XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

07 Noyabr 2015 - 23:07

Dindar həbslərinin pərdəarxası: Təxribatı önləmək cəhdi, yoxsa dini cərəyanlar arasında balansı qorumaq siyasəti?!

nardaran-2.jpg

“Müsəlman Birliyi Hərəkatı” təşkilatının sədr müavini Elçin Qasımovun həbsi, ardından buna etiraz edən bəzi dindarların saxlanılması ictimaiyyət arasında ciddi müzakirə mövzusuna çevrilib. Hazırda bu hadisələri “MTN işi”nin davamı sayanlar da var, hansısa qüvvələrin bu həbslərdən diqqəti yayındırmaq cəhdi olaraq görənlər də, üçüncü bir qüvvənin ölkədə məqsədli şəkildə gərginlik və təxribat yaratmaq istəyi kimi qiymətləndirənlər də… Hətta bu hadisələri hakimiyyətin ölkəmizdə dini radikalizm təhlükəsinin güclənməsi təəssüratı yaradaraq özünü Avropaya şirin salmaq cəhdi sayanlar da az deyil…

Sözsüz ki, istintaq işi bitməyənə və həbslərin əsl motivləri barədə təfsilatlı şəkildə açıqlama verilməyənədək, irəli sürülən bütün versiyalar eyni dərəcədə inandırıcı görünəcək. Hələlik isə rəsmi açıqlamalar Elçin Qasımovun və daha bir neçə şəxsin polisə müqavimət göstərməsi, xırda xuliqanlıq etməsi kimi təqdim olunur. Olduqca klassik ittiham olan bu motivin isə həbslərin səbəbindən çox, bəhanəsi olduğunu bilməyən yoxdur…

Doğrudur, hakimiyyətin bu hadisədən istifadə edib dindarların kütləvi şəkildə həbsinə başladığı və sərt cəza tədbirlərinin tətbiqinə əl atdığı da hələlik müşahidə edilmir. Əksinə, rəsmi və qeyri-rəsmi şəkildə verilən reaksiyalardan hakimiyyətin bu məsələdə olduqca ehtiyatlı taktika seçdiyi görünür və belə təəssürat yaranır ki, sanki, hakimiyyət hansısa naməlum bir qüvvənin onları məqsədli şəkildə təxribata çəkdiyinin fərqindədir. çox realdır ki, məhz uzun illər ölkənin təhlükəsizliyinə cavabdeh olan bir strukturda aparılan təmizləmələr onlarla əlaqəli hansısa gizli qüvvələri narahat edir və onlar indiki situasiyada ölkə daxilində hökumət-dindar toqquşmasının yaradılmasında maraqlıdır…

Belə bir toqquşmanın yaranmasında və bu dalğa üzərində növbəti siyasi oyunların aparılmasında bölgəni diqqətlə izləyən, burda ciddi marağı olan istənilən xarici güc də çıxış edə bilər.

Hər bir halda bu versiyanın – hansısa təxribatın təşkili ehtimalının nə dərəcədə ciddi olduğunu yaxın günlərdə hakimiyyətin, xüsusən də güc strukturlarının reaksiyasından, digər dindarlara qarşı davranışlarından aydın sezmək mümkün olacaq…

Ancaq hadisənin səbəbləri barədə ağıla gələn daha bir ciddi versiya da var – söhbət ölkə daxilində fəaliyyət göstərən dini cərəyanlar arasındakı mövcud balansın qorunması siyasətinin yürüdülməsi siyasətinə başlanılmasından gedir.

Sirr deyil ki, Azərbaycan hakimiyyəti siyasi islam təhlükəsini sovuşdurmaq üçün indiyəcən dinin öz daxili imkanlarından istifadə edir, bir-birinə qarşı olan müxtəlif məhzəbləri eyni təsir imkanında tutmağa çalışırdı. Nəticədə Səudiyyə Ərəbistanından təlqin olunan vəhabilik İran mənşəli şiəlik təlimiylə rəqabətə girir, bu amansız ideoloji mübarizə hər ikisini zəiflədir, geniş auditoriyada yayılmalarının qarşısını alırdı.

