XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

09 Noyabr 2015 - 04:11

Azər Həsrət “Qaynar Qazan”da: “O boyda adam deyiləm ki, Prezidentin verdiyi addan imtina edəm”

azer-3.jpg

“Qaynar Qazan”ın budəfəki qonağı Mətbuat Şurası İdarə Heyətinin üzvü, əməkdar jurnalist Azər Həsrətdir.

Onunla xeyli zamandır görüşməli idik. Sadəcə, gündəmimiz müsaid olmadı deyə bir az gecikdik. Gecikdik, amma Azər Həsrət də “Qaynar Qazan”da elə şeylər dedi ki, həqiqətən, gündəm xeyli qaynayacaq. İllərin yığılıb qalan söhbətləri bir yana, elə başlayan kimi od püskürməyə başladı. Əvvəlcə Rauf Arifoğluna döşədi, sonra Azərbaycan mətbuatının və siyasətinin önəmli simaları onun tənqidindən nəsibini aldılar. AXCP sədri Əli Kərimli, AXCP mətbuat xidmətinin rəhbəri Natiq Ədilov, tanınmış jurnalist Natiq Cavadlı… ürəyi, həqiqətən, dolu imiş Azər Həsrətin və həqiqəqən, ona ciddi bir “Qaynar Qazan” lazımmış…

Elmar Hüseynov öldürüləndə onun ölkə başçısı İlham Əliyevin haqqında ağır tənqid ehtiva edən çıxışı, təbii ki, əsas müzakirə mövzumuz oldu. Suallar da əsasən, o istiqamətdə idi. Azər Həsrət bütün sualları dərin bir səmimiyyətlə cavablandırdı. İnanıram ki, onun bu demokratizmi heç bir partiya sədrində yoxdur. Əleyhinə olan bu qədər ağır sözləri-sualları cavablandırmaq, səsləndirilməsini xahiş etmək, mənim indiyə qədər Azərbaycan siyasi səhnəsində qarşılaşmadığım hadisədir. Bu, Azər Həsrətin ciddi uğuru, dözümü və nailiyyətidir.

Onun maraqlı yanaşmaları var. Bəzən nə istədiyi bəlli olmasa da, inadla haqlı və doğru olduğunu deyir. Dəyişmədiyini, gah da dəyişdiyini deyir. Sözlərindən imtina etmir, amma həm də İlham Əliyevə təşəkkür edir ki, onu vurub küçələrdə öldürməyə imkan verməyib. İnanır ki, onun kimi radikal adamlar mövqelərini onun kimi dəyişsələr, bir şeylə həllini tapar. Ancaq buna baxmayaraq, seçkilərə qatıla bilmir…

Jurnalistə ev hədiyyə olunmasından siyasi məhbuslara qədər hər şeydən danışdıq. Bu müsahibə “Qaynar Qazan”ın indiyəqədərki müsahibələrinin ən yaxşılarındandır təbii ki… Və hər şeyə oxucu-tamaşaçı qərar verəcək.

Elə isə, o zaman “Qaynar Qazan”da Azər Həsrəti dinləyirik…

Əvəz Zeynallı 

 

azer-1.jpg

III – sonuncu hissə 

I hissə: “Qaynar Qazan”da Azər Həsrət: “Qətllərin arxasında Qərb dayanır…”

II hissə: “Qaynar Qazan”da əməkdar jurnalist Azər Həsrət“Bu gün İlham Əliyevin arxasındayam, sabah görsəm ki…”

 

“Böyük lokma ye, amma böyük konuşma!”

 

– O zaman da siz həbs olunsaydınız, biz hamımız deyəcəkdik ki, Azər Həsrət…

– …Qəhrəmandır (Gülür…)

– “Siyasi məhbusdur…”

(Qəhqəhə çəkərək…) Sizə bir nümunə də deyim. 2010-cu ildə Gülər Əhmədovanın dairəsində seçkilər bitdi, saxtakarlıq oldu, biz digər namizədlərlə birlikdə Ali Məhkəməyə qədər getdik. Ali Məhkəmədən sonra da digər namizədlər təklif etdilər ki, işi Avropa Məhkəməsinə qədər aparaq. Mən də bəyanat verdim ki, öz dövlətimi Avropa Məhkəməsinə verən deyiləm. Vermədim də. İndi də deyirəm: “Hətta məni həbsxanaya atıb çürütsələr belə, mən Azərbaycan dışında hər hansı bir təşkilata müraciət etmərəm.”

– Türklərin yaxşı bir sözü var, deyirlər ki, “Böyük lokma ye, amma böyük konuşma!”

– Nə bilim vallah, hər halda…

– Yüzlərlə insanlar var ki, onlardan biri olaraq mən onu hiss eləmişəm, həmin o beynəlxalq təşkilatlar – çox maraqlıdır, bizim mübarizə apardığımız, bizim əleyhinə işlədiyimiz o beynəlxalq təşkilatlar olmasa, həqiqətən, bizim günahsız insanlar zindanlarda çürüyər…

– Ciddi problemləri ola bilər…

 

Mətbu “dost”larımız bizdən “donos”lar yazdılar

 

– Bizim tənqid etdiyimiz, qəbul etmədiyimiz, bizim bütün siyasətini deşifrə etdiyimiz beynəlxalq təşkilatlar bizi müdafiə elədi. çox maraqlıdır ki, bizim mətbu dostlarımız, həmkarlarımız “bu adam Hitlerin kitabını tərcümə edib”, deyə məni “vicdan məhbusu” elan edən təşkilatlara “donos”lar göndərdilər.

