XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

03 Noyabr 2015 - 12:30

MHP-də “məğlubiyyət sindromu”: Hər an Dövlətsiz MHP mərhələsi başlaya bilər

Türkiyədə təkrar seçkilərin ən çox itirəni MHP oldu. Təkrar seçkidən sonra millətçi partiyanın millət vəkilləri heyətində yarıbayarı azalma, sözsüz ki, partiyadaxili ziddiyyətlərin ortaya çıxmasına yol açmalıydı və bu gün yayılan xəbərlər bu ehtimalın artıq reallaşdığından xəbər verir.

Məlumata görə, 7 iyun növbəti parlament seçkiləriylə müqayisədə  2 milyon seçici səsi itirən MHP rəhbərliyi artıq bu məğlubiyyətin səbəbini araşdırmağa qərar verib. Bu gün keçirilən toplantıda Dövlət Baxçalı və İdarə Heyətinin üzvləri partiyanın qarşısında dayanan problemləri müzakirə etməyə başlayıblar. Həftənin axırında partiyanın 40 millət vəkilinin də bir araya gəlib eyni mövzunu müzakirə edəcəkləri bildirilir.

MHP İdarə Heyəti təşkilatda baş qaldırmağa başlayan müxaliflərə qarşı da müəyyən tədbirlər həyata keçirmək istəyir. Baxçalının millət vəkilliyinə namizədlər arasında yer vermədiyi Meral Akşener, Trabzondan seçilməyərək mandat ala bilməyən Koray Aydın və təşkilatdan qovulsa da, məhkəmə qərarıyla geri qayıdan Sənan Oğan kimi müxaliflərin fəaliyyətinin ciddi nəzarət altına alındığı bildirilir. Amma bu kimi tədbirlərin işə yarayacağını gözləmək də əbəsdir. Nədən ki, Dövlət Baxçalının yürütdüyü siyasətdən partiya üzvlərinin ən azı yarısının narazı qalması üçün ciddi səbəblər var.

Məlum olduğu kimi 7 iyun seçkilərində parlamentə 80 millət vəkili çıxaran MHP-nin istənilən variantda iqtidar ortağı olması qaçınılmaz idi. İstər AKP-nin, istərsə də CHP-nin ittifaq təkliflərini kəskin şəkildə rədd edən MHP əslində təkrar seçkilərin əsas baiskarı oldu. Bu uzlaşmaz tövr isə partiya elektoratının ondan uzaqlaşmasına zəmin hazırladı. Nəticədə təkrar seçkilərdə 40 millət vəkiliylə kifayətlənən MHP parlamentin ən zəif partiyasına çevrildi. O hətta 59 millət vəkilinə sahib olan HDP-dən belə 50% qədər az deputat heyətinə malikdir.

üstəlik, AKP-nin də kiminləsə koalisiya qurmaq ehtiyacı qalmadı. Məsələyə bu aspektdən yanaşanda Dövlət Baxçalının bu barışmaz mövqeyinin AKP-yə işlədiyi aydınlaşır. MHP-nin qazancı isə öz təsir gücünü və xeyli sayda tərəfdarını itirmək oldu.

AKP-nin ötən seçkilərlə müqayisədə MHP elektoratı sayəsində xeyli güclənməsini təsdiq edən təkzibolunmaz arqumentlər də var. Bildiyimiz kimi təkrar seçkilərdə AKP 49.5% səs toplayaraq 7 iyundakı nəticəsini 8.6% artırdı. CHP də seçicilərin səsini 0.4% artırmış oldu. Və bu 0.4%-lik artım ona iki əlavə deputat qazandırdı. MHP və HDP isə ən çox itirənlərdən idi.

