XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 November 2015 - 06:19

“Qaynar Qazan”da Azər Həsrət: “Qətllərin arxasında Qərb dayanır…”

azer-1.jpg

“Qaynar Qazan”ın budəfəki qonağı Mətbuat Şurası İdarə Heyətinin üzvü, əməkdar jurnalist Azər Həsrətdir.

Onunla xeyli zamandır görüşməli idik. Sadəcə, gündəmimiz müsaid olmadı deyə, bir az gecikdik. Gecikdik, amma Azər Həsrət də “Qaynar Qazan”da elə şeylər dedi ki, həqiqətən, gündəm xeyli qaynayacaq. İllərin yığılıb qalan söhbətləri bir yana, elə başlayan kimi, od püskürməyə başladı. Əvvəlcə Rauf Arifoğluna döşədi, sonra Azərbaycan mətbuatının və siyasətinin önəmli simaları onun tənqidindən nəsibini aldılar. AXCP sədri Əli Kərimli, AXCP mətbuat xidmətinin rəhbəri Natiq Ədilov, tanınmış jurnalist Natiq Cavadlı… ürəyi həqiqətən dolu imiş Azər Həsrətin və həqiqəqən ona ciddi bir “Qaynar Qazan” lazımmış…

Elmar Hüseynov öldürüləndə onun ölkə başçısı İlham Əliyevin haqqında ağır tənqid ehtiva edən çıxışı, təbii ki, əsas müzakirə mövzumuz oldu. Suallar da əsasən, o istiqamətdə idi. Azər Həsrət bütün sualları dərin bir səmimiyyətlə cavablandırdı. İnanıram ki, onun bu demokratizmi heç bir partiya sədrində yoxdur. Əleyhinə olan bu qədər ağır sözləri-sualları cavablandırmaq, səsləndirilməsini xahiş etmək, mənim indiyə qədər Azərbaycan siyasi səhnəsində qarşılaşmadığım hadisədir. Bu, Azər Həsrətin ciddi uğuru, dözümü və nailiyyətidir.

Onun maraqlı yanaşmaları var. Bəzən nə istədiyi bəlli olmasa da, inadla haqlı və doğru olduğunu deyir. Dəyişmədiyini, gah da dəyişdiyini deyir. Sözlərindən imtina etmir, amma həm də İlham Əliyevə təşəkkür edir ki, onu vurub küçələrdə öldürməyə imkan verməyib. İnanır ki, onun kimi radikal adamlar mövqelərini onun kimi dəyişsələr, bir şeylə həllini tapar. Ancaq buna baxmayaraq, seçkilərə qatıla bilmir…

Jurnalistə ev hədiyyə olunmasından siyasi məhbuslara qədər hər şeydən danışdıq. Bu müsahibə “Qaynar Qazan”ın indiyəqədərki müsahibələrinin ən yaxşılarındandır, təbii ki… Və hər şeyə oxucu-tamaşaçı qərar verəcək.

Elə isə, o zaman “Qaynar Qazan”da Azər Həsrəti dinləyirik…

Əvəz Zeynallı   

 

azer-3.jpg

Rauf Arifoğlunun yerinə “Qaynar Qazan”da mən birinci olsaydım…

 

– Salam.

– Salam, xoş gördük.

– Uzun zamandır, əslində, “Qaynar Qazan”ın ilk buraxılışlarında, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğludan müsahibə aldığımız vaxtda yazmışdınız ki, “Mən də Rauf bəyin müsahibəsinə münasibət bildirmək istəyirəm”. O zaman nəyə münasibət bildirmək istəmişdiniz?

– Orada bir neçə məqam var idi. Birincisi, bizim hər ikimizin “Əməkdar jurnalist” adı almağımız və ardından da müəyyən adamların bizə – həm Rauf bəyə, həm də mənə qarşı kampaniya aparmaları, təbii ki, daha çox təhqir edilməyimiz kimi bir proses başlamışdı. Müsahibədən isə elə təəssürat yaranırdı ki, sanki bütün ölkə tək onun üzərinə gəlir, bizə qarşı da heç nə edilmir. Əslində, mən onun yerinə “Qaynar Qazan”da birinci olsaydım, mütləq deyəcəkdim ki, məni və Rauf bəyi söyürlər. Amma mən Rauf bəydən onu eşitmədim, desin ki, “mənimlə bərabər Azər Həsrəti də söyürlər…” Mənimlə bağlı ermənilərin paylaşdığı bir statistika var idi. Mən “Tvitter” sosial şəbəkəsində fəalam və dünyanın hər yerindən də ermənilər məni izləyirlər. O da müəyyən məsələlərlə bağlıdır. Orada ermənilərdən birinin yazdığı statistika var idi. “Azadlıq” qəzeti mənimlə bağlı hazırladığı bir videoçarxı paylaşmışdı. Orada Elmar Hüseynovun qətlinin səhəri günü keçirilən mətbuat konfransında mən nə demişəm və AzTV-yə müsahibəmdə nə demişəmsə, şərhsiz-filansız videoçarxda yerləşdiriblər və bunu öz veb səhifələrində və facebook-da yayımlayıblar. (Red.- Azər Həsrətin həmin videoçarxda etdiyi çıxışdan sitat: “Bunlar o qədər vicdansızdırlar, bunlar o qədər əclafdırlar, üzr istəyirəm söyüşlərimə görə, bunlar özləri cinayət törədirlər. Leyla xanım deyir ki, İlham Əliyev münasibət bildirsin, İlham Əliyev də çıxıb deyəcək ki, mən bunu pisləyirəm.” AzTV-yə verdiyi müsahibə: “Gözləmədiyim şəkildə bu hadisə baş verdi. Yəni mənə “Əməkdar jurnalist” fəxri adı verildi. Ona görə də mən cənab prezidentə təşəkkür edirəm”.) Bu videoçarxın həmin günlərdə təkcə facebook-da izlənməsi 30 mindən yuxarı idi. Rauf bəylə bağlı videonun izlənməsi isə ondan 5 qat aşağı idi.

