XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

14 Noyabr 2015 - 20:13

Paris partlayışlarının “Məstəlişah”ı kimdir? – Avropanın İŞİD “imtahanı”

Noyabrın 13-dən 14-ə keçən gecə Parisdə baş verən terror hadisəsi artıq dünya ictimaiyyətinin əsas müzakirə mövzusuna çevrilib. Siyasətçidən tutmuş sadə vətəndaşa qədər hər kəs bu qanlı hadisəni qınayır, dünyanı bu cür çaxnaşmalardan xilas etmək üçün yollar, çarələr axtarır. 120 nəfərdən artıq insanın ölümüylə, onlarla mülki vətəndaşın ağır şəkildə yaralanmasıyla nəticələnən terror hadisəsi düzgün analiz edilməsə, sadəcə qınamalarla bu kimi dəhşətlərin qarşısını almaq mümkün olmayacaq.

Bu gün hər kəs hadisənin əsas günahkarı kimi İŞİD-i yamanlayır. Hətta Fransa prezidenti Fransua Olland belə açıq şəkildə bu təşkilatın adını çəkib, hadisənin müharibəyə səbəb ola biləcəyini deyib.

Zənnimizcə, məsələni bu şəkildə birmənalı qiymətləndirmək səhv olduğu qədər terroru planlaşdıranların da işinə çox yarayır. çünki bu hadisələrin əsas məqsədinin qlobal bir qarşıdurmanı körükləmək olduğu ortadadır. Avropa ictimai rəyinin bu qədər həssas vəziyyətdə olduğu bir zamanda Fransa prezidenti kimi yüksək səlahiyyət sahibinin dilindən səslənən bu fikirlər orta əsrlərdə xristianları səlib yürüşünə səsləyən keşişlərin mövqeyindən qətiyyən seçilmir.

Təsadüfi deyil ki, Fransanın ən yüksək siyasi iradəsi tərəfindən hadisəyə bu cür qiymət verilməsi ölkədə gözlənilən konfliktləri daha da gücləndirdi. Məlumatlara görə, ölkənin  bəzi şəhərlərində millətçi qrupların müsəlmanlara təzyiqləri artıb və hətta Kalais adlı şəhərdə bir mühacir düşərgəsi yandırılıb. Bir neçə il əvvəl mühacir üsyanlarıyla çalxalanan bir ölkənin indi yeni situasiya ilə imtahana çəkilməsi məlum terrorun ssenarisini yazanların niyyətinin yalnız Yaxın Şərqlə məhdudlaşmadığından xəbər verir. Mümkündür ki, vətəndaş qarşıdurmasının Qərbə sıçradılmasına və daha geniş ərazilərə yayılmasına qərar verilib.

İlk baxışdan Qərbdə radikal islami meyllərin zəif görünməsi sözügedən ehtimalı zəiflətsə də, məsələnin dərinliyinə nəzər salanda problemin heç də düşündüyümüz qədər sadə olmadığı ortaya çıxır.

Bu yaxınlarda dünya mətbu orqanlarında İŞİD-in xarici legionerləri barədə statistik məlumat getmişdi. Məlumata əsasən, 30 min legionerdən 7 mini Fransa, Almaniya və İngiltərə kimi inkişaf etmiş Qərb ölkələrinin vətəndaşları idi. Nə qədər İslamdan uzaq görünməsinə baxmayaraq, bu Qərb ölkələrindən İŞİD-ə qatılanlar ümumi legionerlərin, təxminən, 25%-inə bərabərdi. Legionerlərin əksəriyyətinin ərəb ölkələrindən gəldiyini düşünsək, 25%-lik rəqəm Avropa üçün xeyli böyük görünür və radikal islamçılığın bu ölkələrdə nə qədər ciddi yayıldığından xəbər verir.

