XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 November 2015 - 05:37

“Qaynar Qazan”da əməkdar jurnalist Azər Həsrət: “Bu gün İlham Əliyevin arxasındayam, sabah görsəm ki…”

azer-1.jpg

“Qaynar Qazan”ın budəfəki qonağı Mətbuat Şurası İdarə Heyətinin üzvü, əməkdar jurnalist Azər Həsrətdir.

Onunla xeyli zamandır görüşməli idik. Sadəcə, gündəmimiz müsaid olmadı deyə bir az gecikdik. Gecikdik, amma Azər Həsrət də “Qaynar Qazan”da elə şeylər dedi ki, həqiqətən, gündəm xeyli qaynayacaq. İllərin yığılıb qalan söhbətləri bir yana, elə başlayan kimi od püskürməyə başladı. Əvvəlcə Rauf Arifoğluna döşədi, sonra Azərbaycan mətbuatının və siyasətinin önəmli simaları onun tənqidindən nəsibini aldılar. AXCP sədri Əli Kərimli, AXCP mətbuat xidmətinin rəhbəri Natiq Ədilov, tanınmış jurnalist Natiq Cavadlı… ürəyi, həqiqətən, dolu imiş Azər Həsrətin və həqiqəqən, ona ciddi bir “Qaynar Qazan” lazımmış…

Elmar Hüseynov öldürüləndə onun ölkə başçısı İlham Əliyevin haqqında ağır tənqid ehtiva edən çıxışı, təbii ki, əsas müzakirə mövzumuz oldu. Suallar da əsasən, o istiqamətdə idi. Azər Həsrət bütün sualları dərin bir səmimiyyətlə cavablandırdı. İnanıram ki, onun bu demokratizmi heç bir partiya sədrində yoxdur. Əleyhinə olan bu qədər ağır sözləri-sualları cavablandırmaq, səsləndirilməsini xahiş etmək, mənim indiyə qədər Azərbaycan siyasi səhnəsində qarşılaşmadığım hadisədir. Bu, Azər Həsrətin ciddi uğuru, dözümü və nailiyyətidir.

Onun maraqlı yanaşmaları var. Bəzən nə istədiyi bəlli olmasa da, inadla haqlı və doğru olduğunu deyir. Dəyişmədiyini, gah da dəyişdiyini deyir. Sözlərindən imtina etmir, amma həm də İlham Əliyevə təşəkkür edir ki, onu vurub küçələrdə öldürməyə imkan verməyib. İnanır ki, onun kimi radikal adamlar mövqelərini onun kimi dəyişsələr, bir şeylə həllini tapar. Ancaq buna baxmayaraq, seçkilərə qatıla bilmir…

Jurnalistə ev hədiyyə olunmasından siyasi məhbuslara qədər hər şeydən danışdıq. Bu müsahibə “Qaynar Qazan”ın indiyəqədərki müsahibələrinin ən yaxşılarındandır təbii ki… Və hər şeyə oxucu-tamaşaçı qərar verəcək.

Elə isə, o zaman “Qaynar Qazan”da Azər Həsrəti dinləyirik…

Əvəz Zeynallı  

 

azer-3.jpg

II hissə

I hissəni bu link vasitəsiylə oxuya bilərsiniz: “Qaynar Qazan”da Azər Həsrət: “Qətllərin arxasında Qərb dayanır…”

 

Bu, İlham Əliyevin nəyinə lazım idi?

 

– Ona görəmi Elmar öldürüldü?

– Elmar öldürülərək, vətəndaşların əsəblərilə oynandı. Şəxsən mən həmin videodakı çıxışım var ha, o video mətbuat konfransında çəkilib. Elmar öldürülən günün səhərisi toplaşdıq. Orada Əli Kərimli, İsa Qəmbər və bütün müxalifət liderləri iştirak edirdi. Onların çıxışları sakit qarşılandı. Mənim çıxışıma hamı əl çaldı. Niyə? çünki həddən artıq çox emosional çıxış idi və bu da təbii idi. Niyə təbii idi? çünki məınim həmkarımı öldürüblər, özü də evinin qapısında…

– Amma siz indi o cinayətin üstünün açılmasını tələb eləmirsiniz…

– İndi mən onun açılmasını tələb edirəm, amma həmin dövrdə düşünürdüm ki, bu qətlin arxasında İlham Əliyev ola bilər – emosional bir qərar idi, indi isə bir az soyuq başla fikirləşəndə, analiz edəndə görürəm ki, bu, İlham Əliyevin nəyinə lazım idi?

– Azər bəy, belə deyək – 2005-ci ildə elə fikirləşmisiniz, 2010-cu ilə qədər də çox sərt olmusunuz. Mən indi sizin “Xural” qəzetində 2011-ci ilin aprelində dərc olunmuş yazınızı oxudum, həddən artıq sərt bir yazıdır. Mənim özüm üçün də maraqlıdır. Siz nə vaxt dəyişdiniz? Mən içəridə olanda?

– Mən elə yazıları yenə yazıram.