 

“Yeni Müsavat”dan, konkret Rauf bəyin özündən heç bir dəstək görmədim

 

– O məqamı nəzərdə tutmusunuz?

– Yəni mən də düşünürdüm ki… Bunu heç də müqayisə etmək üçün demirəm, sadəcə həmin dövrdə mən “Yeni Müsavat”dan, konkret Rauf bəyin özündən heç bir dəstək görmədim. Halbuki belə bir dəstəyə haqqım vardı.

– Bu, əslində, mənim üçün də maraqlıdır. Bəs o dəstəyi niyə görmədiniz? Axı siz bir düşərgədən çıxmış və başqa bir düşərgədə xoş qarşılanan, medal alan adamlarsınız…

– Rauf bəyin barmağına bir daş dəyəndə mən hər zaman onun yanında olmuşam. Türməyə düşüb, arxasında olmuşam – özü də bir dəfə yox, dəfələrlə tutulub. Qəzeti ilə bağlı problemi olub, mən orada olmuşam. Hətta elə bir dönəm olub ki, – Rauf türmədə olub, qardaşı Azər Ayxan bizi müdafiə üçün dəvət edib – onların redaksiyasına çox adam getməyə qorxanda mən ora getmişəm. İclas keçiriblər ki, bizi müdafiə edin və mən orada olmuşam. Amma umduqları, məndən də daha ağır çəkili adamların heç biri getməyib. Mən isə hər zaman orada olmuşam. üstəlik də, sonrakı proseslərdə çox maraqlı bir müşahidəm oldu. Açığını deyim ki, son bir aydır mən “Yeni Müsavat”ı oxumuram.

– çox maraqlıdır. Niyə?

– İddia eləmirəm ki, böyük adamam, amma mənim – Azər Həsrətin seçki məsələləri ilə bağlı müəyyən iddialarım var idi. Müəyyən hərəkətlər eləyirdim, müəyyən açıqlamalarım, müəyyən yazılarım olurdu. Siz təsəvvür edin ki, “Yeni Müsavat” qəzeti bir dənə də olsun mənim xəbərimi vermədi. Halbuki çəkidə məndən qat-qat aşağı olan, hətta “dünənki uşaq” deyə biləcəyimiz adamların belə xəbərlərini facebook statuslarından tapıb, o qəzet yayımlayırdı.

 

“Dünənki uşaqlara” tribuna verən “Yeni Müsavat” Azər Həsrətə tribuna vermədi

 

– “Dünənki uşaq” deyərkən?

– Aşağılamaq mənasında demirəm. Yəni mənimlə müqayisədə deyirəm. Mənim, tutaq ki, bu gün 50 yaşım var və 25 yaşında bir gənc çıxıb, haradan çıxıb, nədir, bilinmir, təbii ki, biz tanımırıq. Amma o gəncləri də təqdir edirəm. Sadəcə, o gənclərə belə tribuna verən “Yeni Müsavat” Azər Həsrətə tribuna vermədi.

– Bəlkə “ümid” partiyasının üzvləridirlər? çünki bu partiya ilə onların anlaşmaları, haqq-hesabları var…

– Olsun…  Mənə elə gəlir ki, onların hər kəslə anlaşması ola bilər. Amma Azər Həsrəti də unutmaq, mənə elə gəlir ki, doğru bir şey deyil. Hələ üstəlik də bizim üzərimizə gələn qüvvələr eyni qüvvələrdir. Bizi gözümçıxdıya salan adamlar eyni adamlardır. Bizim ikimizə də “Əməkdar jurnalist” adı verilib. Yəni bizi Rauf bəylə birləşdirən çox məqamlar var…

– O zaman sizi qısqanır?

– Bilmirəm…

– Hakimiyyətə yaxınlaşan yeni qüvvələri qısqanır?

– Mən də sakitcə, son bir aydır “Yeni Müsavat”ı oxumuram. Qəzeti zatən oxumurdum, çünki mən kağızdan çoxdan imtina eləmişəm, sayta da faktiki baxmıram…

 

Musavat.com-u daha oxumuram

 

– Mən Azər Həsrəti demokrat adam kimi tanıyıram. Deməli, görün siz nə qədər qəzəblənibsiniz ki, nə qədər əsəbiləşibsiniz ki, artıq bir saytı oxumamaq həddində boykot etmisiniz…

– Sizə bir misal çəkim. Elşən Musayevi, yəqin, tanıyırsınız?

– Hə, tanıyıram.

– Mənim, məsələn, o adamla bir-birimizə qarşılıqlı sayğımız var. Fərqli düşüncələrimiz var. Təbiidir ki, müəyyən şeylər var – o da televiziyada veriliş aparırdı. “Lider”də efirə çıxan həmin veriliş əsasən müxalifəti qaralayan bir veriliş idi. Təbii ki, bu, onun şəxsi işidir və mən də buna qarışmıram. Amma onunla çox yaxşı münasibətlərimiz var. Elşən Musayev bir yazı yazırdı, “Yeni Müsavat” həmin yazını dərc edirdi.

– Hətta statuslarını belə köşə edirlər.

