XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

02 Noyabr 2015 - 09:55

İlyas İsmayılov məğlubiyyətində keçmiş dostu Ramiz Mehdiyevi təqsirləndirdi: “Faciəvi heç nə yoxdur”

Məlum olduğu kimi, 106 saylı seçki dairəsindən Ağayeva ülviyyə Cavanşir qızının deputatlığı elan olundu.

Hər kəs bu dairədən Ədalət partiyasının sədri İlyas İsmayılovun seçiləcəyini gözlədiyi halda, dünən günorta saatlarında xəbər yayıldı ki, yerli icra strukturları ülviyyə Ağayevanını qələbəsi üçün səfərbər ediliblər. 

Nəinki Azərbaycanda, hətta bir zamanlar post-sovet məkanında belə, çox məşhur olan, uzun illər müxtəlif aparıcı vəzifələrdə işləmiş bir insanın öz doğulub boya-başa çatdığı bölgədə çox adamın yaxşı tanmadığı birinə uduzdurulması, həqiqətən, xeyli təəccüblü görünür və “işin içində iş” olduğuna dəlalət edir. Görəsən, İlyas İsmayılov ötən müddət ərzində hansı “səhvə” yol verib ki, bu dairədən iki dəfə deputat seçilməsinə mane olmayan hakimiyyət indi onu bu sayaq – Prezident Adminstrasiyasının sıravi işçisi olan bir xanıma uduzdurmaqla cəzalandırmaq qərarına gəlib?

İlyas İsmayılov özü partiyasının mətbuat katibliyinə açıqlamasında belə fikirlər işlədib: “Zəngin və keşməkeşli həyatımda çox şeyləri görmüşəm, fərqli durumlarda olmuşam, amma ləyaqət və şərəfimi hər zaman qorumuşam. İndi də faciəvi bir şey olmayıb. Əksinə Ədalət partiyasının fəaliyyət istiqamətləri çoxalıb.

Mənim siyasi sərbəstliyim, dövlətimizin və cəmiyyətimizin qüsurları və inkişafı ilə bağlı düşüncələrimi açıq ifadə etməyim hakimiyyətdə kök salmış, daxilən kölə olan məxluqları daim narahat edib. Odur ki, Vətənimizdə haqqın, ədalətin, mənəvi dəyərlərin bərqərar olması istiqamətində mübarizəmi davam etdirəcəyəm”.

Qeyd edək ki, məsələylə bağlı Strateq.az saytı İlyas İsmayılovla əlaqə saxlayıb. Ədalət lideri seçkilərin bu cür nəticələnməsində isə təkcə ayrı-ayrı məmurları yox, maraqlıdır ki, həm də Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevi təqsirləndirib. İlyas İsmayılov iddia edib ki, seçkilər onun əleyhinə məqsədli şəkildə saxtalaşdırılıb və göstəriş də Prezident Administrasiyasından gəlib: “”Məğlubiyyətim” Ramiz Mehdiyevin strateji düşüncəsinin məhsuludur”.

Xatırladaq ki, hüquq elmləri doktoru İlyas İsmayılovla akademik Ramiz Mehdiyev arasında hətta sovetlər dövründə belə, çox yaxşı münasibətlər olub və bu münasibətlər sonrakı dövrlərdə də davam edib. İndi İlyas İsmayılovun deputat seçilməməsində öz həmyaşıdı olan köhnə dostunu – Ramiz Mehdiyevi təqsirləndirməsi, həqiqətən, çox maraqlıdır.

Görünür, keçmiş dostlar arasında bilmədiyimiz hansısa olaylar yaşanıb ki, adətən, adamlara münasibətdə hədsiz ehtiyatlı mövqeyi ilə seçilən İlyas İsmayılov birbaşa Administrasiya rəhbərini hədəf seçib.

Strateq.az