 

Təzəxan Mirələmli nankor adamdır

 

– Yox, siz bu yazıda açıq şəkildə hakimiyyətin üzərinə gedirsiniz…

– Yenə yazıram mən elə yazıları… Hətta hakimiyyətdə mənim dostlarım var, bəzən dostyana deyirlər ki, barıtı çox eləmisən. İndi də yazıram. Mənim belə nümunələrim çoxdur. Sadəcə, bu gün mənim üstümə gələn adamlar, bu cür yazılarımı oxumayan adamlardır. Bayaq gördüm, Təzəxan Mirələmlinin mənə ünvanlanmış sualı var. Yəni bu adam nankordur. Onun başına gətirilən o faciə ki, var – heç bir ailənin başına elə bir faciənin gəlməsini arzulamaram – övladını itirdi. özü də müəllimdir, arada sıxışdırılırdı…

– Əslində, Təzəxan Mirələmli nə soruşub ki? Soruşur ki, “Elmar Hüseynovu öldürən və öldürtdürən itlərdən nə xəbər?” Sizin həmin videoçarxdakı öz ifadənizi özünüzə qaytarıb.

– Təzəxan Mirələmli müəllimdir və bir müəllimin belə sual qoyması birincisi, etik deyil. İkincisi, niyə mən Təzəxanın üstünə qayıdıram…

– üzr istəyirəm, mən bu sualları verməyəcəkdim, amma siz israrla deyəndə ki, verin…

– Hamısını verin.

– Ona görə də Oxuculardan üzr istəmək istəyirəm, əvvəlcədən…

– Xahiş edirəm ki, adları da tam olaraq burada çəkilsin. Məsələn, Təzəxan Mirələmli… Niyə mən Təzəxanın üstünə qayıdıram? Məsələ ondadır ki, bu adam bütün işini-gücünü atıb, facebook-da məni söyməklə məşğuldur. Ona görə, buna nankor deyirəm.

 

Mən Əli Kərimliyə neyləmişəm, axı?

 

– Bilmirəm, sizdə də özünütənqid varmı? Mən Əli Kərimlidən müsahibə götürəndə Əli bəyin üzərinə israrla getdim və dedim ki, Rauf Arifoğlu, Azər Həsrət iddia edirlər ki, Əli Kərimli facebook-da böyük şəbəkə qurub və insanlara bizi söydürür. Əli Kərimli hətta dolayısı ilə üzr istədi. Dedi ki, “Əgər kimlərinsə xatirinə dəyən bir şey eləmişiksə, kimlərinsə könlünə dəymişiksə, cəbhəçilər olaraq, mən onların əvəzindən üzr istəyirəm.” Amma mən nə Rauf Arifoğlunda, nə də sizdə o jesti görmədim – siz də çıxıb deyəsiniz ki, ay Əli bəy, biz də sizin könlünüzə dəymişiksə, biz də sizi haqsız olaraq ittiham etmişiksə, biz də üzr istəyirik.

– Əgər həqiqətən elə bir şey olubsa, mən nəinki Əli Kərimlidən, hər kəsdən üzr istəyə bilərəm. Amma mən Əli Kərimliyə neyləmişəm, axı?

– O da maraqlıdır. Əslində, bizim mövzumuz Əli Kərimli deyil, amma Əli Kərimli sizə nə edib ki? Həmişə hədəfdə Əli Kərimlini tutursunuz. Hətta mən
sizin yazılarınızın birində oxumuşdum ki, “Heyif olsun, onlar üçün etdiklərimə”…

– Niyə, bilirsinizmi? Mən ən pis günlərində Əli Kərimlinin arxasında olmuşam. Bütün hakimiyyət onun üzərinə gələndə, eyni zamanda Müsavat Partiyası başda olmaqla, müxalifət də onun üzərinə gələndə, Əli Kərimli küncə sıxılanda, sıxışdırılanda mən onun arxasında olmuşam. Ən pis vəziyyətində! Əli Kərimli isə məni 2005-ci il seçkilərindən sonra ən pis günümdə düzdə qoyub.

– Düzdə qoyub, nə eləyib?

– Siz yəqin xatırlayırsınız ki, “Azadlıq” qəzetinin redaksiyasında mənim bir otağım vardı.

– Oradan çıxartdırıb?

çıxartdırmaq var, çıxartdırmaq var, ey… O otaq 6 ay sonra boş qaldı və bu günə kimi də o adamdan öyrənə bilmirəm ki, sənin mənimlə yollarının ayrılmağının səbəbi nədir? Adama deyərlər ki, sən filan hərəkəti elədin, mən də bunu elədim. Razi Nurullayevlə bağlı bu gün açıqlamalar verir, ey…

– Kaş ki, müsahibədən əvvəl bu sualı ona ünvanlayaydınız, mən yəqin bir cavab alardım…

– Mən bir dəfə Razi bəydən Əli Kərimlinin yanında olanda xahiş elədim, soruşsun. Razi də intellektual adamdır, bir az da mədəni adamdır, söyüş-filanla işi yoxdur. Dedim, Razi bəy, səninlə yaxşı münasibətlərimiz var, indi də onun yanındasan, bir dənə Əli bəydən öyrən gör, mənimlə onun nə problemi var? Artıq tamam uzaqlaşmışıq, ayrılmışıq, amma niyə məni indi söydürür? Natiq Adilov kimi adamları mənim üstümə düşürlər. Bir Əli Kərimli desin ki, ay Natiq Adilov, Azər Həsrətlə işin olmasın. Deyilmi?

– Amma Əli Kərimli də deyir ki, bu mənlik deyil, axı.

– Necə yəni mənlik deyil, ey?

– çoxsaylı cəbhəçilər var, eləyirlər, ictimai rəydir bu.