– Bəli, statuslarını belə köşə kimi təqdim edirlər. Azər Həsrət doğrudanmı bu qədər diqqətə layiq olmayan birisidir? Mənim bu dövrdə daşdan keçən yazılarım var axı. Seçki prosesləri ilə bağlı, Amerikada, Avropada Azərbaycana qarşı gedən proseslər haqqında yazılarım var. Elə şeylər var ki, mən müqayisə edirəm və düşünürəm ki, daha çox diqqətə layiq olan mənim açıqlamalarımdır.

– Əslində, mən elə bilirdim ki, siz Rauf bəyin müsahibədə dediyi başqa bir fikrə münasibət bildirəcəksiniz. Siz danışırsınız və mən də dolayı olaraq bağ qurmağa çalışıram. Mətbuat günündə prezidentin yanında şəkil çəkdirmək məsələsi var idi…

– Yadıma düşdü… Yadıma düşdü…

– Müsahibədə Rauf bəy demişdi ki, bəziləri prezidentin yanına soxulurdular, amma mən ona diqqət etmədim. Mən elə bilirdim ki, siz Rauf bəyin bu fikrinə cavab verəcəksiniz?

Yox, orada soxulmaq məsələsi mənə aid deyil.

– Bəlkə elə məsələ də o məsələdir? Siz orada prezidentlə səmimi söhbət edirsiniz, Rauf bəy də arxadadır. Bəlkə ona görədir?

– Ona görə deyil. “Soxulmaq” da başqa bir məsələnin mövzusudur və bunu da hamı bilir. Biz bunu hətta Mətbuat Şurasının iclasında öz aramızda dostlarla müzakirə eləmişik. Mən sadəcə sizə orada olan bir detalı deyim. Biz prezidentin qəbulu bitəndən sonra onun yanından çıxdıq. Hər zaman da elə olur, səmimi söhbət edirik. Bu məqam çəkilsə də, televiziyada, mətbuatda yayımlanmır. Biz söhbət edə-edə, şəkil çəkdirmək üçün binanın girişinə doğru gəldik. Həmin yerə çatanda mən prezidentlə yanaşı yeridiyim üçün bir addım bilərəkdən, özüm geri qaldım ki, prezident qabağa getsin, üstəlik də Mətbuat Şurasının sədri Əflatun Amaşov, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, prezidentin köməkçisi Əli Həsənov, Umud Rəhimoğlu, Müşfiq Ələsgərli – yəni vəzifələrinə görə bu adamlar qabağa keçsinlər və prezidentin yanında dayansınlar. Siz fikir vermisinizsə, mən o şəkildə arxadayam. Amma bir addımladığımız yerdə səmimi bir ortam idi, sadəcə olaraq mən bilmirəm, niyə prezidentin saytına məhz o şəkili qoyublar. Orada bəlkə də yüzə yaxın şəkil çəkdirdik…

azer-2.jpg

– Yəni əsas o şəkil qabardıldı?

– O şəkil prezidentin saytına qoyulub. özü də mən onu özümdən götürüb paylaşmamışam, prezidentin saytından götürüb paylaşmışam. Yəqin onların da öz düşüncələri var ki, götürüb qoyublar. özləri bilərlər. Hər halda paylaşılıb. Sadəcə, Rauf bəylə bağlı orada başqa bir məqam var idi ki, mən onu bölüşmək istəyirdim. O deyir ki, “mən mühafizədən yayındım, mobil telefonumu-smartfonumu içəri keçirə bildim, şəkil çəkdim..”

 

Prezidentin qəbulunda selfi çəkdirmək etik deyildi

 

– Hə… Mən də hiss etdim ki, o bunu uğur kimi dedi…

– Yox, orada elə bir şey olmayıb. çünki mən ikinci dəfədir ki, elə bir görüşdə iştirak edirəm. Keçən il – 2014-cü ilin noyabrında prezidentə “Jurnalistlərin dostu” mükafatı təqdim olunanda da mühafizədən rahat keçmişdik. Yəni hamımıza dedilər ki, “telefonların ya səsini alın, ya da söndürün”. Elə bir şeylə qarşılaşmadıq ki, bizə desinlər ki, telefonu mühafizəyə təhvil verin və içəri keçin. Elə bir şey olmayıb.

– Yəni o selfini siz də çəkə bilərdiniz?

– çəkə bilərdim. Mənim telefonum da cibimdə idi. Mən etik baxımdan onu normal saymıram, çünki ən azı sən prezidentin qəbulundasan. Ona görə də mən telefonumu ümumiyyətlə, söndürmüşdüm.

– Yəni deyirsiniz ki, müəyyən etik normaları pozmaq…

– …Doğru bir şey deyil. Rauf bəy də dostumuzdur… Bir az belə yaxşı çıxmadı: “Mən prezidentin mühafizəsindən yayınıb, telefonumu içəri keçirdim!” Elə şeymi olar? Onlar istəsələr, sənin hər şeyini əlindən alarlar. Orada elə bir xoş atmosfer var idi ki, bizə o qədər səmimi münasibət var idi ki, elə hamı kimi yoxlasınlar və s. elə bir şey yox idi. Biz də ondan sui-istifadə etməməliyik. Doğru deyilmi?

– Vallah, bilmirəm, mən o vəziyyətdə olsaydım nə edərdim.