üstəlik, Suriyadan, Əfqanıstandan, İraq və digər müsəlman ölkələrindən Qərbə sığınan mühacirlər də Avropaya yerləşdirilmiş “canlı minaların” sayını artır, onları səbirsizliklə gözləyən terror şəbəkələrinin liderlərini sevindirir. Yeni mühacirlərin bir çoxları öz ölkələrindəki müharibənin stressi içərisində və bunun səbəbkarı kimi gördükləri Qərbə nifrət üzərində köklənərək Avropaya axın edirlər. Orada qarşıladıqları təcrid siyasətləri də bu nifrət duyğularını artırır. Bir də buna Paris partlayışlarından doğan yerli “xorbaxma”ları əlavə olunarsa, yeni mühacirlərin onlara diqqət ayıran radikal soydaşlarının qucağına düşməkdən başqa çarələri qalmır.

Bütün bu faktlar İŞİD-in Avropada güclənəcəyindən və mədəniyyətlərarası münaqişəni yürüdə biləcək gücə çevrilmək potensialından xəbər verir.

Digər tərəfdən, Avropadakı yerlilər say etibarilə nə qədər çox olsalar belə, yaş ortalamaları xeyli qocadır. Qərbin gənclik potensialında müsəlmanların xüsusi payı var. Onlardan bir çoxları müxtəlif sənaye müəssisələrinin canlı çarxlarıdır. Odur ki, Avropada vətəndaş qarşıdurmasının ortaya çıxması onun iqtisadi gücündən də yan ötüşməyəcək. Ayrıca, məlum terror hadisəsi Qərb-Şərq arasındakı onsuz da yaxşı olmayan münasibətləri daha da pisləşdirəcəyindən nəticədə Avropa bazar itkisiylə də üzləşə bilər. Bütün bu sadaladığımız və sadalamadığımız hadisələr terror hadisəsinin daha ciddi hesablar üçün törədildiyini göstərir.

Sual oluna bilər: Deyək ki, Paris partlayışlarının “Məstəli şah”ı İŞİD-dir? Bəs, ona partlayış sifarişini verən “xan sarayının xanımları” kimdir?

Sözsüz ki, bu suala birmənalı cavab vermək mümkün deyil. Biz yalnızca ortada olan dəlillərlə kompas milinin hansı istiqamətə yönəldiyindən bəhs edə bilərik.

Zənnimizcə, səbəbkar axtarışına çıxsaq, əsasən 3 istiqmətli ekskurs aparmaq lazım gələr. İstiqamətlərdən biri Rusiya, digəri Avropanın özü, bir başqası isə okeanın o tayıdır.

Baxmayaraq ki, Suriya böhranı Rusiyanın coğrafiyaya müdaxiləsi ilə daha mürəkkəb hala gəldi, Avropaya mühacir axını xeyli artdı, bununla belə, məlum hadisənin arxasında rəsmi Moskvanın iradəsinin dayanması inadırıcı görünmür. Ən azı o səbəbdən ki, İŞİD-in hədəf aldığı əsas ölkələrdən biri də elə Rusiyadır. Bir müddət əvvəl Sinay yarımadasında sərnişin təyyarəsinin vurulmasıyla başlayan hərbi qisasın mülki şəxslərdən alınması taktikası ilk dəfə bu ölkənin üzərində sınandı. Paris partlayışları da əslində həmin siyasətin davamıdır. İŞİD-in etiraflarına görə, növbəti qalmaqallı hadisələrdən biri də Rusiyanın mərkəzində törədilə bilər. Bu hadisələri bir-birinin yanına qoyanda kompasın cinahgöstərən mili, istər-istəməz, başqa istiqamətə yönəlir.

Avropanın başında oynanan bu oyunun müəllifini qitənin içində axtarmaq da yanlış olardı. Məlum hadisələrin təkcə Fransayla məhdudlaşmayacağı, körüklənən konfliktin dalğalarının digər Avropa ölkələrini də silkələyəcəyi ehtimal edilir. Prinsip etibarilə, hədəf olaraq Parisin seçilməsi də təsadüfə oxşamır. Paris tarixən Qərb mədəniyyətinin simvol şəhəri kimi tanınıb. Məsələyə bu yöndən nəzər salanda sözügedən terror hadisəsinin nəyə hesablandığı da tam mənasıyla anlaşılır. Məqsəd mədəniyyətlərarası müharibə yaratmaqdır. Bu nəzəriyyələrin hansı coğrafiyada ortaya çıxarıldığı isə hər kəsə məlum olduğundan əlavə baş ağrıtmağa ehtiyac görmürük.