– Amma mən…

– Ona baxmayaraq, həmin təşkilatlar dedilər, yox. çox maraqlıdır…

– Orada hər şeydən öncədir insan hüquqları. İnsan hüquqları bəşəridir.

– Əlbəttə ki, öncə insan hüquqları…

– O təşkilatları ən yaxşı tanıyan adamlardan biri kimi deyirəm…

– Uzun illər onlarla işləmisiniz…

– Uzun illər işləmişəm, indi də bir çoxları ilə işləyirəm. Bilirsinizmi, problem nədədir? Bunlar doğrudan da insan haqlarını müdafiə edirlər, amma bir nümunə deyim. özbəkistan, təbii ki, insan haqları baxımından Azərbaycanla müqayisəyə gəlinməyəcək dərəcədə dəhşətli ölkədir. Hətta orada əvvəlki illərdə dəhşətli işgəncə metodları var idi, indi olduğunu bilmirəm. Məsələn, suyu qaynadırlar, məhbusu diri-diri atırlar həmin qaynar qazana… Şəkilləri çıxmışdı, həmin məhbusun anası paylaşmışdı. Yəni şəkilə baxmaq belə dəhşət idi. Orada Böyük Britaniyanın səlahiyyətli səfiri Qrek Murrey-in ( https://www.craigmurray.org.uk/) fəaliyyət dövrü idi. O bizdə olan Norveç səfiri Steinar Gil (2002-2006-cı illər https://en.wikipedia.org/wiki/Steinar_Gil) kimi bir az diplomatik sədləri aşaraq, ölkədə gedən proseslərinə müdaxilə edirdi. Bu Qrek Murrey özbəkistanda baş verən hadisələrlə bağlı həddən artıq radikal bəyanatlar verirdi. Bilirsinizmi, axırda nə oldu? Böyük Britaniya hökuməti onu geri çağırdı, diplomatik karyerasını sonlandırdı, növbəti illərdə parlamentə namizədliyini verdi, ümumiyyətlə, yaxın buraxmadılar. Adamı bitirdilər. Niyə? çünki Əfqanıstan, Yaxın Şərq məsələlərində özbəkistan onlara lazım idi. Məsələ ondadır ki, mən bu şeylərin dərinliyini bilirəm. Söhbət ondan gedir ki, ABŞ-da David Kramer də oktyabrın 28-də Azərbaycanla bağlı brifinq elədi. Bu adamların dərdi bilirsinizmi, nədir? Bunların dərdi, bu cür problemləri əldə dəstəvuz eləyib…

– Verməsinlər, səbəb verməsinlər.

– Məsələ də ondadır ki, sən səbəb verməməlisən.

– Bəli, sən səbəb vermə.

– Mən hakimiyyətin əlim çatan adamları ilə danışanda da deyirəm ki, gəlin, biz bu səbəbi verməyək. Yəni Əvəz Zeynallı ilə probleminiz yoxdur? Tutalım ki, mən hakimiyyət tərəfdarıyam və mən Əvəz Zeynallı ilə danışa bilərəm. Əvəz adamdır da, normal adamdır. Radikal deyil, adamı döymür, söymür…

– Deyin, siz kimlərlə nə danışmayıbsınız ki?

– Mən gedib danışa bilərəm. Əgər mən məsləhət deyiləmsə, bir başqa dostumuz gedib, danışa bilər. Əslində biz belə şeyləri təklif edirik. Bu söhbətləri açmamalıyam, amma biz belə şeyləri təklif eləyirik. Sadəcə olaraq, mən bu yaxınlarda “İki Azərbaycan” başlıqlı bir yazı yazmışdım. Bir Azərbaycanda – hər şey normada, qanunlar çərçivəsində, insan münasibətləri və s. İkinci Azərbaycanda isə birinci Azərbaycanda olan şeyləri pozmaqla məşğuldurlar.

– Görünür, Azərbaycanda hakimiyyət daxilində…

– Daxildədir, bəli, daxildədir…

– MTN-də olduğu kimi…

– çovdarov hadisəsi haqqında danışdıq. Aqil Xəlili gah “üzdəniraq” elədi, gah üzünə adam durğuzdu. Nəyin xatirinə? Orada zeytun ağaclarını kəsib nəsə tikəcəkdi…

– Hətta Elmar Hüseynovun qətlində də onun adı hallandırılırdı. Bir zaman bunu Eynulla Fətullayevin özü açıqlamışdı…

– Baxın, iki Azərbaycan problemimiz var bizim. İndi bu gün İlham Əliyev radikal addımlar atır, konkret olaraq problemi həll etmək istəyir. Şəxsən mən də onun tərəfindəyəm. Hətta belə bir yazı da yazdım ki, “ölümünə tərəfindəyəm…”

 

Əslində, mən bunu deməməliydim, amma…

 

– Millət də elədir. Əslində millət də onu istəyir.