– Mənə səmimiyyət göstərən adama qarşı mən ikiqat səmimi oluram. Prezident və ya onun mühafizəsi istəsə, bizi başdan-ayağacan yoxlayıb, sonra içəri buraxardılar. Amma onlar bunu eləmədilər. Buna ehtiyac da yoxdur. Orada hamımızı tanıyırlar…

– Deyirsiniz ki, etibardan sui-istifadə eləmək olmaz?…

– Bir az da elə göründü mənə… Bilmirəm, Rauf bəy özü buna necə baxır…

– Azər bəy, yeri gəldi, mən tamam başqa cür başlayacaqdım müsahibəyə, amma tamamilə başqa cür başladım. Yəni Əli Həsənovun media imperiyasında (Müsahibə BMM-də, MŞ sədrinin müavini Müşfiq Ələsgərlinin otağında alınırdı – Red.), KİVDF-nin qələmi əlimdə, Müşfiq Ələsgərlinin otağında bir az qəribə bir vəziyyətdə müsahibəyə başladıq…

Ha…ha…ha… (Gülür)

– Hər halda demokratiyanın bu şeyləri gözəldir, ölkəmizi diktatura adlandırsaq da…

– “Azərbaycanda diktatura var” deyən adamlarla mən heç bir zaman razılaşmıram. çünki siyasi kursunu dəstəkləmədiyim Rəcəb Tayyip Ərdoğanın belə bir fikri var: “Mənə diktator deyirsiniz, amma buna görə sizə heç kim heç nə
eləmir”. Diktator olan ölkədə buna görə, axı adamı ağır cəzalandırarlar…

– Yox, mən iki yazı yazmışam və buna görə 9 il azadlıqdan məhrumetmə cəzası almışam. Mən bir az fərqli yanaşıram belə məsələlərə…

– Təbii olaraq…

 

Prezidentin yanında dayana bilərdim

 

– Həm də bizim öz dostlarımızın canfəşanlığı ilə… Mən yenidən o məqama qayıtmaq istəyirəm. Bu “soxuşdurma” məsələsinə gəlmək istəyirəm. Bayaq da açıb-ağartmadınız. Doğrudanmı, bizim prezidentlə görüşəndə müəyyən qayda var – kim yanında durmalıdır, kim sağında, kim solunda dayanmalıdır? Mən o məşhur şəkilə sonra bir daha da baxdım və gördüm ki, Əflatun Amaşov da bir qədər uzaqdadır, bizim hörmətli qardaşımız Vüqar Səfərli də uzaqda dayanıb. Siz isə yaxındasınız…

– Əgər rəsmi qrup şəklindən söhbət gedirsə, orada mənimlə bağlı qəribə heç nə yoxdur, çünki mən dediyim kimi, gəldik, prezidenti qabağa buraxdıq, özüm arxaya çəkildim və bir pillə də arxada durmuşam. Yəni mən onun arxasındayam.

– Siz istəsəydiniz, yanında da dura bilərdiniz?

– Yanında da dura bilərdim, heç kim də heç nə deməyəcəkdi. Necə ki, başqa adamlar da yanında elə durublar.

– Bu, nə məsələdir? Mən bilmək istəyirəm ki, prezidentlə yanaşı durmaq olmazmı?

– Olar. Amma etiket deyilən bir şey var. Yəni buradakılar Mətbuat Şurası İdarə Heyətinin üzvləridir. Mətbuat Şurasından kənar adam prezidentin köməkçisi Əli Həsənov, bir də onun müavini Vüqar Əliyevdir. Bu iki dövlət rəsmisi və bir də biz – 16 nəfər. 1 nəfər də xaricdə olduğu üçün həmin görüşdə iştirak edə bilməmişdi. Əgər bu Mətbuat Şurası üzvlərilə bir görüş və şəkildirsə, təbii ki, prezidentlə ilk yanaşı duracaq adam da Əflatun Amaşovdur. İkinci adam KİVDF-nin icraçı direktoru Vüqar Səfərlidir. Onlarla bir sırada duracaq adamlar – Mətbuat Şurası sədrinin müavinləri Umud Rəhimoğlu və Müşfiq Ələsgərlidir.  Digər tərəfdə Əli Həsənovdur. Onlardan başqa qalan adamların da ikinci, üçüncü sırada durması gözləniləndir və olmalıdır.

 

Mətbuat Şurası – kim, harada otursun?!

 

– Bununla bağlı əvvəlcədən bir razılaşma, qayda vardımı?

– Elə onun üzərinə gəlmək istəyirəm. Mən Mətbuat Şurası qurulanda, 2003-cü ildə orada olmuşam və ondan sonra bütün proseslərdən uzaqlaşdım. Bir də indi Mətbuat Şurasının üzvüyəm. Mən dəfələrlə Mətbuat Şurasında Əflatun müəllimə, başqa dostlarıma da demişəm ki, ümumiyyətlə, İdarə Heyətinin adi iclaslarında da kimin harada oturacağını birdəfəlik müəyyənləşdirək. Mətbuat Şurasında hamımız bir-birimizlə səmimiyik. Orada qeyri-səmimi olan heç kim yoxdur. Hamı bir-birini çox istəyir, hamı bir-birini eşidir. Əflatun Amaşovun özü elə adamdır ki, yumşaq xarakterlidir, yəni sərtliyi yoxdur. O, mühiti daha çox yumşaltmağa çalışır. O zaman dedim ki, gəlin birdəfəlik stolun üzərinə yazıb, qoyaq adları.

– Beynəlxalq tədbirlərdə prezidentlər də o qayda ilə stola əyləşirlər.

– Bəli, hətta dedim ki, əgər bir problem varsa, o zaman məni arxaya qoyun. Mən bundan utanmıram, çəkinmirəm. çünki harada oturmağımdan asılı olmayaraq, nəyəmsə, oyam. O da dedi ki, mən bir neçə dəfə cəhd eləmişəm, nəsə alınmır.

