XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 November 2015 - 10:17

Prezident İlham Əliyev Gürcüstanda “qapını açıq saxladı”… – TƏHLİL

Prezidentin-Gurcustan-seferi.jpg

Azərbaycan prezidenti İlham Əliyevin Gürcüstan səfərinin nəticələri  Cənubi Qafqazda mövcud geosiyasi konfiqurasiyanın hələ uzun müddət dəyişməyəcəyini nümayiş etdirdi

Son zamanlar Gürcüstanın Rusiyadan təbii qaz alınması ilə bağlı apardığı danışıqların ictimailəşdirilməsi və bununla əlaqədar aparılan müzakirələr Tbilisinin Cənubi Qafqazda mövcud status-kvonu dəyişməyə və uzun illərdir ki, etibarlı tərəfdaşı olan Bakı ilə münasibətlərə yenidən baxmağa çalışdığı barədə ehtimallar irəli sürülməsinə səbəb olmuşdu. Gürcüstanın energetika naziri Kaxa Kaladzenin açıqlamaları ilə başlanan müzakirələr, sabiq baş nazir Bidzina İvanişvilinin Tbilisinin Rusiya və İrandan da qaz almalı olduğu barədə bəyanatları ilə daha da qızışdı. Gürcüstan Eenergetika naziri və Baş nazirin Bakıya ard-arda səfərləri də bu mövzuda tərəflər arasında ciddi müzakirələr aparıldığından xəbər verirdi. Gürcüstan rəsmiləri davamlı olaraq təmkinli və sakitləşdirici bəyanatlar versələr də, ölkənin siyasi elitasında bu məsələlərlə bağlı fikir ayrılığı olduğu da nəzərdən qaçmırdı.

Bu baxımdan Azərbaycan prezidentinin Gürcüstan səfəri bütün suallara,  Bakı-Tbilisi münasibətlərinin bundan sonrakı xarakterinin necə olacağına aydınlıq gətirməli idi.

Gürcüstan üçün də bu səfərin çox böyük əhəmiyyəti vardı. Şübhəsiz ki, Azərbaycanın strateji tərəfdaşı kimi Gürcüstanda da hazırda qlobal miqyasda geosiyasi vəziyyətin, tarazlığın sürətlə dəyişdiyi bir dövrdə Bakının mövqeyinin, gələcəyə baxışının öyrənilməsinə ehtiyac yaranmışdı. 

Son 3 ildə dünyada geosiyasi qüvvələr nisbətini, tarazlığı dəyişən çox mühüm hadisələr baş verib, keyfiyyət etibarilə yeni proseslər başlayıb: Rusiya-Qərb qarşıdurması dərinləşməkdə davam edir, Moskva faktiki olaraq, yeni xarici siyasət doktrinası bəyan edib; eyni zamanda keçmiş SSRİ məkanında Rusiyanın xarici siyasəti fərqli müstəvidə aparılır. 

Dünyada baş verənlər və Qərb-Rusiya qarşıdurması fonunda Moskvanın qonşuları Kremllə və öz aralarındakı münasibətləri yenidən götür-qoy etmək məcburiyyətində qalıb.  Açıq hiss olunur ki, hamı Rusiya-Qərb qarşıdurmasının doğuraçağı nəticələrdən  daha az itki ilə çıxmağa çalışır. Bu mövqe xarici siyasət prioritetlərini, iki və çox tərəfli münasibətlərin xarakterini dəyişməyə vadar edir.

Belə bir şəraitdə Tibilisi üçün Azərbaycanın mövqeyi, strategiyası çox böyük əhəmiyyət kəsib edir. Eyni zamanda Azərbaycan üçün də Gürcüstanın yanaşması çox vacibdir. Azərbaycanı Qərbə bağlayan enerji daşıyıcıları tranziti, nəqliyyat layihələri Gürcüstan üzərindən gerçəkləşir. Gürcüstandan tranzit Ermənistanı blokada da saxlamağa imkan verir. Gürcüstan Azərbaycan üçün Qərbə “qapıdır” və Bakı üçün bu “qapının” açıq qalması “həyati vacib” önəm daşıyır. Təbii ki,  gürcülər bu “qapının açıq qalması” üçün şərtlər irəli sürürlər, hətta açıq danışsaq, aradabir ərkəsöyünlük də edirlər.  Amma bu “qapını bağlamaq” da  Gürcüstan üçün məhvə aparan böyük risk olaradı. Bakı və Tbilisinin münasibətləri məhz bu tarazlığı təmin edən məqamlara söykənir. Bu tarazlığın pozulmasının hər iki tərəf üçün çox böyük, qlobal problemlər yaradacağı da şübhəsizdir.

“Qazpromla” danışıqların ictimailəşdirilməsi və bundan sonra başlayan müzakirələr nümayiş etdirdi ki, Gürcüstan hakimiyyətində, siyasi elitasında yuxarıda qeyd etdiyimiz geosiyasi məsələlər fonunda Tbilisinin xarici siyasət kursuna yenidən baxmasının düzgün olacağını düşünənlər var. Ola bilsin, bu qüvvələr eyni zamanda Azərbaycanın nəbzini yoxlamağı da vacib hesab ediblər. Görünür, Bakının Moskva ilə yaxınlaşmasının hiss olunması fonunda Azərbaycanın Tbilisidən hansı məsafədə duracağının dəqiqləşdirilməsinə ehtiyac yaranıb. Bəlkə də, gürcülər 2008-ci ildə olduğu kimi, Bakının yenə Gürcüstanı bütün mümkün vasitələrlə dəstəkləyəcəyinə əmin olmaq istəyiblər.

Qaz məsələsi isə bir bahənədir. Hamıya aydındır ki, heç bir halda Azərbaycan qədər Gürcüstana qaz məsələsində güzəşt edən olmayacaq. Yaxud bu güzəşt edilsə belə, ardınca daha ağır şərtlər gələcək.  Azərbaycan qədər Gürcüstana iqtisadi baxımdan fayda verən ikinci ölkə də olmayacaq. çünki bu “dəhliz” Azərbaycana lazımdır və yalnız Bakı bu “dəhliz”in işləməsi üçün kifayət qədər dəstək verir, yardım edir. Faktiki olaraq, hər iki tərəf üçün çox optimal sövdələşmə ortadadır. Hətta bu sövdələşmədə gürcülər daha çox qazanırlar. Gürcüstan üçün ikinci belə tərəfdaş hazırda mövcud deyil və yaxın gələcəkdə də olmayacaq…

Azərbaycan prezidentinin səfəri, Tbilisdə səslənən açıqlamalar  göstərdi ki, gürcülər bütün suallarına cavab alıblar və Bakı bir daha öhdəliklərinə və ən əsası güzəştlərinə sadiq qalacağına onları inandıra bilib.

Digər tərəfdən, rəsmi Bakın bu öhdəlik və güzəştlərin Azərbaycana necə baha başa gəldiyini, rsiklərini də xatırladıb. Azərbaycan üçün, çətin də olsa, başqa “qapı” tapıla bilər. Neft və qaz varsa, onu istənilən halda satmaq, ixtac etmək mümkün olacaq. Gürcüstan üçün isə Azərbaycan kimi tərəfdaş çətin ki tapılsın.

Beləliklə, prezident  İlham Əliyev Gürcüstanada “qapını açıq saxladı”…

Strateq.az

Zaur İbrahimli