Rusiya Avropayla əlaqələrini tamamilə bitirəcək bir qanun qəbul etdi.
Strateq.az xəbər verir ki, Dumada qəbul edilən və prezident Putin tərəfindən təsdiqlənən həmin qanuna əsasən, istənilən dövlətin Rusiyadakı mülkiyyəti müsadirə oluna biləcək.
İlk baxışdan şimal qonşumuz bu addımı Avropa ölkələrinin eyni məzmunlu qərarlarına reaksiya olaraq atıb. Yadınızdadırsa, bir müddət əvvəl Avropa məhkəmələri sanksiyalar çərçivəsində bəzi rus şirkətlərinin, xüsusilə də “Yukos”un mülkiyyətlərini müsadirə etmişdi. Şimal qonşumuz da buna cavabsız qalmadı. Duma üzvləri Rusiyanın da həmin dövlətlərə aid şirkətlərin mülklərini müsadirə etməklə cavab verməyi təklif etdi və bunu nəzərdə tutan qanun layihəsi hazırlayıb səsverməyə çıxartdılar. Əksər parlament üzvünün müsbət rəyini alan layihə qüvvəyə minmək üçün ölkə prezidentinə göndərildi. Artıq Putinin də təsdiqləməsi ilə qanunlaşan bu akt hökumətə xarici şirkətlərin mülklərini milliləşdirmək imkanı verir.
Zənnimizcə isə, sözügedən qanunun qəbulunda gözə görünməyən başqa məqamlar da var və bu addım yalnız Avropaya adekvat cavab üçün atılmamışdı. Əvvəla, ona görə ki, Rusiya iqtisadiyyatı kiminləsə höcətləşmək durumunda deyil. Bir tərəfdən neft qiymətlərinin azalması, digər tərəfdən isə sanksiyalarla böhran keçirən rus iqtisadiyyatı ehtiyatsız addımlarla daha ciddi problemlər burulğanına qərq ola bilər. Xüsusilə də mülkiyyət hüququnun məhdudlaşdırılması Moskvanı qaha çox ehtiyatlı olmasını şərtləndirir. Axı, getdikcə post-neft dövrünə qədəm qoyan ölkədə qeyri-neft sektorunun inkişafı ən böyük iqtisadi prioritetə çevrilib və bu sektorun təməllərində mülkiyyət hüququna hörmət prinsipi dayanır.
Putinin təsdiqlədiyi həmin qanun isə bu prioritetlərin tələblərinə cavab vermir. Sirr deyil ki, onsuz da mülkiyyət hüququ kobud şəkildə pozulan və son zamanlar iqtisadi böhranla üz-üzə qalan ölkədə xarici investisiya mühiti üçün münbit şərait yoxdur. Xarici kapitalın onsuz da rəğbət göstərmədiyi Rusiya bu addımdan sonra öz qapılarını tamamilə Qərb ölkələrinə bağlamış olacaq. Zira əcnəbi şirkətlərin mülkiyyətlərinin hər an müsadirə olmaq ehtimalı var və bu da xarici kapitalı qorxudub Rusiyadan daha çox uzaq salacaq.
Zənnimizcə, Rusiyanın hakim dairələri də bu aksiomu bilməmiş deyillər. Deməli, həqiqətən xarici kapitalın müsadirə olunması siyasətinin daha dərin qatları var.
Məsələ burasındadır ki, Rusiya istəsə də, istəməsə də bu siyasətə getməyə məhkumdur. Və nə qədər neqativ nəticələri olmasına baxmayaraq, bir növ, milliləşdirmə siyasətinə bənzəyən bu addımların faydaları da yox deyil.
Əvvəla, Rusiyanın bu addımla öz valyuta ehtiyatlarının ölkədən çıxmasının qarşısını alacağı güman olunur. Moskva Avropa şirkətlərinin mülkiyyətini müsadirə etdikcə, Qərb ölkələrinin də buna adekvat cavab verəcəyi gözlənilir. Nəticədə rus iş adamları da, əvvəllər olduğu kimi, böhrandan çəkinib öz sərvətlərini xaricə qaçırmağa risk etməyəcəklər.
Məlumdur ki, neftin qiymətlərinin enməsilə Rusiyadan və o cümlədən, digər “qara qızıl” zəngini post-sovet məkanlarından xaricə ciddi kapital kütləsi axmağa başladı. Hələ Ukrayna böhranının ilk zamanlarında Moskvanın öz etirafına əsasən, 100 milyardlarla dollarlıq sərmayə ölkədən çıxarıldı. Böhranın ilk mərhələsində rus rublunun astronomim şəkildə devalvasiyaya getməsinin başlıca səbəblərindən biri də bununla izah olunur. Avropayla Rusiya arasında yaşanan mülkiyyətlərin müsadirə dueli də məhz bu tendensiyanın qarşısını ala bilər.