– Yəni o şəkildə özünü soxuşduranlar oldu, deyirsiniz?…

– Yəni belə… Keçmiş olsun… Prezidentin səmimiyyətindən bir az sui-istifadə eləyənlər oldu.

– Amma mən həqiqətən də onu anlamaqda çətinlik çəkirəm, tutaq ki, Tapdıq Abbasın prezidentin sağında durmasıyla, Vüqar Səfərlinin durmasının nə fərqi var? Bu, niyə qaydaya salınmalıdır? Və yaxud da ki, Tapdıq Abbas yazmışdı, “bu şəkilləri qoltuqlarına vurub, qapılar gəzirlər… Torpaqlar alırlar…” Doğrudanmı, elə hallar varmı?

– Mən Mətbuat Şurasında elə adamların olduğuna inanmıram.

– Mətbuat Şurasında artıq ehtiyacı olan adamlar yoxdurmu?

– Ehtiyacdan savayı… Orada deputatlar var – Aqil Abbas, Bəxtiyar Sadıqov, Cavanşir Feyziyev. Cavanşir Feyziyevin ümumiyyətlə, prezidentin şəklini qoltuğuna vurub, harasa getməsinə ehtiyacı yoxdur. Yəni çəkisi, imkanları olan adamdır. Aqil Abbası da, şükür Allaha, bu ölkədə hamı tanıyır. ölkədə istənilən qapını öz adı ilə açan adamdır. Bəxtiyar Sadıqov “Azərbaycan” qəzetinin baş redaktorudur, deputatdır…

– Bu adamların hamısı zaman-zaman prezidentdən nəsə alıblar da… Bəxtiyar Sadıqov oğluna ev istəmədimi, şəhərin ən gözəl yerindən, ən gözəl mərtəbəsindən?

– İstəyib, amma prezidentin şəkili ilə istəməyib ki… O, birbaşa prezidentə müraciət eləyir…

– Aaa…

– Yəni bu zaman şəkilə ehtiyac yoxdur ki, zatən…

 

Yol Polislərinə “işsizəm” deyirəm

 

– özündən istəyir?..

– özündən istəyir. Mənim kimi adama gəlincə, elə tip adamam ki, Mətbuat Şurası İdarə Heyətinin üzvüyəm. Televiziyada veriliş aparıram… Bu, əslində balaca bir şey də deyil. Məni yol polisi saxlayanda, ümumiyyətlə, jurnalist olduğumu demirəm. Heç vaxt heç kim görməz ki, maşınıma  “Press” yazım yapışdırım. Heç bir zaman. Hətta bəzən polislər üzümə baxıb deyirlər ki, “müəllim, sizi haradasa görmüşəm.” Deyirəm, “vallah, ola bilər, Azərbaycan balaca ölkədir.” Soruşur ki, “harada işləyirsən?” Deyirəm, “Vallah, işsizəm.” Yəni belə deyib, keçib gedirəm.

– Tapdıq Abbas da dünən gələn uşaq deyil axı… O belə şeyləri bilməsə, yəqin ki, deməz.

– Bilmirəm. İndi mən Tapdıq Abbasın üzərində də fokuslaşmaq istəmirəm.

 

Prezident Tapdıq Abbası yanına dəvət edib: “Gəl, şəkil çəkdirək!”

 

– O, bu açıqlamanı demişdi, ona görə adını çəkdim.

– Bir şeylər yazmışdı, amma əslində yazmaması lazımdı. Əgər hər hansı tənqidlər səslənmişdisə, o zaman mən onun yerinə olsaydım, gələrdim Mətbuat Şurasına, Əflatun Amaşovdan başlayıb, İdarə Heyəti üzlərinə gələrdim və soruşardım ki, “qardaşlar, nə problem var ortalıqda?” Məsələn, o mənə özəl olaraq dedi ki, “Mən orada prezidentin yanına özüm girməmişəm. Cənab prezident qolumdan tutub, yaxınlaşdırdı ki, gəl, şəkil çəkdirək.” İndi mən Tapdıq Abbasın yalançısı ola bilmərəm. Təbii ki, əgər deyibsə, ola bilər.

– Bu məqam da maraqlıdır…

– Axı, prezident hamımıza dedi ki, gəlin, şəkil çəkdirək. Bu, normaldır və həmişə də olan şeydir. Bəlkə qolundan tutub və deyib ki, “sən buarada dur”, mən onu deyə bilmərəm. Amma özü deyir ki, “cənab prezident özü məni yanına çəkdi…”

 

“Fredoom House” təşkilatını 2003-cü ildə məcbur etdim ki…

 

– Niyə deputatlığa getmədiniz? Niyə hər şeyi yarımçıq saxladınız? çünki mən izləyirdim, çox iddialı başladınız və birdən-birə
qəflətən dediniz ki, “bağışlayın, mən gedəsi olmadım. Qalsın bir sonrakı bahara…” Kimsə dedi ki, namizədliyinizi geri götürün?

