Rusiya Prezidenti Vladimir Putin və Küveyt əmiri şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabah arasında keçirilən görüşdə iki ölkə arasında investisiya, nəqliyyat və hərbi əməkdaşlıq kimi sahələri əhatə edən 6 müxtəlif sənəd imzalanıb.
Strateq.az xəbər verir ki, liderlərin görüşü Soçidə baş tutub.
Görüşün mətbuata açıq tutulan hissəsində çıxış edən Vladimir Putin Yaxın Şərqin çətin bir mərhələdən keçdiyini bildirib. O, üzünü qonağına tutaraq deyib: “Sizinlə ikitərəfli əlaqələrimiz çərçivəsində bölgədəki vəziyyəti qiymətləndirmə fürsəti əldə etdik və bundan xeyli məmnunuq”.
Görüşdən sonra Rusiya İnvestisiya Fondu ilə Küveyt İnvestisiya Agentliyi arasında müştərək sərmayələri artırmaq barədə saziş imzalanıb. Bu sazişə görə, Küveyt Rusiyaya qoyacağı planlaşdırılan investisiyanı 1 milyard dollara çıxaracaq. Rusiyanın enerji şirkəti “Qazprom”la Küveyt Neft Şirkəti və Küveyt Müdafiə Nazirliyiylə “Rosobonoexport” arasında da əməkdaşlıq üçün ilkin razılıq sazişi imzalanıb.
Soçi görüşündə ən maraqlı açıqlamalar isə hər iki ölkənin Suriyaya münasibəti məsələsində verilib. Rusiya xarici işlər naziri Sergey Lavrov iki liderin görüşünü şərh edərkən Moskva və Küveytin bəzi xırda-para məsələlərdə fərqli düşünsələr də, Suriya böhranının siyasi dialoqla həllində həmfikir olduqları etirafında bulunub: “Görüşdə beynəlxalq gündəmdəki mövzulara böyük əhəmiyyət verdik. Bu mövzularda bənzər və ya yaxın görüşlərə malik olduğumuzu gördük. Suriya məsələsində isə ortaq mövqeyə sahibik “.
Lavrovun bu fikirlərini küveytli həmkarı Sabah Xalid əs-Sabah da təsdiqləyib. O, Rusiyanı Yaxın Şərq və Suriya böhranının həllində önəmli müttəfiq olaraq gördüklərini açıqlayıb.
ABŞ və Səudiyyə Ərəbistanının Yaxın Şərqdəki ən önəmli müttəfiqi sayılan Küveytin Suriya məsələsində Rusiyanın mövqeyini dəstəkləyən bu açıqlamalar, yəqin ki, “köhnə dostlar” tərəfindən təəccüblə qarşılanacaq. Zira həm Rusiya, həm də Küveyt rəsmilərinin sözlərindən belə çıxır ki, bu iki ölkə arasındaki cüzi fikir ayrılıqlarının belə Suriya məsələsinə qətiyyən dəxli yoxdur. Əksinə, Suriya probleminin həllində Küveyt tamamilə Rusiyanın tərəfindədir.
Halbuki, Moskvanın Suriya siyasəti tamamilə körfəz ərəb ölkələrinin əleyhinə yönəlib. İran, İraq və Livan Hizbullahının mənafeyini qoruyan bu siyasətin ən çox təhdid etdiyi ölkə isə Küveytdir. Nədən ki, əhalisinin 30%-dən artığı şiə olan Küveyt Rusiyanın bu üç regional müttəfiqinin təzyiqi altındadır. Yaxın Şərqdə gedən sünni-şiə qarşıdurması Küveyti də içdən laxladır və onu hər an məzhəb davalarının poliqonuna çevirə bilər.
