XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

15 Noyabr 2015 - 15:33

Tanınmış alimdən MTN olaylarına maraqlı münasibət: “…Hakimiyyəti qəflətən götürmək qalmışdı” – MÜSAHİBƏ
ebulhesen-1.jpg
 
Azərbaycanın dünya miqyasına çıxara biləcəyi tanınmış alimlərindən olan fəlsəfə elmləri doktoru, professor Əbülhəsən Abbasov Moderator.az saytına olduqca maraqlı müsahibə verib. İstənilən məsələyə fundamental elmi baxışı, yanaşması ilə seçilən hörmətli filosof-alimimiz bu dəfə də ənənəsinə sadiq qalıb: ölkə gündəmini məşğul edən aktual mövzulara kifayət qədər ciddi əsaslandırılmış, sərrast, həm də xeyli düşündürücü və gərəkli cavablar verib.
 
Strateq.az hörmətli alimimizin həmin müsahibəsini öz oxucularına da təqdim edir:
 

– Prezident AMEA – nın 70 illik yubileyindəki çıxışında alimlərə çağırış etdi. Siz bütün elmi fəaliyyətiniz boyu məhz millətin və dövlətin qayğılarını, ehtiyaclarını fəlsəfi dillə izah etmisiniz, çoxsaylı kitablar, məqalələr yazmısınız. Odur ki, başqa bir mövzu ətrafında suala cavab istəyəcəyik. Islahat deməkdən məmləkət insanının dili qabar oldu, nəticə isə yoxdur. Sizcə islahata gedilməmənin səbəbləri nədir? Bunun elmi-fəlsəfi izahını verin, lütfən.

