XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

24 Noyabr 2015 - 10:42

Dünyanın iki nəhəngi üz-üzə gəldi: Cənubi Çin dənizində qarşıdurma – Təhlil

obama-xin.jpg

Dünyanın diqqətinin Yaxın Şərqdə baş verən faciəvi hadisələrə cəmləşdiyi bir dönəmdə Uzaq Şərqdən həyəcanlı informasiyalar yayılır. Cənubi çin dənizi ətrafında Amerika ilə çinin ixtilafa girməsinin ilk siqnalları verilir. Bir tərəfdən, Pekin orada hərbi gücünü yeni səviyyəyə qaldırır, digər tərəfdən isə, Vaşinqton hərbi-dəniz donanmasına aid gəmilərini həmin ərazidə cəmləşdirir. Son zamanlar bunlara hər iki tərəfin hədələyici bəyanatları və diplomatik fəallıqları da əlavə olunub. Ekspertlər prosesin daha təhlükəli müstəviyə keçməsi ehtimallarından danışırlar. Görünən odur ki, iki böyük dövlət arasında Cənubi çin dənizində geosiyasi münaqişəyə doğru addımlar atılır.

Hərbi güc və hüquq: ABŞ-la çinin mübahisəsi

çin “Ağ kitab”ını dərc edib. O, ölkənin hərbi-dəniz donanmasının möhkəmləndirilməsinə həsr edilib. Bu, Pekinin Cənubi çin dənizi ilə bağlı aqressiv çıxışları ilə eyni vaxta təsadüf edib. ABŞ-ın hərbi rəhbərliyi də həmin məsələ ilə bağlı kifayət qədər sərt ritorika müstəvisində fikirlər ifadə edib. Ekspertlər bu hadisələri Vaşinqtonla Pekin arasında gərginliyin dərinləşməsi kimi qiymətləndirir, onu bütövlükdə Sakit okean-Atlantika regionunda qarşıdurmanın yeni səviyyəyə yüksəlməsi əlaməti kimi təqdim edirlər. Bu prosesin kökündə duran səbəblər həyəcan doğurur.

Ekspertlər qlobal aspektdə ilk olaraq ABŞ və çinin dünya liderliyi uğrunda apardıqları mübarizənin yeni məzmun almasına işarə edirlər. Dünya səviyyəsində cərəyan edən geosiyasi və hərbi hadisələr bütövlükdə gərginliyin artdığını təsdiq edir. Rusiyanın Yaxın Şərqə hərbi müdaxilə etməsi ilə mənzərə bir qədər də qeyri-müəyyən çalarlar almağa başladı. Bunun fonunda Vaşinqtonun bütün dünyada diplomatik, siyasi, iqtisadi və hərbi sferalarda daha aktiv addımlar atacağı proqnozlaşdırılır. Cənubi çin dənizində baş verənlər bunun təsdiqi kimi qəbul edilə bilər.

spartli.jpg

Məsələ ondan ibarətdir ki, bir neçə gün əvvəl Amerikaya məxsus “Lassen” hərbi gəmisi Spratli arxipelaqının 500 metr yaxınlığından keçib. Pekin bunu özünün müstəqilliyinə qəsd kimi dəyərləndirib. çin rəhbərliyi qanuni əsas kimi 1982-ci il Dəniz hüququ üzrə BMT konvensiyasını (UNCLOS) göstərir. Həmin sənədə əsasən, hər bir ölkə 12 dəniz mili qədər məsafədə suverenliyini saxlaya bilir. Spratliyə daxil olan adalar isə çinin sahillərindən 12 millik məsafədədir. Buna görə də Pekin ABŞ gəmisinin Cənubi çin dənizindəki fəaliyyətini suverenliyə qəsd olaraq təqdim edir. Lakin burada çinin üstündən sükutla keçdiyi bir məqam var.

