XƏBƏR LENTİ

01 Oktyabr 2020

Digər Xəbərlər

18 Noyabr 2015 - 15:07

Azərbaycan Qərb-Rusiya seçimində: Balans siyasətinə qayıtmaq vaxtı – Təhlil

elchinrustemli.jpg

Elçin RüSTƏMLİ
 
 
Rusiya və Qərb arasında vüsət alan “soyuq müharibə”nin əsas cəbhələrindən biri Cənubi Qafqazdır. Azərbaycan, Gürcüstan və Ermənistan iki qlobal güc arasında gedən mübarizənin sərt təsirlərinə məruz qalır. Rusiya Ukrayna böhranından sonra bu bölgədə daha fəaldır. Moskva Qərbin region ölkələrinə təsirlərini məhdudlaşdırmaq üçün ardıcıl hərbi, siyasi, iqtisadi tədbirlər görür. 
 
Kremlin Ukraynada hakimiyyət dəyişikliyi zamanı nümayiş etdirdiyi aqressiya zəif postsovet ölkələrini maksimum ehtiyatlı xarici siyasət yürütməyə vadar edir. Putin administrasiyası açıq şəkildə Rusiya Federasiyasının maraqlarına qarşı təhdidlərə hətta nüvə zərbələri ilə cavab veriləcəyini bəyan edib.
 
Bu gün Qərbin ağır iqtisadi sanksiyalarının vurduğu zərərə rəğmən, Rusiya Suriya hərbi kampaniyasının əsas iştirakçılarından birinə çevrilib. Aviazərbələr, Xəzərdəki hərbi gəmilərdən atılan uzaqmənzilli raketlər rəsmi Moskvanın Qərb qarşısında bütün cəbhələrdə maraqlarını qorumaq iqtidarında olduğunu nümayiş etdirməyə yönəlib. 
 
Xəzər hərbi donanmasının proseslərdə rol alması təkcə hərbi taktika deyil, Rusiyanın postsovet məkanında strateji siyasi maraqlarını ifadə edir. Kreml hələ 5 il əvvəl MDB məkanını özünün əsas maraq dairəsi elan etmişdi. Cənubi Qafqaz, Orta Asiyanı və Avropanın bir hissəsini əhatə edən Avrasiya İttifaqı layihəsi Rusiya patronajlığının sərhədlərini müəyyənləşdirir. Xəzərdən atılan raketlərlə Kreml bölgə ilə bağlı dünyaya verdiyi mesajı bir daha təkrarlamış oldu.
 
Son illərdə Cənubi Qafqaz ölkələrində gedən daxili proseslərdə “soyuq müharibə”nin təsirləri açıq sezilir. AzərbaycanGürcüstan özünü Rusiyanın aqressiyasından qoruqmaq üçün pereventiv tədbirlərə əl atır. Azərbaycanda Kremlin təzyiqlərini neytrallaşdırmaq üçün hökumətin “Qərbin beşinci kolonu” elan etdiyi partiyaların və QHT şəbəkəsinin sıradan çıxarılması, Gürcüstanda Putinin qatı düşməni Saakaşvilinin siyasi gücünün zəiflədilməsi, özünün vətəndaşlıqdan məhrum edilməsi, KİV-lərinin dağıdılması prosesi gedir. Ruspərəst, “boz kardinal” İvanişvilinin hökumətin xarici siyasət kursuna müdaxiləsi, bir neçə qərbyönlü nazirin buna etiraz olaraq istefa verməsi, ölkənin enerji bazarının “Qazprom” qazı hesabına diversifikasiya planının ortaya atılması, Ermənistanla siyasi dialoqun intensivləşdirilməsi şimaldan yön verilən hadisələrdir.
 
Ermənistana gəldikdə, bu ilin yayında Sərkisyan iqtidarına qarşı təşkil olunan “enerji qiyamı”, Moskvada erməni milyarderlərinin formalaşdırdığı müxalifət partiyası erməni diasporunun təzyiqi ilə Qərblə konfrantasiyadan yayınmağa çalışan siyasi sistemi möhkəm iplərlə Kremlin divarlarına zəncirləmək məqsədi daşıyır.
 
Rusiya Cənubi Qafqaz siyasətini hər ölkənin daxili siyasi vəziyyətinə uyğun olaraq müəyyənləşdirir. Ermənistan Kremlə tam təslim olub, bunu ölkənin Avrasiya İttifaqına üzvlüyü, ölkədəki rus hərbi bazaları, Qarabağda qurulmuş, Kremlə bağlı oyuncaq separatçı hökumət çoxdan təsdiq edib. Sərkisyanın müəyyən manevrləri özünün hakimiyyət maraqları ilə bağlıdır. O, Qərblə perspektivsiz oyunları ilə özünə hərtərəfli siyasi dəstəyi təmin etməyə çalışır. Yəni hazırkı iqtidarın əvəzi qatı ruspərəstlərdir, bu da Qərbin regionla bağlı maraqlarına təhdid mənbəyidir. Sərkisyan isə erməni diasporu ilə yaxşı münasibətdədir, qərb siyasi dairələri ilə əlaqələri davam etdirmək tərəfdarıdır. 
 