Görünür, sözügedən təhlükə 3 milyon əhalisi olan bu balaca dünya zənginini Yaxın Şərqdə “məhəllə qabadayısı” kimi özünü aparan Rusiya iradəsi qarşısında diz çökdürür və ona toxunmasın deyə, “xərac verməyə” məcbur edir. Küveytlə Rusiya arasında bağlanan və bağlanması barədə razılıq əldə olunan sazişlər də əslində “məhəllə qabadayısına” verilmiş xəracdan başqa bir şey deyil. Həm də bu “xərac” elə bir zamanda verilir ki, Küveytin himayədarları Rusiyanı çökdürmək barədə razılığa gəlib və ona qarşı ağır sanksiyalar tətbiq edirlər.
Qeyd edək ki, sanksiyalar burulğanında boğulmaq ərəfəsində olan Moskvaya saman çöpü uzadan təkcə Küveyt də deyil. Bir müddət əvvəl ərəb dünyasının “xaç atası” Səudiyyə krallığı da Rusiya ilə çox əhəmiyyətli sazişlər imzalamışdı. Həmin sazişlərdə rus iqtisadiyyatına 10 milyardlarla dollarlıq investisiya yatırmaqdan söhbət gedirdi. Daha sonra Misir Suriya məsələsinin həllində Rusiya meyli mövqeyini ortaya qoymuş və bunun bədəlini Sinay yarımadasındakı məlum təyyarə qəzası zamanı turizm sahəsində aldığı ağır yara ilə ödəmişdi. Səudiyyə Ərəbistanı tərəfindən salınan həmin cığırdan indi Küveytin keçməsi, yəqin ki, yaxın zamanlarda digər körfəz ölkələrini də buna həvəsləndirəcək. Beləcə, Qərbə qapısı bağlanan Rusiya yeni iqtisadi parnyorlarını Şərqin bu zəngin ölkələri arasından seçəcək və itkilərini kompensasiya edə biləcək.
Yaxın Şərq ölkələrinin yeni ağa axtarışları, təbii ki, səbəbsiz deyil. Rusiyanın bu regionda fəallaşması və ABŞ-ın səsi hündürdən çıxan boş qazan kimi sadəcə sərt bəyanatlar verməklə kifayətlənməsi, sözsüz ki, məlum coğrafiyada xof yaradır. üstəlik, Rusiya ABŞ iradəsinə qarşı ərəb dünyasının əzəli düşməni İran ilə birgə hərəkət edir.
Moskvanı İranla müttəfiqliyə sövq edən səbəb, təbii ki, şiə təəssübkeşliyindən irəli gəlmir. Ona Yaxın Şərqdə bərqərar olacaq ədalətdən daha çox, özünü iqtisadi böhrandan çıxarmaq üçün pul lazımdır. İran isə həm rus silah sənayesini bu pulla təmin edəcək sazişlər bağlayır, həm də öz əlində digər pullu regional gücləri incidib istənilən xəracı almağa qabil ideoloji silah tutub. Bu ideoloji silah Rusiyanın da işinə yarayır.
Məzhəb müharibələrində Rusiyanın İran tərəfdə yer alması ərəb ölkələrini xeyli narahat edir. Rusiyanın əliylə “şiə şapalağı” yemədən istədiyini ona vermək və “məhəllə qabadayısını” əzəli rəqiblərindən qoparıb özlərinə bağlamaq ərəb ölkələrinə vəziyyətdən ən optimal çıxış yolu kimi görünür.
üstəlik, gündə bir siyasət dəyişən ABŞ-dansa, Rusiyanın himayəsi altında yaşamaq regionun neft zəngini sülalə hakimiyyətlərinin səltənət maraqlarına da uyğundur. Hər halda köhnə ağadan fərqli olaraq, yeni himayədarın öz təzə məhəlləsinə “ərəb baharları” gətirmək kimi bir dərdi yoxdur. Soyuq ölkə olan Rusiya üçün ərəbin qışı da özünün yayından istidir və “yaz qripi”nə immuniteti zəif olan Moskva ümumiyyətlə hər hansı “bahar”dan xoşlanmır.
Bu mənada Küveytin baş diplomatının Rusiyanı ən önəmli müttəfiq olaraq görməsi boğazdan yuxarı və ya nəzakət xətrinə deyilmiş fikir deyil…
Heydər Oğuz
Strateq.az