– Yox, mənə kimsə heç nə demədi. Sadəcə, mənim gözləntim var idi. Siyasət adamları söz oynadırlar, cavablardan qaçırlar, amma mən birbaşa deyirəm. Bəli, gözləntim var idi. çünki Azərbaycan dövləti üçün müəyyən prinsipial məsələlərdə mənim imkanlarım var və mən o imkanlardan istifadə edirəm. Bu gün də edirəm, sabah da edəcəm. Mən hər zaman edirəm. Hətta ən radikal müxalifətçi olduğum dönəmdə belə, bu gün Azərbaycanın üzərinə gələn “Fredoom House” təşkilatını 2003-cü ildə mən məcbur eləyib, Azərbaycanı yarımazad ölkələr siyahısına saldırmışam. Azərbaycan “qeyri-azad” yazılırdı, Ermənistan “yarımazad”. Bu da mənə pis təsir edirdi. Söhbət 2003-cü ildən gedir. Təşkilatın 2002-ci il üçün hesabatı idi və bu da 2003-cü ildə dərc olunmuşdu. Mən təkid edib Azərbaycanın adını “yarımazad” ölkələr siyahısına saldırmışdım. Bunu niyə eləmişəm? Vətən üçün, millət üçün, dövlət üçün… Bunu eləyəndən sonra müxalifətə bu haqda heç nə demədim, çünki məni söyəcəkdilər, deyəcəkdilər ki, hakimiyyətə satılıb. Hakimiyyətdə də deyəcəyim adam yox idi. Yəni ünsiyyət yox, təmas yox… Gedib desəm də başqa cür fikirləşəcəkdilər ki, bu bizə bəlkə yaltaqlanır. İndi, son illərdə bütün bunları açıqlayıram. Və mənim belə hərəkətlərim çox olub. İndinin özündə də Azərbaycan dövlətinin üzərinə gələn müəyyən xarici qüvvələr var. Bu qüvvələr təbii ki, Amerikada, Avropa ölkələrində də var və mən də onların qarşısına çıxıram. Bunu təbii olaraq, Azərbaycan hökuməti də görür. Qulağıma çatan xəbərlərə görə də yüksək dəyərləndirirlər. üstəlik də Avropa parlamentində siz gördünüz də, Avropa Oyunları zamanı Azərbaycana qarşı bir qətnamə, həmin ərəfədə ikinci bir qətnamə cəhdləri oldu və qəbul edildi. Bunlar niyə qəbul edilir? Ona görə ki, Azərbaycan parlamentinin 125 deputatı var, onların arasında 5 nəfər normal adam yoxdur ki,  Avropa Parlamenti ilə işləsin. Amma mən Avropa Parlamenti ilə də, başqa qurumlarla da işləyəcək adamam.

– Niyə birdən-birə geri çəkildiniz?

– Mən gözləyirdim ki, 56 saylı Xaçmaz Seçki Dairəsindən mənə imkan tanınacaq. Xaçmaz mənim yurdumdur və orada bütün infrastruktur qurulmuşdu, ictimai rəy hazırlanmışdı. Hətta müxalifətin loyallığı təmin edilmişdi.

– Müxalifətlə danışıqlara getmişdiniz?

– Bu, danışıqlar deyildi. Onlar reallığı qəbul etməyə başlamışdılar ki, yəni bir var YAP-çı deputat həmin dairədən namizədliyini versin, bu, müxalifətçilərə ziyandır. Bir də var ki, Azər Həsrət namizədliyini irəli sürsün.

– Onlar sizi YAP-çılardan pis söyürlər axı…

– Söysünlər. Söyənlər buradakılardır. Xaçmazda məni söymürlər, bir o qədər də…

– Hə?..

– Onlar oturub ölçüb-biçmişdilər və o qənaətə gəlmişdilər ki, bu, Azər Həsrətdir. Mən Xaçmaza indi gedəndə, müsavatçı dostlarımızla yeyib-içirik də, hakimiyyət-müxalifət mövzusunda mübahisə də edirik.

– Cəbhəçilərlə necə?

– Orada cəbhəçilər yoxdurlar.

– Xaçmazda cəbhəçi yoxdur?

– Var deyirlər, amma yoxdur. 2005-ci ildə Əli Kərimlinin AXCP-nin Xaçmaz rayon təşkilatı üzrə sədri bir imza vərəqəsini bir həftəyə mənim üçün doldura bilmədi, yarımçıq qaytardı. Yəni budur Cəbhə…

– Konkret olaraq, niyə geri çəkildiniz?

– Konkret mən gözləyirdim ki, YAP siyahısını açıqlayanda, həmin dairədən bir az zəif namizədi irəli sürəcək.

– Gözləyəydiniz, siyahı açıqlanaydı, sonra namizədliyinizi verəydiniz.

– Yox. Mən də bir növ öz mesajımı göndərirdim ki, “siz hesabınızı götürün, mən ora iddialıyam”. O “kolaylığı” mənim üçün təmin etmələrini gözləyirdim. Lakin görəndə ki, həmin dairədən İlham Əliyevin namizədliyini verdilər, o da əvvəlki deputatdır.

– Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev?

– Bəli, Ramiz Mehdiyevin kürəkəni… Oranın əvvəlki deputatıdır. Təkrar onun namizədliyini YAP-ın siyahısı ilə verdilər. Mən də fikirləşdim ki, burada artıq oyuna girməyin mənası yoxdur.

– Amma sizin geri çəkilmə bəyanatınız da çox qəflətən oldu.  Əgər belə normal izahını versəydiniz, 1-2 gün sonra versəydiniz, sizi başa düşmək olardı. Amma yenə təkrar edirəm, çox qəfildən belə qərar verdiniz. Dünən çox iddialı danışırsınız, bu gün isə geri çəkildiyinizi bəyan edirsiniz.

