01 noyabr 2015-ci il tarixdə Milli Məclisə keçirilən seçkilərdə 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmüş Ədalət Partiyasının sədri, hüquq elmləri doktoru İlyas İsmayılov seçkilərin nəticələrindən narazı qalaraq, yol verilmiş qanun pozuntuları barədə Prezident İlham Əliyevə müraciət ünvanlayıb.
Strateq.az həmin müraciətin tam mətnini oxuculara təqdim edir:
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident!
Azərbaycan Respublikasının Milli Məclisinə 01 noyabr 2015-ci il tarixdə keçirilən seçkilərdə 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsindən deputatlığa namizədliyimi irəli sürmüşdüm.
Bildiyiniz kimi, bundan əvvəl, yəni Milli Məclisə 3-cü və 4-cü çağırış seçkilərdə də həmin dairədən depuatat seçilmişəm.
Deputat kimi fəlaiyyət göstərdiyim müddətdə mütəmadi olaraq seçicilərlə görüşlər keçirmişəm, onların problemləri və qayğıları ilə maraqlanaraq həlli üçün müvafiq işlər görmüşəm. Respublika səviyyəli və yerli icra hakimiyyəti orqanları ilə sıx əməkdaşlıq şəraitində hər üç rayonun kəndlərində məktəblər tikilməsinə, əhalinin suvarma və içməli su tələbatını ödəmək məqsədilə artezian quyularının qazılmasına, imkansız ailələrə ünvanlı sosial yardımlar verilməsinə, xəstələrin müalicə olunmasına və s. problemlərin həllinə köməkliklər göstərmişəm.
Eyni zamanda, qanunvericilik aktlarının təkmilləşdirilməsinə dair çoxsaylı təşəbbüslərlə, ölkə problemlərinin həlli baxımından müxtəlif təkliflərlə çıxış etmişəm. Həyata keçirdiyim bütün bu işlər seçicilərim tərəfindən daim diqqət mərkəzində saxlanılıb və təqdir olunub. Həm icra hakimiyyəti strukturlarının hesabatları zamanı, həm də özümün seçicilərilə müstəqil olaraq, keçirdiyim görüşlərdə onların mənə qarşı hüsn-rəğbətini açıqca hiss etmişəm.
Bütün bunlar isə mənim növbəti dəfə həmin dairədən namizədliyimi irəli sürməyimə əsas verib.
Deputatlığa namizəd kimi, seçicilərlə keçirdiyim çoxsaylı görüşlərdə də hər üç rayonda mənə seçicilər böyük inam və hörmət nümayiş etdirirdilər.
Lakin çox təəssüf edirəm ki, yerli icra orqanları Tovuz, Qazax və Ağsatafa rayonlarının heç birində tanınmayan, fəaliyyətində bu rayonlarla hər hansı bağlılığı olmayan Prezident Administrasiyasının işçisinin xeyrinə kütləvi saxtalaşdırmalar ediblər. Beləliklə, bu bölgənin yerli xüsusiyyət və ənənələrindən, həm də problemlərindən tamamilə xəbərsiz bir şəxsin qeyri-qanuni vasitələrlə deputat “seçilməsinə” nail olublar.
Halbuki seçkiqabağı təbliğat-təşviqat mərhələsində seçicilərlə keçirdiyim görüşlər, onların ifadə etdikləri mövqe, eyni zamanda, Prezident Administrasiyası işçisinə qarşı sərgilədikləri birmənalı münasibət onun əhali arasında tanınmadığını və seçilmək şansının olmadığını sübut edirdi. Seçki məntəqələrinin əksəriyyətində (38 seçki məntəqəsinin 32-də) mənə 60-dan aşağı səs yazılması isə bu prosesin diqtə altında keçirildiyini bir daha təsdiqləyir. Baxmayaraq ki, keçirilən rəy sorğularında mən bütün rəqiblərimdən bir neçə dəfə üstün olmuşam.
Hazırda müvafiq məntəqə ərazisində yaşayan seçicilər imza toplayaraq, mənə səs verdiklərini bəyan edirlər ki, bu da Dairə Seçki Komissiyasının açıqladığı rəsmi nəticələri təkzib edir.
Möhtərəm cənab Prezident!
Qısaca desəm, bu seçkidə 106 saylı dairənin ərazisində xalqın gözü qarşısında mütəşəkkil qaydada kütləvi qanun pozuntularına yol verildi.
Beləliklə də, vətəndaşların daxili sabitliyin əsas amili olan hakimiyyət orqanlarına inamına böyük zərbə vuruldu, xalqın əxlaqının pozulmasına yol verildi. çünki seçkilər:
birincisi, hər bir vətəndaşda sosial dəyərlər içərisində ən əhəmiyyətlisi olan Vətənə məhəbbət hissinin inkişafına kömək edir;
ikincisi, seçkilər vətəndaşlarda insan və cəmiyyətin varlığının və inkişafının zəruri şərti olan şəxsi ləyaqət hissini gücləndirir;
nəhayət, üçüncüsü, seçkilər xalqın özünü dərk etməsinə, millətin formalaşmasına böyük təkan verir.
Bizim dairənin misalında azad, ədalətli və demokratik seçkilərin keçirilməsinin qarşısını alanların milli maraqlara məhz bu dəyərlər baxımından hansı miqyasda və dərinlikdə zərər yetirmələri daha aydın görünür.
Digər tərəfdən, düşünürəm ki, “yuxarı”dan gəlmə şəxsi maraqlara əsaslanan qeyri-qanuni göstərişləri müticəsinə, xalqın iradəsini zorlamaqla nümayişkarcasına yerinə yetirən məmurlar ordusu mövcud hakimiyyət və xalqın gələcək taleyi üçün də olduqca böyük təhlükədir.
Məhz ona görə, 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsində baş verən kütləvi qanun pozuntularıyla bağlı Dairə Seçki Komissiyasına şikayət ərizəsi ilə müraciət etmişəm. Bu dairədə seçkilərin nəticələrinin ləğv olunmasına əsas verən 50 akt, foto şəkillər və video materiallar təqdim edərək, mövcud nəticələrin reallığı əks etdirmədiyini bildirmişəm.
Yerli icra hakimiyyəti orqanlarının seçkilərə qanunsuz və kobud müdaxilə etdiyini və hazırda da Dairə Seçki Komissiyasının üzərində təsirini nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti kimi Sizə müraciət edərək, bu dairədə baş verənlərin araşdırılmasının, Seçki Məcəlləsinin tələblərinin yerinə yetirilməsinin, qanunu nümayişkarcasına pozan məmurların cəzalandırılmasının təmin edilməsinə göstəriş verməyinizi xahiş edirəm.
Sizə böyük hörmətlə, İlyas İsmayılov
Ədalət Partiyasının sədri, hüquq elmləri doktoru