– Baxın, Balakəndə, Xaçmazda, Goranboyda bir sıravi cəbhəçi yerindən durub, söysə, deyərəm, hə, bu Əli Kərimlilik deyil… Amma sənin burnunun ucundakı adam, ictimai rəylə işləyən adam, sənin mətbuat xidmətinin rəhbəri axı, mənim üstümə düşür, söyür axı. Sənin ətrafındakı, ən yaxınındakı adam söyür. 

– Yəni sizdə şübhə yaranır ki, bunu edən Əli Kərimlidir?

– Onlar heç tapşırmırlar da ki, söy. Amma görürsən ki, bu adam söyür, qoyma. Mən şəxsən belə edərəm, əgər partiya sədri olsam, müavinim və yaxud da yaxınımdakı adam kimisə söyərsə, yanıma çağırıb, deyərəm ki, bunu eləmə.

– Yaxşı dediniz. Mən səhərdən zamanı gözləyirəm ki, Müşfiq Ələsgərliyə də 1-2 söz deyəm. Müşfiq Ələsgərli sizin kadrınız deyil? Sizinlə bir yerdə gəlməyib? Bütün müstəqil mətbuatın  başına açılan oyunlarda bunun rolu var. Bircə dəfə buna zəng eləyib, dedinizmi ki, nə işin var müstəqil qəzetlə?

– Eeeeeeh…

– Məsələn, yəni. çünki Əli Kərimlidən eynilə bu gözləntiniz olduğu üçün, yeri gəldi soruşdum.

– Mənim bu suala da cavabım var. Birincisi, Müşfiq Ələsgərli ilə biz 1993-cü ildən tələbəlik dövründən – Bakı Dövlət Universitetində tanış olmuşuq.

 

Bir dönəm oldu ki, Müşfiq depressiyada idi, təşkilatı bir yana çıxara, işini qura bilmirdi

 

– Ona nə vaxtsa deyibsinizmi ki, qardaş, niyə belə edirsən, axı?

– Biz 1993-cü ildən bir yerdə yol gəlmişik – Jurnalistlərin Həmkarlar İttifaqını qurmuşuq, ona qədər Demokratik Gənclər Təşkilatını bir yerdə qurmuşduq. Mən Jurnalistlərin Həmkarlar İttifaqından sədrlikdən ayrılandan sonra Müşfiq sədr oldu. Bir müddət mən siyasətə atıldım və təşkilatların işinə qarışmadım. Qarışmadığım zamanlarda nəsə baş veribsə, mən Müşfiqə heç vaxt heç nə deməmişəm. Deməmişəm ki, bunu niyə elədin, niyə eləmədin? Hətta bir dönəm oldu ki, Müşfiq depressiyada idi, təşkilatı bir yana çıxara bilmirdi, işini qura bilmirdi. Gəlirdi, mənim yanıma ki, ona bir məsləhət verim. Soruşurdu ki, “Mən neyləyim? Nətəri eləyim?” Deyirdim ki, “get, özün bildiyini elə…” Niyə belə edirdim? çünki bu, mənim demokratlığımdan irəli gəlirdi. çünki adamlar təşkilatdan çəkilmirlər, ömürlük özlərini lider elan edirlər və sairə. Ona görə də bunun heç bir işinə qarışmamışam. Amma indi Mətbuat Şurasındayıq, yəni mən də MŞ İdarə Heyətindəyəm, o da MŞ sədrinin müavinidir, təbiidir ki, məsləhətləşmələrimiz var, mən də fikirlərimi deyirəm…

– Deməyibsiniz. Siz də Əli Kərimlinin elədiyini eləyibsiniz, deməyibsiniz. Zamanında götürüb, telefonu deməyibsiniz ki, bunu eləmək olmaz.

– Bəli, deməmişəm.

– Deməli, Əli Kərimlini qınamayın…

– Əli Kərimlidən fərqimiz odur ki, onun adamları məni söyürdü, yəni onun burnunun ucunda, rəsmən tabeliyində olan adamlar… Amma Müşfiq Ələsgərli mənim şəxsi dostumdur, bu başqa şeydir. Onun məndən heç bir asılılığı yoxdur.

– Daşqın Ağalarlı soruşur ki, “Mövqe dəyişikliyinin, özü də eybəcər şəkildə – 180 dərəcədə dəyişikliyinin səbəbi nə ola bilər? Həmkarları, keçmiş silahdaşları olan repressiyaya uğramış, həbs edilmiş mətbuat işçilərinə cinayətkar deyərkən, az da olsa, utanc hissi keçirdimi?” Mən bunu ilk dəfədir ki, eşidirəm. Siz həbsdə olan jurnalistlərə cinayətkar deyibsiniz?

– Heç kimə heç nə deməmişəm. Heç kimə, heç nə deməmişəm. Hətta apardığım “Tərs Bucaq” teleproqramında bir nəfərin belə adını çəkmirəm. Əgər maraqlıdırsa, sizin üçün konkret olaraq deyim. Xədicə İsmayılova – Allah qapısını açsın, sevmədiyim bir jurnalistdir. Leyla Yunus, Arif Yunus şəxs olaraq tipim deyillər. İdeoloji olaraq çox uzaq adamlarıq. Onların tutumları, davranışları, ürəyimcə deyil. Tənqid də edirəm. Amma həbsdə jurnalistlərdən Pərviz Həşimli…

 

“Niyə Tofiq Yaqublunun şəkli yoxdur?”