 
– Vaxtaşırı islahatın zəruriliyi müxtəlif səviyyələrdə gündəmə gətirilir. özü də təkcə müxalif düşərgə təmsilçiləri tərəfindən yox, bitıərəf ziyalılar və hətta iqtidarın öz içindən də islahatın zəruriliyi barədə çağırışlar səsləndirilir. Bəzən elə iqtidarın özü iddia edir ki, əslində islahatlar aparılır və bu proses davam edir. Mən də sizinlə razıyam ki, islahat sözünü hər gün gündəmə gətirməklə problemi həll etmək mümkün deyil. Yaxın keçmişimizi, yəni sovetlər birliyinin özünü götürək. Nəinki Xruşşovun, hətta Brejnevin dövründə, SSRİ-nin görkəmli baş naziri Aleksey Kosıginin vaxtında belə, islahat çağırışları var idi və daha ciddi yanaşma ilə ortaya qoyulurdu. Ancaq bu təşəbbüslər köklü pozitiv nəticələrə gətirmədi, tənəzzül davam etdi və durğunluq qərarlaşdı. Ən sonralar Mixail Qorbaçov da, faktiki olaraq, yenidənqurma ilə bütün SSRİ məkanını əhatə edən genişmiqyaslı və çoxşaxəli “islahat modeli”ni həyata keçirməyə başladı. Amma bu təşəbbüs tam iflasa uğradı, islah edilməli dövlətin özü çökdü. çünki islahatın elmi surətdə işlənilmiş konsepsiyası, adekvat yeni fəlsəfəsi yox idi. O dərəcədə ki, yenidənqurma ilə yanaşı sürətləndirmə də irəli sürülmüşdür – daban-dabana bir-birinə zidd hədəflər. Görünür, baş məsləhətçisi Abel Aqanbeqyan belə məsləhət görübmüş. Mürəkkəb sistemlər nəzəriyyəsini bilən, enerjinin saxlanması qanunundan elementar xəbəri olan hər kəsə aydındır ki, sistemə yönəlik belə bir-birinə zidd tələblər sistemin özünü dağıda bilər. üstəlik də neftdən və spirtdən (öz əlləri ilə!) axan maliyyə kanallarının qapanması şəraitində! Bir sözlə, köklü və müsbət nəticələr verəcək ilahat sanballı nəzəriyyə olmadan mümkün deyil. İslahatın, yumşaq desək, ciddi düşünülmüş yol xəritəsi, idarəetmə fəlsəfəsi olmalıdır. Yəni, islahatın epistemoloji sistemi yaradılmalıdır. Görüləcək işlərin, bütün fəaliyyətin qnesoloji, ontoloji, metodoloji, aksioloji, məntiqi əsaslarına, hətta zərurət yaranarsa, leksika və prosedurlara da yenidən baxılması lazımdır. Bununla bağlı da qanunvericilikdən tutmuş, inzibati idarəetmə üsullarına kimi hər şey yenidən nəzərdən keçirilməlidir. Deməyim odur ki, islahat ilk növbədə yeni bir yanaşma, fərqli bir fəlsəfə, yeni bir epistemolji sistem tələb edir. “Islahat aparılmalıdır” deyən adamlar, gərək, o məsuliyyəti hiss etsinlər. Gəlin, “islahat labüddür” qışqırmaq əvəzinə,  əvvəlcə həmin islahat üçün zəruri olan zəminləri yaradaq. Bir alim kimi boynuma düşən yük də ondan ibarətdir ki, Azərbaycanın müasir tarixi və sosial zamanın tələbləri baxımından səciyyəsini əks etdirən epistemoloji sistemi işləyərək ortaya qoyum. Xüsusən də artan xaos istiqamətində mürəkkəbləşmiş dünyada, geoplitik mənzərənin xoşagəlməz durumunda, proseslərin çox dramatik, bəzən də faciəvi xarakter aldığı bir zamanda fundamental nəzəriyyə olmadan islahat oyunu qurmaq ölümə bərabər təhlükədir. Belə bir qlobal hərcmərclik, ayrı-seçkilik, islamofobiya məqamında amerikalı, ingilis, alman, yapon gəlib bizim əvəzimizdən bizim üçün də xilas xəritəsi və ya konsepsiyası qoyası deyil. Mən düşünürəm ki, hətta əksinə, biz, Azərbaycan alimləri, təkcə özümüzün deyil, bəşəriyyətin yenidən tənzimlənməsi və mütərəqqi inkişafı üçün tələb olunan o zəruri İnformasiyanı, bilgilər sistemini verə bilərik. Nə olar ki, bir dəfə də bunu ingilis, alman, yaxud fransız deyil, azərbaycanlı etsin!. Biz millət və fərd olaraq buna qadirik. Mənim elə son onilliklərdə məşğul olduğum, apardığım tədqiqatların bir mühüm tərkib hissəsi elə məhz bu məsələlərlə bağlıdır. Vacibdir ki, millət və dövlət olaraq, bizi əhatə edən proseslərin, gedişatın qarşısında əliyalın, idraki silahsız qalmayaq. Yəni, həm bir millət kimi qürur hissimiz olsun ki, əllərimizi sallayıb oturmamışıq. İkincisi, elə zərurət yaranıb ki, baş girləməklə, lovğalanmaqla, boşboğazlıqla və yaxud kimdənsə nəsə gözləməklə vəziyyətdən çıxmaq mümkün deyil. Ya səhnədən silinib getməliyik, ya, həqiqətən də, mövcud olub, yeniləşən dünyada öz layiqli yerimizi tutmaq üçün deyəcək sözümüz, fundamental fikrimiz və ağıla, qeyri-adi biliyə söykənən əməli işimiz olmalıdır. 
 
– Həmin sözümüz varmı? Bu tədqiqatlarınızı nə zaman oxuya biləcəyik?
 
– Bir çox kitablarım çap olunub. Hal-hazırda da çox fundamental bir kitabı tamamlamaq üzrəyəm. Kitab dünyanı cənginə alan problemlərə, bu problemlərdən çıxış yollarına həsr olunub. Kitabda bir çox məsələlərə işıq salınıb, yol göstərilib, elmi-fəlsəfi şərh verilib. İlk növbədə, postneoklassik epistemologiya əsasında həm bir çox problemlər gündəliyə gətirilib, eyni zamanda həmin problemlərin həlli yolları, üsul və vasitələri göstərilib. Problemlərin həlli üçün müvafiq təsəvvürlər, ideya və prinsiplər sistemi verilir ki, başqaları bu mənbədən istifadə edə bilsinlər, problemlərə necə yanaşılmalı olduqları barədə əllərində hazır bilik şəbəkəsi olsun. Sual oluna bilər ki, hansı problemləri? Məsələn, bu gün qlobal siyasi arxitektura problemi hədsiz önəm kəsb etməyə başlayıb. Biz görürük ki, millətlərin, dövlətlərin üz-üzə gəlməsində həmin problemlə bağlı qeyri-müəyyənliklər və ziddiyyətlər xüsusi rol oynayır. Təsəvvür edin, bu gün dünya böhranlar məngənəsində çabalayır, amma ondan çıxış yollarına işıq salacaq elmi-fəlsəfi konsept işlənib hazırlanmayıb. Həqiqətən də, qlobal siyasi arxitekturanın bu gün və gələcək üçün nədən ibarət olduğu sonadək bəlli, aydın deyil. Bunun üçün də biz düşünməliyik və elmi biliklərimizi ortaya qoymalıyıq. Bu gün bir çox məsələlər var ki, mövcud beynəlxalq hüquq çərçivəsində onlara aydınlıq gətirmək mümkün olmur.
 
