İraq və Suriya kimi dövlətlərin İŞİD kimi bir terror təşkilatı qarşısında niyə aciz qaldığı barədə müxtəlif fikirlər irəli sürülür. Bu məharətdə, sözsüz ki, xarici güc mərkəzlərinin istəkləri də mühüm rol oyanır. Rusiya Federal Təhlükəsizlik Xidmətinin açıqlamasından isə aydınlaşır ki, əldə edilən uğurda İŞİD-in özünün kifayət qədər gücə malik olması da az rol oynamır.
Strateq.az-ın bildirdiyinə görə, FTX sədrinin müavini Yevgeni Sisoyev 2015-ci ilin ilk yarısında İŞİD silahlılarının sayının 80 minə yaxınlaşdığını bildirib. Onun fikrincə, bu insan potensialı ilə İŞİD bir çox dövlətlərin ordularını belə geridə qoyur.
Sisoyev bildirib ki, 80 minlik “xilafət” ordusunun 50 min silahlısı Suriyada, 30 mini isə İraq ərazisindədir. Silahlıların yarısına qədəri xarici ölkə vətəndaşlarıdır.
İŞİD “legioner”lərinin əksəriyyətini Yaxın Şərq və Afrika ölkələrinin vətəndaşları təşkil edir. Onların arasında Fransa, İngiltərə, Almaniya, ABŞ, Kanada, Səudiyyə Ərəbistanı və Mərəkeş əsillilər də az deyil.
Post-sovet məkanından İŞİD sıralarına qoşulanların sayı isə 7 mini keçir.