 

– Tofiq Yaqublu var…

– Tofiq Yaqublunun məsələsində mən bəzi adamlarla mübahisə də edirəm. Məsələn, birincisi, bu yaxınlarda, sentyabr ayında biz Varşavada ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun toplantısındaydıq. Emin Milligil təşəbbüs eləmişdilər və bir qrup qərblilərlə balaca bir panel keçirirdilər. Orada “Azərbaycanda siyasi məhbus məsələsi” ilə bağlı aksiya idi. Kiçik bir heyət idi, amma olsun, biz də iştirak elədik. Orada Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov maraqlı bir sual verdi. Dedi ki, “Baxın ora, şəkillərə – Emin Hüsenovun, Rəsul Cəfərovun, yəni “qərbin adamları” deyə biləcəyimiz kateqoriyada olan adamların şəkillərini yapışdırmısınız, niyə Tofiq Yaqublunun orada şəkli yoxdur?”

– Yox idi?

– Yox idi. Sahib Məmmədov dedi ki, “Tofiq Yaqublu da mənim kimi yetimdir, ona görə ona sahib çıxmaq istəmirsiniz?” Bilirsinizmi, məsələ necədir? Tofiq Yaqublu milli adamdır, milliyyətçidir, Qarabağda vuruşub. Siz görürsünüzmü ki, Qərbin yedəyində gedən adamlar Tofiq Yaqubluya necə münasibət bəsləyirlər? Yəni söhbət nədən gedir…

– “Siyasi məhbuslar” arasında da bir ayrı-seçkilik var, mən bunu dərisində hiss edən bir adam kimi bilirəm. 

– Şəxsən hiss eləmisiniz… üstəlik, elə “siyasi məhbus” kimi qələmə verilən adam var ki, polis tərəfindən tutulan kimi, heç üstündən 3-6 ay keçməmiş, Avropa Məhkəməsindən onunla bağlı bir sənəd gəlir. Amma Əvəz Zeynallı həbsdə ola-ola onun işinə Avropa Məhkəməsi baxmır.

– Bəli, Avropa Məhkəməsində çox ciddi ayrı-seçkilik olunduğunu mən hətta həbsdə olarkən, ora gələn avropalılara demişəm. Orada demişəm ki, bu gün dediklərimi fiksə eləyin ki, mən həbsdən çıxandan sonra nəsə desəm, soruşmayasınız ki, bu niyə belə oldu? Amma bu insanlar “siyasi məhbus”durlar axı… Bütün hallarda Xədicədir, Leyla xanımdır, – istər xoşunuz gəlsin, istər gəlməsin. Bunlar azadlıqda olmalıdırlar. Yazıya görə, insanı həbs eləməzlər.

– O məsələnin üzərinə gəlirəm. Birincisi, “siyasi məhbus” məsələsini qəbul etmirəm. Niyə? çünki bu kateqoriyalaşdırılmamış bir şeydir. çünki rəsmən bunun adı yoxdur. İkincisi, əgər onlar hətta “siyasi məhbus” kimi Qərbdə, Azərbaycan ictimaiyyətində qəbul edilirlərsə, Azərbaycan hakimiyyəti də problemli məhbuslara bağlı bir İşçi Qrup yaratdı. Dedi ki, gəlin iştirak edin, müzakirə edək, bir səhv varsa, bu adamlarla bağlı bir qərar qəbul edək. Başımıza nə gəldi? Başımıza o gəldi ki, Qərbin o “siyasi məhbus” dəllalları o İşçi Qrupunu yıxdı sürüdü – bunlar hakimiyyətə satılıblar və s. və i…

azer-4.jpg

Akif çovdarov kimi məmurların üzündən…

 

– Mən bir şeyi anlamıram. Tutalım ki, Qərb Azərbaycanda “siaysi məhbus” məsələsinin həll olunmasını istəmir, o zaman biz niyə siyasi məhbus yaratmalıyıq ki?

– Bu gün MTN-lə bağlı baş verən proseslər ki var, tez-tez Akif çovdarovun da adı hallanır. Aqil Xəlillə bağlı əhvalat yadınızdadır, mənim də yadımdadır. Aqil Xəlil dünənki uşaq idi, jurnalistikaya da təzə gəlmişdi. Səninlə, mənimlə müqayisədə bu adam jurnalistiukada heç kim idi. Təzə başlamışdı, təzə öyrənirdi. Bu adam 6 ayın içində məşhurlaşdı, “siyasi məhbus”a çevrildi, sonra da bir üsulla qaçıb getdi, canını qurtardı. Niyə? Akif çovdarov kimi məmurların üzündən. Əslində, İlham Əliyevin Aqil Xəlillə bağlı bir problemimi vardı?

– ümumiyyətlə, mən içəridən gəlirəm. Bir neçə dəfə də bu haqda demişəm. Siyahılarda 100-ə qədər “siyasi məhbus” var. Onların ən azı 80-90-nı İlham Əliyevi tanımır. İlham Əliyev də onları tanımır. Bu adamların nə işi var orada? Mən bunu dəfələrlə demişəm ki, İlham Əliyevin məsələn, Qorxmaz Camalovla nə işi ola bilər? Tanıyırsınızmı?

– Xeyr.

– O da siyahıdadır. çox ləyaqətli, dürüst insandır və mənimlə birlikdə 10 saylı cəzaçəkmə müəssisəsində yatırdı. Gül kimi, pırıl-pırıl bir uşaqdır. 3 körpəsi var, 7 il veriblər. “Avroviziya” məsələsinə görə… Deyir ki, “Əvəz müəllim, mən heç bilmədim ki, nə oldu? Bir dəfə dedik ki, “gey”lərin paradı olmasın! Demişik, demişik də…”

– Mən də onu demişəm…

– Vəssalam. İndi bu adam İlham Əliyevi, İlham Əliyev də bunu haradan tanıyır?