– Həmin kitabınızda o problemlərə aydınlıq gəitirilirmi?
 
– Həmin kitabda, eyni zamanda, beynəlxalq
hüquqa yenidən baxılması məsələsi qoyulur və hansı istiqamətdə baxılmalıdır, onun meyarları, koqnitiv fəzası nədən ibarət olmalıdır, onun aksioloji, qnoseoloji, metodoloji və s. tərəflərinin nədən ibarət olması kimi məsələlərə aydınlıq gətirilir. Elmdə – fəlsəfədə belə cəhdlər, təşəbüslər olub. Vaxtilə Kant “ümumi sülh” konsepsiyasını işləyib. Amma həmin konsepsiya bütün qlobal dünya üçün ayaq tutub yeriməyib. çünki həmin konsepsiya, sadəcə, xristian dünyası ilə məhdudlaşıb, burada yalnız həmin dünyanın əlamətləri nəzərə alınıb. Müasir dünyanın ən görkəmli filosoflarından biri Yurgen Habermas da bu məsələyə diqqət yetirib. Onun fikrincə, millətlərüstü bir nəzəriyyə olmalıdır. Mən hələ 12 il bundan qabaq həmin nəzəriyyəyə münasibət bildirmişəm. Görkəmli alimə hörmətimi bildirməklə yanaşı, həmin konsepsiyanın da ayaq tutub getməyəcəyinin səbəblərini göstərmişdim. Yəni, biz xalqların səciyyəsini, milli kimliyini nəzərə almadan millətlərüstü hansısa bir məqbul şey yarada bilmərik. Əksinə, gedişat göstərdi ki, milli özünəməxsusluq get-gedə qabarır. Hətta sivilizasiyaların toqquşması daha çox Qərb dünyası ilə islam dünyası arasında açıq nəzərə çarpır. Bütün bunların hamısı ondan xəbər verir ki, biz dünyaya bir rahatlıq gətirə biləcək irimiqyaslı konsepsiyanı o zaman ortaya qoya bilərik ki, bütün millətlərin spesifik xüsusiyyətlərini nəzərə alaq. Bir sözlə, gələcək nəzəriyyələrdə hamıya yer olmalıdır. 
 
– Amma indiki kimi qlobal güclər üçün yox. Dünya hamının yaşaması və rahat nəfəs alması üçün olmalıdır.
 
– Bəli. Dünya yalnız imtiyazlılar üçün olmamalı, digər millətlər və dövlətlər ucuz xammal, işçi qüvvəsi kimi istismar edilməməlıdir. Yalnız optimal balans qorunacağı halda dünya, nəhayət, rahatlıq tapa bilər. Həmin kitabda bugünkü geosiyasi realizmi də tənqid edirəm. 
 
– Kitab nə vaxt ərsəyə gələrək oxucuların istifadəsinə veriləcək?
 
– Demək olar ki, tamamlamışam. Ancaq təbiətim belədir ki, təkrar oxuyaraq bəzi incəliklərə yenidən işıq salmaq istədiyimdən bir az yubanır.
 
– Hər halda 2016-cı ildə oxucular bu kitabla tanış olacaqlar…
 
-Təbii. 
 
– Bir halda ki, bütün millətlər üçün resept rolu oynayacaq, onun başqa dillərə tərcümə olunması lazım gələcək.
 
