XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

15 Noyabr 2015 - 18:25

“… Sahibkarın cibinə girən nazir və ya general qədər qorxuludur” – Sabiq deputat

Keçmiş millət vəkili, “Yeni Azərbaycan” qəzetinin sabiq baş redaktoru və YAP Siyasi Şurasının üzvü Alqış Musayev maraqlı müsahibə verib.

Strateq.az Qafqazinfo-ya istinadən həmin müsahibəni təqdim edir:

– Alqış müəllim, ölkə gündəmini tutan son hadisələrlə bağlı nə deyə bilərsiniz?

– Hələ ki, birmənalı mühakimə yürütmək çətindir. çünki nə və nələrin baş verdiyi bütün təfsilatıyla, ən xırda detalları ilə yalnız ölkənin siyasi rəhbərliyinə bəlli ola bilər. Biz isə öz kənar müşahidəçi statusumuzdan çıxış edərək ehtimal və mülahizələrimizi söyləyə bilərik. Hər halda, rəhbərliyin qəbul etdiyi qərarlar, atdığı addımlar, respublika prokurorluğunun ictimaiyyətlə paylaşdığı məlumatlar ciddi proseslərin mövcudluğundan xəbər verir…

– Bəs, ictimai fikir bu hadisələri necə qarşılayır…

– Deyim ki, son hadisələrə münasibətdə böyük bir ictimai maraq nümayiş olunur. Amma burada çox vacib və həssas bir məqam da var ki, onu diqqətdən kənarda qoymaq olmaz. Unutmayaq ki, ictimai maraq hələ ictimai fikir demək deyil. İctimai maraq sadəcə xammaldır. Bu xammal müzakirələrdən ələnə-ələnə çözülüb hansı istiqamətə, haraya qarşı yönələcək, müsbət yoxsa mənfi ictimai rəyə çevriləcək, bu, sonranın işidir. Ona görə də mən yeri gəldi – gəlmədi ictimai marağa aludə olmağın o qədər də tərəfdarı deyiləm. Düzdür, ortada dövlətə zərbə, dövlət başçısının etimadına xəyanət faktı var, mütləq hər kəs öz layiqli cəzasını almalıdır. ölkə əhalisi istintaqın nəticələri ilə ardıcıl və şəffaf şəkildə məlumatlandırımaldır. Eyni zamanda bu şəffaflıq milli təhlükəsizlik sistemi haqqında qaranlıq təsəvvürlər yaratmadan, bu sistemin mühüm institutlarının gözdən salınmaması şərtilə həyata keçirilməlidir.

Mənə bir məsələ cox qəribə gəlir: təsəvvür edin, əks kəşfiyyat idarəsinə yeni rəis təyin olunur. Və sərəncamın mürəkkəbi qurumamış, bütün ölkə mətbuatı onun kimliyi, haradan gəlməyi haqda cox dəqiq məlumatlar yayır. Bu, necə ola bilər ki? Belə aşırı şəffaflığa ehtiyac varmı? Varsa, onda bəs MTN-in əks kəşfiyyat idarəsi ilə QHT-lər arasındakı fərq nədən ibarətdir? Bu yerdə nə dərəcədə haqlı olduğumu deyə bilməsəm də mən, “belə olmamalıdır”- deyə düşünürəm …

– Hazırkı prosesi çoxdan gözlənilən kadr islahatlarının startı saymaq olarmı?

– Bu, çoxşaxəli və cəlbedici bir mövzudur. Bu problemə kompleks şəkildə yanaşmaq lazımdır. Burada tələsmək, eksperimentlər aparmaq olmaz. çünki bu cür eksperimentlər dövləti taqətdən salır, onun müqavimət potensialını darmadağın edir. Yenilənmələr tədricən gerçəkləşməlidir. Və mən bu cür, tədricən yenilənməyi təqdir edrəm.

Düzdür, özünü xərcləmiş şəxslər ola bilər və var. Etiraf edək ki, bitib – tükənmiş hər kadr istifadə müddəti keçmiş ərzaq məhsulu kimidir, istifadəsi cəmiyyəti, idarəçiliyi zəhərləyir. Belələrindən, onların əsassız ambissiyalarından, kaprizlərindən qurtulmağın zamanıdır. Həm də bu kosmetik xarakter daşımamaldır. Burada süni şəkildə yaşlı-gənc nəsil qarşıdurması yaratmaq yolverilməzdir. Nəzərə alaq ki, yaşlı olmaq həm də kifayət qədər təcrübə sahibi olmaq deməkdir. Dövlət idarəçiliyində isə təcrübə həlledici amildir.

Nədənsə kadr islahatları deyiləndə bir qayda olaraq iri çaplı məmurlar düşünülür. Hamı onları mühakimə edir, hamı onları ittiham edir. Axı, kadr korpusu təkcə nazirlər, komitə sədrləri, dövlət başçısının sərəncamı ilə təyin olunan digər şəxslərlə məhdudlaşmır. İri çaplı məmurlar mütamadi olaraq KİV-in, ictimai fikrin diqqət mərkəzindədirlər. Bu səbəbdən onlara nəzarət etmək, yaxşı və pis davranşlarını müəyyənlişdirmək, zərurət yaranarsa ifşa etmək xeyli asandır. Ancaq bir qədər aşağı, gözdən – qulaqdan uzaq strukturlarda, dövlətçilik, idarəçilik üçün daha təhlükəli tendensiyalar özünə yer etməkdədir.