Rusiyanın xarici mülkiyyəti müsadirə siyasəti Azərbaycandan da yan ötüşməyəcək. Məsələ təkcə onda deyil ki, neft gəlirlərini dəyərləndirmək üçün rəsmi Bakı şimal qonşumuzun ərazisində daşınmaz əmlaklara ciddi maliyyə yatırmışdı, faktiki olaraq bu qanunla həmin kapitalımız bir növ girova çevrildi və Moskvanı qane etməyən istənilən addımımız Azərbaycana aid mülkiyyətlərin də müsadirəsinə yol aça bilər.
Məsələ həm də ondadır ki, Rusiyanın bu addımının Azərbaycan siyasi hakimiyyəti üçün də nümunə yaratmaq ehtimalı var. Daha konkret desək, son vaxtlar Rusiyanın yanında yer aldığını nümayişkaranə şəkildə ortaya qoyan rəsmilərimizin eyni addımı atması istisna deyil. Səbəb isə olduqca sadədir: neft ölkələrini böhrana sürükləyən “qara qızıl”ın ucuzlaşması Azərbaycan iqtisadiyyatını da çətin vəziyyətə salıb. Bir çox iş adamı, oliqarx məmurların sərvətlərini gözlənilən devalvasiyadan qorumaq üçün xarici kapitala üz tutmaları, bəzilərinin hətta mülklərini satıb kapitallarını Avropaya transfer etmələri hazırda ölkə rəsmilərinin başını xeyli ağrıdır. Bir çox müşahidəçilər istər MTN genarallarının, istər Beynəlxalq Bank idarəçilərinin, istərsə də Nəqliyyat naziri Ziya Məmmədov və bir sıra milyarderlərin cəzalanmasının əsas səbəbini bu amillə əlaqələndirirlər.
İrəli sürülən bu ehtimalı qüvvətləndirən xeyli faktlar və arqumentlər də var. Zaman-zaman mətbuatda səsləndirilən həmin məlumatlar rəsmən təsdiq olunmasa da, hər halda Azərbaycan mentalitetinə “od yanmayan yerdə tüstü çıxmaz” məntiqi hakimdir. Mətbuata sızdırılan bu “tüstülər” də, böyük ehtimalla, ciddi yanğının təzahürləridir.
Azərbaycan siyasi iradəsinin tətbiq etdiyi kapital üzərində inzibati nəzarət metodları isə nəinki həmişə istənilən faydanı vermir, əksinə, tamamilə fərqli nəticələr doğurur. İnzibatçılıq artıqca, ölkə iqtisadiyyatının əsas çarxına çevrilən kapital daha çox xaricə çıxmağa can atır. Məntiqlə, bunun qarşısını almağın ən gözəl yolu həmin transferlərə xaricdə problem yaratmaqdır.
Mümkündür ki, Azərbaycan siyasi iradəsi məhz bu amilləri nəzərə alıb rus təcrübəsindən yararlansın. Bu zaman isə iri məmurların Qərb ölkələrindəki mülkiyyətləri müsadirə olunmaq təhlükəsinə məruz qala bilər. Bu riskə baxmayaraq, istər Azərbaycan, istərsə də Rusiya hakim dairələrinin adı qoyulmayan milliləşdirmə siyasətinə getməkdən başqa çarəsi də yox kimidir. Onlar istəməsələr belə, beynəlxalq münasibətlərdə kəskinləşən ziddiyyətlər Qərbin özlərinə qarşı bu siyasətinin qarşını ala bilməyəcəklər. Bir tərəfli qaydada tətbiq olunan sanksiyalar isə ölkələrin valyuta ehtiyatlarının xaricə axışına daha çox şərait yaradır. Deməli, ziddiyyətləri artırmaqla heç olmasa öz ovuclarında olan kapitalı qoruya bilərlər.
Onu da qeyd etmək yerinə düşərdi ki, sovet hakimiyyəti qurulduğu illərdə də bu təcrübə sınaqdan çıxarılmışdı. I Dünya müharibəsinin ağır nəticələrindən sovetləşən rus imperiyası məhz bu siyasətlə xilas oldu. Görünür, eyni təcrübə bu gün də yenidən gündəmə gətirilir. Bu da
istər-istəməz təhlükəli bir suala yol açır: Olmaya, yenidən sovetləşirik?
Heydər Oğuz
Strateq.az