XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

04 Noyabr 2015 - 18:53

İŞİD-in yeni hərbi taktikası: Düşmənin mülki təyyarələrinə hücum

Cənubi Sudanın paytaxtı Cubada yenə bir rus təyyarəsi qəzaya uğrayıb. Maraqlıdır ki, “Antonov” markalı olan yük təyyarəsi hava qalxdıqdan qısa müddət sonra bu faciə yaşanıb. Sudan yetkililəri təyyarədə 20-dən çox sərnişinin olduğunu və onlardan biri uşaq olmaqla, 2 nəfərin qəzadan sağ qurtulduğunu bildirsə də, hadisə yerində olan şahidlər, ən azı, 40 cəsədlə qarşılaşdıqlarını deyiblər. Rusiyadan isə hələ ki konkret açıqlama verilməyib.

Xatırladaq ki, bir müddət əvvəl Sinay yarımadasında Rusiyaya aid sərnişin təyyarəsi də eyni qaydada havalandıqdan az sonra radardan itmişdi. Misir tərəfi bunun texniki bir qəza olduğunu bildirsə də, Moskva bu versiyanı şübhə altına almışdı. İŞİD isə təyyarəni vurduqlarını açıqlamışdı.

İki hadisə arasında bənzər əlamətlər Şimali Sudanda da qəzaya uğrayan təyyarənin bir raket zərbəsinə tuş gəldiyi ehtimalına yol açır.

O da maraqlıdır ki, içərisində 220 Rusiya vətəndaşının həyatını itirdiyi təyyarənin rus istehsallı S-125 raketiylə vurulduğu barədə iddialar var. Sözügedən iddianı da İŞİD irəli sürüb. İddiada həmçinin həmin silahların haradan ələ keçirildiyi də qeyd olunur: “İŞİD-in iddiasından aydın olur ki, bu terror qruplaşması Misir ilə qonşuluqda yerləşən Liviyanın sabiq diktatoru Müəmmər Qəddafinin silah cəbbəxanasının böyük bir hissəsini ələ keçirib. Bu cəbbəxanada Rusiya istehsalı olan bir sıra modern silahlar, o cümlədən “yer-hava” tipli “SAM” raketləri olub”– İtaliyada nəşr olunan “El Tempo” qəzeti belə yazır. Sudanın da Misirdən çox uzaq olmadığını nəzərə alsaq, həmin raketlərin bu ölkəyə keçirilməsi ehtimalı istisna edilə bilməz.

Ehtimalı qüvvətləndirən digər bir dəlil Sinay yarımadasında olduğu kimi, Cənubi Sudan müsəlmanları arasında da İŞİD ideologiyasının kifayət qədər geniş yayılmasıdır. Baxmayaraq ki, bu ölkənin idarəçiləri xristiandır.

Qeyd edək ki, bir neçə il bundan əvvəl Sudanın iki ölkəyə ayrılmasının səbəbi dini və etnik fərqlilikdən irəli gəlmişdi. İŞİD və buna bənzər radikal islamçıların nəzarətində olan Şimali Sudan parçalanmadan sonra olduqca ağır iqtisadi vəziyyətlə üz-üzə qaldı. çünki bu zamana qədər Sudan iqtisadiyyatının 98%-i neft istehsalına bağlıydı. Olduqca böyük neft yataqlarına sahib olan ölkə 2011-ci ilə qədər hər il neft satışından 18-20 milyard dollar qazanırdı.

Afrikanın ərazisinə görə ən böyük ölkəsi olan Sudanın əhalisi isə 40 milyondan çox idi. Təbii ki, bu qədər əhali üçün 18-20 milyardlıq milli gəlir xeyli azlıq təşkil edirdi. Digər tərəfdən, keçmiş bütöv Sudanın “qara qızıl”ının 80%-i cənub ərazisində yerləşirdi. Bu isə etnik və dini mənsubiyyət baxımından Şimali sudanlılardan fərqlənən cənubluları ayrılmağa sövq edirdi. Bölgədə neft maraqları olan dövlətlərin də yardımıyla  2011-ci ildə Sudan parçalandı.

Əhalisinin 80%-dən artığı müsəlman olan şimallılardan fərqli olaraq, güneylilərin dini mənsubiyyəti xeyli mürəkkəbdir. Xristianların hakimiyyətdə olmasına baxmayaraq, bu dinin mənsubları əslində güneydə də çoxluqda deyillər. 10 milyondan bir qədər çox olan əhalinin cəmi 20 faizinin xristian olduğu deyilir. ölkədə təxminən bir o qədər də müsəlman var. Güneylilərin 60-70%-i isə yerli dinə mənsubdur.

ölkənin “qaymağı” olan güneyinin əldən çıxmasından sonra 30 milyon əhaliylə Sudan dünyanın ən kasıb ölkələrindən birinə çevrildi. Əhalinin böyük qismi acından ölmək həddindədir. Heç bir iqtisadi gücü olmayan bu insanlar ölkədəki radikal islamçılarla da bacara bilmir, məcburən onların köləsinə çevrilirlər. İqtisadi vəziyyət Şimali Sudan insanını dəniz quldurluğu və sairə kimi terrorçu fəaliyyətlə çörək qazanmağa vadar edir. Müsəlman  sudanlıların əsas parçası olan şimaldakı bu radikalizm və terrorçuluq meylləri istər-istəməz güneyə də öz təsirini göstərir.

Ayrıca, etnik separatizm nəticəsində bölünmənin üzərindən cəmi 4 il keçib. Yəni əhalisinin etnik və dini tərkibi xeyli mürəkkəb olan güneydə hələ də vətəndaş müharibəsinin yaraları sağalmayıb. Bütün bunlar isə güneydəki müsəlmanları öz dini kimlikləri uğrunda mübarizəyə vadar edir.

Ən əsası isə Qərb ölkələrinin köməkliyi ilə güneydə hakimiyyəti ələ keçirən xristianlar ölkənin zənginliklərini də heç kiminlə paylaşmaq istəmirlər. ölkə müsəlmanlarını bir dava ətrafında birləşdirən başlıca səbəblərdən biri elə bundan qaynaqlanır. Başqa sözlə, müsəlman sudanlıların İŞİD ətrafında birləşməsinin iqtisadi əsasları da var. 

Yuxarıda sadaladığımız dəlillər Cənubi Sudanda İŞİD faktorunun güclü olduğundan xəbər verir və vurulan rus təyyarəsinin sıradan çıxarılmasında bu terror təşkilatının barmağının olduğu ehtimalını gücləndirir. Əgər bu versiya öz təsdiqini taparsa, belə çıxır ki, İŞİD Suriyadakı rus əməliyyatlarına qarşı yeni mübarizə taktikasına keçib: Rusiyadan qisası başqa yerlərdə onun mülki təyyarələrini vurmaqla almaq! Böyük ehtimalla, İŞİD bu metodlarını davam etdirərsə, rus aviasiyası qlobal miqyaslı təxribatla qarşı-qarşıya qalacaq.

İŞİD-in bu taktikanı təkbaşına həyata keçirməsi, əlbəttə, mümkün deyil. Hər halda göydə uçan təyyarənin kimə mənsub olduğunu müəyyənləşdirmək bir terror təşkilatının bacaracağı iş ola bilməz. Görünür, ona işarə verənlər də var. ABŞ yetkililərinin bir müddət öncə açıq şəkildə bu əməliyyatları dayandırmasa, Rusiyanın ağır bədəllər ödəyəcəyini deməsi bu mənada təsadüfə oxşamır.

 

Heydər Oğuz

Strateq.az