ABŞ prezidentliyinə namizəd milyarder Donald Tramp ölkədə yaşayan müsəlmanlara xüsusi şəxsiyyət vəsiqələrinin verilməsini təklif edib.
“RİA Novosti”nin məlumatına görə bu barədə Tramp “Yahoo News”a müsahibəsində bildirib.
“Biz əvvəl tətbiq etmədiyimiz addımları atmalıyıq. Bu qərar bəzilərinin xoşuna gəlməyəcək, lakin mən düşünürəm ki, hamı təhlükəsizliyin öz şərtlərini diktə edəcəyini anlayır”, deyə Tramp bildirib.
Prezidentliyə namizəd ölkədəki müsəlmanların xüsusi məlumat bazasının yaradılmasını, onlara dini mənsubiyyətinin göstərildiyi xüsusi şəxsiyyət vəsiqəsinin verilməsini istisna etməyib. “Biz çox şeyə ciddi diqqət yetirməli olacağıq. Biz həmçinin məscidlərə də diqqət yetirməli olacağıq”, deyə Tramp vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl Tramp Parisdəki terror aktlarına cavab olaraq ABŞ-dakı bütün məscidləri bağlamağı təklif edib.