XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

09 Noyabr 2015 - 14:13

Yaxın Şərq gərginliyi yeni mərhələyə daxil olur: Vətəndaş qarşıdurmasından regional müharibəyə

 

 

Rusiya İrana S-300 raket sistemləri satmaqla əlaqədar sazişi imzalayıb. Sazişə əsasən, İran Rusiyaya 20 milyard dollarlıq neft verəcək və bunun müqabilində S-300 raketləri alacaq”.

Strateq.az xəbər verir ki, bunu həmin silahları istehsal edən Rostex şirkətinin direktoru Sergey çemezov RİA xəbər agentliyinə açıqlamasında deyib.

Qeyd edək ki, ABŞ bu silahların İrana satılmasına qarşı çıxsa da, Moskva S-300-lərin müdafiə xarakterli olduğunu önə sürərək, onunla razılaşmır. Silah mütəxəssislərinə görə isə, S-300-dən həm də hücum məqsədilə istifadə etmək olar. Xüsusilə 150 km-lik məsafələri zərərsizləşdirmək üçün mükəmməl təsir gücünə malik olan bu raketləri İran Hörmüz boğazına yerləşdirmək istəyir. Bu baş tutarsa, İranın Bəsrə körfəzindəki mövqeləri xeyli güclənəcək. 

Dünya neft ehtiyatlarının 60%-dən artığını özündə cəmləşdirən həmin körfəz isə bütün böyük dövlətlərinin uğrunda  vuruşduğu ən strateji regiondur. İran-İraq müharibəsi boyunca Tehran Bəsrə körfəzində yük daşıyan gəmiləri dəfələrlə hədəfə almaqla neftdən strateji silah kimi istifadə etmək bacarığını da ortaya qoyub. Odur ki, İranın körfəzdə güclənməsi başda ABŞ olmaqla, bir çox ölkələrin maraqlarına cavab vermir.

Təsadüfi deyil ki, iki gün öncə ABŞ-ın Müdafiə naziri Eşton Karter İranın bu coğrafiyada  güclənməsini istəmədiklərini açıq şəkildə dilə gətirmiş və ərəb ölkələrini ona qarşı müharibəyə səsləmişdi. Rus yetkilisinin bu gün İrana S-300 raketləri verəcəklərini açıqlaması bu təhdidə cavab təsiri bağışlayır.

O da maraqlıdır ki, Karter dünən bir başqa çıxışında Rusiyanı da açıq şəkildə təhdid etmişdi. ABŞ-ın müdafiə naziri Rusiyanın Ukrayna və Suriya təcavüzünü şərh edərkən ölkəsinin son zamanlar strateji silahların istehsalına ciddi investisiya qoyduğunu bildirmiş və hətta açıqlaya bilməyəcəyi bir layihə üzərində işlədiklərini də gizlətməmişdi. Mütəxəssislər bu açıqlamanı soyuq müharibədən sonra Rusiyaya edilmiş ən ciddi təhdid kimi qiymətləmdirmişdilər.

Ortaq təhdidin eyni ittifaqda birləşdirdiyi Rusiyanın İranı hərbi cəhətdən gücləndirməsi təkcə S-300-lərini ona satmaqla məhdudlaşmır. Moskva Tehrana həm də 20 milyard dollarlıq hərbi təyyarə və onların ehtiyat hissələrini satmağı da planlaşdırır. Bu, eyni zamanda 80 milyardlıq hərbi büdcəsi olan Rusiya üçün olduqca ciddi rəqəmdir və sanksiyalara məruz qaldığı indiki anda açılmış nəfəslikdir. Havadan müdafiə sistemləri xeyli köhnələn və ABŞ texnologiyasına əsaslanan İran üçün isə bu fürsət hərbi aviasiyasını  modernizasiya etmək anlamına gəlir.

İranın özü də silahlanma yarışında dinc oturmur, uzun və orta mənzilli raketlər istehsal etməklə məşğuldur. Son zamanlar o, xeyli növdə raketləri sınaqdan çıxarmaqla “nazikqabıqlı, tez qırılan qoz” olmadığını dünya dövlətlərinə nümayiş etdirib.

Yaxın Şərqin indiki mənzərəsinə ötəri baxışdan aydın olur ki, ABŞ-ın dediyi kimi, ərəb ölkələri hərbi qüdrətini xeyli artıran İrana qarşı müharibəyə başlasalar, ilk əvvəl özləri zərər görəcəklər. Elə bu səbəbdən də körfəz ölkələrinin buna cəsarət edəcəyini gözləmək sadəlövhlük olardı.

Bununla belə, neftin ucuzlaşmasıyla iqtisadiyyatı çətin vəziyyətə düşən İranın da, həmçinin sanksiyalardan əziyyət çəkən Rusiyanın da bu cür müharibəyə ciddi ehtiyacı var. Odur ki, ABŞ-ın arzuladığı müharibə üçün İran və Rusiyanın istənilən təxribata getmək ehtimalı istisna edilməməlidir.

Nədən ki, qarşılıqlı atışmalar nəticəsində Bəsrə körfəzinin neft tankerlərinin üzünə bağlanmasıyla qlobal neft bazarında qiymətlər misli görünməmiş səviyyədə yüksələ bilər. Bu isə İrandan çox, ərəb ölkələrinin zərərinədir. Digər körfəz ölkələrindən fərqli olaraq, İranın şərqindən öz neftini çinə və digər Asiya ölkələrinə satmaq imkanları var. Körfəzdəki digər ərəb ölkələrinin isə ehtimal olunan bu müharibədə neft ixracatını dayandırmaqdan başqa çarələri yoxdur.

Tehranın son zamanlar Rusiyayla münasibətlərini yaxşılaşdırması, hətta Yaxın Şərqdə onunla müttəfiqlik etməsi də onun şansını artırır və həmin müttəfiqlikdən ABŞ-ın gözlənilən hücumlarına qarşı qalxan kimi istifadə etmək imkanı qazanır. Beləcə, beli ABŞ sarıdan möhkəm olan İranın körfəz ölkələriylə vuruşması çox da çətin deyil. üstəlik, İranın yanında gözü Küveytdə olan İraq kimi dövlət var. Sünnü ərəb dünyasının böyük ümidlə baxdığı Türkiyə və Misir isə bu qədər axmaq savaşa ciddi şəkildə qoşulub ağrımayan başlarına duz bağlamazlar. Olsa-olsa sərt bəyanatlarla nə “şiş yansın, nə kabab” siyasəti izləyərlər. Xüsusilə, Misirin Yaxın Şərqdə Rusiyaya daha meylli siyasət yürütdüyü sezilir.

Qısacası, ortaya çıxan yeni geopolitik tablo Yaxın Şərq gərginliyinin yeni mərhələyə daşınmaq istəyindən xəbər verir. Yeni mərhələ – vətəndaş müharibəsindən regional müharibəyə keçiddir. Bəhanəsi isə yəqin ki, yenə məzhəb ayrıseçkiliyi olacaq.

Heydər Oğuz

Strateq.az