Hadisənin məhz G-20 zirvəsi ərəfəsində törədilməsinin də xüsusi əhəmiyyəti var. Terror aktından bir gün sonra, yəni bu gün Antalyada fəaliyyətə başlayan sammitin İŞİD-in taleyi üçün müəyyənedici olacağı gözlənilir. Nədən ki, artıq dünyanın bir çox gücləri – Avropa İttifaqı, Rusiya, çin və sairə ölkələr İŞİD-in bitirilməsi məsələsində həmfikirdirlər. Görünüşə görə, ABŞ da  onlarla eyni sıradadır. Baxmayaraq ki, bu ölkə Suriyada hərbi əməliyyatlara başlayan Rusiyaya q
arşı çıxır və Moskvanın bütün israrlarına rəğmən, İŞİD-lə bağlı məlumatları onunla bölüşmür, məxfi informasiya mübadiləsindən boyun qaçırır. Əslində bu faktın özü də ABŞ-ın Yaxın Şərqdəki konfliktin onun istəyinə uyğun olmadan tamamlanmasını istəmədiyindən xəbər verir. Görünür, “Böyük Yaxın Şərq” proyektində arzulamadığı son nöqtəyə gəldiyindən, ABŞ öz müttəfiqlərinə məsələ bu şəkildə bitərsə, “Suriyada yuvası dağıdılan İŞİD sizin öz başınıza əngəl ola bilər” mesajını vermək istəyir və onları son qərardan yayındırmağa çalışır.

Xüsusilə Fransanın hədəf olaraq seçilməsinin bir başqa səbəbi, böyük ehtimalla, onun əhalisinin dini-etnik tərkibiylə bağlıdır. Fransa digər Qərb ölkələri arasında ən çox müsəlmana qucaq açan ölkə özəlliyilə tanınır. 66 milyon əhalisi olan bu ölkədə 5 milyondan artıq müsəlman yaşayır. Bu da, təxminən, 7-8% əhali deməkdir.

Qeyd edək ki, digər Avropa ölkəsində – 81 milyonluq Almaniyada isə müsəlmanların sayı 3.7 milyon nəfərdir.

üstəlik, Fransa müsəlmanlarının böyük əksəriyyəti İŞİD-in də sosial baza olaraq qidalandığı sünnü məzhəbinə mənsubdurlar.

Bütün bu özəllikləri Fransanı Avropanın “yumşaq qarnı” halına gətirir. O da nəzərdən qaçırılmamalıdır ki, Fransa Suriyada ABŞ-dan sonra ən aktiv hərbi əməliyyatlara qatılan ölkədir. Görünür, ona hərbi əməliyyatlara davam edərsə, istənilən an terrora məruz qalacağı xatırladılır.

Yeri gəlmişkən, qeyd edək ki, yazını oxucuların ixtiyarına verməyə hazırlaşdığımız an Vyanadan xoş xəbərlər gəldi. Məlumata görə, Suriya məsələsini müzakirə etmək üçün bir sıra ölkələrin xarici işlər nazirlərinin toplandığı Avstriyanın paytaxtında artıq Suriya məsələsində konsensus əldə olunub. Bildirilir ki, 18 aydan sonra ölkənin yeni parlamenti formalaşdırılacaq və 6 ay ərzində onun yeni konstitusiyası hazırlanacaq. Bu  xəbər Suriya probleminin həllini gözləyən hər kəsi sevindirir.

Artıq bütün gözlər G-20 sammitindən çıxacaq qərara dikilib. Paris partlayışılarından sonra çıxarılacaq qərarın mahiyyəti qlobal terrora qarşı aparılan mübarizənin də nəticəsi demək olacaq. ölkələr həmin terror hadisəsi qarşısında geri çəkilsələr, İŞİD-in qələbəsi sayılacaq və onun bir dövlət kimi tanımaqdan başqa yol qalmayacaq.

Bu baxımdan, Paris partlayışını əslində Avropanın İŞİD qarşısında verdiyi imtahan da adlandırmaq olar.

Heydər Oğuz

Strateq.az