XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

20 Noyabr 2015 - 10:17

Sabiq baş prokuror məhbus generalın müdafiəsinə qalxdı: “Əgər Hacı Məmmədov ifadə versə…”

zakirnesirov-1.jpg

Bir neçə  gün əvvəl, Strateq.az-da getmiş Qobustandakı general intizarda: “Qara kəmər”in sirri çözüləcəkmi?məqaləsi ölkənin hüquq ictimaiyyəti, xüsusən də hüquq-mühafizə orqanları işçiləri arasında ciddi reaksiyalar doğurub.

Xatırladaq ki, həmin yazıda MTN-də aparılan son həbslərdən sonra nazir Eldar Mahmudovu və onun dəstəsini süni şəklidə Azərbaycan dövlətinin içərisində və cəmiyyətdə avtoritetə mindirmiş məşhur “Qara Kəmər” əməliyyatı zamanı həbs edilmiş və barələrində hökm çıxarılmış şəxslərin istintaqının, son proseslərdən sonra yeni xüsusatların ortya çıxmasıyla əlaqədar, təzələnməsi zərurətindən bəhs edilir.

Yazıda vurğulanır ki, Mahmudov və dəstəsinin son 11 ildə oynadıqları oyunların tam şəkildə çözülməsi və hər şeyin Prezident İlham Əliyevə, eləcə də bütün cəmiyyətə aydın olması üçün mütləq şəkildə “Qara Kəmər” əməliyyatı zamanı həbs edlən bəzi şəxslərin istintaqı təzələnməli, Hacı Məmmədovun və bandasının törətdiyi cinayətlərin zorla boynuna yüklənilərək, ömürlük həbsə atılan DİN-in Baş Cinayət-Axtarış İdarəsinin sabiq rəisi, general Zakir Nəsirov azadlığa buraxılmalıdır…

Qeyd edək ki, yazının dərcindən sonra redaksiya ilə əlaqə saxlayan bir çox tanınmış hüquqşünaslar, xüsusən də vaxtilə Zakir Nəsirovla birgə işləyən və ya onu yaxından tanıyan sabiq polis, prokurorluq və məhkəmə işçiləri, həmçinin nüfuzlu vəkillər bu təşəbbüsü müdafiə etməklə yanaşı, ölkə rəhbərliyinə müraciə etməyə hazır olduqlarını da bildiriblər.

Maraqlıdır ki, redaksiyaya müraciət edənlərin hamısının Zakir Nəsirovla bağlı rəyi, demək olar, eyni olub: onlar Zakir Nəsirovu məhz Hacı Məmmədovun MTN-lə razılaşmasının qurbanı sayaraq, onu həm də peşəkar əməliyyat işçisi, eyni zamanda öz təmiz adını daim gözləyən dürüst və mərd insan kimi xarakterizə ediblər.

ilyas-esas.jpg

Məsələn, 1978-ci ildən 1990-cı ilədək Azərbaycan Respublikası prokurorunun müavini və respublika prokuroru işləyən və hələ də cəmiyyətdə prokurorluq sisteminin avtoritetlərindən biri kimi qəbul edilən tanınmış siyasətçi – Ədalət Partiyasının sədri, Milli Məclisin sabiq deputatı, hüquq elmləri doktoru İlyas İsmayılov Strateq.az-a açıqlamasında bildirib ki, o, Zakir Nəsirovu həm peşəkar əməliyyatçı, həm də qanuna hörmət edən polis zabiti olaraq tanıyıb: “Mən o vaxt qəzetlərdə “Qara kəmər” əməliyyatının məhkəmə prosesindən gedən bütün materialları diqqətlə izləyirdim. çünki bir tərəfdən orada ittiham olunanların, eləcə də onların vəkillərinin çoxunu tanıyırdım, o biri tərəfdən də mənim müavinim rəhmətlik Fətulla Hüseynovu bu dəstənin qətlə yetirdiyi aşkarlanmışdı… Odur ki, Hacı Məmmədovun, onun dəstəsindən olanların, həmçinin çox hörmət etdiyim Zakir Nəsirovun və vəkili Adil İsmayılovun söylədiklərini diqqətlə izləyirdim. Təəssüf ki, məhkəmə prosesində bir çox aydınlaşdırılması zəruri olan məqamlar ortaya çıxsa da, nədənsə onlara qiymət verilmədi. Xatirimdədir ki, Zakir Nəsirov da ona qarşı irəli sürülən ittihamların heç birini qəbul etmədi. Mən Zakir Nəsirovu çox təmiz, gözü-könlü tox adam, yaxşı polis işçisi kimi tanımışam. Belə adamın vəzifəsindən tamah məqsədiylə yaralanacağına, hətta kiminsə ölümünü təşkil edəcəyinə heç vaxt inanmamışam. Bildiyim o idi ki, ömür boyu hökumətin ona verdiyi evdə yaşayıb, elə də geniş maddi imkanı olmayıb”.

Tanınmış hüquqşünasın fikrincə, “Qara Kəmər” əməliyyatında həbs olunmuş şəxslərin, o cümlədən Zakir Nəsirovun və Hacı Məmmədovun istintaqının təzələnməsi üçün hər hansı hüquqi mane yoxdur: “Əgər hazırda MTN-in həbs olunmuş işçilərinin istintaqı zamanı ortaya çıxarsa ki, o vaxtlar Hacı Məmmədova ifadə verməsi üçün hansısa təkliflər, təzyiqlər edilib, sövdələşmə olub, o halda mütləq şəkildə istintaq təzələnməlidir. Bir nəfərin ifadəsiylə adam tutmazlar ki? Bu, hamının bildiyi həqiqətdir ki, Zakir Nəsirovu məhz nazir Ramil Usubovu ləkələmək üçün Hacı Məmmədovun ifadələri əsasında tutdular. O da istintaqla razılaşmadı deyə, ən ağır cəzanı verdilər. İndi hansı maraqlar naminə məhkəmə buna getdi, qoy o prosesi aparan hakimlər özləri öz vicdanlarıyla cavab versinlər. Mənim bu yaxınlarda elə Strateq.az-da Ali Məhkəmənin keçmiş sədri Abdulla İbrahimovla bağlı bir yazım getmişdi. O yazını girişində Sokratın hakimlərdə hansı vacib keyfiyyətlərin olmasının zəruriliyi haqda fikirlərini vermişdim. Hesab edirəm ki, həqiqətən də hakimlərdə, Sokratın dediyi kimi, 4 zəruri keyfiyyət mütləq olmalıdır: hakim səbr və nəzakətlə dinləməli, ağılla cavab verməli, soyuqqanlı düşünməli və qərəzə yol vermədən ədalətli qərar çıxarmalıdır. Bəli, məhz ədalətli qərar! çünki bütün fəlakətlər ədalətsizlikdən başlar”.

İlyas İsmayılov hesab edir ki, əgər Hacı Məmmədov ifadələrini dəyişərsə, hətta Zakir Nəsirov bəraət də ala bilər.

Qeyd edək ki, digər tanınmış hüquqşünasların da bu məsələylə bağlı çox maraqlı fikirləri var və növbəti günlərdə onların söylədiklərini də yayınlayacağıq.

Strateq.az