XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

16 Noyabr 2015 - 08:30

Azərbaycanın internet bağlantısına təhlükə varmı? -Araşdırma

EPG.png

Rusiyanın “VimpelCom” telekommunikasiya şirkətinin Gürcüstanın “Qafqaz Online” şirkətinin səhmlərini almağa hazırlaşması haqqında yayılan xəbərlər Azərbaycan mediasının da diqqətindən kənarda qalmadı. “Qafqaz Online”nin təsisçisi Mamiya Sanadiradzenin bu sövdələşmənin baş tutuduğu halda Rusiyanın Avropa və Asiyanı birləşdirən kabelin mülkiyyətçisi olacağı, bunun isə ruslara bütün telefon danışıqları və yazışmalara nəzarət etmək imkanı verəcəyi ilə bağlı açıqlaması ölkəmizdə müzakirə mövzusuna çevrildi. Bu məsələ ilə bağlı KİV-də ekspert rəyləri açıqlandı və “Qafqaz Online” şirkətinin səhmlərini ruslara satılmasının Azərbaycan internet məkanına yarada biləcəyi mümkün təhdidlər barədə fikrirlər səsləndi.  Mövzunun böyük maraq doğurduğunu və aktuallığını  nəzərə alaraq, Strateq.az bu məsələ ilə bağlı araşdırma aparıb.

Azərbayacan interneti haradan alır?

Azərbaycanın transkontinental “körpü” rolunu oymasına, Avropa və Asiyanın qovşağında yerləşməsinə, əlverişli coğrafi mövqeyinə baxmayaraq, ölkəmiz dünyanın internet-mərkəzlərindən kənarda qalır. Eyni zamanda Azərbaycan ərazisindən internetin yüklənməsi üçün xüsusi olaraq nəzərdə tutulan bəkbounlar (fibro-optik magistral İP-kanallar) keçmir. Məhz bu səbəbdən Azərbaycan uzun illər bir sıra ölkələrin  daxili kabel şəbəkələri vasitəsilə ötürülmüş internet-trafikdən istifadə etmək məcburiyyətində qalıb. Bunun da obyektiv səbəbləri var və Azərbaycanın çoğrafi mövqeyi ilə şərtlənir.

«Terabit Consulting» şirkəti tərəfindən BMT-nin Asiya və Sakit Okean regionu üzrə İqtisadi və Sosial Komissiyası üçün 2014-cü ildə  “Şimalı və Mərkəzi Asiyanın genişzolaqlı infrastrukturunun dərinləşdirilmiş tədqiqat (Layihə 2.0)” aparılıb. Tədqiqat Azərbaycan, Qazaxıstan, Qırğızstan, Rusiya Federasiyası, Tacikistanı, Türkmənistan və özbəkistanı əhatə edir. Tədqiqatda qeyd qeyd olunur ki, Rusiyanı çıxmaq şərti ilə, bu ölkələrdən heç birinin okena çıxışı yoxdur. Bunun nəticəsində bu kontinental ölkələr səmərli beynəlxalq genişzolaqlı rabitə əlaqəsinə qoşulmaqda dənizə çıxışı olan dövlətlərlə müqayisədə əlverişsiz mövqedədirlər. Dənizə çıxışı olan ölkələr səmərli beynəlxalq genişzolaqlı rabitəyə qoşulmasının dəyəri  onların kabel şəbəkələri üçün çəkdiyi faktiki xərcləri ilə ölçülür. Dənizə çıxışı olmayan ölkələr yalnız kabel infrastrukturunun deyil,  tranzit və qoşulma üçün öz qonşularının xərclərini çəkməlidirlər. Məsələn, tədqiqata cəlb olunan ölkələrdən yalnız quru sərhəddinə malik özbəkistan üçün beynəlxaq rabitəyə çıxış daha çətindir. 

Əlvə edək ki, Azərbaycanın hazırda beynəlxalq genişzolaqlı rabitəyə qoşulması yollarından biri Rusiya üzərindən həyata keçirilir. Rusiya üzərindən gələn 3 yerüstü fiber-optik kabel mövcuddur. Bu kabellər Meqafon, Rostelekom, TransTelekom (TTK) şirkətlərinin şəbəkələri ilə birləşdirilib. 

Azərbaycan və Rusiya arasında mövcud çoxfunksiyalı fiber-optik rabitə şəbəkəsi Rusiya tərəfdən MeqaFon, Rostelekom və TTK şirkətləri, Azərbaycan tərəfdən isə “Azərtelekom” MMC və Delta Telekom LTD tərəfindən istismar edilir.