Vaşinqton bəyan edir ki, Pekinin istinad etdiyi sənəddə bir incə məqam mövcuddur. Əgər hansısa adalar ətrafında süni quru sahəsi yaradılırsa, yuxarıda vurğulanan qayda həmin yerə şamil edilmir. Bu o deməkdir ki, “Lassen” esminesi çinin Spratlidə yaratdığı süni adaları zonasına daxil olmaqla beynəlxalq qanunları pozmayıb. Digər tərəfdən, UNCLOS-un 17-ci maddəsinə görə, hər bir dövlətin istənilən su sahəsindən “zərərsiz keçmək” hüququ vardır. Amerika bunu xatırladır. çin isə “Lassen”in keçidini “zərərli” adlandırmaqla, öz mövqeyində qaldığını nümayiş etdirir (bax: Altay Atlı. Güney çin Denizi’nde Neler Oluyor? / “Uluslararası Stratejik Araştırmalar Kurumu”, 30 oktyabr 2015).

Analitiklər isə Pekinin süni quru sahəsini hərbi məqsədlər üçün formalaşdırdığını xüsusi qeyd edirlər. Əslində, bu proses 2013-cü ildən başlayıb. çin Spratli arxipelaqı rayonunda və Haynan adaları ətrafında hərbi istifadə üçün süni quru sahələri yaradıb. Onun əsas məqsədi Malakka boğazını nəzarətdə saxlamaqdan ibarətdir. Malakka iqtisadi-ticari aspektdə bütün dünya üçün strateji əhəmiyyət daşıyır. çünki həmin regionda Malakka əsas ticarət yolunun üstündədir. Dünya ticarətinin 25%-i oradan keçir. Buna görə də bütün dövlətlərin öz ticarət gəmilərinin həmin yerdən sərbəst keçməsində marağı vardır. Ayrılıqda çinin xarici ticarətinin 60%-i Malakka vasitəsi ilə həyata keçirilir (bax: Василий Кашин. Почему опять кипит Южно-Китайское море / “Московский Центр Карнеги”, 29 oktyabr 2015).

Bu səbəblərdən Pekin həmin coğrafiyada öz nüfuzunu təmin etmək üçün konkret addımlar atmağa başlayıb, o cümlədən Haynan adasında strateji hərbi-dəniz qüvvələrinin elementlərini yerləşdirməyi qərarlaşdırıb. Bu, daha çox son illər sürətlə təkmilləşən nüvə silahı ilə təmin edilmiş sualtı qayıqların yeni nəslinin istismara buraxılması ilə əlaqəlidir. Belə çıxır ki, çin ciddi surətdə Cənubi çin dənizində hərbi qüdrətini artırmaqla məşğuldur. Həmin prosesin mümkün hərbi və geosiyasi nəticələrini proqnozlaşdırmaq çətin deyil.

Geosiyasi savaş: təhlükənin bir addımlığında

Onu da vurğulamaq lazımdır ki, Pekin digər üsuldan da istifadə edir. O, dənizdə qarşıya çıxa biləcək hər hansı maneədən ölkənin zərər görməməsi üçün quruda layihələr həyata keçirməyə çalışır. çinin Rusiya və Mərkəzi Asiyanın təbii ehtiyatlarına sərmayə qoyuluşuna xüsusi diqqət yetirməsi də bununla əlaqəlidir. Həmin kontekstdə mütəxəssislər “İpək Yolu” layihəsini ayrıca qeyd edirlər. çin bununla dünyanın bir çox regionları ilə əlaqə saxlaya bilər.

Şübhəsiz, bütün bunları yaxşı bilən Amerika bir neçə istiqamətdə tədbirlərini həyata keçirməyə çalışır. Hər şeydən əvvəl Vaşinqton çalışır ki, çinin Sakit okean-Atlantika hövzəsində geosiyasi və iqtisadi sahələrdə dominant rol oynamasına imkan verməsin. Dünya liderliyi üçün bunun əhəmiyyət daşıdığı aydındır. Həmin məqsədə çatmaq üçün isə ABŞ xislətinə uyğun olaraq heç bir sərt addımdan çəkinmir. Onun iki istiqamətdə fəaliyyətini gücləndirdiyi hiss olunur.