– Gəlin, konkretləşdirək: hansı təhlükələrdən söhbət gedir?

– Yəqin ki, hələ də unudulmayıb. Bir neçə müddət əvvəl ölkə prezidentinin sədrliyi ilə keçirilən müşavirələrin birində paytaxt küçələrində avtoxuliqanlq edən məmur övladlarından söhbət açıldı. Onda cənab prezident öz qəti və prinsipal mövqeyini bildirmişdi… Onu demək istəyirəm ki, həmin ərköyün övladların “xod” getdiyi marşrutlar paytaxtımızın küçə və prospektləri ilə məhdudlaşmır. Onlar eyni zamanda dövlət idarəçilik dəhlizlərindən cox rahatlıqla şütüyüb keçə bilirlər.

Bu yaxınlarda tanışım şahidi olduğu bir hadisəni danışdı. Bir nazirin qardaşı oğlu mühüm dövlət təsisatlarından birinin əməkdaşıdır. İş yerində nadir hallarda görünür. Demək olar ki, işə gəlmir. Şöbə müdiri onu dəvət edib çox nəzakətlə başa salmaq istəyir ki, işə gəlmək lazımdır, burada səndən başqa da əməkdaşlar var, sənin belə saymazlığın pis nümunə yaradır. Həmin əməkdaş qayıdıb müdirinə deyir ki, sən kimsən mənimlə bu tonda danışırsan, get tullanmağının dalınca. Şöbə müdiri prinsipiallıq göstərib rəhbərliyə bu barədə təqdimat yazır. Nazir işə qarışır. Şöbə müdirindən təqdimatı geri götürməyi tələb edirlər, daha doğrusu cırıb atırlar. Nəticə həmin ərköyün övladın dediyi kimi də yekunlaşır, şöbə müdiri dinməz- söyləməz öz tullanmağının dalınca getməyə məcbur olur. Bax, belə vəziyyətdə hansı idarəçilikdən bəhs etmək olar? Hesab edirəm ki, dövlət strukturlarına yeridilmış bü cür ərköyün gənclər dövlətin gələcəyi üçün sahibkarın cibinə girən nazir və ya general qədər qorxuludur. Və mən əminəm, həm də çox-çox təəssüf edirəm ki, bu səpkili faktlar yeganə deyil, onlarla, yüzlərlədir .

– Nəyə görə belə müqayisə aparırsınız?

– Stabilliyə mütləq tərif vermək imkansızdır. Təxminən belə bir təsnifat vermək olar: hər kəsin öz işiylə məşğul olduğu, hər kəsin öz yerini bildiyi cəmiyyəti stabil və oturuşmuş cəmiyyət adlandrmaq mümkündür. Bu baxımdan rütbəsindən və məqamından asılı olmayaraq, yerində olmayan bircə məmur varsa belə, bu, stabillik, dövlətçilik, idarəçilik üçün potensial təhlükə mənbəyidir. Son günlər adı mətbuatda qiyamçı səfir kimi hallanan Arif Məmmədov komitə sədri və ya nazir deyildi ki? Mənim heç şübhəm yoxdur ki, bu problem birdən-birə sırf təsadüf nəticəsində yaranmamışdır…

– Siz necə düşünürsünüz, səfirin qiyamı hansı səbəblərdən qaynaqlana bilərdi ki…

– Bunun çox sadə bir izahı var. Dediyim kimi, ola bilər əvvəldən onun təyinatı yanlş olub. Əgər belə deyilsə, o, xarici işlər sistemində çalışmağa layiq bir kadr olubsa, başqa nüanslar meydana çıxır. Deməli, onun fəaliyyəti koordinasiya edilməyib, tapşırıq yükü az olub. Və nəticədə o, darıxmağa başlayıb. Elə onun çıxışları da bir səfirin qiyamından daha çox darıxan adamın isterikasına oxşayır.

çox maraqldır, bəzən mətbuatdan oxuyuruq, filan səfir kitab yazdı, filan səfirin kitabının təqdimatı keçirildi. Sual yaranır, bu adamlar xarici ölkələrə yaradıcılq məzuniyyətinə göndəriliblər? Mən nə üçün bu faktları xatırladıram? çünki təcrübə təsdiqləyir ki, boşluq yaratmaq olmaz. Əgər bircə məmura xüsusi imtiyaz tanınırsa, o çərçivəsindən çıxır, başqa ərazilərə müdaxilə edir, sonra özü haqda başqa iddialara düşür və yekunda idarəçilik əxlaqı pozulur və bu əxlaq pozğunluğu dövlət idarəçiliyinin başqa sahələrinə sirayət edir…

– Cəmiyyətin gözləntiləri çox böyükdür. Necə düşünürsünüz, kadrların islahatı prosesi davam edəcəkmi?

– Bəzən sosial gözləntiləri ilə idarəçiliyin məntiqi üst-üstə düşməyə bilər. çünki gözləntilər arzu və istəklər üzərində köklənir. Dövlət idarəçiliyi fərqli dəyərlərə hesablanır.