– Bunun səbəbini bu MTN olayında görürəm.

– Siz belə şeyləri hakimiyyətin cəbhəsində desəniz…

– Mən deyirəm.

 

Eynula Fətullayevin azad olunması üçün əlimdən gələni eləmişəm

 

– …Məncə sizə çox aqressiya da olmaz…

– Burada iki məqam var. Mən özəldə izah etməyə çalışıram ki, əslində mən sizin o problemlərinizlə bağlı məşğul oluram. Misal çəkirəm – Eynula Fətullayev. Bu adamın nə tipi, nə də ideologiyası xoşuma gəlmir, amma Eynula Fətullayev həbsdə olanda, mən onun həbsdən azad olunması üçün əlimdən gələni eləmişəm.

– Kim  eləmədi ki?

– Sadəcə, mən fərqli eləmişəm. Mən bəyanat verməmişəm və açıq şəkildə onu müdafiə etməmişəm. Amma gizlətməyin mənası yoxdur, sizə bir sirr açım ki, Eynulla həbsdə olanda mən beynəlxalq tədbirlərdə, xarici ölkələrdə tez-tez olurdum. Tutalım ki, bir qrup yaratmaq istəyiblər ki, onun hüquqlarını müdafiə eləsinlər, bəyanat versinlər, mən onun qarşısını almışam, demişəm qrup yaratmayaq, bəyanat da verməyək. Bunlar soruşublar ki, necə yəni, axı həmkarımızdır, həbsdədir. Demişəm ki, əgər istəyirsinizsə ki, o həbsdən vaxtından əvvəl azad olunsun, bu işi bizə buraxın. çünki Azərbaycan hakimiyyətinin bir dənə xüsusiyyəti var. Nə qədər üzərlərinə çox gəlsələr, bir o qədər də radikallaşırlar. Bu, əslinə qalanda prezident İlham Əliyevin düzgün taktikasıdır. Niyə? Bəlkə bunun altında bir yanlışlar da var, amma niyə? Onun özü də dəfələrlə deyib ki, – mən də onu dəstəkləyirəm – “Bizə heç kim heç nəyi diqtə edə bilməz!”

O düzdür, beynəlxalq reaksiya olduqca, təpki daha da sərt olur və istənilən nəticə əldə olunmur.

Olunmur, hə…

– Amma beynəlxalq reaksiya olmayanda da heç bir nəticə əldə etmək olmur, axı… Beynəlxalq reaksiya, tələb olanda ki,  sən mütləq bu “siyasi məhbus”u burax, buraxılmır. Razıyam, mən də razıyam. İçəridə gündəliklərimdə də yazırdım. Əfv çıxırdı, əfvdən sonra yazırdım ki, mən də İlham Əliyevin yerinə olsam, diqtə ilə əfv vermərəm. Amma qardaş, beynəlxalq reaksiya olmayanda da sən əfv vermirsən, axı…

– Eynulla Fətullayevin məsələsində də biz çevrəmizdəki adamlarla müzakirələr apardıq və Eynulla azad olundu. çıxandan sonra nə elədi?

– Belimizi qırdı…

– Mən Eynulla ilə bağlı bəyanat vermirdim deyə, mənim əvvəllər işlədiyim “Azadlıq” qəzetindən tutmuş, onların ətrafındakı adamlar məni yıxıb-sürüyürdülər – loyaldır, hakimiyyətə satılıb. Mən isə altdan-altdan Eynullanın müdafiəsini aparırdım. Eynulla çıxandan sonra nə baş verdi? Onun bəyanatları həmin adamlara qarşı oldu. Mən də həmin adamlara demişdim ki, o çıxandan sonra görərsiniz. Elə şeylər var ki, ictimaiyyət görür və ona görə adamı qiymətləndirir. Söhbət əgər adını çəkdiyimiz adamlardan gedirsə, mən onların hamısının həbsdən azad olunmasını arzu edirəm. Niyə? çünki düşünürəm ki, onlar Azərbaycan üçün başağrısıdırlar. Həbsdə olduqları müddətcə…

 

Hamıya 1.500 manat verəndə, Leyla Yunusa 3.000 manat veriblər

 

– Azər bəy, ümumiyyətlə, azadlıq onların haqqıdır. Məni niyə şərləyib tutubsan ki? Mənim cinayətim yoxdur, niyə şərləyib tutubsan?

– “Şərləyib” fikrini bir az dartışa bilərik. Arxasınca danışmaq kimi olmasın, Allah qapısını açsın, Leyla Yunusun “şərlənmək” məsələsinə gəlincə, bir məqama toxunmaq istəyirəm. “Qış Bulvarı” tikiləndə o ərazidə evlər yıxılırdı. Vətəndaşın pulunu verirdilər, alırdılar və s. Təsəvvür edin ki, bir 10 min adam həmin ərazidən köçürüldü. Onların içində təkcə Leyla Yunus narazılıq elədi. Sual olunur ki, niyə? Mən bildiyimə görə,
Hacıbala Abutalıbovun adamları camaata hər kvadrat metr üçün 1.500 manatdan pul verəndə, buna deyiblər ki, sənə 3 min veririk, təki səsini kəs… Amma o kəsmir. Baxın, buna nə eləyə bilərsən?