Birincisi, Vaşinqton Cənub çin dənizində hərbi gücünü artırır, oraya yeni qüvvələr göndərir. Amerikanın hərbi dairələri açıq bildirirlər ki, lazım gələrsə, müharibəyə belə gedəcəklər. Bu zaman əsas səbəb kimi geosiyasi faktor yox, iqtisadi maraqlar göstərilir. Belə ki, Vaşinqton həmin regionda dünya ticarətinin “zərər görməməsi” üçün lazım olan addımları atmalıdır. çünki çin orada bütövlükdə nəzarəti təmin edərsə, o zaman müəyyən məhdudiyyətlər özünü göstərəcəkdir. Misal olaraq “Lassen” esminesinə qarşı olan münasibətə işarə edilir. Eyni şey dünyanın istənilən ölkəsinin
gəmisinin başına gələ bilər.

Belə çıxır ki, ekspertlərin bir qədər əvvəl proqnozlaşdırdığı kimi, ABŞ Cənubi çin dənizində hərbi iştirakını yeni səviyyəyə qaldırmaqda israrlıdır. İndi faktiki olaraq həmin bölgə Amerika gəmiləri ilə mühasirəyə alınıb. Paralel şəkildə başqa siyasət də yeridilir.

İkincisi, Vaşinqton çinin qonşuları ilə münasibətlərini gərginləşdirməyə cəhd göstərir, bunun üçün də Yaponiya, Vyetnam, Malayziya, Filippin kimi müttəfiqlərinə yeni silahlar verir. Deyilənlərin fonunda həmin ölkələrin çinlə ixtilaflara getməsi ehtimalı artır. Hər bir halda indidən Pekin bununla bağlı narahatlıq keçirir. Onun Avropanın böyük dövlətləri ilə irimiqyaslı sazişlər imzalamasına bu prizmadan yanaşdıqda, mənzərə daha aydın görünür. Belə ki, Böyük Britaniya və Almaniya son vaxtlar çinlə milyardlarla ABŞ dolları həcmində əməkdaşlıq müqavilələri imzalayıblar. Belə görünür ki, Avropa ABŞ-ın çin siyasətinə elə də haqq qazandırmır və müəyyən şərtlər daxilində Pekinin quru yolla əlaqələri genişləndirmək təşəbbüsünə müsbət cavab verir. Bunların Avropa İttifaqı-ABŞ münasibətlərinə hansı yeni çalarları verə biləcəyi məsələsi ayrıca mövzudur.

Yuxarıda vurğulanan məqamlar Cənubi çin dənizində geosiyasi-hərbi gərginliyin artmaqda olduğunu göstərir. Aşkar görünür ki, dünyanın iki böyük dövləti qarşılarına qoyduqları məqsədlərdən çəkinmək fikrində deyillər. Onların həmin regionda üstünlüyü ələ almaq istiqamətində atdıqları addımlar yeni münaqişəyə təkan verə bilər. Yaxın Şərqdə vəziyyətin daha da ağırlaşması fonunda bu, dünyanın yeni çətinliklərlə üzləşə biləcəyi haqqında düşünməyə əsas verir. Burada milyonlarla insanın vətənindən didərgin düşməsini və iqtisadi durumun ağırlaşmasını qeyd etmək gərəkdir.

Onsuz da qlobal iqtisadi sistem xeyli sayda problemlərlə üz-üzə qalıb. Bunlara Amerika və çinin Cənubi çin dənizində ticarətin məhdudlaşmasına aparan addımlarını da əlavə etdikdə, daha faciəvi mənzərə alınır. Maraqlıdır ki, nə Vaşinqton, nə də Pekin məsələnin bu tərəfinə əhəmiyyət vermirlər. Bu isə narahatlıq doğuran faktordur.

Newtimes.az