XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

01 Noyabr 2015 - 17:59

AKP təkbaşına hökumət quracaq: Kim uddu, kim uduzdu?

Türkiyədə təkrar seçkilərin nəticələri yavaş-yavaş aydınlaşır. Sayım tamamlanmasa da, indiyə qədər açıqlanan statistik rəqəmlər qardaş ölkənin gələcək siyasi həyatı barədə qəti fikir söyləmək üçün əsas verir.

Məlumata görə, səslərin, təxminən, 97%-i açıqlanıb. İndiki nəticələrə əsasən, demək olar ki, Türkiyənin gələcək hakimiyyətini yenə AKP quracaq. O, təkbaşına iqtidar qurmaq haqqını indidən qazanıb.

Seçici səslərinin, demək olar ki, yarısını qazanan AKP-nin ən azı 300-dən artıq millət vəkili çıxarmaq imkanı mövcuddur. Türkiyə kontitusiyasına əsasən, bu, hökumət qurmaq üçün kifayət edir. Belə ki, qardaş ölkənin parlamentinin 550 millət vəkili olur. Hökumət quruculuğu üçün isə qalib partiyaya ən azı parlament üzvlərinin 50% + 1 deputatı  səs verməlidir. Bu rəqəm isə 276-dır. Seçkinin bundan sonrakı nəticələri AKP millət vəkillərinin sayında ciddi dəyişiklik edə bilməyəcəyinə görə, 300 civarında millət vəkiliylə AKP-nin təkbaşına hökumət qurması üçün heç bir əngəl qalmayıb.

Səsvermənin tamamlanmasından sonra ortaya çıxacaq vəziyyət hətta bu partiyaya konstitusiyanı dəyişdirmək şansı da verə bilər. Konstitusiyaya görə, bunun üçün 330 millət vəkilinin səsi kifayətdir. 330 millət vəkilinin təsdiqiylə konstitusiya dəyişikliyi üçün nəzərdə tutulan layihə referenduma çıxarıla bilər. Parlament çərçivəsində bu imkanı əldə etmək üçün isə ən azı 367 millət vəkilinə ehtiyac var.

Hələlik, 98%-lik nəticəyə görə, konstitusiya dəyişikliyi layihəsini referenduma çıxarmaq imkanından AKP-ni sadəcə 14 millət  vəkili ayırır. Amma sayılmamış 2%-lik səsin nəticəsi hakim partiyaya nəinki bu imkanı, hətta məsələni parlamentdə həll etmək şansı da verə bilər. Nədən ki, HDP-nin 10%-lik barajı aşıb-açmayacağı hələ də bəlli deyil. 98%-lik sayımın nəticəsinə görə, bu partiya 10.3% səs alıb. 0.3 faizin isə hər an dəyişilmək imkanı mövcuddur. Belə olacağı təqdirdə, HDP-nin çıxaracağı 59 millət vəkilinin böyük əksəriyyəti AKP-nin aktivinə yazıla bilər. Bu isə AKP-nin parlamentə, hardasa, 370 civarında millət vəkili göndərməsi deməkdir.

Qeyd edək ki, ölkəni parlamentli respublikadan prezidentli respublikaya çevrimək istəyən AKP-nin ən böyük idealı da elə budur. Bəzi müşahidəçilərin fikrincə, hakim partiya bu idealı reallaşdırmaq üçün 7 iyun seçkilərində koalisiya hökuməti qurmaq istəmədi və təkrar seçkilərə getdi. Hələlik, görünən budur ki, türk seçicisi AKP-yə bu şansı vermək istəməyib. Amma nəticələr dəyişilə də bilər.

Yazı hazırlanana qədər göstəricilər səslərin 99%-i sayıldığından xəbər verirdi. Bu nəticələrə görə;

AKP   49.3% səslə   315 millət vəkili

CHP  25.2% səslə    134 millət vəkili

MHP 11.9% səslə      42 millət vəkili

HDP 10.4% səslə        59 millət vəkili

Bu nəticəyə görə, AKP rahatlıqla hökumət qura biləcək. Konstitusiya dəyişikliyi üçün isə ona daha 15 deputatın “saqqınızı oğurlamaq” lazım olacaq.

————————————————————-

Türkiyə seçkilərində kim uddu, kim uduzdu?

Təkrar seçkilərin nəticələrinə görə, əsas qalib AKP oldu. O, 7 iyun seçkilərində qazandığı 258 deputat sayına 58 millət vəkili də əlavə etdi: 316 deputat

CHP isə 132 millət vəkilini 134-ə yüksəltdi.

Seçkinin iki uduzan tərəflərindən biri MHP oldu. 7 İyunda 80 millət vəkili çıxaran partiya bu dəfə parlamentdə təmsil imkanını yarıbayarı azaltdı: 41 millət vəkili.

Digər məğlub partiya HDP-nin vəziyyəti isə MHP-dən daha yaxşıdır. 7 İyunda MHP-ylə eyni sayda millət vəkilinə sahib olan partiyanı indi 59 deputat təmsil edəcək. Yəni əvvəlkindən 21 deputat az…