– Yəni söhbətimin canı ondadır ki, istər Əvəz Zeynallı olsun, istərsə də Xədicə, Leyla Yunus və başqaları olsun, onlarla danışmaq olar. Mən düşünürəm ki, Leyla və Arif Yunuslar viza almışdılar və Azərbaycandan 5 il müddətinə gedirdilər. Fransa səfirliyi onlara təcili viza vermişdi. Mənə elə gəlir ki, onları buraxmaq lazım idi. Əslində, mən bunu deməməliydim, amma eşitdiyimə görə, onları təyyarənin içindən çıxarıblar. Hər şey də razılaşdırılmışdı.

– Yəni getməliydilər… Gəlin belə deyək… Bu hakimiyyətin içində – həqiqətən tamam başqa bir müstəviyə gəlirik – çox ciddi bir şəkildə sabitliyin, stabilliyin, bu milləti sevmənin, bu millətin balalarını sevmənin əleyhinə olan sanki bir qrup var və o qrup da…

– çox, çox güclüdür…

– çox güclüdür.

– Bu məsələdə mən düşünürəm ki, biz eyni düşünürük.

– Əmrah Vətənsevər soruşur: “Azər Həsrətin mükafata ehtiyacı var idi?” 

– Mən bu əhvalatı sizə danışım. Bunu heç yerdə deməmişəm. Mənə təklif olundu ki, m
ənə mükafat, daha doğrusu, ad verilməsi üçün sədri olduğum təşkilatın – Orta Asiya və Güney Qafqaz Söz azadlığı Şəbəkəsi –adından cənab prezidentin adına müraciət edim…

– Kim təklif etdi?

– Bunu deməyək.

 

“Əməkdar jurnalist” adına etiraz etdim

 

– Onu da deyin, lap səmimiyyət olsun.

– Yox. çünki çox özəl bir şeydir. Mənə bu təklif olunanda qırmızı-qırmızı dedim ki, mənə ad vermək istəyirsinizsə, çox sağ olun, amma heç bir vaxt gözləməyin ki, Azər Həsrət adlı adam özü müraciət yazacaq ki, mənə ad verin. Söhbət bununla da qapandı.

– Etiraz elədiniz?

– Əlbəttə… Amma cənab prezident bunu layiq bilibsə və mənə bu adı veribsə, mən o boyda adam deyiləm ki, ondan imtina edim. Bir az da ədəbsizlik kimi çıxar. üstəlik, münasibətlərimiz də elədir ki, mən düşünürəm onu qəbul etməliyəm. Ehtiyac məsələsinə qalanda, heç vaxt. Hətta jurnalistlərə evlər paylananda – o videomüsahibəni də yaysınlar da bəzi dostlarımız (Azər Həsrətin Kanal13-ə verdiyi müsahibədən sitat: “Sadəcə olaraq, mənim mənzilə ehtiyacım yoxdur. Ona görə də heç kimə müraciət eləməmişəm. Təşkilatımızda da bunu çox müzakirə elədik və qərara gəldik ki, evə ən çox ehtiyacı olan adamlara bu mənzillər verilsin.” – Red.)

– Baxmışam, həmin videomüsahibəyə…

– Baxmısınızmı?

– 4 əməkdaşınıza mənzil verilib?

– Necə 4 əməkdaşımız?

– Təşkilatınızın…

– Bəli, təşkilatdan ehtiyacı olan Qalib İbrahimoğlu, Nadir Azəri kirayələrdə yaşayırlar, yataqxanada qalır. Rey Kərimoğlu Qarabağ Qazisidir. çox böyük insandır.

– Dəyərli insanlardır…

– Yəni bu adamlardır. Ramiz Əsgərin Yeni Yasamalda evi var, amma çox bərbad, darısqal bir evdir. Ramiz Əsgər nəhəng bir alimdir. Ona nəinki həmin binadan 3 otaqlı mənzil, ona böyük bir malikanə vermək lazımdır.

azer-4.jpg

Dedim, ölərəm, mən o evi almaram

 

– Eldar Mahmudovun malikanələrindən birini ona versinlər.

– Həqiqətən də Ramiz Əsgər ona layiq adamdır. Siz fikir verin ki, o ev məsələsində də mən adımı yazıb göndərmədim. Hətta bəzi dostlar dedilər ki, bəlkə, sənin də adını yazaq, dedim, ölərəm, mən o evi almaram.

– Alaydınız, Şahin Ağabəylinin ailəsinə verəydiniz.

– Yox, mən elə şey eləyə bilmərəm, çünki orada mənzili adamın özünə verirlər. “Mən aldım-verdim” – bu nə deməkdir?

– Niyə ki, alıb kirayə verən də var, satan da…

– Satanı bilmirəm, eşitməmişəm. Amma kirayə verənlər, yəqin, var.

– Heç kim etiraz etməzdi ki, siz ehtiyacı olan bir ailəyə verəsiniz.

– Sizə bir şey deyim. Mənim əxlaqım belə şeylərə yol verməz. Bu evləri prezident verir. Prezidentdən böyük oğlanam ki, alım kiməsə verim onu?

– Azər bəy, prinsiplərdən çıxırsınız, görürsünüzmü? “Prezidentdən böyük oğlanam” və s.  Prezident ümumiyyətlə, niyə mətbuata ev verməlidir? Niyə jurnalistə ev verməlidir?