Gürcüstanın siyasi sistemi  digər iki ölkədən fərqli olduğu üçün Rusiya burada daha incə oynamağa, öz resurslarından daha səmərəli şəkildə faydalanmağa çalışır. çünki bu ölkədə hakimiyyət böhranının sonu yeni seçkilər deməkdir, bu da öz növbəsində Gürcüstanda Qərbin siyasi revanşı üçün göydəndüşmə fürsət ola bilər. Əlbəttə, faktiki Rusiyaya birləşdirilən Cənubi Osetiya və Abxaziya, Azərbaycanla qurulan strateji kommunikasiya xətlərinin hərbi nəzarətə götürülməsi Tiflisə qarşı hazırda istifadə olunan “yumşaq gücün”, lazım gələrsə, qısa müddətdə işğalla nəticələnəcəyinə şübhə yeri qoymur.
 
Rusiyanın əsas dərdi Azərbaycanla bağlıdır. Kreml Cənubi Qafqazın əsas ölkəsini tamamilə ram etmək üçün bütün mümkün təzyiq vasitələlərindən istifadə edir.   
 
Bura ilk növbədə Qarabağ danışıqlarının Minsk Qrupu formatından de-fakto çıxarılaraq Moskvanın nəzarətinə verilməsi daxildir. Bu barədə bir neçə ay əvvəl amerikalı tədqiqatçı Tomas de Vaal da yazmışdı. O, rəsmi Bakının Vaşinqton və Brüssellə dialoqu zəiflətdiyini, Rusiyanın təşəbbüsü tamamilə ələ aldığına eyham vurmuşdu.
 
Minsk formatının uğursuzluğa düçar olması regionda status-kvonun qorunub saxlanmasında maraqlı olan Kremlin məqsədyönlü siyasətinin nəticəsidir. Bütövlükdə regionu hərbi-siyasi nəzarətdə saxlayan, Qərblə açıq konfrantasiya halında olan Rusiyanın istisna olaraq Qarabağ münaqişəsində Qərblə bərabər sülhpərvər vasitəçi olması qeyri-mümkündür. Qərbin proseslərə müdaxilə imkanı isə yoxdur, Minsk formatının saxlanması 20 il davam edən imitasiyanın alternativsizlik ucbatından davam etdirilməsindən başqa bir şey deyil.   
 
Rusiyanın Cənubi Qafqazdakı etnik münaqişələrlə bağlı siyasəti əsla dəyişməyib. Konkret olaraq Qarabağdan Azərbaycana, Qərbin, Türkiyənin regiondakı mövqelərinə təsir etmək üçün istifadə olunur.  
 
Putin administrasiyasının gerçəkləşdirdiyi Avrasiya İttifaqı layihəsində Cənubi Qafqaz bütövlükdə yer alır. Müharibə vəziyyətində olan iki ölkənin bir çətir altında iqtisadi, siyasi əməkdaşlıq etməsi qeyri-mümkün olsa da, Kreml zorakılıqla buna nail olmağa çalışır. Azərbaycanın iradəsini sındırmaq üçün təmas xəttində vaxtaşırı təxribatlar, Ermənistanın iqtisadi, siyasi hərbi dəstəklə təmin olunması həyata keçirilir. Kremlin Azərbaycan siyasətini müəyyənləşdirən qurumlar  xüsusən, ölkənin daxilindəki faktorlara müraciət edir. Məsələn, rusmeylli KİV infrastrukturunun qurulması, mediada bəzi politoloqların dili ilə Rusiyanın ictimai rəydə imicinin yüksəldilməsi cəhdləri, rəsmi şəxslərin Qərbin təzyiqlərindən rəsmi Bakını müdafiə etmək imitasiyası, hökumət üzvlərinə dostluq ordenlərinin paylanması və s. addımlar diqqət çəkir.  
 
Bu günlərdə Rusiya Prezidenti Vladimir Putin “Qafqaz kollektiv təhlükəsizlik regionunda” Ermənistanla birgə hava hücumundan müdafiə sisteminin yaradılmasına dair sazişin imz
alanması üçün sərəncam verib. Sərəncamda qeyd olunur ki, sözügedən direktivin icrası Rusiyanın Müdafiə və Xarici İşlər nazirliklərinə tapşırılır. Bundan bir qədər əvvəl MDB Müdafiə Nazirləri Şurasının Havadan Müdafiə Komitəsi Cənubi Avropa, Qafqaz və Mərkəzi Asiyada regional müdafiə sistemlərinin yaradılması zəruriliyini elan etmişdi.
 
