Rusiyanın son iki gün ərzində Xəzər dənizindən Suriyaya yenidən raket atacağı gözlənilir.
Strateq.az-ın məlumatına görə, bu ehtimal İraq Mülki Aviasiya Qurumunun dünən axşam qəbul etdiyi qərardan qaynaqlanır. Belə ki, sözügedən qurum Şimali İraqın Ərbil və Süleymaniyyə aeroportlarında bütün uçuşları 48 saat ərzində dayandırıb və səbəbi də Xəzərdən atıla biləcək raketlərlə əlaqələndirilib.
Qeyd edək ki, ötən ayın 8-də Rusiya Xəzərdən Suriyaya 26 raket atmış, raketlər İran və İraqı keçərək Suriyadakı hədəfləri məhv etmişdi. Dünya dövlətləri tərəfindən güc nümayişi kimi qəbul olunan bu zərbələr ciddi əks reaksiyalar doğurmuşdu. ABŞ həmin raketlərin bəzilərinin öz pilotsuz təyyarələrinin 3 mil uzaqlığından keçdiyini bildirmiş və Rusiyanı bu təhlükəli atışları təkrarlamamağa çağırmışdı.
Görünür, ABŞ-ın bu iradlarını nəzərə alan Rusiya bu dəfə raketlərin keçəcəyi ərazilərə sahib dövlətləri məlumatlandırmalı olub. Uçuşların 48 saat dayandırlması bu dəfə Suriyanın Xəzərdən vurulmasının daha uzun sürə biləcəyindən xəbər verir.
Məlumat üçün bildirək ki, ötən dəfə vurulan hədəflər əsasən Bayır-Bucaq türkmənlərə və mötədil müxaliflərə məxsus idi. Son günlər həmin ərazilərdən gələn xəbərlər Suriya rejiminin təhlükə olaraq gördüyü bölgədə nəzarətin artıq əldə olunduğundan xəbər verir. Belə aydın olur ki, mötədil müxaliflərlə işini bitirən Rusiya – İran – Suriya koalisiyası bu dəfə İŞİD mövqelərini hədəfə alacaq və gözlənilən raket zərbələri sözügedən təşkilatla əsl hesablaşmanın başlanğıcı olacaq.
Raket zərbələrinin uzun sürmək ehtimalı da İŞİD-in hədəf seçiləcəyi mülahizələrini təsdiqləyir. Məlum olduğu kimi, İraq və Suriyada İŞİD qüvvələri digər hərbi birləşmələrdən daha güclüdür. Rusiyanın bəzi analitikləri təşkilatın sıralarında 80 mindən artıq silahlının mövcudluğunu və bu xüsusiyyətiylə bəzi ordulardan daha ciddi hərbi qüdrətə malik olduğunu bildirirlər. Bəlkə də ilk raket atışlarından fərqli olaraq, bu dəfə mülki təyyarələrin uçuşuna qadağa qoyulması da raket atışlarının uzun zaman ərzində davam edəcəyindən qaynaqlanır.
Bizim üçün təhlükəli hal bundan ibarətdir ki, Azərbaycanın Xəzər dənizi sahillərinin tam yanından keçəcək bu raketlərin “yolunu azması” ehtimalı da var. Hətta ötən hücumlar zamanı da bu hadisənin yaşandığı, raketlərdən bəzilərinin İran ərazisinə düşdüyü bildirilirdi. ABŞ tərəfindən ortaya atılan bu iddialar rəsmən təsdiqlənməsə də, hər halda “od yanmasa tüstü çıxmaz” məntiqi əndişələri artırır.
İran və İraqdan dağların üzəriylə keçən bu raketlərın insan tələfatına yol açmaq ehtimalı az olsa da, Xəzər sahilləri boyu ərazilər üçün eyni sözləri demək çətindir. Bütün hallarda Azərbaycan Silahlı Qüvvələri hər cür sürprizlərə hazır olmalıdır.
Heydər Oğuz
Strateq.az