– Ona görə ki, illər uzunu biz özümüz tələb eləmişik və tələbimizin də əsası var. Azərbaycanda iqtisadi imkanlar o qədər yüksək deyil ki, jurnalistlər tutalım ki, əmək haqqı ilə ev ala bilsinlər. Düzdür, mən  almışam. Mən öz evimi 2002-ci ildə öz pulumla almışam. O vaxtlarda qiymətlər də baha deyildi və s. Amma indi dövr də dəyişib. 100 min manata ev almalısan.

– 155 jurnalist mənzil alan siyahıdadır. Onların tək biri varmı ki, indi hakimiyyəti və İlham Əliyevi tənqid edən yazı yazsın?

– “Azadlıq” qəzetinin 2 jurnalisti var.

– Siz həmişə bunu deyirsiniz. Hakimiyyət “Azadlıq” və “Yeni Müsavat” qəzetlərini həmişə misal çəkir. Əgər mətbuat “Azadlıq” və “Yeni Müsavat” qəzetlərindən ibarətdirsə, yerdə qalan 150 jurnalist kimdir?

– Mən o jurnalistlərin kimliyini əzbərə bilmirəm. Sadəcə olaraq, “Azadlıq” qəzetini niyə deyirəm, çünki bu qəzet hakimiyyətə qarşı kəskin, radikal görünən bir qəzetdir. Konkret siyasi kursu da bəllidir.

– Bu binadan ev alanların yazısı yoxdur, axı…

– Hər halda, orada redaktorlardan biri Sücəddin Şərifovdur…

– Gəlin, bu məsələni bir Sücəddin Şərifovun üzərində fokuslaşdırmayaq.

– Amma… genel olaraq, ümumi götürəndə, əlbəttə, mən də düşünürəm ki, orada mənzil alanların çoxluğu bəlkə də hakimiyyətə loyal adamlardır, hakimiyyət mediasında işləyən adamlardır. Onları mən heç vaxt özümdən ayırmıram. Yəni mən hakimiyyətyönlüyəm, sən müxalifətsən və s. bölmürəm. Niyə bölmürəm? 2003-cü ildə Mətbuat Şurasının I qurultayında, yəni ilk İdarə Heyəti seçiləndə ən radikal jurnalistlərdən biri də mən idim. Həm də sədrliyə iddia edirdim-filan. O zaman hakimiyyət mediasında olan bir çox həmkarlarımız mənə səs vermişdilər. Bu bizim sadəcə həmkarlıq dəstəyimiz idi.

 

Əli Həsənov redaktorlara nə deyib?

 

– Var idi, bir zamanlar çox idi. Amma indi azalıb. Təbii ki, jurnalistlərin vəziyyətinin yaxşılaşması, onların evli, maşınlı olması pis bir şey deyil. Məsələn, Əli Həsənov bir dəfə Mətbuat Şurasının iclasına gələndə, baxıb görür ki, qapıda 80-100 minlik maşınlar dayanıb. Soruşur ki, bu kimlərin maşınlarıdır? Deyirlər ki, redaktorların. Deyir ki, bəs siz deyirdiniz ki, acından ölürük…

– (Gülür…)

– Olsun. O 80-100 minlik maşınlar olsun. Zatən bu ölkədə hər kəsin haqqıdır. Amma söz qətl olunursa, söz sıradan çıxırsa, azad söz sıradan çıxırsa, etiraz bunadır, zatən. Həm də bizim bütün imkanlarımız var ki, normal, demokratik ölkədə biz çox yaxşı pullar qazanaq. İdrak Abbasov soruşur: “Vaxtilə ifadə azadlığının oratoru olmuş Azər Həsrətin özü azadlığa özünü həsrət sayırmı?”

– İdrakla mən keçən ay – sentyabrda Varşavada görüşdük. Bizim İdrakla mövqelərimiz radikal şəkildə fərqlənir. İnsan olaraq mən ona hər zaman sayğılı yanaşmışam. Düşünürəm ki, o da mənə qarşı elə yanaşır. Biz hətta “şikil” də çəkdirdik və mən facebook-da paylaşdım. Yeri gəlmişkən, bu məqamı mən xüsusi vurğulayım. Bəzən mən müxalifətlə birgə şəkillər paylaşıram. İdrak kimi hakimiyyətə qarşı olan adamlarla şəkil paylaşıram, bəzi adamlar mənə deyirlər ki, qorxmursan, səni hakimiyyət sevməz buna görə… Deyirəm, niyə sevməməlidir, bunda nə var, axı? Əvəz Zeynallı həbsdə idi və hakimiyyətin sevmədiyi bir adam idi, Əvəz Zeynallı ilə dostluğumu mən heç kimdən gizlətməmişəm…

– Hər zaman da lazım olanda dəstək vermisiniz. Buna görə təşəkkür edirəm.

– Təşəkkürə ehtiyac yoxdur. Yəni mən harada olmuşamsa, Əvəzə olan münasibətimi gizlətməmişəm.

– Ən ağır zamanlarda bizə texniki dəstək də vermisiniz.