Anklav Naxçıvan MR Azərbaycanın digər hissəsi ilə İran ərazisindən keçən fiber-optik kabellə birləşdirilib. Naxçıvan MR, həmçinin Türk Telekom şirkətinin şəbəkəsinə qoşulub.

2001-ci ildən Trans Asiya-Avropa (TAE) rabitə xətti Azərbaycanın Gürcüstan və İranla rabitəsini təchiz edir. Bu xətt Qırmızı körpü sərhəd-keçid mətəqəsi vasitəsilə Bakı və Tbilisini birləşdirir (Azərbaycan seqmenti TAE-1), Astara sərhəd keçid mətəqəsi vasitəsilə Bakı və Tehranı birləşdirir (Azərbaycan seqmenti TAE-2). 1999-cu ildə çəkilməyə başlayıb, 2001-ci ildə istifadəyə verilib. Bu xəttin təxminən 800 km-i Azərbaycan ərazisindən keçir. Buraxılış qabiliyyəti 622 Mbit/saniyədir.

2013-cü ildə “Avropa-Yaxın Şərq informasiya magistralı”  (Europe Persia Express Gateway – EPEG) fiber-optik kabel magistralı işə salınıb. Altı il il bundan qabaq Azərbaycan Persia Express Gateway (EPEG) fiber-optik kabel magistralının çəkilməsi üzrə iri beynəlxalq layihənin reallaşdırılmasına cəlb edilib. Layihənin təşəbbüskarları Rusiyanın “Rostelekom”, İranın Telecommunication Infrastructure Company (TIC), Omanın Omantel, eləcə də Böyük  Britaniyanın Cable &Wireless (C&W) şirkəti 2012-ci ilin payızında ötürmə imknaı 3,2 Tbit/s və ümumi uzunluğu, təxminən, 6 min km olan kabelin çəkilməsini yekunlaşdırdılar. Almaniyanın Frankfurt şəhərindən başlanğıc götürən bu xətt Omana qədər uzadılıb və üç tranzit dövlət – EPEG konsorsiumunun bilavasitə iştirakçıları olmayan Polşa, Ukrayna və Azərbaycanın ərazisindən keçir.

 

Azərbaycan strateji şəbəkə şaxalənməsini həyata keçirə bilib

 

Europe Persia Express Gateway (EPEG) fiber-optik kabel magistralının çəkilməsi Azərbaycan üçün strateji əhəmiyyə malikdir. Bununla Azərbaycanın Tier 1 operatorlarına (əsas provayderlərə) birbaşa giriş əldə edib. Texniki sabitliyi əhəmiyyətli dərəcədə gücləndirib və Azərbaycanın Avropadan  internet-trafiklə təmin olunma xərclərini dəfələrlə azaldıb. Eyni zamanda bu marşrut Avropa və Yaxın Şərqi yeraltı kabellər vasitəsilə birləşdirən ən qısa alternativdir.

Layihənin həyata keçirilməsi üzrə konsorsium 2011-ci ilin may ayında yaradılıb. “Cable & Wireless”-in qurduğu magistral Avropanı Ukrayna ilə, Rusiyanın sərhədinə kimi birləşdirir, Rusiya-Ukrayna sərhədindən Azərbaycan seqmenti üzərindən İrana doğru davam edir. İranla Fars körfəzi arasında fiber-optik kabel magistralının çəkilməsi işinə “TIC” şirkəti, layihənin Omana qədər davam edən seqmentinin tikintisinə isə “Omantel” şirkəti cavabdeh olub. Yeni kabel magistralının tutumu 0,5 Tbit/s təşkil edir. “EPEG” şəbəkəsinin ümumi uzunluğu 10 min km, onun ümumi qiyməti isə 200 mln. dollar təşkil edir.

Azərbaycan seqmentinin tikintisini ölkədə ilk internet “backbone” “Delta Telecom” şirkəti həyata keçirib. Beynəlxalq fiber-optik magistralın Azərbaycan seqmentinin tikintisi çərçivəsində təkcə avadanlığın alınmasına 3 milyon avro xərclənib. Bu layihəyə qoşulmaqla Azərbaycanın ən iri ilkin provayderi “Delta Telekom” şirkəti 3,2 Tbit/s sürətlə trafik ötürmək imkanı əldə edib.