HDP-nin itirdiyi 2.4%-lik səs onun 21 millət vəkilinin azalmasıyla nəticələnsə də, hər halda partiya özünün əsas hədəfinə-parlament partiyasına çevrilmək niyyətinə çata bildi. İtirdiyi isə əslində 7 İyun seçkilərində CHP-nin seçki taktikası üçün ona hədiyyə etdiyi seçici səsləri idi. Bilindiyi kimi, AKP-nin təkbaşına iqtidar olmasının və konstitusiyanı dəyişdirmək imkanının qarşısını kəsmək üçün CHP-nin bəzi bölgələrdə HDP-yə səs verdiyi üzə çıxmışdı. Bunun da, hardasa, 2-3 %-lik səs olduğu düşünülür. HDP-nin növbəti seçkiylə müqayisədə elə o qədər az səs alması əslində öz halal potensialıyla parlamentə getdiyindən xəbər verir. Bu məntiqlə cümhuriyyətçilərin 2%-lik səs itirdikləri məlum olur. CHP elektoratının AKP-yə səs verməsinin mümkün olmayacağını düşünsək, böyük ehtimalla bu səslər digər seçilməyən  sol partiyaların aktivinə yazılıb.

AKP və MHP elektoratının yaxın olması millətçilərin 4.4%-lik səs itkisinin hakim partiyaya getdiyi ehtimalını ağla gətirir. Təsadüfi deyil ki, Dövlət Baxçalının bu seçki strategiyasına heç bir anlam verə bilməyən Tuğrul Türkeş də AKP-yə yaxınlaşmış və bu partiyanın seçki siyahısında yer almışdı. Sözsüz ki, hakim partiyanın səs artırmasında bu “dönüklüyün” də ciddi rolu olmuşdur. Tuğrul Türkeşin bu hərəkətindən sonra MHP liderinin eyni addımı atacaqlarından şübhələndiyi nüfuzlu millətçilərin adlarını seçki siyahısına salmaması da, yəqin ki, partiyanın daha az səs toplanmasının əsas səbəbidir.

Ankarada keçirilən bir aksiyada 100 nəfərin ölümüylə nəticələnən məlum terror hadisəsindən sonra MHP-nin seçkiqabağı mitinqlər keçirməkdən çəkinməsinin də səs itkisində xeyli təsirli olduğu düşünülür. Məlumata görə, seçki kampaniyası dövründə MHP yalnız 2 mitinq keçirə bilib. Bundan əlavə o, 7 zal toplantısı və 3 canlı televiziya çıxışı edib. Və bu kampanıyalar da kifayət qədər sönüb keçirilib. Əlbəttə ki, bu qədər passivliklə MHP daha ciddi zəfərlərə bel bağlaya bilməzdi. İndi bir sıra şübhəçi partiya funksionerləri Dövlət Baxçalının bu sönük kampaniyasında “bilərəkdən AKP-yə təkbaşına hakimiyyət qurmaq imkanı yaratmaq” hiyləsi axtarırlar.

Bütün bu bəsirətsiz siyasətlər və bunun nəticəsində yaranan şübhələr MHP-ni xeyli çətin duruma salıb. Nəinki hökumət ortaqlığına iddialı partiyadan deputat olmaq şansını, həm də ümumiyyətlə millət vəkilliyini itirən 40 nüfuzlu millətçinin Dövlət Baxçalının seçki strategiyası ilə razılaşması, əlbəttə, mümkün deyil. Onların arxalarınca xeyli qüvvə apardıqlarını da nəzərə alsaq, Dövlət Baxçalının MHP-ni bu ağır bədəldən qurtarmaq üçün müəyyən addımlar atması tələb olunur. Atıla biləcək ən optimal addım isə nöbədənkənar qurultaya getməkdir. Həmin qurultayda millətçilərin yenidən etimadını qazanmadan yürüdülən bu siyasətin davamı MHP-nin dağılması və tarixə qovuşmasına səbəb ola bilər.

Əslində narazı MHP-çilər də bunu istəyir. Onların Dövlətsiz MHP mərhələsinə keçmələri üçün isə ya partiya sədrinin növbədənkənar qurultay çağırması, ya MNTK-nın bu barədə qərarı, ya da qurultay nümayəndələrinin ən azı 20%-nin imzası lazımdır. Bu isə cəmi 249 nümayəndənin notarusla təsdiqlənmiş imzası deməkdir. Deputatlığını itirmiş 40 sabiq millət vəkilinin 249 qurultay nümayəndəsinin “saqqızını oğurlaması, yəqin ki, çətin olmayacaq. Hətta bu niyyət də baş tutmasa, MHP-nin nizamnaməsinə görə, növbəti qurultay 2016-cı ilin mart ayında keçiriləcək.

Marta isə bir şey qalmayıb.

Heydər Oğuz

Strateq.az