– Texniki deməyək. ümumiy
yətlə, mən prinsiplərindən vaz keçməyən adamam. Birincisi, hakimiyyətdən kimlərsə məni çağırıb, deməyib ki, sən dostlarından vaz keç, siyasi cəbhələrdə vuruşan adamlardan uzaq dur və s. Elə şey deyən olmayıb.

– Azər bəy, yeri gəldi soruşum. Lap sizə demirlər, dostlarınızdan vaz keçməyin, amma Qənimət Zahidin qardaşından onun əleyhinə ifadə alırlar, Emin Millinin ailəsini ondan imtina etdirirlər. Tutaq ki, Günel Mövludun atası, anası ondan “imtina eləyir”. Bu, dəhşətli bir şeydir və hakimiyyətin əli – barmağı olmadan da belə şeylər olmaz, axı…

– Belə məsələlərlə bağlı, konkret araşdırmam olmadığına görə, özümün də gəldiyim bir qənaət olmadığına görə, üstəlik də adını çəkdiyiniz adamlar – Emin Millini çox da yaxşı tanımıram…

– Mən də yaxşı tanımıram, amma ailəsindən 40 adamın imzasını alıb, ondan “imtina etdirmək” olarmı?

– Günel Mövludun bir zamanlar lent.az-da işlədiyini bilirəm. çox gözəl qələmi var və kaş ki, o qələm Azərbaycanın faydasına işləsəydi. Yəni, həqiqətən, istedadlı bir xanımdır.

 

Bir Natiq Cavadlı vardı…

 

– Günel nə edib ki? Azərbaycanın əleyhinə nə yazıb ki?  news.lent.az-da – hakimiyyətin mətbuatında işləyib də… Kəmaləddin müəllimin obyekti deyilmi?

– (Gülür…) Məsələ ondadır ki, həmin o kimlərinsə obyektində işləyən adamlar bir vaxtlar mənim üstümə tökülüşürdülər ki, hakimiyyətə işləyirsən, satılmısan və s. Axırda bir-ikisinin ağzını yumdum. Məsələn, Natiq Cavadlı var idi, indi daha mənə sataşmır. “Bizim Yol”da işləyirdi, yəni bilinir də istiqaməti haradır, hara bağlıdır. Mənə həmişə deyirdi ki, sən hakimiyyətə işləyirsən, hakimiyyətə satılmısan. Axırda dedim ki, sən o adını çəkdiyiniz adam haqqında həmin qəzetdə yarım səhifə tənqidi yazı yaz, sonra səninlə söhbətimizi davam etdirərik. Qayıdıb dedi ki, o da korrupsiyaya bulaşmış məmurlardan biridir. Dedim, burada – Facebook-da yazışırdıq – demə mənə, sabah görüm ki, sabah sən onun korrupsioner olduğu, bu cür olduğu haqqında yazı yazmısan, mən əlimin dalını yerə qoyuram və Natiq Cavadlıdan üzr istəyirəm. Bütün keçmişimlə də gəlib, sənin qarşında diz çökürəm. O susan susdu, Natiq Cavadlı və bir daha mənə sataşmadı. Bilirsinizmi, problem nədədir? Mən başa düşürəm ki, ideal adam deyiləm. Əlbəttə, qüsurlarım var, əlbəttə, çox adamların xoşuna gəlməyən əməllərim var. Bir tərəfdə uğurlarım var, – bunu həzm eləyə bilməyən adamlar çoxdur, digər tərəfdə də siyasi mövqeyini dəyişib. Təbii olaraq adamlar fikirləşirlər ki, bu niyə bizim tərəfimizdə deyil, o biri tərəfdədir. Mən də bu adamlara deyirəm ki, siz birinci özünüzdən soruşun ki, Azər Həsrət kimi adam niyə bizim tərəfimizdə deyil, o tərəfdədir? Bu sualın cavabını özünüzdə axtarın. 2005-ci ilin parlament seçkiləri dönəmində sizin “Xural” qəzetində mənim də yazılarım getmişdi. Mən “Azadlıq” Blokunun namizədi idim, radikal bir kampaniya aparmışdım, inqilab eləməyə hazır idim. 56-cı Seçki Dairəsindən seçkini udmuşdum. Nizami Xudiyev kimi bir adamı yenmişdim. Mandatım əlimdən alındı. Bütün bunlar baş verəndən sonra mən dedim ki, gəlin yığışaq, alternativ parlamentin konturlarını cızaq, beynəlxalq aləmə də bəyan edək ki, baxın biz YAP-çının da qələbəsini tanıyırıq, “Azadlıq” Blokunun da, “YES” Blokunun da, bitərəflərin də…

– Deyirsiniz ki, o vaxt da heç bir dəstək görmədiniz?

– Qətiyyən. Mənim sözüm ağzımda qaldı. F.Əmirov 1-də yerləşən BMM-də İsa Qəmbər, Əli Kərimli başda, mən də onların lap yaxınlığında oturmuşdum. Bu təklifi verdim ki, demirik hakimiyyət seçkiləri saxtalaşdırıb, gəlin, biz də öz siyahımızı elan eləyək. İddia edək ki, seçkilərdə bu 125 namizəd qalib gəlib.