Bu layihə ilə paralel olaraq Azərbaycanın “Delta Telecom” LTD şirkətinin İnternet magistralının yaradılması ölkənin internet təhlükəsizliyinin təmin olunması sahəsində çox mühüm addım kimi qiymətləndirilə bilər. Eyni zamanda 2012-ci ildə “Delta Telecom” şirkəti  Frankfurtda öz magistral internet-qovşağını yaradıb. Bu internet-qovşaq Avropadan Azərbaycana trafikin 1,4 terabayt həcmində ötürülməsini həyata keçirməyə imkan v
erir. 

“Delta Telecom” 5  əsas provayder (Tier1 provayderlər) TeliaSonera, GlobeInternet, Level 3, GlobalCrossing, Tinet provayderləri ilə əməkdaşlıq edir və onlara birbaşa çıxış imkanı mövcuddur. Bu isə çox əhəmiyyətlidir. Məsələn,  Level 3 provayderi məlumatların ötürülməsi üzrə ən böyük magistral kanallar şəbəkəsidir (Backbone) və İnternet Marşrutizasiyasnın Qlobal Reyestrində (BGP) Avtonom Sistemində (AS 1) 1 saylı qeydiyyat nömrəsinə və dünyada ən yüksək qoşulma səviyyəsinə malikdir. Bu qovğaşın yaradılmasıyla indi bütün bu trafik Frankfurtdakı magistral qovşaqdakı rutora toplanır və cəm şəklində Azərbaycana göndərilir.

“Delta Telecom” İnternet Magistralı Azərbaycanda və Qafqazda ilk dəfə, məhz “Delta Telecom” tərəfindən yaradılmışdır. Bu magistralın xüsusi özəlliyi onun həm şimal və cənub, həm də qərb istiqamətində tam yedəkli olaraq, beynəlxalq internet kanallarına məxsus olmasıdır. Bu da o deməkdir ki, hər hansı fövqəladə hal şəraitində bu beynəlxalq kanalların zədələnməsində belə, Azərbaycanın internet istifadəçiləri heç bir problem ilə üzləşməyəcəklər.

İnternet magistralı,  həmçinin qonşu ölkələrin iri İSP-nə internet xidməti göstərir. Bu göstərilən xidmət “Delta Telecom”un İnternet Magistralının özəlliyinin bariz nümunəsidir.

Nəinki Azərbaycanda, həmçinin regionda ilk dəfə olaraq, hər üç istiqamətdən alternativ optik kanallar vasitəsi ilə Avropa İnternet Magistralına çıxış “Delta Telecom”un İnternet Magistralı tərəfindən həyata keçirilib.

İnternet Magistral coğrafiyasına Rusiyanın, Türkiyənin, Gürcüstanın və ən önəmlisi – Avropanın daxil olduğu internet şəbəkəsi daxildir. İnternet Magistralının üstünlüyünün ən ümdə göstəricisi – regionda ilk dəfə optik yerüstü kanallar vasitəsilə iritutumlu internet trafikinin regiona daşınması, həmçinin Rusiya, Türkiyə və Avropanın beynəlxalq internet kanalları ilə təchiz olunmasıdır.

Bu gün magistral Rusiya, Türkiyə üzərindən alternativ operatorlarla, hətta Okeaniya üzərindən Avropa magistralına bağlanılır.

Qeyd edək ki, Azərbaycanın EPEG layihəsində uğurlu iştirakı digər beynəlxalq təşəbbüsün – TransAvrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsinin reallaşdırılmasına böyük dəstək olacaq. Bu layihə,  təxminən, 6  il bundan öncə RYTN (Rabitə və Yüksək  Texnologiyaları Nazirliyi) tərəfindən təklif edilib. O, Avropa və Asiyanın 20-dən artıq ölkəsini yüksəksürətli informasiya şəbəkəsi ilə birləşdirməyi nəzərdə tutur. 2009-cu ilin noyabr ayında və 2012-ci ilin dekabr ayında TASİM layihəsini BMT Baş Assambleyası yekdilliklə qəbul edib. Bu təşəbbüsün reallaşmasına Rusiya (“Rostelekom” operatoru ilə təqdim olunub), Qazaxıstan (“Kaz-TransKom”), Türkiyə (TurkTelecom), çin (ChinaTelecom), eləcə də Azərbaycanın “Aztelekom” kimi şirkətləri cəlb olunublar. Cari ilin sonunda bitəcək birinci mərhələdə regionun aparıcı ölkələri və operatorları Şərq və Qərbi birləşdirəcək əsas tranzit internet-infrastrukturu yaratmağı, eləcə də onun kommersiya cəlbediciliyinə nail olmağı planlaşdırırlar. İkinci mərhələdə yaradılmış infrastrukturdan  istifadə edərək beynəlxalq internet-qovşaqlarına birbaşa çıxışı olmayan Avrasiya ölkələri üçün  münasib qiymətlərə internet-birləşməsi ilə təmin olunma ehtimal edilir. Növbəti  addım yeni fiber-optik xətlərin çəkilməsi, mövcud olanlarının təkmilləşdirilməsi və TASİM şəbəkələrinə birləşdirilməsi olacaq. 

