XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

18 Noyabr 2015 - 11:25

“Əli Abbasovun ən böyük səhvi…” – Sabiq nazirdən ilginc açıqlamalar

Keçmiş rabitə naziri Nadir Əhmədov “MTN işi” ilə əlaqədar Rabitə və Yüksək Texnologiyalar Nazirliyində baş verənlər, nazirliyin yüksək vəzifəli şəxslərinin həbsi, Əli Abbasovun nazir postundan uzaqlaşdırılması ilə bağlı Modern.az saytının suallarını cavablandırıb.

Sabiq nazir illər əvvəl birgə çalışdığı rabitəçilərin əməllərindən çox təəssüfləndiyini deyib:

“Gərək bunlar baş verməyəydi. çünki baş verənlər rabitəçilərin adına xələl gətirdi. Rabitə Nazirliyində heç vaxt belə hallar olmayıb. Hesab edirəm ki, bütün baş verənlərin səbəbkarı hörmətli alim, sabiq nazir Əli Abbasovun öz ardınca aparat rəhbəri gətirdiyi Vidadi Zeynalovdur.

Bəli, nazirlikdə baş verən bu hallara şərait yaradan Vidadi Zeynalov olub. Vidadi özü rabitəçi deyildi. Mən o vaxt “Baqotel”də işləyəndə o da “Domsovet”də çalışırdı. Oradan da qanun pozuntularına görə qovulmuşdu. Onun yeri Rabitə Nazirliyi deyildi. O, ancaq pozuntu işlərini bacarırdı. Rabitədən başı çıxmırdı. Alim Əli Abbasovun ən böyük səhvi Vidadi Zeynalovdur”.

Sabiq nazir deyib ki, kiminsə danışıqlarını dinləmək dövlət qanunlarının pozulmasıdır:

“Düşünəndə belə, adamın ağlına gəlməyən hallardır. Korrupsiya faktlarına gəldikdə, buna da inana bilmirəm. ümumiyyətlə, rabitəçilər təmiz adam olublar. Onların əksəriyyəti mənimlə birgə çalışanlardır. Təbii ki, meşə çaqqalsız olmaz. Mən onların çoxunu yaxşı mütəxəssis kimi tanıyırdım. Qurumun və işçilərin birdən-birə korlanması, qanunları pozması, dövlətin vəsaitini mənimsəməsi ağlasığmayan, yol verilməyən haldır, onlar da bunu ediblər. Amma yenə deyirəm, rabitəçilərin içərisində vicdanlıların sayı çoxdur”.

Nadir Əhmədovun fikrincə, nazirlikdə vəziyyətin stabilləşməsi üçün çox böyük təmizləmə aparılmalıdır: “Amma nəzərə alaq ki, bu, 1-2 ilə düzələn deyil. Artıq rabitəçilər barədə mənfi imic formalaşdırdılar. Bu fikirlərin aradan qaldırılması asan məsələ deyil. Kimə yaxınlaşırsan, bu barədə danışır, nə qədər çalışıram uzaq olum, istər-istəməz mən də fikir bildirmək məcburiyyətində qalıram.

80-ci illərdə Azərbaycanda rabitəçilərin imici çox pis idi, hara gedirdin onları ələ salırdılar. Hətta mən özüm rabitəçi kimi bir çox məclislərə getməkdən imtina edirdim. Camaatın ağzını bağlamaq mümkün deyildi. Sevindiricidir ki, sonralar bu fikirlər daha səslənmədi, rabitəçilər hörmət qazanmağa başladı. Hətta insanların çoxu bu nazirlikdə çalışmaq üçün müraciət edirdi.

İnanıram ki, hər şey qaydasına düşəcək. Elə bir şey yoxdur ki, onu həll etmək mümkün olmasın. Hesab edirəm ki, rəhbərliyə gənc, bu işlərlə əlaqəsi olmayan, hətta əvvəllər bu insanlarla görüşməyən kadr gətirilməlidir”.

Keçmiş rabitəçi ölkədə İnternetin kəsilməsinə də münasibət bildirib. O qeyd edib ki, ölkədə İnternetin yoxluğu 7 saat çəkməməli idi: “İstənilən halda, ölkədə internetin bərpası yarım saatdan çox çəkməməli idi”.