– O zaman “125-lər” sizin ideyanız olub ki…

– Yox… Ad o deyildi. Sadəcə ideya bu idi ki, biz alternativ olaraq dünyaya bəyan edək ki, bu 125 nəfər seçkilərdə qalib gəlib. Onun içərisində məsələn, Siyavuş Novruzov da olacaqdı. çünki bilirik ki, Siyavuşun dairəsindən alternativ yox, başqa güclü namizəd yox, yəni Siyavuş həmin dairədə uda bilər.

– Ceyhun Mirzəli soruşur: “Azərbaycan və dünya ədəbiyyatında bəyəndiyi bədii əsərlər, Azərbaycan və dünya kinosunda bəyəndiyi bədii filmlər hansılardır?” Yaxşı ki, 1-2 belə sual da var…

(Gülür…) Mən hind filmlərini çox xoşlayıram. İndi evdə də boş vaxtım olanda Rusiyanın “İndiya” kanalı var, ora çevirib, hind filmlərinə baxıram. Təzələrə çox baxa bilmirəm…

– O köhnə filmlərə baxırsınız?

– Hə… çünki onların da artıq təzə filmləri bayağılaşıb və Qərb meylləri də çoxdur. Adla deyə bilməyəcəm, çünki həddən artıq çox filmə baxıram. Məsələn, Vestern deyilən filmlər… bəzən ABŞ, Qərb istehsalı olan detektiv filmlərə də baxıram. Fransızların komediya filmlərini də bəyənirəm. Ədəbiyyata gəlincə, bir az da uşaqlıq həsrəti var, mənim içimdə. Bu yaxınlarda Lermontovun “Zəmanəmizin qəhrəmanı” əsərini internetdən yükləmişəm və təzədən oxumuşam onu.

– Möhtəşəm əsərdir.

– Sonra “Polad necə bərkidi” əsərini tapıb, yenidən oxumuşam. Tolstoy, Dostoyevskinin əsərlərini oxuyuram…

– Nostaljik bir yanaşma…

– Bəlkə də uşaqlığımıza qayıdırıq, yoxsa nədir? Qaldı Azərbaycan ədəbiyyatına, əlbəttə ki, biz də müəyyən çevrədəyik, biz də yazı-pozu adamlarıyıq. Müasirlərdən də oxuyuram, hətta mənim bir xasiyyətim də var – oxuduğum  kitablar haqqında yazı da yazıram – əlbəttə, klassiklərdən də yazıram. Nizamisindən, Nəsimisindən tutmuş, Məmməd Səid Ordubadisinə qədər… Bayaq sözüm yarımçıq qaldı. Sizin Azərbaycan dilinə uyğunlaşdırdığınız Hitlerin “Mənim Mübarizəm” (“Mənim Savaşım” – Red.) kitabını da oxumuşam və onunla bağlı 1-2 yazı da yazdım. çox adam qorxurdu, çəkinirdi. Həm Əvəzə görə, həm də Hitlerə görə çəkinirdilər. Mən bütün bunları gözardı edərək, bütün kitabı oxudum, üstəlik 2 dənə də yazı yazmışam, onun haqqında…

– Mən sizin yazınızı oxudum, qorxdum. Əgər mən o yazını yazsaydım, dəqiq bir neçə il də həmin yazıya görə mənə iş verərdilər.

– Yəni…

– Ceyhun Mirzəli bir sual da soruşur: “O dünyaya inanırmı və orada daha çox Azərbaycanın hansı tarixi şəxsiyyətini görmək istəyərdi?”

– Vallah, hər halda o dünyanı gedib-gələn, görən olmadığına görə, bir az belə şeylərə çətindir inanmaq. Amma insanın mahiyyətinə – ruhun əbədiyyətinə mən inanıram. Yəni bizim fiziki olaraq, məhvimizdən sonra, yəqin ki, o ruh bir enerji olaraq, mövcudluğunu davam etdirir və yenidən qayıdır. Qayıdır və özünə başqa bir yuva tapır və onun simasında geri qayıdır. Mən buna şəxsən inanıram.

 

Bir dəfə, tələbəlik vaxtında…

 

– Müsahibəmizi Vahid Qasımovun sualı ilə başa çatdırmaq istəyirəm: “Hansı əməlinizə görə, özünüzü günahkar sayırsınız və o ə
məlinizə görə peşimansınız?”

– Var. Elə əməllər var. Bir dəfə tələbə vaxtı – Bakı Dövlət Universitetində oxuyurdum və Yasamal tərəfdən bizim yataqxalara doğru gəlirdim. Yolda iki cavan oğlan bir qızın qarşısını kəsmişdi. Mən də, açığını deyim ki, tez idrak eləmədim ki, orada nə baş verir. Ağacların yanında onu sıxmışdılar. Oğlanın biri də buna bir növ sataşırdı. Mən də fikirləşdim ki, yəqin sevgilidirlər, o biri oğlan da qıraqdan dayanıb baxırdı. Onların yanından çox bivec şəkildə, etinasızcasına keçdim. Yataqxanaya çatanda birdən məni sanki kimsə vurdu ki, sən niyə belə elədin? Bəlkə orada nəsə problem var idi və geri qayıtdım. Geri qayıdanda gördüm ki, qız özü tək geri qayıdır. Yəni artıq oğlanlar da yox idi. özümə o hadisəni bağışlamıram ki, niyə vaxtında onlara yaxınlaşmadım? Bəlkə o qız köməksiz idi, bəlkə o oğlanlar nəsə artıq hərəkət edirdilər? Hər halda belə bir şey olub. Bu haqda mən bir dəfə yazmışam da…  Laçın Məmişov adlı birisinin sualını niyə vermirsiniz?