Bütün bu addımlar Azərbaycanda genişzolaqlı rabitəyə çıxış imkanlarını yaxşılaşdımağa böyük imkanlar yaradıb.

«Terabit Consulting» şirkəti tərəfindən BMT-nin Asiya və Sakit Okean regionu üzrə İqtisadi və Sosial Komissiyası üçün 2014-cü ildə  hazırlanmış “Şimalı və Mərkəzi Asiyanın genişzolaqlı infrastrukturunun dərinləşdirilmiş tədqiqat”da qeyd edilir ki, araşdırılan ölkələr sırasında səmərli genişzolaqlı rabitəyə çıxış imkanlarına görə Azərbaycan, Rusiya və Qazaxıstan daha yaxşı imkanlara sahibdirlər.  Genişzolaqlı internetə çıxış bu ölkələrdə adambaşına 16-23 kbit/saniyə təşkil edir.  Bu ölkələr sırasına bununla bağlı ən yaxşı göstərici Azərbyacana məxsusdur və 22.4 kbit/saniyə təşkil edir. Qazaxıstanda bu göstərici 16,5 kbit/saniyə, Rusiyada 17,4 kbit/saniyədir.

Tədqiqatda Azərbaycanda genişzolaqlı şəbəkəyə qoşulma qiymətiənın ağılabatan səviyyədə olması vurğulanır. Eyni zamanda qeyd edilir ki, İP tranzit regionda Azərbaycanda  ən ucuzdur.

Əlavə edək ki, 2014-ci ildə Azərbaycanın internetinin milli seqmenti (AzNET) internet-trafikinin həcmi 300 Qbit/saniyə təşkil edib.

“Delta-Telecom”un məlumatına görə, 4 noyabr 2015-ci il tarixə  Azərbaycanda istehlak edilən daxil olan internet tarfikin həcmi 180 qiqabayt olub, bu isə sentyabrın göstəricisindən 50% çoxdur.

ITU-nun (Beynəlxaq Telekommunikasiya İttifaqı) dünyada genişzolaqlı internetin istifadəsi ilə bağlı son hesabatına görə, hər 100 nəfərə düşən genişzolaqlı inernet qoşulma göstəricisi Azərbaycan üzrə 19,18 təşkil edir. Ermənistanda bu göstərici 9.1, Gürcüstanda isə 12.2 təşkil edir.

Azərbaycan internet rabitənin sabitliyi ilə bağlı da çox yaxşı göstəricilərə malikdir. Ekspert qiymətləndirmələrinə görə, EPEG-nin Azərbaycan seqmentində SLA (Service Level Agreement) göstəricilərinə görə, illik dayanıqlıq əmsalı 99,99% səviyyəsində qiymətləndirilir. SLA standartları xidmətlərin əlçatanlıq əmsalı, kəsilmələrin aradan qaldırılması üzrə normativlərə riayət olunması, məhsuldarlıq göstəriciləri, yəni orta və maksimum ötürmə imkanlarını əhatə edir.

Sonda qeyd edək ki, araşdırma aparan zaman söhbətləşdiyimiz mütəxəssislər qeyd etdilər ki,  görülən tədbilər nəticəsində Azərbaycan beynəlxaq şəbəkəyə qoşulmaq üçün etibarlı alternativ imkanlar əldə edə bilib. Azərbaycanın bir neçə alternativi mövcuddur. “Delta Telecom” tərəfindən yaradılan İnternet Magistral Rusiya, Türkiyə üzərindən alternativ operatorlarla, hətta Okeaniya üzərindən Avropa magistralına bağlanılır. Digər tərəfdən fiber-optik kabel şəbəkələrinə kifayət qədər çox geniş nəzarət imkanları var və burada hər hansı müdaxilə mümkün deyil. Belə müdaxilə olduqda isə anında məlumat almaq və adekvat reaksiya vermək imkanları mövcuddur.

Zaur İbrahimli

Strateq.az