Hazırda bütün dünyanın gözləri Suriyanın Bayır-bucaq əyalətinə yönəlib. Rusiya, Suriya, İran, Livan Hizbullahının formalaşdırdıqları koalisiya qüvvələri yüzillər boyu türkmən yurdu kimi bilinən bu diyarı bombardıman edir, qətliamlar törədir. Hər kəs Rusiyadan İŞİD-ə qarşı mübarizə gözlədiyi bir vaxtda türkmənlərin hədəf seçilməsi bəzi suallara yol açır: Əcəba, niyə bu qədər böyük hərbi qüvvə sayları yalnız bir neçə yüz min olan Bayır-bucaq türkmənlərini yox etməyə səfərbər olunub?
Sözsüz ki, bu sualın cavabını Bəşər Əsədin türkmənlərin əsas himayəçisi kimi çıxış edən Türkiyəyə baxışında axtarmaq lazımdır. çünki, sözügedən hərbi qüvvələrinin əsas hədəflərinin müəyyənləşdirilməsində Bəşər Əsədin geostrateji düşüncələri də mühüm rol oynayır.
Suriya diktatorunun çinin bir telekanalına verdiyi müsahibə onun geopolitik düşüncələrini əks etdirdiyindən Suriya məsələsinə də işıq tutur. Məhz bu səbəbdən də qardaş ölkənin əleyhinə verilmiş olsa da, sözügedən müsahibənin qısa icmalını oxuculara təqdim etməyi lazım bildik.
“Suriyada yaşananlar bir vətəndaş qarşıdurması deyil. Hər hansı sosial aktivliyin vətəndaş qarşıdurması adlandırılması üçün cəmiyyətin müxtəlif komponentləri arasında ayırıcı xətlərin olması vacibdir. Suriyada isə fərqli komponentlər arasında nə etnik, nə dini, nə də siyasi ayrı-seçkilik xətti var”.
Strateq.az xəbər verir ki, bu fikirləri Suriya diktatoru Bəşər Əsəd çinin “Phoenix TV” tele-kanalına müsahibəsində deyib. Onun sözlərinə görə, Suriyada vətəndaşların qanını tökənlər dünyanın 100-dən çox ölkəsindən gələn və xarici dövlətlər tərəfindən dəstəklənən təkfirçilərdir.
Son dövrdə hərbi əməliyyatların artmasına diqqət çəkən Əsəd Suriya ordusunun bütün bölgələrdə irəlilədiyini, ancaq ölkə ərazisinin hamısında təsirli olmadıqlarını söyləyərək, bunu beynəlxalq güclərin bəzi cihadçı qruplara verdiyi hərbi, siyasi dəstəklə əlaqələndirib. Əsəd öz fikrini əsaslandırmaq üçün vurğulayıb ki, ABŞ-ın rəhbərliyi altında koalisiya təyyarələrinin bəzi bölgələri bombaladığı dövrdə cihadçı qruplar nəinki azalmayıb, əksinə, daha da artıb və bütün Suriyaya yayılıb.
Səudiyyə Ərəbistanda istər kraliyyət ailəsi, istərsə vəhhabi ideologiyaya sahib başqaları tərəfindən İŞİD və bənzər təşkilatların maliyyələşdirildiyinin hər kəs tərəfindən bilindiyini deyən Əsədin fikrincə, terrorçuların hərbi təchizatı, oğurlanmış neftin satışı, xarici döyüşçülərin ölkəyə transferi isə AKP hakimiyyətinin idarə etdiyi Türkiyə tərəfindən həyata keçirilir. “İŞİD və bu kimi başqa təşkilatlar Türkiyənin arxa bağçaları olaraq istifadə olunurlar. Türkiyə, Səudiyyə Ərəbistanı və Qətər olmadan İŞİD-in mövcudluğu qətiyyən mümkün deyil. çünki onun Suriyada xalq arasında heç bir sosial bazası yoxdur”.
Əsəd təkfirçilərin silah və terrorla bir qisim bölgələri ələ keçirdiklərini və həmin radikal təşkilatların güclərini Türkiyədən aldıqlarını, Ərdoğan və Davudoğlunun şəxsən onları dəstəklədiklərini də iddia edib.
Tekfirci təşkilatların neft satışını necə həyata keçirdikləri ilə bağlı suala cavab verən Əsəd bunun da əsasən Türkiyə üzərindən həyata keçirildiyinə inanır: “İŞİD-in istər neft satışı, istərsə də digər maliyyə hesablarında Türkiyə mühüm rol oynayır. İŞİD-ə axan pul isə Türkiyə hökumətiylə bərabər, Qətər və Səudiyyə Ərəbistanından gəlir. ümumiyyətlə, İŞİD-in arteriya damarı Türkiyədir.
Bəşər Əsədin fikrincə, Ərdoğanın Suriya siyasətinin əsasında Osmanlı imperiyasını yenidən canlandırmaq ideyası dayanır: “Tunis, Liviya və Misirdə ixvancıların (Müsəlman qardaşlarının) rəhbərliyi ələ keçirdiklərini görən Ərdoğan Suriyada də bunu təkrarlamaq və beləcə Osmanlını yenidən bərpa etmək eşqinə düşdü. Ərdoğan sadəcə öz planını 'Osmanlı' adı altında yox, islami bir başqa adla həyata keçirməyə çalışır. Onun “Yeni Osmançılıq” planının qarşısındakı yeganə əngəl isə Suriyadır. Ona görə də bu ölkəni yox etmək istəyir.”
Strateq.az