– O, sonranın işidir. Kitabda, yeni bilik sistemi ilə yanaşı, fikir cərəyanının texnologiyası, refleksiya üsulu da verilir. Həmin texnologiyanı əxz edəndən sonra, demək olar ki, ortaya çıxan qlobal, regional, lokal problemləri daha asanlıqla həll etmək olur. İnanın, mən neçə illərdir ki, gecəmi-gündüzümü məhz həmin kitaba həsr etmişəm. Yəni çox ağır iş olub. Onu işləmək üçün humanitar bilgi azdır. Bunun üçün kompleks biliklərə yiyələnmnək lazımdır. Böyük ingilis tarixçisi və filosofu olub – Arnold Toynbi, onun 2001-ci ildə rus dilində “Postijenie istorii”, yəni “Tarixin dərki” adlı 12 cildlik bir fundamental kitabı çıxmışdı. Əsərin ikinci cildi “çağırışlar – cavablar” adlanır. çox qəribədir ki, hələ o kitabla tanış olmadan, yəni, illər öncə məndə belə bir fikir yaranmışdı ki, bəşəriyyət bizlərə problemlər, çağırışlar qoyur və buna adekvat cavablar lazımdır. Həmin 12 cildlik kitabla tanışlıqdan sonra çox məmnun oldum. çünki sivilizasiyanı qlobal miqyasda da, lokal miqyasda da xilas edən yaradıcı azlıqdır. Yaradıcı azlıq yoxdursa, əndazəni keçmiş, özündənrazı, vəziyyəti daha da tündləşdirən elita və ona həsəd aparan, hər şeydən məhrum (sonda hətta düşüncə qabiliyyətindən də!) edilmiş proletariat olur.  Və həqiqi yaradıcı azlıq, adətən, “akademik”lər sırasından çıxmır. Toynbiyə görə, o sivilizasiya mövcud olaraq gələcək üçün vəsiqə qazanır ki, onun yaradıcı azlığı var. Yaradıcı azlıq sivilizasiyanın mövcudluğu və yenidən doğulması, yaşaması üçün yeni və zəruri informasiya ortaya qoyur. Mən onsuz da elə bu tədqiqatlarla məşğul idim, çünki buna daxilən inamlı idim, Toynbinin əsəri ilə tanışlıqdan sonra əminliyim artdı. 
 
– Belə çıxır ki, xeyli vaxtdır bu kitab üzərində işləyirsiniz.
 
– Qəribə çıxacaq, bəlkə də bu kitabdakı təqdiqatların müəyyən elementlərini, tərkib hissələrini 80-ci illərin yarısından üzü bəri işləyirəm. O vaxtlar da müəyyən yazılarım, kiktablarım çıxmışdı. Görürdüm ki, yalançı populizm, demokratiya hay-həşiri effekt verən deyil.  Əmin idim ki, insan cəmiyyəti, bəşəriyyət nədəsə uğura o vaxt nail ola bilər ki, fəaliyyət körtəbii proses olmasın, keçici dəbə, təsadüfi şuarlara və kütlə psixozuna əsaslanmasın. Əgər fəaliyyət yalnız çığırtıya-bağırtıya, diktata, təpkiyə, zora söykənirsə, bunun müsbət nəticəsi ola bilməz. 
 
– İctimai nəzarət də artıq o qədər dilə gətirilib ki, öz qədir-qiymətini itirib. Az qala hər tədbirdə prezident də ictimai nəzarətin vacibliyini vurğulayır, amma reallıqda kimsə bizlərin, sizlərin, millət vəkillərinin fikirlərinə, bir sözlə, cəmiyyətin bütün təbəqələrindən gələn çağırışlara əhəmiyyət vermir. 
 
– Aktual sualdır. İki il bundan qabaq “Milli maraqlar və ictimai rəy” adlı bir kitabım çıxmışdı. Həmin kitab müəyyən qədər elə bu problemlə də bağlıdır. Müvafiq idarəetmə fəlsəfəsi olmadığından, bundan müəyyən merkantil, sırf supermaterialistcəsinə yalnız öz individual, şəxsi və qrup maraqlarını düşününən insanlar bəhrələnirlər. İnandırım sizi, hətta yaramaz bir insanın parlamentə düşməsində də onların çox böyük rolu var. Bəzən yeri gəldi-gəlmədi, “5-ci kolon” ifadəsi işlədirlər. Mənim aləmimdə “5-ci kolon” bu gün, əsasən, iki kateqoriyadan ibarətdir. Birincisi, hakimiyyətdə, hansısa rıçaqlarda oturub oliqarxlaşmış, mafiyalaşmış qruplar və onlarla əlbir olan qurama, saxta, savadsız və vicdansız müxalifətdir. Təbii ki, mən kimlərisə aşağılamaq istəmirəm və etiraf etmək lazımdır ki, inanaraq səmimi şəkildə illər uzunu fədakarlıq göstərib, müxalifətçilik edənlər də az olmayıb. Onlar bu gün də var. Amma indiki geopolitik situasiyada məhz qondarma müxalifətçiliklə baş girləyənlərin və harınlaşmış, insani keyfiyyətlərdən məhrum məmurların vasitəsilə dövlətin daxili işlərinə müdaxilə etmək olur.
 