– Mən o sualı vermək istəmədim. Nəsə, bir az ağır sözlər idi.

– Olsun.

– “Bəzən güzgüyə baxanda, orada gördüyü Azər Həsrət, hazırda Əvəz Zeynallının müsahibə aldığı Azər Həsrətin…”

– …üzünə tüpürürmü?

 

ülvi Quliyevin adamı məni hakimiyyətə satılmaqda ittiham edir

 

– Hə, belə bir şey yazıb.

– Bu Laçın Məmişov deyilən adamı mən facebook-dan tanıyırdım. Təbii ki, indi onunla dostluq eləmirəm. Bu adam deputat ülvi Quliyevin ətrafında idi. ülvi Quliyev də təbii ki, hakimiyyətin adamı idi. Yad birisi deyillər. çox mənə təəccüblü bilirsinizmi, nə gəlir?

– ülvi Quliyevin adamı sizi hakimiyyətə satılmaqda ittiham edir?

– üstəlik də üzümə tüpürməkdən-zaddan sual verir. İndi kimin üzünə tüpürülməlidir? Sən hakimiyyətin yanında olursan, Azər Həsrəti də hakimiyyətə işləməkdə suçlayırsan? Mən bu adamları başa düşmürəm. Ona görə də həm bu adamların tərbiyəsini görünsün deyə bu sualın səsləndirilməsini istədim.   Həm də bu cür adamların məndən əl çəkməsini xahiş edirəm. Bilirsinizmi, niyə? Mən göründüyüm kimiyəm. Qorxulu deyiləm mən. Qorxulu o adamdır ki, üzdə müxalifətçidir, arxada hakimiyyətə qulluq edir.

– Yəni deyirsiniz ki, necə varsınız, osunuz?

– Mən buyam da… Rəsmən elan etmişəm ki, mən prezident İlham Əliyevin arxasındayam. Burada nə var, axı… Bəzən də o adamlar başlayırlar məni satqınlıqda-filanda, cəbhə dəyişməkdə ittiham edirlər. Ay qardaş, mən heç bir vaxt partiya üzvü olmamışam, axı… Mən heç vaxt partiya üzvü olmamışam, sən məni necə və nədə ittiham edə bilərsən? Elə nümunələr olub ki, hakimiyyət-müxalifət müstəvisində radikal məqamlar olub, həmin vaxt müxalifəti atıb, hakimiyyət tərəfə keçib.

 

Desələr başını kəs, ayağına bir badalaq vuracam…

 

– çox olub axı, belə şeylər, yüzlərlə elə misal var.

– özü də çox radikal məqamda. Bu elə məqamdır ki, hətta müxalifət haqsız olsa belə, onun yanında olduğun üçün ondan ayrılmamalısan. Niyə? çünki pis baxılar, pis qəbul edilər. Belə adamlar olub. Mən elə olmamışam, axı… Mən sakitcə, heç kimin xatirinə dəymədən getmişəm. Hətta bəzi müxalifətçi dostlarım var, onlara deyirəm ki, siz sevinin, hakimiyyətin yanında mənim kimi adamlar olsun. Bilirsinizmi niyə? çünki sabah sizinlə bağlı qabağıma bir şey çıxanda, mən Allahsızlıq eləməyəcəyəm. Yəni Əvəz Zeynallının bir məsələsi gəlsə mənim qarşıma, mən Əvəz Zeynallıya qarşı əzazil olan deyiləm. Hətta məcbur olub, nəsə eləməli olsam, minimum eləyəcəm. Tutaq ki, mənə deyəcəklər, başını kəs, mən onun ayağına bir badalaq vuracam. Situasiyadan qurtarmaq üçün…  Mən deyirəm, bunun nə ziyanı var axı? Belə şeyləri bu adamlar anlamırlar da… üstəlik də, Azərbaycanda bu radikal münasibətlər kökündən dəyişməlidir.  Həmişə demişəm, müxalifətdə olan liderlər ki, var, onalara da demişəm. Adlarını çəkmirəm. Əgər kimsə iddia edirsə ki, İlham Əliyevdən daha güclüdür, İlham Əliyevdən daha yaxşı siyasət yürüdə bilər, problem deyil, çıxsın meydana. Lap elə inqilab eləsin, devirsin, gəlsin yerinə…

– Bayaqki sualın davamı olaraq, bilmək istəyirəm. Bir zamanlar çox radikal olmağınızın pemançılığını çəkmirsiniz ki? Məsələn, “kaş ki, Elmar Hüseynovla bağlı keçirilən mətbuat konfransında belə deməsəydim” kimi…

– O peşimançılıq deyil, sadəcə yaşla gələn bir şeydir. O hadisənin üstündən 10 il keçib, az müddət deyil ki. Onda 37 yaşımda idim, indi 47 yaşım var. Yaşla insan səbirli, təmkinli olur.

– Ola bilərmi ki, 57 yaşında da deyəsiniz ki, o vaxt elə idi, indi də belə başa düşürəm?