– Hüquq insanla danışmağı əmr eləyir, başqa yolu yoxdur.

– Mən razıyam…

– Siz Osmanlı padşahının düz yolun ortasında bir kasıbın daxmasını satmadığını bilirsinizmi? Padşah evinə gəldi, ondan xahiş elədi, satmadı. Padşah dedi, yolu əyri salın, amma daxmaya toxunmadı. Hələ də deyilənlərə görə üsküdarda həmin yol əyilir. çünki kasıb daxmasını verməyib. Yəni əgər mən evimi satmıramsa, sən mənim evimi almamalısan. Qayda budur.

– O sahənin qanunvericiliyini dərindən bilməsəm də, amma dövlət əhəmiyyətli proyektlər üçün vətəndaşın mülkiyyətinin məcbur alınması məsələsi var.

 

Xədicə İsmayılovanın azadlıqda olması şəxsən mənə  daha çox sərf eləyir

 

– Hətta dövlət layihələri üçün də insanların mülkiyyət hüququnu pozmaq olmaz.

– İndi deyirik də… Bir daha təkrar edirəm, Xədicə İsmayılovanın azadlıqda olması şəxsən mənə  daha çox sərf eləyir. çünki əlaqələri var. çevrəsi genişdir, xaricdə də onu çox bəyənirlər. Amma Mərkəzi Kəşfiyyat İdarəsinin hazırladığı, prezident İlham Əliyevi gözdən salacaq, qaralayacaq materialları, araşdırma materialları deyib, vətəndaşa, oxucuya da sırımaq, axı doğru deyil.

– Mərkəzi Kəşfiyyat İdarəsinin hazırladığı materiallar faktdırsa?

– Fakt deyil.

– Faktdır.

– O qurumlarla, beynəlxalq təşkilatlarla mən də zamanında işləmişəm. İndi də işləyirəm. Onların taktikasını, hərəkətlərini əzbərdən bilirəm.

 

Hanı bəs sizin mətbu imperiya, hanı mətbu syasətiniz?

 

– Onun üçün də, məncə, adamı tutmazlar. Hər halda mexanizmlər var, hər halda hakimiyyətin inhisarında, monopoliyasında olan yüzlərlə, minlərlə saytlar var, qəzetlər, telekanallar var, jurnalistlər var. 155 jurnalistə ev verildi, 300-nə də ev verəcəklər. Hara? Əgər bu 400-500, min obyekt Xədicə İsmayılovanı arqumentlə yerində oturtmursa, o zaman bu pulları mediaya niyə xərcləyirlər?

– Mən o məsələdə fərqli düşünmürəm. Mən elə hesab edirəm ki, lap yazıbsa da belə, ona heç reaksiya vermək lazım deyildi.

– Hanı bəs sizin mətbu imperiya? Hanı mətbu syasətiniz?

– Biz jurnalistlər də başqalarının əlində alət olmamalıyıq.

– O başqa məsələ…

– Əgər alət olmaq istəyiriksə, öz dövlətimizin əlində alət olaq.

– O zaman başqalarının da əlində alət olmayaq, beynəlxalq təşkilatlarla da işləməyək…

– İşləyək, işləyək…

– Hakimiyyət də səni bir qırağa atsın, ol Əvəz Zeynallı. Eləmi, deyirsiniz? Mən 3 ildir, səhhətimdə olan çox ciddi xəstəliyi o beynəlxalq təşkilat qalmayıb ki, yazılı müraciət eləməyəm, eləmirlər.

– Onlara sərfəli adam deyilsən axı…

– İndi necə eləyək? KİV DF buradan qoymur, hakimiyyətin media siyasəti “sən müstəqilsən” deyə bir yana tullayır, atır 9 il içəri… Beynəlxalq təşkilatlar da səni bir yandan tullayır o tərəfə… O zaman yenə deyirəm, olursan, Əvəz Zeynallı… “Siyasi məhbus” deyilmi? Rauf Arifoğlu demişkən, mən özümdən misal gətirib, qaydaları pozuram… 

Ruslan Vəliyev soruşur ki, hakimiyyətlə onun münasibətlərini kim müsbətə doğru dəyişdi? Vasitəçi kim idi?

– Heç kim. Hətta mən bilirəm ki, günün bu günündə belə məndən mərtəbəcə qat-qat aşağı jurnalistlər var ki, onların telefonlarını yoxlasanız, prezidentin köməkçisi Əli Həsənovun onlarda nömrəsi var, amma məndə yoxdur. Mən o adamla ümumiyyətlə, görüşməmişəm.

– Yəni vasitəçi odur, deyirsiniz?

– Yooox… Elə düşünürlər. Hətta elə adamlar var idi ki, bunu Əli Həsənovun üzərinə bağlayırdılar ki, guya Əli Həsənovdur vasitəçi. Mən həmin adamla Milli Mətbuat günündə, “Gülüstan” sarayında hamı kimi ayaqüstü görüşmüşəm. Dar çevrədə idik, yaxınlaşdı. ümumiyyətlə, mən hakimiyyətlə olan münasibətlərimi gizlətmirəm, açıqdır mənim münasibətim. Qaranlıq heç nə yoxdur.

 

Bu gün İlham Əliyevin arxasındayam, sabah görsəm ki…

 

– Yaşar Ağayev soruşur, “Xalqın malına göz dikənlərin, dövlət əmlakını heyvani ehtirasla yeyib-dağıdanların yanında olmağa, onları müdafiə etməyə nə ehtiyac vardı?”

