Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfirliyi ölkənin Milli Günü münasibəti ilə rəsmi qəbul təşkil edib.
Hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra səfir Mohamed Hamel Alqubaisi deyib ki, 45 il əvvəl onlar xalqına inkişaf, sabitlik, təhlükəsizlik gətirən 7 parçalanmış əmirliklərin birləşməsinin şahidi olublar. Həmin il BƏƏ-nin banisi mərhum Şeyx Zayed Bin Sultan əl Nəhyan və digər əmirliklərin liderləri bu federasiyanı formalaşdırıb: “Hazırda bizim ölkəmiz dünyanın bütün yerlərindən olan insanların yaşaması üçün ən xoşbəxt ölkələrdən biridir. Biz qlobal maliyyə böhranının mənfi təsirlərini dəf edə bildik və hərtərəfli inkişafa doğru addımlamağa davam edirik”.
M.H.Alqubaisinin sözlərinə görə, BƏƏ 178 ölkəni əhatə edən dünyanın ən səxavətli yardım donorlarından biridir: “Bu illər ərzində BƏƏ dünyada etibarlı dostlar da qazanıb ki, onlardan biri də Azərbaycandır. Bu dostluq bizim rəhbərlər, hökumətlər və xalqlar arasında möhkəm şəkildə mövcuddur”.
Diplomat bildirib ki, bu il əvvəlki illə müqayisədə Azərbaycana gələn BƏƏ turistlərin sayının 100 dəfə artıb. Səfir ikitərəfli əlaqələrin daha da möhkəmləndirmək və dərinləşdirmək üçün səylərinə davam etməkdə israrlı olduğunu vurğulayıb.
Azərbaycan hökuməti adından BƏƏ xalqını bayram münasibəti ilə təbrik edən iqtisadiyyat naziri Şahin Mustafayev deyib ki, ölkələrimzi arasında münasibətlər yüksək səviyyədədir və iki ölkənin mövqeləri beynəlxalq məsələlərdə üst-üstə düşür.
Nazirin sözlərinə görə, Azərbaycan-BƏƏ hökumətlərarası komissiyasının fəaliyyəti, hər iki ölkənin iş adamları arasında işgüzar münasibətlərin stimullaşdırılması, yeni tərəfdaşlıq əlaqələrinin qurulması istiqamətində həyata keçirilən tədbirlər, təşkil edilən sərgilərdə və forumlarda birgə iştirak iqtisadi əməkdaşlığımızın inkişafının bariz nümunəsidir.
Strateq. az