– Mənim ehtiyatımda 2-ci mərhələni də ehtiyat variantı kimi gözləyirdim. Bu, indiki yaşadığım ərazidə 34-cü dairə idi.

azer-4.jpg

Mesajımı qəbul etmədilər…

 

– 2010-cu ildə namizədliyinizi verdiyiniz dairə…

– Bəli, Gülər Əhmədova ilə alternativ olduğum dairə… Əslinə qalanda mənim həmin dairədə də işləmək imkanlarım, əlaqələrim və s. var.  Ora da Fuad Muradovu göndərdilər. O da hakimiyyətin vazkeçilməz namizədlərindəndir.

– Konkret sizə zəng olundumu ki, “namizədliyinizi geri götürün?!”

– Yox, mənə heç kim heç nə deməyib.

– çünki elə bəyanatlar elə zənglərdən sonra olur…

– Qətiyyən. Mənə heç vaxt heç kim zəng vurmayıb. Elə şeylərdən də çəkinən adam deyiləm. Mən açıq danışmağı sevirəm. Qətiyyən mənə kimsə deməyib ki, “namizədliyini irəli sürmə!”

– Bayaq Rauf bəyi tənqid elədiniz, amma görürsünüzmü, bu məsələdə Rauf bəy daha strateji düşündü. Rauf bəy YAP-ın siyahısını gözlədi, o da Tovuzdan və 24-cü dairədən irəli sürmək niyyətində idi…

 

özüm-özümü aldatmışam

 

– 34-cü dairəni o da qaralamışdı… (Gülür)

– Fikirləşdi, gördü və dedi ki, mən bu oyunda yoxam.

– Mənim gözləntilərim bir az çox idi, ola bilsin ki. özüm-özümü aldatmışam.

– Danışıqlar var idimi? Kimlərləsə danışmışdınızmı?

– Yox, danışıqlar yox idi.

– Amma gözlənti idi?

– Bəli, gözlənti idi. üstəlik də belə bir atmosfer yaranmışdı ki, – müxalifətdə də, iqtidarda da – məni sevən də, sevməyən də hamı qət eləmişdi ki, mən bu il deputat olacam. Dünən Türkiyə Cumhuriyyətinin 92-ci ildönümü tədbirində idik. Orada da YAP-ın üzvləri mənə yaxınlaşdılar ki, “biz də təəccüb içərisindəyik ki, niyə sən namizəd deyilsən?”

– Amma bunu da deyirlər ki, İlham Əliyev çox kəskin müxalifətçilərə bir şey verər.

– Yəni daha ikincini verməz də…

– Hə, bir şeyi verər, ikincisini verməz. 

– Bilmirəm. Hər şey deyəndə ki, əslinə qalanda mənim hər şeyə iddiam da yoxdur. Məsələn, çox adam da deyir ki, sən hakimiyyətə satılmısan. Suallarınızda da yəqin ki, bunlar olacaq…

– Hə, suallarda da var.

– Bir
tərəfdən də deyirlər, hakimiyyət sənə hər şey verib. Mən ata yurdumda ev tikirəm, onun da daşının üstünə daşı yavaş-yavaş qoyuram. Birdən-birə də tikmirəm. Məsələn, onu da iddia elədilər ki, guya, hakimiyyət mənim üçün tikir. Nə bilim, maşın sürürəm, deyirlər, hakimiyyət verib.

– Hakimiyyət əgər o evi tiksəydi, bu qədər uzun müddətə tikilməzdi. Yəqin ki, daha tez tikilərdi.

– Təbii ki, bizim məhlədə, evimizin yanında bir dövlət məmuru 4 mərtəbəli – 1 mərtəbə yerin altında, 3 mərtəbə də üstündə ev tikir. Mənimlə bərabər başlamışdı, amma 3 ayın içərisində evi tikdi də, qapı-pəncərəsini, üzünün aqlayını qoydu da… Amma mən cəmi bir otağa qapı-pəncərə qoymuşam ki, ustalar əşyalarını yığsınlar. (Gülür)

– Sizin bir yerliniz var- Elsevər Mürsəlli. O yazır ki, Azər bəy də xaçmazlıdır və bir zamanlar İlham Əliyevi düşmən, qatil adlandırmaqdan belə çəkinməmişdi. İndi isə İlham Əliyevin ən sevimli dostudur. Mənə çox maraqlıdır, Xaçmazdan çıxmış adamlar, ya sonradan YAP-çı olurlar, ya da mövqelərini dəyişirlər. Bu torpaqla bağlıdır, yoxsa içimizdəki qorxaqlığımızla?..

(Gülür) Yox, içimizdəki qorxaqlıqla deyil.

– O yazır ki, mən bütün bu sualları Azər Həsrətin özünə yazıram, o isə məni bloklayır.

– Onu düz deyir, buradan da deyirəm, mən o adamı niyə dost siyahısında görmək istəmirəm? Ya da niyə o adamla ümumiyyətlə, təmas qurmaq istəmirəm? Gənc bir adamdır. N!DA-ya qoşulmuşdu, sonralar da türməyə düşdü, sonradan nələrsə yazdı-elədi və keçdi YAP tərəfə. İndi həbsdən çıxıb, üzərindən də bir müddət keçib, indi də YAP-ı söyür. Yəni mövqeyində bir az oynayır da, sabit deyil… Təbii ki, bu onun şəxsi işidir, qarışmıram. Amma onun mənə müraciət forması etik deyil. Necə olur ki, Xaçmazdan çıxanlar belə olur? Başqa nümunə varmı? Göstərsin, görək, kim kimi satıb? Xaçmazdan Vətəninə, dövlətinə xəyanət edənmi olub? Məsələn, Xaçmazdakı Dədəli kəndindən – əslində balaca bir kənddir, indi haradasa evlərin sayı 200-ə çatıb – 4 şəhid var, onun da üçü mənim əmimoğlanlarıdır. Bundan artıq biz torpağımız üçün neyləməliyik? Daha neyləməliyik? Yəni o 4 şəhidin 3-ü mənim nəslimdəndir.