– İctimai nəzarətin ayaq tutub yeriməməsində onlar günahkar deyil axı…
 
– Fikrimi tamamlayıram. Prezident bu fikirləri dönə-dönə dilə gətirməkdə səmimidir. O, bizlərdən informasiya istəyir, problemlərin qabardılmasında maraqlı olduğunu ortaya qoyur…
 
– Deməli, komandası onun çağırışlarını görməzdən gəlir…
 
– Elə problem komandanın özündədir. MTN ətrafında baş verənləri görmədinizmi? Prezidentin Eldar Mahmudovla bağlı 17 oktyabr sərəncamından bir neçə gün öncə bir neçə tanınmış ziyalı ilə oturub söhbət edirdik. Mən orada bir neçə məsələni dedim və bir mühüm problemi də vurğuladım. Anlaşıqlı
olsun deyə, rus sözlərindən istifadə etdim, dedim ki, bu saat Azərbaycanda “perexvat, perelitsovka vlasti” problemi var və təhlükə realdır. Artıq elə bir vəziyyət yaranıb ki, səlahiyyətlərdən sui-istifadə edərək mafiyalaşmış bəzi şəbəkələr hakimiyyəti ələ keçirməyin bir addımlığına gəliblər. Bildirdim ki, qabaqlayıcı addımlar atılmasa, vəziyyət əndazəni aşa bilər. Bu söhbətdən bir həftə sonra, MTN – də baş verənlər faş olduqda, həmin söhbətdə iştirak edənlər öncəki fikirlərimi mənə xatırlatdılar. 
 
– Deməli, bizi qorumalı olanlar milli təhlükəsizliiyimizə ermənilərdən betər təhlükə yaradıbmışlar…
 
– Bəli. Bəlli oldu ki, artıq bu məsələdə bir neçə mərhələ keçilib, kriminal yolla böyük kapital resursu yığılıb, artıq o qədər azğınlaşıblar ki, hətta hakimiyyətin birinci şəxsinin özünü dinləməkdən də çəkinməyiblər. Bundan sonra ancaq hakimiyyəti qəflətən götürmək qalırmış. Təsəvvür edirsinizmi, dövləti hansı təhlükə gözləyirmiş? 
 
– Bu cinayətkar şəbəkənin bu qədər irəli getməsini niyə kimsə bilməyib? Axı ölkənin xüsusi xidmət orqanları təkcə MTN-dən ibarət deyil. 
 
– Etiraf olunmalıdır ki, boşluqlar, hətta ciddi səhvlər olub. Bununla yanaşı, Azərbaycandakı idarəetmə sistemini birmənalı qaralamaq da düzgün deyil. Bəli, problemlər var. Amma indiki mürəkkəb dünyada Azərbaycanın ayaqda durması və dünya birliyində özünə müəyyən mövqelər qazana bilməsini də qiymətləndirməliyik.
Bunların hamısı, ilk növbədə, İlham Əliyevin xidmətləridir, görülmüş müsbət işləri danmaq ədalətsizlikdir. Mən bugünkü qarmaqarışıq dünyada prezident İlham Əliyevi Azərbaycan cəmiyyəti üçün ən dəyərli resurs hesab edirəm. özü də təkcə tutduğu vəzifəsinə görə yox, onun bir sıra liderlik keyfiyyətləri var ki, bunlar gerçəkdən də dəyərli resurs hesab olunmalıdır və dünya dövlətlərinin tam əksəriyyətində bu yoxdur. Onun böyük mənəvi-intellektual, idarəetmə, danışıq və davranış üstünlükləri var ki, biz cəmiyyət olaraq həmin resurslardan istifadə etməliyik. Eyni zamanda, hakimiyyət strukturlarındakı və ümumən cəmiyyətdəki digər sağlam resurslar da yeni idarəetmə fəlsəfəsinə absorbsiya və adaptasiya vasitəsilə transformasiya prosesinə cəlb olunmalıdır. Bütün sağlam qüvvələr, bacarıqlı və yaradıcı insanlar dəyərləndirilməli, milli maraqların reallaşması naminə onlara səmərəli fəaliyyət imkanları yaradılmalıdır. Milli konsolidasiyaya, daxili həmrəyliyə və birliyə gedən yol elə idarəetmənin təşkilindən keçir. 
 
