Rusiya Xəzər dənizindən Suriyaya raket atması ilə əlaqədar Şimali İraqı məlumatlandırmayıb.
Strateq.az xəbər verir ki, bunu muxtariyyətin Prezident Aparatının rəhbəri Fuad Hüseyn bildirib.
ABŞ Departamenti yetkilisi Toni Blinken və onunla bərabər ölkəyə səfər edən heyətlə görüşən F.Hüseynin Rudaw.net-ə verdiyi açıqlamaya görə, qonaqlarıyla müzakirələrdə bu məsələni də masaya yatırıblar və onlar Rusiyanın bu hərəkətini heyrətlə qarşılayıblar.
Qeyd edək ki, müxtariyyət yetkilisinin sözlərinin əksinə olaraq, İraqın mülki aviasiya idarəsi Xəzərdən atılan raketlərdən qorunmaq üçün Ərbil və Süleymaniyyə aeroportlarına uçuşları 48 saatlığına dayandırdıqlarını bəyan etmişdi. Kürd liderin sözlərindən isə belə çıxır ki, Rusiya bu barədə yalnız İraq mərkəzi hakimiyyətini məlumatlandırıb, Ərbilə isə heç bir informasiya verməyib. Bu fakt Rusiyanın Şimali İraq hakimiyyətini legitim qurum kimi tanımadığına işarədir.
Xatıladaq ki, bir müddət əvvəl Rusiyanın Suriyaya hərbi müdaxiləsi rəsmi Bağdad tərəfindən məmnuniyyətlə qarşılandığı halda, Şimali İraq prezidenti öz mövqeyini birmənalı şəkildə ortaya qoymamışdı. Məsud Barzani İŞİD-ə qarşı mübarizədə ABŞ-la Rusiyanın eyni cərgədə olmasını arzulamışdı. Belə məlum olur ki, Barzaninin bu mövqeyini bəyənməyən Rusiya muxtariyyətin legitimliyini şübhə altına alan addım atıb.
Suriyaya son hərbi müdaxilə zamanı Rusiya ölkədə yaşayan kürdlərlə əməkdaşlıq etmək niyyətini dəfələrlə ortaya qoymuş, onları İŞİD-ə qarşı mübarizəsinin mühüm komponenti olaraq gördüyünü bildirmişdi. Xatırladaq ki, Suriya kürdləri PKK-nın bir uzantısı olan PYD-yə (kürdcə “Demokratik Birlik Partiyası” – Red.) bağlıdırlar və bu təşkilatla rəsmi Ərbil arasında dərin ziddiyyətlər var. Barzaninin rəhbərlik etdiyi Kürdüstan Demokrat Partiyası Şimali İraqda hakimiyyəti öz əlində saxlamaq üçün zaman-zaman digər kürd siyasi birlikləri ilə vuruşur, Türkiyə və Qərb ölkələriylə əməkdaşlıq edir. Siyasi hədəf fərqlilikləri istər-istəməz Yaxın Şərq konfliktində bütün qüvvələr tərəfindən istifadə olunan kürd xalqı arasında parçalanmalara səbəb olur.
Kürdlər arasındakı parçalanma təkcə iki ayrı dövətin təbəələri arasındakı ziddiyyətlə də məhdudlaşmır, xüsusilə Şimali İraqdakı qüvvələr nisbətinə təsir edir, vəziyyəti Barzaninin əleyhinə dəyişdirir. Nədən ki, Suriya kürdlərinin tamamilə PYD-nin nəzarəti altında olmasına baxmayaraq, Barzani hakimiyyəti üçün eyni sözləri demək mümkün deyil. Şimali İraqda bu il keçirilməli olan prezident seçkilərinin təxirə salınması da mövcud siyasi iradənin xalq arasındakı nüfuzunun itirilməsindən xəbər verir. Görünür, yenidən prezident seçilə biləcəyinə inanmayan Barzani iqtisadi çətinlikləri bəhanə edərək seçkiləri ən azı 2 ilə qədər təxirə salmalı olub.