 

Mən İlham Əliyevə “qatil” deməmişəm

 

Sadəcə dünən İlham Əliyevə “qatil” demək məsələsi, mən ona qatil deməmişəm. O videoçarx ortadadır və Elmar Hüseynovun ölümündən sonra onu da mən özüm paylaşmışam.

– Sizə ünvanlanan suaların çoxu da o videoçarxda fokuslaşıb.

– Mən qatil-filan deməmişəm. Mən sadəcə olaraq, bizə kol dibindən güllə atanları “qatil” adlandırmışam. Qatildirlər də, qatil deyildilərmi?

– Siz orada hədəf olaraq, prezident İlham Əliyevi göstərmisiniz axı…

– çünki Əvəz bəy, o sualın da cavabı var. Deyirlər ki, Dəclə-Fərat çayının sahilində bir qurd bir quzunu yeyirsə, bunun cavabdehi xəlifədir. İndi bu gün ölkənin başçısı İlham Əliyevdirsə və kimsə öldürülürsə, təbii ki, məsuliyyət onun üzərindədir. çünki prezident vətəndaşın güvənliyinin qarantıdır.

– Sual da odur. Teymur Həsənov soruşur: “Bunlar o qədər vicdansızdırlar, bunlar o qədər əclafdırlar və şərəfsizdirlər” deyəndə Azər Həsrət kimləri nəzərdə tuturdu?

– Elmarı öldürəni və yaxud da öldürtdürəni… Orada qaranlıq olan heç nə yoxdur, Əvəz bəy. 1-2 dəfə Əli Kərimlinin uşaqları var ha…

– Baxın, sualı belə davam etdirir: “Elmarın qatili elə bu hakimiyyətdir və onun başında duranlardır”… Bir sual da var ki, Azər Həsrət məhz həmin məlum videoçarxda dediklərindən imtina etmir ki?

– Yəni… Bu, emosional bir çıxışdır. Mən dediklərimdən imtina etmirəm. O videoda dediklərimdən imtina etmirəm. Keçmişimdə olan heç nədən imtina etmirəm.

– “Azər bəydən soruşun. Nə dəyişib – qatil tapılıb, yoxsa rejim dəyişib? Heç nə dəyişməyib, amma çıxışın yiyəsi – sizlər dəyişmisiniz…”

– Bəli, mən dəyişmişəm. Mən dəyişdiyimi gizlətmirəm ki… Şükür Allaha göz önündəyəm. Bəs niyə dəyişmişəm, sual oluna bilər. Doğrudanmı, mən dünən elə fikirləşirdim, bu gün belə fikirləşirəm? Bunu bir əsası olmalıdır, axı. Nəyə görə? 

– Nəyə görə dəyişmisiniz, maraqlıdır…

– Səbəb Ukraynada və Gürcüstanda baş verən proseslərdir. Əgər xatırlayırsınızsa, Gürcüstanda Rustavi-2-nin jurnalisti Georgi Sanayanı öldürmüşdülər…

– Yəni deyirsiniz ki, beynəlxalq aləmdə baş verən hadisələr sizin dəyişməyinizə səbəb olub?

– Mən məsələnin əsl mahiyyətinə gəlirəm. Georgi Sanayanı Şevarnadze dönəmində evində güllə ilə vurub öldürmüşdülər. Bütün Amerika, Avropa ayağa qalxdı ki, Şevardnadze devrilməlidir, getməlidir, yeni hakimiyyət qurulmalıdır.

– Getdi…

– Saakaşvili gəldi. Qatili tapdımı? Tapmadı.

– Amma Ukrayna tapdı…

– Yooox… Ukraynada Qonqadzeni öldürdülər. Meşədə başını kəsmişdilər. Nə oldu? Bütün dünya yenə ayağa qalxdı ki, hakimiyyət getməlidir, yerinə yeni hakimiyyət gəlməlidir. Yeni hakimiyyətin gəlməsində biz də şəxsən iştirak elədik. Yuşşenko gəldi. Tapdımı qatili? Tapmadı. Yuşşenko getdi, Yanukoviç gəldi, başladılar qatil axtarışına. Bir məqama çatanda bir nəfər özünü öldürdü, o zəncir qırıldı. Sifarişçi yenə də tapılmadı. Nəticə yoxdur.

– Deyirsiniz ki, nəticə olmadığı üçün burada da vəziyyət dəyişmədi?

– Burada da məndə belə bir şübhə yaratdı ki, Sanayanı da, Qonqadzeni də öldürən hakimiyyətin içində deyil. Həmin məntiqlə Elmarı da öldürən bu hakimiyyətin yuxarısındakı adam deyil. Yəni İlham Əliyev deyil.

-Yəni siz indi də məsələni Qərbə, beynəlxalq təşkilatlara bağladınız?

– çünki Azərbaycanda da eyni ssenari işlənirdi, Azərbaycanda da eyni qaydada inqilab edilməli idi. Azərbaycanda İlham Əliyev devrilməli, yerinə yeni qüvvə gəlməli idi…

– Ona görəmi Elmar öldürüldü?

 

I hissənin sonu

 

“Qaynar Qazan”da Əvəz Zeynallı idi

 

Xüsusi qeyd: Müsahibədə adı çəkilən şəxslərin cavab haqqını dərc etməyə hazırıq