Bəşər Əsəd yenə beynəlxalq ümidləri boşa çıxartdı.
Strateq.az xəbər verir ki, Suriya diktatoru yeni siyasi sistemə keçid üçün ölkəsinin terror işğalından tam azad olunmasını şərt kimi irəli sürüb. Bu isə “beynəlxalq ictimaiyyət nə düşünür-düşünsün, nə qərar qəbul edir-etsin, mən hakimiyyətdən getməyəcəyəm” anlamına gəlir.
Qeyd edək ki, bu yaxınlarda ABŞ və Rusiyanın da iştirakı ilə 19 dövlət tərəfindən keçirilən Vyana Konfransında əldə olunmuş ümumi razılığa əsasən, Suriyada yeni siyasi sistemə keçid prosesi başlayacaqdı. 2 il sürdürülməsi gözlənilən bu prosesin ilk mərhələsi 6 ay davam edəcək və bu müddət ərzində müvəqqəti konstitusiya hazırlanacaq, növbədənkənar seçkilər keçiriləcəkdi. Bəşər Əsəd isə həmin seçkidə iştirak edə bilməyəcəkdi. Növbədənkənar seçki nəticəsində qurulucaq müvəqqəti hökumət 1.5 il iqtidarda olacaq və qəbul etdiyi qanunlarla ölkəni yeni siyasi sistemə hazırlayacaqdı.
II Vyana konfransında əksər ölkələrin razılaşdığı bu tezislərinin bir sıra məqamlarına Rusiya və İrandan bəzi etiraz səsləri yüksəlmiş, onlar əsasən növbədənkənar seçkilərdə Bəşər Əsədin iştirakına məhdudiyyət qoyulmasına qarşı çıxmışdılar. Rusiya təyyarəsinin Sinay yarımadasında vurulmasından sonra “müxalif dövlətlər” də öz tutduğu mövqelərindən geri çəkilmiş və beləcə, Bəşər Əsədsiz keçid mərhələsi Vyana konfranslarında əldə olunan yekun həll modelinə çevrilmişdi.
“Müxalif dövlətlərin” də razılaşdığı bu modelin Bəşər Əsəd tərəfindən də qəbul olunacağı gözlənilirdi. Nədən ki, Suriya diktatoru bu havadarları sayəsində ayaqda durmağı bacarır və sözügedən dəstəyi itirərsə, rejim bir neçə aydan sonra ömrünü tamamlaya bilər. Bəşər Əsədin dünənki açıqlaması isə Vyana konfransı iştirakçılarının ümidini gözlərində qoyur. çünki Suriya liderinə görə, təkcə İŞİD-çilər yox, həm də Qərb ölkələrinin dəstəklədiyi silahlı müxaliflər də terrorçudur və onların nəzarət etdiyi ərazilər işğaldadır. Bu ərazilər işğaldan azad olmayana qədər isə hər hansı siyasi islahatdan söhbət gedə bilməz.
Sözsüz ki, Rusiya və İranın razılığı olmasa, Bəşər Əsəd bu cür cəsarətli açıqlama verə bilməz. Əks halda cəsarətinin ömrü uzun çəkməz. İranın sabiq xarici işlər nazirinin müavini Hüseyn Əmir Əbdullahiyanın bu yaxınlardakı etirafları da bunu təsdiqləyir. Xatırladaq ki, Tehranın Şərif universitetindəki çıxışında diplomat bildirib: “Əgər bizim yardımlarımız olmasaydı, Bəşər Əsəd 2 yaxud 3 ilə hakimiyyətdən gedəcəkdi”.
İnsafən, Suriya diktatoru da bunun fərqindədir. Onun bir neçə ay öncə İran iqtisadiyyat naziriylə görüşündə səsləndirdiyi aşağıdakı fikirlər nəinki Əbdullahiyanın dedikləriylə həmahəng səslənir, hətta eyni mətnin kserokopiyasına oxşayır: “İran olmasaydı, Suriya terrorçular qarşısında müvəffəqiyyət qazanmazdı”.
Məlumdur ki, istər ölkə daxilində keçirilən hərbi əməliyyatlarda, istərsə də beynəlxalq müzakirələrdə Rusiya da Bəşər Əsəd rejiminə həyati dəstəyini əsirgəməyib. Onun və çinin əleyhdarlığı nəticəsində BMT Təhlükəsizlik Şurası Suriyaya hərbi müdaxiləni təsdiqləyə bilməyib. Tartus limanında rus hərbi donanmasının yerləşməsi Suriyanı və onun diktatorunu Qərb hücumlarından mühafizə edir. üstəlik, Moskvanın son aylar Suriyada keçirdiyi hərbi əməliyyatlar Bəşər Əsəd rejimini daha da möhkəmləndirib. Bu mənada Rusiyanın havadarlığı nəinki İran qədər, hətta ondan daha artıq Suriya rejiminə qol-qanaq verib.