Bu addım yuxarıda qeyd etdiyimiz Cənubi Qafqazın bütövlükdə Rusiyanın nəzarətinə keçirilməsi, Qərbin bölgədən tamamilə sıxışdırılıb çıxarılması istiqamətində növbəti cəhdidir. Azərbaycan üçün çətin bir vəziyyət yaranır. Ermənistanla sülh heç üfüqdə də görünmür, rəsmi Bakı düşmənə güc tətbiq etmək üçün hərbi infrastruktura milyardlarla dollar xərcləyib, elə Rusiyadan strateji hücum və müdafiə silahları alınıb. İndi Moskva Ermənistanın ərazisini hava hücumundan müdafiə etməyi üzərinə götürürsə, Azərbaycanın Qarabağı hərbi yolla qaytarmaq variantını istisna etməkdən başqa yolu qalmır. Doğrudur, Ermənistanla Rusiya arasında razılaşmanın Qarabağa hüquqi cəhətdən dəxli yoxdur. Amma de-fakto Xankəndindəki separatçı rejim Moskvadan idarə olunur. Bunun nə demək olduğunu Bakıda dəqiq bilirlər.
 
Putinin sərəncam verdiyi gün Azərbaycan Prezidenti İlham Əliyevin Hərbi hava qüvvələrinin hərbi hissəsinə baş çəkməsi, zenit-raket kompleksləri ilə tanış olması diqqət çəkdi. Müşahidəçilər bugünlərdə Qərbin şəbəkəsinə daxil olan politoloq Arif Yunusun həbsdən azad edilməsinin də təsadüf olmadığını bildirirlər. Yəni Bakı Rusiyanın Ermənistana açıq dəstəyinə Qərblə soyuqlaşan münasibətlərini yenidən canlandırmaqla cavab verə bilər. Arif Yunusun azadlığa buraxılmasına Qərbdən ABŞ dövlət katibi Con Kerri, Avropa İttifaqından xarici siyasət komissarı Federika Mogerini səviyyəsində münasibət bildirilib. Hər iki yüksək ranqlı diplomat Azərbaycan rəhbərliyini alqışlayıb və prosesin davamlı olacağına ümidlərini ifadə edib. Şübhəsiz ki, Qərbdə yüksək səviyyədə reaksiya rəsmi Bakının bu addımını münasibətlərin bərpa olunması istiqamətində qəbul olunmuş ilkin qərar kimi qiymətləndirildiyinə görə verilir. 
 
Azərbaycandan qabaq belə bir addımı Belarus ataraq bütün siyasi məhbusları azadlığa buraxıb və nəticədə Avropa İttifaqı bu ölkəyə tətbiq etdiyi sanksiyaları müvəqqəti aradan qaldırıb. Bu həftə isə Qazaxıstan Avropa İttifaqı ilə strateji tərəfdaşlıq sazişi imzalayıb. Bu razılaşma mahiyyət etibarı ilə Şərq Tərəfdaşlığından fərqlənsə də, Qazaxıstana Aİ-nin tərəfdaşları statusunu verir. Bu, inkişaf etməkdə olan qazax iqtisadiyyatı üçün milyardlarla investisiya, modern texnologiya təminatı, yeni ticarət münasibətləri, iqtisadi oyunçuların qarşılıqlı əməkdaşlığı üçün böyük imkanlar deməkdir. 
 
Belarus və Qazaxıstan Avrasiya İttifaqının üzvləri olsalar da, ölkəni tamamilə Rusiyanın boyunduruğuna verməkdən hər vəchlə qaçmağa çalışırlar. Rusiya ilə normal ikitərəfli münasibətləri saxlayıb inkişaf etdirmək yaxşıdır, bu, kiçik dövlətlərin iqtisadiyyatına töhfə verir. Amma Kremlin girovuna çevrilmək ölkənin müstəqilliyi və suverenliyi üçün böyük təhlükə mənbəyidir. Ermənistanın nümunəsində bunu aydın görürük. Bu ölkədə hakimiyyətdə hansı partiyanın olmasından asılı olmayaraq, ölkənin iqtisadi, siyasi, hərbi sistemi tamamilə Rusiyanın nəzarətindədir. Yerevanda Kremlin iradəsindən xarici heç bir qərar qəbul etmək mümkün deyil. Elə ona görə Rusiyanın yaratdığı Qarabağ münaqişəsi bu ölkəni tamamilə deqradasiyaya uğradaraq məhvə sürükləyir.   
 
Beləliklə, Azərbaycanın bu günə qədər apardığı balans siyasətinin davamlı olmasında israrlı olmaqdan yaxşı yolu qalmır. Rəsmi Bakı Rusiyanın maraqlarına cavab verən Qərblə konfrantansiyanı yumşaldıb bu siyasətinə dəstəyi təmin etməlidir. Onsuz da Qərbdə Azərbaycandan çox böyük addımlar gözləmirlər, regiondakı mövcud hərbi-siyasi durum nəzərə alınır. Əlbəttə, Ukrayna nümunəsi hər bir postsovet ölkəsi üçün dərs çıxarılması böhrandır. Amma yumşaq seçim üçün həmişə imkan var, Qərbin Bakının kiçik bir addımına ən yüksək səviyyədə reaksiya verməsi onun dönüşü gözlədiyinə işarədir.