– Bayaq belə bir ifadə işlətdiniz ki, məhz kriminal qüvvələr parlamentə də yaramaz adamların ayaq açmasına rəvac verirlər. Sizcə, parlamentə ayaq açan çoxmu yaramaz var?
 
– Bir az parodaksal da görünə bilər. Mən həmişə demokratiya oyunundan deyil, mahiyyətdən çıxış etməyi sevirəm. Sözlərimə görə məni topa tutanlar da ola bilər. Amma qənaətim budur ki, xüsusən indiki qarmaqarışıq dünyada, dəyərlər sisteminin aşınmaya məruz qaldığı şəraitdə Azərbaycan kimi ölkələrdə parlament seçkilərini, hakimiyyətin mühüm bir qolunun təşkili məsələsini bütünlüklə toplumun-kütlənin ixtiyarına buraxmaq risklidir. özlərini demokratiya carçıları kimi təqdim edənlər, təbii ki, bunu qəbul etməyəcəklər, amma onlar bilməlidilər ki, kütlə daha çox əfsanələr, ehkamlar, populist şuarlar, şəxsi vurğunluq əsasında seçim edir, hansısa bələğətli danışan, bol-bol vədlər verən qatı fırıldaqçıya, məsuliyyətsiz və vicdansız özünəvurğuna, necə deyərlər, at-dana oğrusuna, anadangəlmə yalançıya, əməlli-başlı psixopata daha çox üstünlük verə bilər. Azərbaycan kimi ölkələrdə hal-hazırda topluma mütləq seçim hüququ verilsə, parlamentin yarısı psixopatlardan, boşboğazlardan, dayaz intellektli şəxslərdən ibarət olar. çox uzağa getməyək. 90-cı illərdə siyasi baxımdan yetişməmiş kütləyə müəyyən qədər o şəraiti yaratdılar. Ona görə də parlamentə seçilən adamların bir qismi populistlər, ağır iş görmək əvəzinə boğuşmağa, intriqa qurmağa, kin-kidurət alovlandırmağa həvəslilər oldu. Eynilə, mafioz qrupların, oliqarxların, iri kapital sahiblərinin parlamentə uzanan əlləri kəsilməlidir. Parlament şəxsi və qrup maraqlarını təmin edən orqan deyil. O, yüksək peşəkarlıq səviyyəsində fəaliyyət göstərməli, dövlətçiliyi və milli mənafeni qorumalıdır, ali mənəviyyat orqanı olmalıdır. Sözümün canı odur ki, parlamentin təşkili, tərkibi məsələsi zəruri olduğu qədər nəzarətdə saxlanılmalıdır. Bu baxımdan vaxtilə görkəmli alman hüquqşünası və filosofu Karl Şmittin parlamentarizmi tənqid etməsini başa düşürəm. Konkret olaraq, Azərbyacan parlamentinin tərkibinə gəldikdə isə, çoxunun qafasında, dünyagörüşündə nələrin olduğunu bilsək də, etiraf edilməlidir ki, əvvəılki və indiki tərkibdə də sanballı, layiqli, peşəkar, öz məsuliyyətini bilən adamlar az deyil – həm iqtidar və digər partiyaların təmsilçiləri, həm də bitərəflər içərisində.
 
– Bayaq İlham Əliyev haqqında çox yüksək fikirlər bildirdiniz və onu bugünkü Azərbaycan cəmiyyəti üçün ən dəyərli resurs hesab etdiniz. Amma cəmiyyətdən gələn çağırışlara adekvat reaksiyanın verilməməsi təəccüb doğurur.
 
– Birincisi, müəyyən reaksiya verilir və prezident obyektiv ictimai rəydə hamıdan çox maraqlıdır. İkincisi, görünür, hakimiyyət eşalonunda və prezidentin yaxın çevrəsindəki insanların bəziləri yeni idarəetmə fəlsəfəsinin diktə etdiyi fəaliyyət qaydalarını daxilən qəbul etmirlər, ən azı intuitiv surətdə hiss edirlər ki, həmin yeni dəyərlər sistemində onlara yer olmayacaq. özlərini qorumaq naminə dövlət maraqlarını qurban verirlər.
 
– Bəs birinci şəxsin siyasi iradəsi?
 