Əlbəttə, Bəşər Əsədin özünün əsas qalxanı Moskvanın iradəsinə qarşı çıxaraq belə bir bəyanat səsləndirdiyini düşünmək sadəlövhlük olardı. Bunu dünya diplomatları da dolayısıyla etiraf edir və Rusiya istəyərsə, Bəşər Əsədi özünün yer almadığı həll modelinə inandıra biləcəyini dilə gətirirlər. Bəşər Əsəd isə təslim olmaq niyyətində deyil. Görünən budur ki, Vyana konfransında Qərbin təlqinləriylə razılaşan Rusiya indi yeni manevrə keçib-beynəlxalq iradəyə qarşı etirazın Bəşər Əsəd tərəfindən edilməsi varinatına. Bu siyasətə loru dildə əba altından zopa göstərmək də deyirlər. Yəni özü üzə gülür, əlialtısı isə barmaq silkələyir.
Rusiyanın “əba altından zopa” siyasəti, əlbəttə, səbəbsiz deyil. Qlobal bazarda neftin qiymətlərinin ucuzlaşmasının yaratdığı yeni situasiya Moskvanın məlum coğrafiyada aktivləməsini zəruriləşdirir. Yaxın Şərq müharibəsinin genişləndirilməsi həm neft qiymətlərinin artmasına səbəb ola, həm də Rusiyanın bölgədə güclənməsini təmin edə bilər. Suriyada müxaliflərin və İŞİD-in başına yağdırılan bombalar Moskvanın hərbi büdcəsinə müəyyən zərərlər versə də, bu itkilər müharibədən qazanılan maddi və siyasi dividentlərin qarşısında dəvədə qulaq qədər kiçikdir. Suriya müharibəsi Rusiyaya öz hərbi-texniki potensialını əyani şəkildə nümayiş etdirmək imkanı verir və bir tərəfdən bölgə dövlətlərini qorxudaraq öz iradəsinə tabe edir, digər tərəfdən isə özündən silah almağa həvəsləndirir. Beləcə, neft ixracatından itirilənlər silah satışlarıyla kompensasiya olunur.
Rusiyanın xarici iqtisadi əlaqələrdə silah satışına yönəlməsi həm də onun mütləqliyi şübhə doğurmayan post-neft dövründə sənayeləşməsi üçün də münbit perspektivlər açır. Hər halda artan silah satışı onun istehsalını artırmağı şərtləndirir ki, bu da ağır sənayeyə daha çox investisiya qoymaq deməkdir.
Bir çox analitiklər Rusiyanın silah istehsalına yönəlməsini onun gələcək çöküşünü tezləşdirəcəyini proqnozlaşdırırlar. Onların istinad etdikləri arqument isə vaxtilə SSRİ-nin də eyni səbəbdən iflasa getməsidir. Güman olunur ki, eynilə 80-ci illərdəki SSRİ kimi, Rusiya da neft qiymətinin ucuzlaşmasıyla onsuz da zəifləyən büdcəsini silah istehsalına sərf edəcək və beləcə, mütləq sona doğru irəliləyəcək.
Zənnimizcə isə, bu arqument əsaslı deyil. SSRİ-dən fərqli olaraq, Rusiya indi silah istehsalından itirmir, əksinə, onun satışından xeyli pul qazanır. Dünyanın ikinci ən çox silah satan ölkəsi olan şimal qonşumuzun müsəlmanlar arasındakı məzhəb müharibələrindən qazandıqlarıyla, çox güman ki, öz hərbi gücünü maliyyəsini təmin edə biləcək. Yaxın Şərq üzərində qurduğu hegemoniya isə Moskvaya iqtisadi qüdrətini artırmaq imkanı verəcək.
Bütün bunlar Yaxın Şərqdə məzhəb münaqişələrinin sona çatdırılmasında Rusiyanın da maraqlı olmadığını göstərir. O, sadəcə, beynəlxalq qınaqlarla üzləşməmək və yürütdüyü siyasətə legitimlik donu geyindirmək üçün “əba altından zopa” strategiyasına üstünlük verir.
Heydər Oğuz
Strateq.az