XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

21 Noyabr 2015 - 04:32

Siyavuş Novruzov: “Sənə vəzifə ona görə verilmir ki, özünə sərvət toplayasan, mülk tikdirəsən”
siyavush-1.jpg
 
Azərbaycanda baş verən son hadisələr, MTN-in, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yüksək çinli məmurlarının həbsi, həmçinin G-20-lərin sammitində Azərbaycanın da iştirakı gündəmin əsas mövzularındadır. Mövzu ilə əlaqədar “Yeni Müsavat” qəzeti hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzovla danışıb.
 
Strateq.az həmin müsahibəni öz oxucularına da təqdim edir:
 
 
– Siyavuş bəy, Türkiyədə keçirilən G-20-lərin toplantısında Azərbaycanın iştirakının hansı önəmi var və perspektivdə nələr gözlənilir?
 
– Bu, çox vacib bir iştirak idi. Cənab prezidentin həm orda iştirakı, həm çıxış etməsi, Azərbaycanın haqq işinin qeyd olunması, terrorizmə qarşı mübarizə, Azərbaycanın erməni terrorundan əziyyət çəkməsi barədə bilavasitə dünyanı idarə edən o ölkələrin, rəhbərlərin içərisində mesajların verilməsi Azərbaycanın növbəti uğurlarından biridir. Həmçinin Azərbaycanın gələcəyə baxışı, gələcək inkişafı baxımından G-20-də iştirakımız vacib şərtlərdən biri idi. Bu isə Ermənistanı məyus etməliydi. çünki Ermənistanı istəyən dövlətlərin də bəziləri orda var idi. Bəziləri həm Azərbaycan-Türkiyə münasibətləri, həm Azərbaycanın dünyanın aparıcı dövlətləri ilə münasibətlərini görüb Ermənistanın bundan sonra daha pis vəziyyətə düşməsinin şahidi oldular. Hesab edirəm ki, bu, belə də olacaq. Azərbaycan təbliğatının bu cür mötəbər bir məclisdə, bütün dünyaya yayılması vacib şərtlərdən idi. Bu da cənab prezident tərəfindən orda qeyd olundu. Yeri gəlmişkən, sizin qəzetin də G-20 sammitindən hazırladığı materialları izlədik, rəyimiz çox yüksəkdir. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın sizə müsahibəsini də izlədim, şəkillərə də baxdım. G-20 sammitinə və Azərbaycanın orda iştirakına Mehriban xanım çox yüksək qiymət verdi. Mehriban xanımın sammit çərçivəsində keçirdiyi görüşlər və s. Azərbaycan xalqının maraqlarının müdafiə olunmasına bilavasitə xidmətdir. Sammitdən sonra cənab prezidentin terrordan sonra Fransaya səfər edərək YUNESKO-nun tədbirində iştirak etməsi də mühüm hadisəydi. Fransa-Ermənistan münasibətlərini çox gözəl bilirsiniz. Burada da cənab prezidenti bilavasitə Azərbaycan xalqının erməni terroruna məruz qalması, 3 minə yaxın insanın bu terror nəticəsində dünyasını dəyişməsini bəyan etdi. Qeyd etdi ki, Azərbaycan xalqı bu faciələri yaşayıb, ona görə də tək bir terror təşkilatına qarşı deyil, bütün dünya terror təşkilatlarına qarşı mübarizə aparmalıdır.
 
– Siyavuş bəy, Azərbaycanın daxilində gedən proseslər, MTN ətrafında aparılan həbslər və istintaq işləri ciddi müzakirə obyektidir. Həbs olunan “Aztelekom”un rəhbəri Vidadi Zeynalovun YAP Nəzarət-Təftiş Komitəsinin sədri olması hakim partiyanın məsələyə münasibət bildirməsini zəruri edir…
– Nəzarət-Təftiş Komitəsinin üzvü qurultayda seçilir və ondan sonra komissiya özünə sədr seçir. Yəni bu, onun partiya fəaliyyəti ilə bağlı olan məsələ deyil, çalışdığı sahə ilə bağlı məsələdir. Hazırda istintaq gedir. İstintaqın nəticələri bitdikdən sonra hər hansı bir qərarın verilməsi artıq istintaqın səlahiyyətinə daxildir. Hələ heç bir şey başa çatmayıb, istintaq qurtarmayıb, məhkəmə hökmü, qərarı yox, bəzən görürsən bir çox mətbuat orqanları ayrı-ayrı fikirlər yayır. Bununla bağlı da Əli Həsənov (PA rəsmisi, prezidentin köməkçisi-E.P.) xüsusi xəbərdarlıq elan etdi. Məsələn, yazılır ki, bir nəfər deyir Azərbaycana aeroportdan 18 milyard pul gəlib. O adam elə danışır ki, elə bil 18 min manatdır. 18 milyard bilirsən nə deməkdir? Onun üçün 7 “KamAZ” lazımdır. Təbii ki, mütəxəssislər bunu bilir, araşdırır. Amma bəzi adamlar özlərini qabartmaqdan ötrü elə şayiələr yayır ki… Tutalım kimsə deyir MTN-in keçmiş işçisidir, danışır. Bununla işə bərpa olunmaq istəyir. Normal, ağıllı adam, iqtisadçı başa düşür ki, 18 milyard dolları daşımaq üçün 3-4 təyyarə lazımdır. Bu, Azərbaycanın dövlət büdcəsi deməkdir.  
 