– Prezidentin səlahiyyətləri nə qədər böyük olsa da, bilməliyik ki, hər bir insanın fiziki imkanları var və bu boyda məsələləri dövlət başçısı olan şəxs bütövlükdə üzərinə götürə də bilməz. Prezidentlər, əsasən, dövlətin strateji və yalnız xüsusi əhəmiyyət daşıyan taktiki məsələlərdə öz iradələrini göstərməlidirlər və bu, bütün dünyada qəbul olunan həqiqətdir. Prezidedntlərin doğru qərarlar çıxarması üçün gərək ona verilən informasiya, icmal və təhlillər obyektiv, qərəzsiz və kamil olsun. 
 
– Belə görünür ki, bu gün İlham Əliyevə düzgün informasiya verilmir.
 
– Verilir, ancaq qaneedici deyil, subyektiv amil və motivlər maneə yaradır, nöqsanlara yol açır, bəzən də cinayətlərə gətirib çıxarır. 
 
– Deməli, bu qüvvələr prezidentin özünü belə, informasiya blokadasında saxlaya bilirlərsə…
 
– Prezidentin ən böyük dayağı – ətrafı yox, cəmiyyətdir. Görürsünüz, prezidentin elə bütün çıxışları da cəmiyyətə mesajlardan ibarətdir və hər dəfə ictimai dəstək istənilir. Prezident bununla sanki bildirir ki, mən informasiyanı ətrafımdan, xüsusi xidmət orqanlarının rap
ortlarından çox, cəmiyyətin içindən almaqda maraqlıyam. Prezidentin son müşavirələrini diqqətlə izləyən hər kəs görür ki, o, xalqla işləməkdə, ona güvənməkdə maraqlı olmaqla yanaşı, bütün təbəqələrin ehtiyaclarını, narazılıqlarını bilir, amma eyni zamanda onu da gözəl anlayır ki, yalnız inzibati yollarla, cəza aparatını işə salmaqla vəziyyətdən çıxış yolunun tapılması mümkün olmayacaq. Bu, çox doğru yanaşmadır, çünki cəza metoduna üstünlük verməklə biz geriyə – diktatura rejiminə doğru istiqamətlənmiş olarıq. Buna görə də struktur-funksional dəyişikliklərə, institutsional islahatlara üstünlük verilir. Bir sözlə, strateji baxımdan prezidentin yanaşması çox düzgündür. Sadəcə, dediyim kimi, islahatlar müasirliyə və perspektivə cavab verən kamil epistemiloji bazaya, müvafiq idarəetmə fəlsəfinə söykənməlidir.
 
– Cəmiyyətdə belə bir bədbin rəy dominantlıq təşkil edir ki, prezidentin ətrafı ona sədd çəkərək xalqla, cəmiyyətlə səmimi dialoq aparmasına mane olur, paxırlarının açılacağından hər vəchlə çəkinir, bu blokadanı daha da möhkəmləndirmək yolu tutur…
 
– Mən bu məsələdə, çoxlarından fərqli olaraq, nikbinəm. Bayaqkı fikrimə qayıdıram ki, prezident müasir dövrün çağırışlarına kifayət qədər cavab verə bilən bir dövlət xadimidir. Bir Şərq ölkəsində, belə bir mürəkkəb geosiyasi məkanda, dünyanın olduqca qarışıq vaxtında Azərbaycanı ayaq üstə saxlamaq, ziyanlı fluktuasiyalardan qorumaq, “fəlakət kanalı”na düşməyə qoymamaq, əksinə, bir çox ciddi layihələri, müqavimətə və maneələrə baxmayaraq, uğurla həyata keçirmək hər dövlət başçısına nəsib olan iş deyil. Məhz ona görə dedim ki, prezident çox dəyərli resursdur. Hamı, ağlı başında olan hər kəs təfəkkür ətalətindən azad olaraq mütərəqqi istəklərində prezidentə dəstək olmalıdır ki, o, bütün resursunu millət və dövlət üçün ortaya qoysun. 
 
– Cəmiyyət ciddi kadr islahatları gözləyir, amma dəyişikliklər həmişə kosmetik xarakter aldığından pessimizm davam edir.
 