– Yox. Mən başqa cür fikirləşən deyiləm. Düşünmürəm ki, başqa cür də fikirləşim. Niyə? O başqa cür ola bilməzdi. O gecə mənim həmkarımın öldürülməsinin gətirdiyi bir emosiya idi və başqa cür də ola bilməzdi.

– O vaxtlar çox jurnalistlər var idi, “Azadlıq” qəzeti var idi, müstəqil jurnalistika daha güclü idi. Məsələn, onlar heç sizin kimi reaksiya vermədilər.

– Amma mən verdim…

 

Elmar Hüseynovla Şahbaz Xuduoğlunu mən həbsdən çıxarmışam

 

– Ona görə insanlara çox qəribə gəlir ki, yaxşı o zaman qəribə nə baş vermişdi ki…

– Deyim də… Birincisi, Allah rəhmət eləsin, təbii ki, bizim həmkarımız idi – Elmar Hüseynovu mən heç vaxt sevməmişəm. Bunu həmişə demişəm. Yenə də bu “sevməmək” məsələsi ideoloji məsələdir. Amma Elmar Hüseynov həbsə düşəndə onun həbsdən çıxarmışam. Şahbaz Xuduoğlu ilə bir yerdə…

– çıxarmışam?!

– Bəli, çıxarmışam.

– çıxarmışam?!

– Bəli, məhz çıxarmışam.

 

Fuad Qəhrəmanlını şəxsən mən həbsdən çıxarmışam

 

– Maraqlıdır…

– 6 ayın içində biz onları çıxarmışıq, özü də beynəlxalq təşkilatlarla danışıqlar aparılıb, onlardan da xahiş olunub ki, bu kampaniya dayandırılsın, çünki razılıq aldıqlarını bildiriblər. Heydər Əliyev xəstə idi və ABŞ-da idi. Məndən hətta xahiş etdilər ki, kampaniyanı dayandır, biz razılıq almışıq, Heydər Əliyev Azərbaycana qayıdan kimi onu həbsdən buraxacaqlar. Belə bir şey olub. Fuad Qəhrəmanlını şəxsən mən həbsdən çıxarmışam. Bu gün onun Cəbhəsindəki adamlar məni söyür. Pərdəarxasında bizim işlərimiz çoxdur. Sadəcə olaraq, sözü nəyə gətirirəm, Elmarın öldürülməsi, təbii ki, mənə atılan güllə idi, sənə atılan, hamımıza atılan güllə idi. Yəni bizim mətbu cameəmizə atılan güllə idi. Onun bir emosional reaksiyası da olmalı idi.

– Rafiq Tağı da öldürüldü.

– Mənə elə gəlir ki, Rafiq Tağının məsələsi bir az fərqlidir. çünki deyilənə görə, orada İran-zad məsələsi vardı. Mənə çatmayan bilirsinizmi, nəd
ir? Elmarın qatilləri ilə bağlı da konkret adlar çəkilir – Təmrazov-filan beşməkan. Rafiq Tağı ilə bağlı da konkret addımlar haqqında danışılır. Hakimiyyətin müvafiq strukturları o adamları çıxarıb, bizə təqdim eləməli idilər ki, baxın bu adamlardır. Axı, bunu niyə eləmirlər? İndi tutalım ki, MTN-də baş verən hadisələr düşünməyə əsas verir artıq. Həqiqətən, o İkinci Azərbaycan dediyimiz hadisələrin radikallaşmasında maraqlıdır. çünki prezidentə görsətmək istəyirlər ki, “Baxın, görün biz vacibik. Əgər biz olmasaydıq və s…”

– Bu qrup MTN-dirmi deyirsiniz?

– Ad çəkmirəm, çünki əlimdə faktım yoxdur. Amma ona bənzər bir qrupdur. Sən iş adamlarını şantaj edəcəksən, pulunu alacaqsan, varidatını əlindən alacaqsan? Konkret Aqil Xəlilin məsələsində konkret adamın adı çəkilir. O hadisələri də bizim hamımız müşahidə eləmişik də… Yəni, ona görə ipucları verir.

– Təşəkkürlər.

– Mən təşəkkür edirəm. Hər halda düşünürəm ki, belə bir imkan yaratmaqla, çox suallara aydınlıq gətirmiş oldunuz. Umu-küsü kimi demirəm, sadəcə olaraq, mənim keçmişdə yaxın olduğum qəzetlər, media orqanları var ki, onlardan biri – “Azadlıq” qəzeti həmişə məni hədəfə alır, amma heç bir vaxt məndən münasibət öyrənmir. Əleyhimə olan hər şeyi paylaşırlar, yazırlar. Dəfələrlə Rövşən Hacıbəyliyə də demişəm ki, “qardaş, tamam, məni ən sərt şəkildə tənqid eləyin, amma bir dəfə də məndən mövqeyimi də soruşun da…” Soruşmurlar…

– Peşəkarlıqdır, əslində…

– Əslində peşəkarlıq deyil, qərəzdir bu.

 

Son

 

“Qaynar Qazan”da Əvəz Zeynallı idi

Xüsusi qeyd: Müsahibədə adı çəkilən şəxslərin cavab haqqını dərc etməyə hazırıq