Son zamanlar isə vəhabi məzhəbinə məxsus dindarların təsir imkanlarının xeyli zəiflədildiyi müşahidə olunurdu. Bir tərəfdən Rusiyanın Suriyada İŞİD və buna bənzər radikal sünni-vəhabi qruplarına qarşı keçirdiyi hərbi əməliyyatlar, digər tərəfdən isə bəzi radikal sünnilərin həbs olunması nəticə etibarilə İranın Azərbaycanda tərəfdar toplamaq işini asanlaşdırırdı. üstəlik, Türkiyə mənşəli nurçuluq da elə qardaş ölkənin öz istəyiylə təsirsiz hala gətirilmişdi.

Bütün bunlar isə məzhəblər arasındakı tormozlama balansını şiələrin xeyrinə dəyişmişdi. Ortaya çıxan arzuolunmaz tablo, istər-istəməz, cəmiyyətimizdə “hizbullahçılıq” təmayüllərinin artması ilə nəticələnə bilər, İranın əlini gücləndirərdi. Etriraf edək ki, istənilən ölkədə bu cür təmayüllərin qarşısı vaxtında alınmasa, vəziyyət nəzarətdən çıxar, sekulyar dövlətçilik ənənələri təhlükəyə düşər.

Xüsuilə, Azərbaycanın indiki zamanında İranmeylli qüvvələr daha çox təhlükə əxz edir. Nədən ki, Yaxın Şərqdə Rusiya ilə yaxın müttəfiqliyi İranın Azərbaycanda təsir gücünü artıran amilə çevrilib.

Digər tərəfdən, neft qiymətlərinin aşağı düşməsiylə ölkəmiz ciddi iqtisadi böhran yaşayır. Bunun əksinə olaraq, cənub qonşumuzun Qərblə yaxınlaşması iqtisadi potensialını artırmasına yol açır. İranın uzun illərə söykənən təcrübəsində isə qonşu ölkələrə dini-siyasi ideologiya ixracı üçün öz iqtisadi imkanlarını səfərbər etmək ənənəsi var. Azərbaycan insanının getdikcə pisləşəcək sosial-iqtisadi vəziyyəti cənub qonşumuzu bizə qarşı da eyni siyasət yürütməyə həvəsləndirir.

ölkəmizdə demokratik qüvvələrin tamamilə yox edilməsi, dünyəvi müxalifətin təsirsiz hala gətirilməsi də, prinsip etibarilə, Tehranın işinə yarayır.

Zira hakimiyyətin indiyə qədər bu istiqamətdə yürütdüyü siyasət müxalifətçiliyi yox, müxalifəti yox etmək prinsipi üzərində qurulub. Narazı kütləyə ümid verən heç bir demokratik təsisatın olmaması, istər-istəməz, insanları dini cərəyanlara meylləndirir.

Onu da unutmaq olmaz ki, Azərbaycan xalqının tarixi-mənəvi dünyagörüşü də İranın əlini gücləndirəcək mahiyyətdədir. Uzun illər eyni coğrafiyanın bir parçası olmağımız, Azərbaycan türklərinin əsas məskunlaşdığı ərazinin bu ölkənin tərkibində qalması maqnit təsirilə xalqımızı cənub qütbünə çəkə bilər. Eyni mədəni-mənəvi ənənələrə bağlılığımız, müsəlman dünyasında məhzəbçi hisslərin artması və bu zamana qədər böyük rəğbətlə baxdığımız Türkiyənin məhzəb çarpışmasının içərisində aktiv yer alması, istər-istəməz, Azərbaycan insanının indiyəqədərki daxili təmayüllərini sarsıdır, İrana meylliliyini gücləndirəcək faktora çevrilir. Bu tendensiya hələ ki açıq sezilməsə də, yaxın illər ərzində özünü tam aydın şəkildə büruzə verə bilər.

Bütün bu amilləri nəzərə alanda dindar həbslərinin əsl səbəbini anlamaq çətin deyil. Görünür, hakimiyyət potensial təhlükəni indidən yox etmək üçün onun hərəkətverici qüvvəsini sıradan çıxarmaq istəyir. Fəqət ölkədəki sosial narazılığın əsl səbəbi ortadan qaldırılmasa, yalnız təşkilatların məhvi siyasətiylə istənilən nəticəni əldə etmək də mümkün deyil. Zira ictimai narazılıqlar daha çox iqtisadi vəziyyətin getdikcə pisləşməsindən doğur ki, bu durumu dəyişdirmək hakimiyyətin iradəsindən kənardır. Belə vəziyyətlərdə kütləvi narazılıqları nizamlayacaq təşkilatları yox etməklə sadəcə, xaos ehtimalını artırmaq olar…

 

Heydər Oğuz

Strateq.az