– Razıyam, düz sözə nə deyəsən!? Qəti addımlara ehtiyac danılmazdır. İnsani-intellektual potensialdan daha səmərəli və düzgün istifadə etmək olar. “Sosial lift”lər məsələsinə milli maraqlar müstəvisində, köklü surətdə yenidən baxılmalıdır. Bir də ki, gərək insanın özündə də bir məsuliyyət, etik davranış, istefa mədəniyyəti ola, müəyyən yaşa çatdıqda fikirləşə: artıq gənclərə, yeni nəslə estafeti vermək vaxtıdır. Bir müsahibəmdə belə nümunələr göstərmişdim.Vaxtilə görkəmli ingilis riyaziyyatçısı, fizik və ilahiyyatçi İsaak Barrou 45 yaşında kafedrasını öz yanında işləyən şagirdi, 28 yaşlı İsaak Nyutona verir. O deyir:”Belə dahi olduğu halda, bu yaşda mənim müdir olmağım düzgün deyil”. Yaxud Nobel mükafatçısı, ingilis fiziki, kvant mexanikasının banilərindən olan Pol Dirak 60 yaşında vəzifəsindən imtina edir ki, gənclərə yol açmaq lazımdır. Düşünürəm ki, ingilislərin bir millət olaraq bütün sahələrdə uğurlar qazanmasında bu ənənə az rol oynamayıb. Əsl “əvəzolunmaz” adam o şəxsiyyətdir ki, özünün əvəzlənməsini hamıdan tez anlayır və buna əməl edir! Bu məsələdə gərək dövlət də, cəmiyyət də həssas və tələbkar ola. Bayaq ictimai nəzarətdən danışdıq. Elə sizin kimi peşəkar media qurumlarının vaxtaşırı ictimailəşdirdiyi bir sıra mövzular da ictimai nəzarətin həyata keçməsinə xidmət edir. 
 
– Bugünlərdə Türkiyədə keçirilən əməliyyatda İŞİD-ə qoşulmaq istəyən 38 nəfər saxlanılanda bəlli oldu ki, onların 14 nəfəri azərbaycanlıdır. Bu, dəhşətli rəqəmlərdir. Sizcə, azərbaycanlıları Suriyadakı cəhənnəmə çəkib aparan nədir? 
 
– Mən həmin gənclərlə bağlı məsələləri dəfələrlə qaldırmışam. Bu məsələ əslində çox böyük diqqət tələb edir. Azərbaycanda gənclərlə bağlı real, sistemli ideoloji iş aparılmır. Mən neçə dəfə məsələ qaldırmışam ki, aidiyyəti qurumlar, müvafiq nazirliklər, AMEA-nın institutları, heç olmsa, respublikanın Bakı, Sumqayıt və Gəncə kimi böyük şəhərlərində gənclərin meylləndiyi sahə, mental-mənəvi bağlılığı barədə düşünsünlər, əlaqəli əməli iş aparsınlar. Gənclərin vərdiş və zövqlərindən tutmuş ayrı-ayrı dəyərlərə münasibətləri öyrənilməli, onların sosiallaşmasının təfərrüatları və tipoloji xüsusiyyətləri araşdırılmalı, təkamül dinamikasının nədən ibarət olduğu müəyyənləşməli və buna müvafiq tədbirlər görülməlidir. Təəsəvvür edin ki, hətta Bakı kimi çoxkonfessiyalı, polietnik şəhərdə belə, gənclərin “raskladka”sını bilmirik. Yəni, bu, bir problem olaraq həllini tələb edir. Bu gün gənclərin bir qismi məhz təhsildə, elmdə, ideoloji-mənəvi sahədə yaranmış boşluqlar, xoşagəlməz durum ucbatından və məqsədli xarici həmlələrin təsiri hesabına mövhumata, cəhalətə yuvarlanırlar. Bəziləri radikal cərəyanlara cəlb edilir və özləri də bilmədən cəhənnəm oduna atılırlar. Təbii ki, mən islamı dəyərləri çox yüksək qiymətləndirirəm və fikirlərim əsla İslama qarşı çıxmaq kimi yozulmamalıdır. Amma mən cəmiyyətin və onun avanqardı olan gəncliyin inkişafını, ilk növbədə, elmə, rasional ağıla, biliyə, müsbət milli və bəşəri təcrübəyə sahiblənməkdə, məsuliyyət hissinin artırılmasında və zəhmətsevərlikdə görürəm. Bu, təkcə mənim qənaətim deyil, tarix özü həmişə bunu sübut edib. Sadəcə, gündə 5 dəfə namaz qılmaqla və imamlardan sitatlar gətirməklə Azərbaycanın xoşbəxt olacağını düşünmürəm. Hamılıqla zəhmətə qatlaşaraq fədakarlıq göstərsək, yeni bilik, mütərəqqi əməli nailiyyətlər ortsaya qoysaq, biz arzuladığımız xoşbəxtliyə nail ola bilərik.