığı, hər hansı müvazinətləşdirmə olmadan ordunun buraxılması, yaxın keçmişdəki ikimənalı roluna baxmayaraq Amerika hökumətinin güvənini əldə etmiş şiə Əhməd çələbi başda olmaqla komissiyanın araşdırma aparmadan BƏƏS partiyası üzvlərinin aradan götürülməsi.

Bu arada iranlılar 2002-ci ildən İraqda fəal işə başlayıb öz maraqlarının müdafisəi üçün zəmin hazırladılar. Amerikanın canişini Pol Bremerin səriştəsizliyi heç də hamısı (xüsusən də cəmiyyətin aşağı təbəqələrində) Səddamı qeysiz-şərtsiz dəstəkləməyən şiələrin yalnız təcrid edilməsinə şərait yaratdı.

2004-cü ildə sünni müqaviməti ilə İranda hazırlanmış şiə dəstələrinin iştirak etdiyi amansız toqquşmalar başlandı (məsələn, Falucədə). Amerikalılar elə həmin il qayda-qanun yaratmaq (və hətta elektrik təchizatını bərpa etmək) qabiliyyətsizliyini tam şəkildə ortalığa qoydular və hər şeyin yekununda Əbu-Qreyb həbsxanası ilə bağlı qalmaqalın tam içində göründülər. Qalmaqala səbəb iraqlı dustaqların üzərində seksual təhqirlərin fotoşəkilləri oldu. Bu cür davaranışın müqabilində demokratiyanın yayılmasından necə danışmaq olardı?

Səddam Hüseynin diktaturası dönəmində İraqda heç ağla da gəlməyən “Əl-Qaidə” Əbu Musab əz-ZərkaviAyman əz-Zəvahirinin dilindən İkiçayarasında yarandığını ucadan bəyan etdi. Bu, bütün ölkənin hərc-mərcliyə qərq olduğu bir vaxtda sünnilərlə şiələrin münaqişəsini daha da kəskinləşdirdi. O zaman Əfqanıstanda başa çatmış və artıq önəmsiz sayılan müharibə 2005-2006-cı illərdə taliblərin dönüşü ilə tezliklə yenidən qızışdı. O, İraqdakı müharibənin və yalanın dolayı nəticəsi oldu: ABŞ taliblərə əsas logistik dəstək verən Pakistanın xüsusi xidmətlərinə maliyyə yardımı edirdi…

2007-ci ildə İraqda durumun yaxşılaşmasına baxmayaraq (Amerika generalı Devid Petreus sünni tayfaları “Əl-Qaidə”nin ləğvinə cəlb etdi) əl-Malikinin baş nazir seçilməsi şiələrlə sünnilərin, heç olmasa, cüzi şəkildə uzlaşmasına səbəb olmadı. Daha çox əksinə. Bütün seçkilər sırf icma xarakteri daşıyırdı: kürdlər, sünnilər və şiələr həmişə ancaq özlərininkinə səs verirdilər (ümumiyyətlə seçki məntəqələrinə gəlirdilərsə).

Nuri əl-Maliki hakimiyyət illərində təkcə əlində böyük bir hakimiyyət (daxili siyasət, müdafiə, siyasi polis…) cəmləşdimədi, həm də sünniləri daha çox təcrid etməyə çalışdı. Bu cür durumda şiə dəstələri sürətlə artmağa başladı: İran onların hamısını bu və ya digər formada müdafiə edir və beləliklə də, yüksəkeffektli paralel ordu yaradırdı. Lakin sünni qiyamçıların qruplaşmaları silahı yerə qoymağa hazırlaşmırdı və teraktlar davam edirdi. ABŞ bu ölkədə 10 min əsgəri kontingent qoymaq istəyərkən İraq lideri buna qarşı çıxdı (sözsüz ki, onu buna Tehran təhrik edirdi). Amerika qoşunları 2011-ci ildə İraqı tərk edən kimi Nuri əl-Maliki əvvəlcə kürdlərin yanına, sonra isə Türkiyəyə qaçan sünni vitse-prezidenti həbsə almağa cəhd etdi.

Jerar Şalyan

geopolitika və beynəlxalq münaqişələr üzrə ekspert

Sofi Musse

yazıçı və fotoqraf

“Atlantico” (Fransa), 14.08.2015