– Əlbəttə, xalqın malını indi yeyənlər var. Azərbaycanda korrupsiya həqiqətən də ciddi problemdir və mən bunun varlığını etiraf eləyirəm. Sadəcə, mənim davranışlarımın kökündə bir dövlətçilik durur. Mən bu gün başa düşürəm ki, Azərbaycanda siyasi qüvvə olaraq, real siyasi qüvvə və ölkənin bu sabitliyini qoruya biləcək qüvvə İlham Əliyevdir. Yəni ona görə də onun arxasındayam. Sabah görsəm ki, doğrudan da ondan daha güclü, daha imkanlı və həqiqətən də Azərbaycanın sabitliyini qorumaqla digər problemləri həll edəcək bir siyasi qüvvə ortaya çıxacaq, mən o zaman düşünə bilərəm.

– Rüfət bəy soruşur ki, Azər Həsrət öz əqidəsində nə qədər stabildir, sabitdir? Yəni 10 il bundan qabaqkı və indiki Azər Həsrət bir-birinə antoqonist və zidd şəxslərdir…

– Qətiyyən…

– …10 il bundan sonra Azər Həsrət dəyişəcəkmi?

– 100 ildən sonra…

– …İlham Əliyev üçün canını verməyə nə qədər hazırdır?

– Azər Həsrətin əqidəsini bu adamlar bilmirlər və bilmədiklərinə görə də, hesab edirlər ki, dəyişkəndir.

– Bayaq özünüz də dediniz ki, dəyişmişəm.

– Siyasi mövqeyimi dəyişmişəm. Siyasi mövqe ilə əqidə başqa-başqa şeylərdir. Mən türkçü-milliyyətçiyəm. Mənim əqidəm budur. 25 il əvvəl nə düşünürdümsə, nə hərəkət eləyirdimsə, bu gün də bir qram belə kənara çəkilmədən o yolu gedirəm. Heç nəyim dəyişməyib. Dəyişməyəcək də… Siyasi hakimiyyətə və yaxud da siyasi qüvvələrə gəlincə isə, mən heç vaxt siyasi partiya üzvü olmamışam, bu gün də deyiləm. Heç bir zaman da hansısa rəsmi partiya ilə heç bir rəsmi yaxınlığım olmayıb. İsa Qəmbəri 2003-cü ildə prezident seçkilərində dəstəkləmişəm, Əli Kərimlini uzun müddət dəstəkləmişəm. Hətta Əli Kərimliyə yaxınlığım bəlli olan dönəmdə mən İsa Qəmbəri də dəstəkləmişəm. Onda heç kim məni söymədi – necə olur ki, sən Əli Kərimlinin yanındasan, amma İsa Qəmbəri dəstəkləyirsən? Bu gün hakimiyyətə gəlincə isə, mən hesab edirəm ki, əgər bu siyasi qüvvələr, yəni müxalifətdəki qüvvələr davamlı olaraq palçığa batırlarsa, hədəfə heç bir vaxt gedib çata bilməyəcəklərsə, niyə mən enerjimi onlara xərcləməliyəm? ölkədə nələrsə dəyişməlidir, yəqin ki, hər kəs mənimlə razılaşar – o dəyişiklikləri biz yavaş-yavaş eləyirik. Hakimiyyətə qarşı loyallaşdıq – mənim kimi adamlar – hakimiyyətlə müəyyən yaxınlıq yarandı, bizə qarşı münasibət dəyi
şdi. Bu yay mən ölkənin 7 rayonuna gedib, jurnalistlər üçün seminarlar keçirmişəm. Heç kim işimə qarışmayıb. Amma radikal dönəmlərimdə, yəqin ki, buna imkan verməzdilər ki, bu adam bizə qarşıdır. İşin içinə siyasət qatmadan faydalı bir iş görmüşəm. Demək istədiyim odur ki, nəyisə qazanmaqdan ötəri, nəyisə qurban verirəm. Əlbəttə, verirəm. Amma bütün bunlar mənim əqidəmin dəyişməsi demək deyil.

 

“Azadlıq” qəzetində işləyəndən indi daha sərbəstəm

 

– Rəşad Vaqifoğlu soruşur ki, Azər Həsrət bir neçə il əvvəlki Azərin həsrətini çəkirmi?

– Mən indinin özündə də sərbəst adamam. Əvvəllər tutaq ki, “Azadlıq” qəzetində işləyəndən indi daha sərbəstəm. Niyə bunu deyirəm? 2003-cü il oktyabr aksiyaları zamanı “Hökumət Evi”nin arxasında bir çoxları kimi məni də çox pis döymüşdülər. Hadisələr səngiyəndən sonra mən bu haqda bir yazı yazdım. O zaman da “Azadlıq” qəzetində işləməyimə baxmayaraq, mənim yazımı vermədilər. Yazı nədən idi? BP və Qərb təşkilatlarını çox sərt şəkildə tənqid eləmişdim. Səbəb kimi də dedilər ki, Qərbdən sənə qrant verməyəcəklər. Dedim, heç dünəndən verməsinlər. Axı, biz Qərbə inanmışdıq ki, arxamızda Qərb var. Biz bu ölkədə dəyişiklik istəyirdik və bizi də inandırmışdılar ki, demokratiya Amerikadan, Avropadan gəlir. Və sonrakı dönəmdə mən başa düşəndə ki, nə demokratiya, bunların başqa məqsədləri, başqa maraqları var. İlham Əliyev yumşaq adamdır. Bunlar ən qəddar diktatorla belə razılaşmağa hazırdırlar. Yəni Qəddafi kimi, Səddam Hüseyn kimi… Sadəcə o oyunlar alınmayanda vurub yıxırlar. Ona görə də mən Qərbə qarşı bir sərt yazı yazmışdım, “Azadlıq” qəzeti o yazını vermədi. Amma bu gün mən istənilən yazını yazıram, sağa-sola paylaşıram, iqtidar mətbuatı verir, hətta “Xalq” qəzeti də bəzən mənim yazılarımı verir. Belə normal. çox sərbəstəm. Bu saat mənim nə əlimi, nə də ağzımı tutan yoxdur.