Qeyri-konstitusion yollarla mövcud hakimiyyətin ömrünün uzadılmasına Qərbin, o cümlədən ABŞ-ın verdiyi dəstək Şimali İraqda onsuz da gərgin olan ictimai münasibətləri daha mürəkkəbləşdirir, ziddiyyətlərin düşmənçilik həddinə qədər böyüməsinə yol açır.
Bu durum kürd separatçılarını eyni cəbhədə birləşdirmək istəyən ABŞ yetkililərini də ciddi narahat edir. Bir neçə gün öncə ABŞ Departamentinin bir başqa yetkilisi Brett Mak-Qurkun dilə gətirdiyi aşağıdakı sözlər bu narahatlığın bariz ifadəsidir: “Kobanidə kürdlər ona görə İŞİD-ə qarşı qələbə qazandılar ki, iraqlı-suriyalı demədən hamısı eyni cəbhədə birləşə bildilər… Kürdlər həmrəy olmalıdırlar. Həmrəylik əldə edilərsə, kürdlərə qalib gələcək heç bir qüvvə ola bilməz“.
Mak-Qurkun bir kürd millətçisinin düşüncələrindən fərqlənməyən bu mövqeyi Şimali Suriyanın artıq ABŞ dəstəkli cəbhədən qopduğundan xəbər verir. Təsadüfi deyil ki, PYD zaman-zaman Bəşər Əsəd və Rusiyameylli bəyanatlar verir, İŞİD-ə qarşı mübarizədə Suriya orudusuyla əməkdaşlıq edir, hətta bu silahlı qüvvələrə bağlılıq arzularını dilə gətirir. Bütün bunlar Suriya kürdlərini ABŞ-dan ayırdığı kimi, super gücün Şimali İraqa diqqətini də artırır. Suriya və İraqda əli hər yerdən üzülən Vaşinqton üçün bu coğrafiya itirmək istəmədiyi son qaladır.
Rusiyanın Şimali İraq muxtariyyətini heçə sayan son addımları isə Moskvanın Barzaniyə münasibətini ifadə edir. Yaxın Şərqdə getdikcə güclənən şimal qonşumuzun Barzani əleyhinə siyasət yürütməsi kürdlər arasındakı mövcud ziddiyyətləri daha da artıra və ABŞ-ın bu coğrafiyanın yenidən şəkilləndirilməsində böyük ümidlər bəslədiyi kürd separatçılarını daxili münaqişələrə sürükləyə bilər.
Maraqlıdır ki, Yaxın Şərqdə aralarına nifaq toxumu səpilən yeganə qrup kürdlər deyil. Zaman-zaman eyni siyasətdən digər qruplara qarşı da istifadə olunub. Bir zamanlar Bəşər Əsədi devirmək üçün ortaya çıxarılan islam radikalları daha sonra əl-Nusra və İŞİD-ə parçalandı və onların potensialları daxili münaqişələrə yönəldildi. Suriya ordusu gah əl-Nusra cəbhəsini, gah İŞİD mövqelərini bombalayaraq onların bir-birini zəiflətməsinə şərait yaratdı və beləcə, ayaq üstə durmağa çalışdı.
Məhzəb münaqişələri bölgədə yaşayan türkmənləri də parçaladı. Onların bir qisminin İŞİD və əl-Nusra, bir qisminin isə şiə kökənli Haşdi-şabi cəbhəsində döyüşməsinə yol açdı. Şiə soydaşlarını öz dədə-baba torpaqlarından qovan, öldürən şünni türkmənlərin özləri indi Suriya və rus ordularının bombardımanları altında eyni tale ilə üzləşməli olublar.
Kürd separatçıları arasında mövcud olan ziddiyyətlər onları da qlobal güc mərkəzləri arasında hesablaşmaların növbəti qurbanı olmağa sürükləyir. Barzaninin özünü ABŞ-ın son qalası kimi aparması həm bölgə dövlətlərini, həm də bu coğrafiyanın hegemoniyası uğrunda mübarizə aparan Rusiyanı narahat etdiyindən Şimali İraq muxtariyyətindəki mövcud stabilliyi hər an təhlükə altında qoyur.
Heydər Oğuz
Strateq.az