– Bəlkə bu cür məlumatların yayılması ondan irəli gəlir ki, müvafiq qurumlar operativ şəkildə ictimaiyyəti məlumatlandırmır. Bu cür yanaşmalarla razılaşırsınızmı?
 
– Hər hansı istintaq və ya araşdırmalar aparılırsa, orda yeni faktlar ortaya çıxır. Faktlar ortaya çıxdıqdan sonra hamısı ümumiləşdirilir,  aidiyyəti qurumlar birgə bəyanat verir. Bəzi şəxslər çalışır ki, bu hadisələri daha çox ictimailəşdirsinlər. Amma başa düşmürlər ki, başqa dövlətlər də izləyir, baxır, bunlar Azərbaycanın daxili məsələləridir. Hələ ümummilli liderin dövründən, 1969-cu ildən korrupsiyaya qarşı mübarizə aparılıb, ondan sonra da bu mübarizə cənab prezident tərəfindən aparılıb. Prezident bütün toplantılarda hər bir məmuru xəbərdar edib ki, hər bir şey xalq üçündür, sizlər də xalqa xidmət üçün vəzifəyə təyin olunmusunuz. 
 
– Amma bəzi vəzifəlilər nəinki xalqa xidmət etməyib, hətta dövlətin milli təhlükəsizliyini təhdid edib. Bu, sadə məsələ deyil…
 
– Təbii ki. Qanunun aliliyi ilə hər kəs öz cəzasını alacaq.
 
– İddialar var ki, hakimiyyət bu vəziyyətdən narahat olduğu üçün məlumatların daha çox tirajlanmasını istəmir. Bu narahatlıq nə dərəcədədir? 
 
– Hakimiyyət öz iradəsini ortaya qoydu. Kimliyindən asılı olmayaraq, fərqi yoxdur. Görürsən bir nəfər bu və ya digər şəkildə cinayət törədib, həbs olunur, deyirlər ki, o, filan partiyanın üzvüdür, partiya baxışlarına görə həbs olunub. Amma YAP cəzalandırılan şəxslərin partiya üzvü olmasına görə ikiqat məsuliyyət daşıyır. Əgər onlar səhlənkarlıq edibsə, vəzifə səlahiyyətlərini aşıbsa, vəzifəsinin öhdəsindən gəlməyibsə, onların cəzası da ikiqat olmalıdır. Bizim digər partiyalardan fərqimiz bundan ibarətdir.
 
– Cəzalandırılan digər şəxs, keçmiş rabitə naziri və yüksək texnologiyalar naziri Əli Abbasov da YAP Siyasi Şurasının üzvüdür. YAP nədən seyrçi mövqedən çıxış edir, sualına cavabınız necədir?
 
– YAP qəti şəkildə seyrçi mövqedən çıxış etmir. Sadəcə, konkret mövqe ortaya qoyulub ki, təyin etmək, azad etmək hüququ cənab prezidentə məxsusdur. Cənab prezident təyin edir və onun işinə qiymət verir. Bunlar da cənab prezident qarşısında hesabat ver
irlər. Kim vəzifəsinin öhdəsindən gəlmirsə, vəzifə səlahiyyətlərini aşırsa, cinayət törədirsə, həmin şəxs tutduğu vəzifədən azad olunacaq. Müşavirədə də cənab prezident qeyd etdi ki, kim bu yolla gedəcəksə, nəinki tutduğu vəzifədən azad olunacaq, həmçinin məsuliyyətə cəlb olunacaq. Artıq bunun şahidi oluruq. Başqaları da ibrət dərsi götürməlidir. Vəzifə xalqa, dövlətə, millətə xidmət üçün verilir. Sənə vəzifə ona görə verilmir ki, özünə şəxsi sərvət toplayasan, mülk tikdirəsən. O baxımdan kim bu yolla gedəcəksə, aqibəti elə onların aqibəti kimi olacaq. 
 
– YAP üzvü olan yüksək çinlilərin məsələsi partiyanın İdarə Heyətində qoyulacaqmı?
 
– Təbii ki. Bu proses gedir. Partiyanın İdarə Heyəti toplananda bu məsələlərə baxılacaq.
 
– Bir dairənin nəticəsi ləğv olundu, çingiz Əsədullayevin mandatı geri alındı. Daha 9 dairənin nəticələrinin ləğv ediləcəyi xəbəri doğrudurmu?
 
– Mən MSK-nın iclasında iştirak etmişəm. Digər dairələrlə bağlı şikayətlərə baxıldı və bir neçə məntəqə ləğv olunmaqla sənədlər Konstitusiya Məhkəməsinə göndərildi. ümumilikdə MSK-ya təxminən 44 şikayət ərizəsi daxil olmuşdu. Ləğv olunan məntəqələrin də 40-ı 90 saylı DSK-nın, 18-i isə ayrı-ayrı dairələrin payına düşür. Bu da ümumi seçkilərin nəticəsinə heç bir təsir göstərmir. Konstitusiya Məhkəməsi təsdiqlədikdən sonra parlamentin ilk iclası keçiriləcək. 
 
– Həbslərin davamının olacağı barədə xəbərlərlə bağlı nə deyə bilərsiniz?
 
– Onu artıq biz deyə bilmərik. Ola bilər ki, kiminsə izahatı nəticəsində digərlərinin də adı, onların əlaqələri ortaya çıxsın. Bu, hüquq-mühafizə orqanlarının işidir…  
 
Elşad PAŞASOY
 
musavat.com