Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistana səfəri çərçivəsində bu gün Yerevanda erməni həmkarı Edvard Nalbandyanla görüşüb. Görüşdən sonra Lavrov və Nalbandyan birgə mətbuat konfransı keçiriblər.
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı S.Lavrov bildirib ki, tərəflər münaqişənin nizmlanması üçün qarşılıqlı faydalı, konsensusa söykənən əsaslar hazırlanması ilə bağlı səyləri davam etdirməlidirlər.
Onun sözlərinə görə, Rusiya ATƏT Minsk qrupunun həmsədri kimi müsbət nəticənin əldə olunması üçün fəal rol oynamaqda davam edir.
Lavrov Robert Uolterin Qarabağ münaqişəsi ilə bağlı hesabatının AŞPA-nın Siyasi məsələlər üzrə komitəsi tərəfindən dəstəklənməsinə də münasibət bildirib. O qeyd edib ki, Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı beynəlxalq birlikdən mandatı olmayan müxtəlif beynəlxalq təşkilatlar müstəvisinə çıxmaq düzgün deyil. Lavrov qeyd edib ki, kim tərəfindən atılmasından asılı olmayaraq, istənilən radikal addım ATƏT Minsk qrupunun fəaliyyətinə ziyan vurur.
Qeyd edək ki, noyabrın 5-də AŞPA-nın Demokratiya və Siyasi Məsələlər Komitəsinin məruzəçisi Robert Valterin “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərində zorakılığın artmasına dair” hazırladığı hesabat komitədə müzakirəyə çıxarılıb.
Qəbul olunan qətnamə layihəsində işğal altında olan ərazilər üzərində Azərbaycanın tam suverenliyinin tanımasına çağırış edilib.
Təmas xəttinə yaxın mülki yaşayış məntəqələrinə qarşı bilərəkdən edilən hərəkətləri qətiyyətlə pisləyən komitə bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsinin digər bir sıra beynəlxalq böhranlar sırasına daxil olmasına görə təəssüflənir. Qətnamə layihəsində deyilir: “Bundan sonra da təxirə salma 2014-cü ilin əvvəlindən 100-dən artıq insan ölümü ilə nəticələnən və Avropa Şurasının iki üzv dövləti arasında əsl müharibəyə çevrilə bilən bu “dondurulmamış” münaqişənin nizamlanmasını yalnız çətinləşdirir”.
Sənəddə eyni zamanda mühüm bir məqam yer alıb. Komitə, həmçinin Dağlıq Qarabağda və digər işğal edilmiş ərazilərdə təhlükəsizliyin dəstəklənməsi, yerini dəyişmiş insanların təhlükəsiz qayıdışını və köçürülməsini təmin etmək üçün ATƏT-in beynəlxalq sülhməramlı qüvvələrinin yaradılmasına, eləcə də atəşkəs rejiminin pozulmasının araşdırılması və dayandırılması mexanizmlərinin yaradılmasına çağırıb.
Strateq.az