“Bu gün Rabitə və Yüksək Texnologiyalar Naziri Əli Abbasovun işdən çıxarılması ilə 25 gündür “Eldar Mahmudovun işi” ətrafında davam edən müzakirələrə yeni məqamlar əlavə edildi. Dərhal hökumətin kor-koranə təbliğatçısı olan TV-lər və digər media orqanları müxtəlif “xəyanət” iddiaları ilə öz efirlərini, səhifələrini bəzəməyə başladılar”.
Strateq.az xəbər verir ki, bu fikirləri hüquqşünas Ələsgər Məmmədli öz bloqunda paylaşıb.
Onun fikrincə, bu məqamda qanunvericilikdəki antidemokratik müddəaları xatırlamağa ehtiyac var: “Əslində problemin kökünə heç kim baxmaq istəmir. Heç kim soruşmur ki, nəyə görə MTN rabitə sisteminə bu qədər geniş müdaxilə edə bilib və bunun hüquqi səbəbi varmı? Varsa səbəb nədən qaynaqlanır? “Heç kimin ağlına gəlmir,” yaxud heç kimə sərf etmir ki, bu prosesə təkan verən Telekommunikasiya haqqında Qanundakı olan antidemokratik, nə ictimai, nə də hüquqi nəzarətə imkan verməyən müddəalardan danışsın. Mən bir neçə dəfə telekommunikasiya sahəsinin hüquqi tənzimləməsi ilə bağlı araşdırmalar aparmış və bu məsələni gündəmə gətirmişəm. Bunun gələcəkdə ciddi problemlər yaradacağını, hüquqi və ictimai nəzarət imkanları olmayan sistemin bir gün hər kəsə zərər verəcək vəziyyətə gələcəyini yüksək tribunalarda, beynəlxalq və milli konfranslarda söyləmişəm. Məhkəmə qərarına ehtiyac olmadan şəbəkələrə müvafiq qurumların istəyi ilə qurğular yerləşdirmək və onların istəyinə uyğun olaraq, dinləmə və izləmə həyata keçirmək ciddi hüquqi pozuntudur”.
Qeyd edək ki, “Telekommunikasiya haqqında” qanunun 39-cu maddəsi ilə MTN-ə geniş səlahiyyət verilib. Həmin maddəyə görə, operatorlar, provayderlər qanunla müəyyən edilmiş qaydada əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat tədbirlərinin keçirilməsi üçün şərait yaratmağa, bu məqsədlə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi şərtlərə uyğun telekommunikasiya şəbəkələrini əlavə texniki vasitələrlə təchiz etməyə, təşkilati məsələləri həll etməyə və bu tədbirlərin keçirilməsində istifadə olunan üsulları gizli saxlamağa borcludur.
Bu tələblərin pozulmasına görə operator, provayder qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.
Ə.Məmmədli həmin müddəaları belə şərh edib: “Qanun çox aydın şəkildə Operatorlar, provayderlərə məcbur edir ki, MTN-in müəyyən etdiyi şərtlərə uyğun telekommunikasiya şəbəkələrini əlavə texniki vasitələrlə təchiz etsin, təşkilati məsələləri həll etsin və bu tədbirlərin keçirilməsində istifadə olunan üsulları gizli saxlasın. Hətta, bu tələblərin pozulmasına görə operator, provayder qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. Hər hansı məhkəmə qərarı olmadan bu qurğuların istifadəsi MTN-in müəyyən etdiyi çərçivədə hər kəsə yönəlməkdə sərbəstdir. Heç bir nəzarət mexanizmi yoxdur. 2006-cı il 27 sentyabr tarixli 465 nömrəli Fərmanda qanundakı səlahiyyət təkbaşına MTN-ə verilib. Son 9 ildə bu belə davam etdi. 2 oktyabr 2015-ci ildə Prezidentin Fərmanı ilə MTN-dən əlavə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid olan hissədə isə DİN-lə razılaşdırılmaqla Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinə də bu səlahiyyət verilib. Beləliklə, Eldar Mahmudovun vəzifədən alınmasından 15 gün öncə onun səlahiyyətləri XDMX ilə paylaşılmışdı. Yenə də beynəlxalq standartlarda olduğu kimi, məhkəmənin qərarına ehtiyac olmadan, proses davam edəcək. Yəni, gələcəkdə də bənzər, şəxslərin kefinə uyğun dinləmələr, izləmələrin olduğuna dair informasiyalar eşidəcəksiniz. İndidən buna hazır olun ki, şok olmayasınız. Sadəcə bir fərq olacaq, gələcəkdə daha çox qurumun əməkdaşları haqqında bunu eşidə bilərik”.