– Yəni “Xalq” qəzetinin verdiyi yazı…

– Təbii ki, o yazılarda o radikallıq, müxalifətçilik yoxdur. Hakimiyyətə sərf edən yazıdır ki, verirlər. Amma elə yazılarım da olur ki, məsələn, Qazaxıstanda, Rusiyada dərc olunur.

– Ruslan Nəsirli soruşur ki, heç bir hakimiyyət əbədi deyil…

– Deyil, əlbəttə deyil.

 

2020-ci ildə namizədliyimi verəcəyəm, daha sonra isə kəndə…

 

– …İlham Əliyev gedəndən sonra nə edəcək?

– Mənim gələcəyimlə bağlı planlarım var. Təbiidir ki, 2020-ci ildə parlamentə yenə də iddiam var. Bu öz yerində, amma artıq yaşımızın da üstünə yaş gəlir. Kənddəki evimi də nahaqdan tikmirəm. Gələcəkdə planım da odur ki, yavaş-yavaş yaşlandıqca, gedim, orada yerləşim.

– Kənddə yaşamaq?..

– Bəli, çünki mən kənd uşağıyam və kəndi də sevirəm. Şəhərə hələ də uyğunlaşa bilmirəm. Şəhər məni xəstə eləyib.

– Siz dediniz ki, bu sualı verin, ona görə verirəm, yoxsa verməyəcəkdim.

– Verin.

– Sakit Sabiroğlu deyir ki, “bəy, biz it hürdürən deyilik…”

– Əgər bu adam elə hesab edirsə ki, məni hürdürür, bu, onun tərbiyəsidir. Mən düşünürəm ki, belə tərbiyəsiz adamın, yəqin ki, sualına da cavab verilməməlidir. Sadəcə, adının çəkilməsini istədim. Niyə? Bilirəm ki, “Qaynar Qazan”a çox adam baxır, özü də həvəslə baxırlar, qoy hər kəs bilsin də kimin tərbiyəsi nədir.

– Hər halda bir daha buradan deyirəm, birdəfəlik hamı üçün də məlum olmalıdır ki, heç bir halda insanı təhqir edən sual vermək olmaz. çünki onun tərs cavabı da ola bilər.

– Mən də tərs cavab verə bilərdim, amma görürsünüz ki, vermirəm. Sadəcə oxucuların bilməyini istədim ki, kimin kim olduğunu görsünlər.

 

Əlimin dalını yerə qoyaram…

 

– Cavid Zülfüqarlı soruşur: “Vicdan deyəndə ilk ağlına gələn nə olur?”

– Vicdan deyəndə ağlıma dürüstlük gəlir, əməllərində birmənalılıq gəlir, bütün davranışlarımda olduğum kimi görünmək, göründüyüm kimi olmaq gəlir. Əgər kimsə çıxıb iddia eləyə bilsə ki, mən göründüyüm kimi deyiləm və yaxud olduğum kimi görünmürəm, o zaman mən əlimin dalını yerə qoya bilərəm. Amma şükürlər olsun ki, mən necə görünürəmsə, elə də varam. Bu mənim vicdanımdır.

– Rəşad Babalı soruşur: “Keçmişinə görə, peşimandırmı?”

– Əsla, əsla, mənim bütün yazılarım internet saytımda var..

– İmtina etmədiyinizi də dedik. çünki bizim bir imtina dövrü yaşanıb, axı, vaxtilə…

– Olub, olub… Mən bilirəm, o nümunələrdən də xəbərim var. Yəni mən heç bir yazımdan və heç bir sözümdən belə imtina etmirəm. Sadəcə o videoçarx ilə bağlı izah verə bilərəm. (Videoçarxdan sitat: Bu iqtidara deməliyik ki, biz sizdən qorxmadıq, qorxmuruq və qorxmayacağıq – Red.) Doğrudan da o mətbuat konfransında bir az dozanı qaçırtmışam və bu gün mən İlham Əliyevə təşəkkür edirəm ki, ona görə, kimsə gəlib, məni vurub öldürməyib. Həqiqətən də o videoçıxış çox emosionaldır.

– çox…

– Həddən artıq… Vuracağıq, öldürəcəyik…

– Bu ifadələrə görə çox rahat həbs eləyə bilərdilər sizi… Terrora çağırış, ictimai asayişi pozma və s.

– özü də hüquqi əsasları olardı.

O zaman da siz həbs olunsaydınız, biz hamımız deyəcəkdik ki, Azər Həsrət…

– …Qəhrəmandır (Gülür…)

– “Siyasi məhbusdur…”

(Qəhqəhə ilə gülür)...

 

II hissənin sonu

“Qaynar Qazan”da Əvəz Zeynallı idi

Xüsusi qeyd: Müsahibədə adı çəkilən şəxslərin cavab haqqını dərc etməyə hazırıq