“Bu cür biabırçılığın…” – Tanınmış vəkildən icra başçısına ittiham

Tanınmış vəkil Aslan İsmayılov özünün Facebook səhifəsində maraqlı status paylaşıb. O, Binəqədinin icra başçısı Xaləddin İskəndərovun hərəkətlərinin reketlik olduğunu bildirib.
Strateq.az A.İsmayılovun yazısını təqdim edir:
“Son vaxtlar mətbuat hər gün icra başçıları tərəfindən hansısa tikilinin sökülməsindən yazır. Həmin tikilinin başa gəlməsinə pul xərclənməsini, zəhmət çəkilməsini isə heç kim hesaba almır. Hər yeni gələn başçı köhnənin sərəncamını tanımadığını deyir və öz şərtlərini irəli sürür, sanki ölkədə qanun yoxdur. Hamı da bilir ki, söhbət tikilinin qanuni və ya qanunsuz olmasından getmir. Söhbət sözün əsl mənasında reketçilik yolu ilə pul qopartmaqdan gedir. Son günlər Binəqədinin icra başçısı dördmərtəbəli binanın qanunsuz tikildiyini bütün ölkəyə elan etdi. Bunun yalan olduğunu hamı bilir, çünki icra hakimiyyətinin razılığı olmadan daşı daş üstünə qoymağın mümkünsüz olduğu bəllidir.
Dəfələrlə yazmışam, bir daha təkrar edirəm. Bu cür biabırçılığın qarşısını almağın yeganə yolu sökülən tikiliyə çəkilmiş xərcin günahkar orqanlar, yəni icra strukturları əməkdaşları tərəfindən zərərçəkənə ödənilməsidir.
Bu gün baş verənlər isə dərəbəylikdir. Hələ ki insanlar özlərinə sui-qəsd edir.
Allah sonrasından qorusun”.