XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 November 2015 - 09:25

“Parisin sirləri”: Ollandı və Bəşər Əsədi birləşdirəcək terror –TƏHLİL

 

olland goz.jpg

 

Parisdə terror Avropanın, o cümlədən Fransanın tarixinin ən çətin anında törədilib. Bu barədə Böyük Britaniyanın “The Financial Times” qəzetinin yazdığı təhlildə qeyd olunub.

Təhlildə deyilir ki, hazırda bütün siyasi müstəvi qanlı hadisədən sonra Fransanın Yaxın Şərq böhranında iştirakının perspektivi, o cümlədən bu terrorun dekabr ayında keçiriləcək regional seçkilərə necə təsir göstərəcəyinə dair suallara cavabı gözləyir.

Xatırladaq ki, Fransa Suriyada İŞİD-ə qarşı ilk aviazərbələri sentyabr ayından endirməyə başlayıb və həmçinin İraqda bu qruplaşmaya qarşı bomba reydlərində mütəmadi iştirak edib. Ekspertlərin fikrincə, çətin ki, Olland terrordan sonra Fransanın İŞİD-ə qarşı apardığı müharibədən çıxsın. Əksinə, yaxınlarda hərbi əməliyyatların intensivliyi daha da artacaq.

Digər məsələ Fransada dekabrda keçirİləcək seçkilərdir: Odur ki, fransız seçicilərinin regional seçkilərə olan münasibəti ciddi şəkildə izlənəcək. Artıq bəzi qənaətlər mövcuddur. Aparılan rəy sorğularının nəticələrinə görə, Marin Le Penin rəhbərlik etdiyi ultramillətçi “Milli Cəbhə” Nor-Pa-de Kale regionunda qələbə çalacaq. “Milli Cəbhə” uzun müddətdir ki, müsəlman miqrantların Avropaya buraxılmasına qarşı çıxır və sərhədlərin bağlanmasını tələb edir. İndi bu siyasi hərəkat terror faktından maksimum istifadə edərək özünün kütləvi qazancını əldə edə bilər. Artıq ultramillətçilərin arqumentləri qarşısında ənənəvi mərkəzçi partiyalar tab gətirə bilmirlər.

Parisdə baş verən terror Avropanı miqrant böhranının tən ortasında haqladı. Qeyd edək ki, Fransanın qonşusu  Almaniya 1 milyon miqrantı qəbul edəcəyini planlaşdırırdı. Onların böyük əksəriyyəti isə Yaxın Şərqdən gəlib. Bu faktoru nəzərə alsaq Parisdəki terrordan sonra Angela Merkelə də ölkəsində sərhədlərin bağlanması barədə siyasi təzyiq güclənəcək.

Terrora qədər İsveç öz sərhəddini miqrantların üzünə bağladığını bəyan etmişdi. çünki bu balaca dövlət Avropanın digər ölkələrindən bir neçə dəfə çox miqrant qəbul etmişdi. İndi terrordan sonra Merkel də siyasi və sosial təzyiqi zəiflətmək üçün bu addımı atmaq istəyəcək. Amma bununla yanaşı Merkel başa düşür ki, belə qərar miqrant axınının hərəkəti yolunda olan Balkan ölkələri üçün mənfi nəticələr yaradacaq.   

Terrorun digər mümkün nəticələrindən biri İŞİD-ə qarşı mübarizəyə stimul verməsidir. Qərb siyasətçiləri bütün ikinci dərəcəli məsələləri kənara tullayıb bu qruplaşmanı darmadağın etmək üçün bütün səylərini bir ələ cəmləyəcəklər. “İkinci dərəcəli məsələ” kimi Bəşər Əsədə olan münasibəti də qeyd etmək olar. Belə ki, terror Əsədin devrilməsi kimi məsələni bir kənara ata bilər. Amma Fransa Əsədi Suriya böhranının əsas kökü sayan ölkədir. Odur ki, yaxın həftələrdə Parisin antiəsəd mövqeyindən geri çəkiləcəyi az inandırıcıdır.

Bəlli olan budur ki, Parisin və Avropadakı qonşularının iştirakı  yaxın bir neçə ay ərzində terrordan sonrakı siyasi mənzərəyə dəqiq siyasi yanaşma işlənib hazırlanacaq.

Hazırladı

X. SƏFƏROĞLU