XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

26 Noyabr 2015 - 12:01

Cəmil Həsənli: “Rusiyanın Suriyada olması Türkiyə və ABŞ-ın buraxdığı səhvlərin nəticəsidir” – MÜSAHİBƏ

 

cemil hesenli.jpg

Milli Şuranın sədri, tarix elmləri doktoru Cəmil Həsənli “Amerikanın səsi”nə müsahibəsində Türkiyənin Rusiyanın hərbi təyyarəsini vurmasından, Suriya ətrafında cərəyan edən diplomatik münasibətlərdən, Türkiyənin neytral mövqedən tərəfə çevrilməsindən, Türkiyə-Rusiya münasibətlərinin son yüz illik tarixindən və Azərbaycanın Suriya böhranında yerindən danışır.    

 

Sual: Siz “SSRİ-Türkiyə neytrallıqdan soyuq müharibəyə 1939-1953” kitabının müəllifisiniz. Rusiya hərbi təyyarəsinin vurulmasından sonra neytralitetdən soyuq müharibəyə keçid tarixinin təkrar olunduğunu düşünmək olarmı?

Əlbəttə, müasir beynəlxalq münasibətlər baxımından onun əlamətləri görünür. Xüsusilə, 1945-1946-cı illərdə Sovet İttifaqı tərəfindən Türkiyəyə çox böyük basqı var idi. Hətta müharibənin yaxın zamanlarda başlayacağı, Türkiyənin ərazisinin bir hissəsinin işğal altına alınacağı kimi təsəvvürlər yaranırdı. Mən sizə deyərdim, bu məsələ 50-ci illərin ikinci yarısında, 1957-ci ildə də təkrar olundu. 19 57-ci ildə təkrar olunanda Sovet İttifaqının gizli notası oldu. Yəni, o nota açıqlanmadı, xəbərdarlığı oldu. Sonralar Nikita  Xruşov (1956-1963-cü illərdə keçmiş Sovet İttifaqı Kommunist Partiyasının baş katiibi olub-red) öz xatirələrində yazır ki, Türkiyə Amerika ilə birgə bizə qarşı iş birliyinə gedirdi, biz onlara xatırlatdıq ki, 2-3 sovet raketi Türkiyənin ətrafındakı dənizlərə qovuşması üçün yetərlidir. Onlar bizi başa düşdülər və Amerika raketlərini yerləşdirməkdən çəkindilər.

Bu, üçüncü böhrandır. 20-ci əsr ərzində, xüsusilə 20-ci əsrin 40-cı illərindən başlayaraq, hazırda baş verən üçüncü krizisdir. Mən deyərdim ki, o biri böhranlarda,  deyək soyuq müharibə ideologiyasına uyğun olaraq söz savaşı gedirdi, burada artıq praktiki iş var. Yəni, nə çar Rusiyasının, nə də SSRİ-nin Silahlı Qüvvələri heç vaxt birbaşa Suriyada, yaxud da Türkiyə ilə yaxın olan ərazilərdə bu qədər açıq şəkildə hərbi əməliyyatlara girişməyib. Burada artıq söhbət Türkiyə ilə 800 kilometr sərhədi olan bir ölkədə Rusiyanın Hərbi Hava Qüvvələrinin və Rusiya qoşunlarının açıq təcavüzü müşahidə olunmaqdadır.           

Sual: Amerika tarixçisi Bouen yazır ki, İkinci dünya müharibəsində Türkiyə müttəfiqdir, amma savaş aparan ölkə deyil. Türkiyə İraq müharibəsində, Suriya böhranında bu siyasəti davam ertdirə bildi. Amma İŞİD-ə qarşı müharibədə ənənə pozuldu. Buna səbəb nədir?

 Əvvəla, İraq müharibəsində və Suriya müharibəsində mən Türkiyənin siyasətini elə də başarılı hesab etmirəm. çünki istər İraqda, istərsə də Suriyada Türkiyə marağı olan bir ölkədir. Bu gün hadisələrin bu həddə gəlib çıxması və Rusiyanın gedib Suriya məsələlərinə əl qoyması bilavasitə Türkiyənin və ABŞ da daxil olmaqla, qərb ölkələrinin buraxdıqları yanlışlıqların nəticəsidir. Əsəd indiyədək hakimiyyətdə qalmamalı idi. Bu, öz xalqına zülm edən bir dövlət başçısıdır. Məlum olduğu kimi, dövlət başçısı kimi də bir sıra dövlətlər tərəfindən tanınmır, münaqişə mənbəyidir. Bu problem çoxdan həll olunmalı idi və həll olunmadığı üçün Rusiya əlverişli məqam tapdı, gəlib Suriyada söz sahibi kimi çıxış etməyə qərar verdi. Türkiyə hər kəsdən daha çox İraq və Suriya məsələlərində söz sahibi olmalıdır. Birinci, region dövlətidir, ikinci, sərhədyanı dövlətdir, üçüncüsü isə hər iki dövlətdə türk milli azlıqları var. Rusiyanın təyyarəsi ona görə vurulmayıb ki, o, İŞİD-i bombardman edirdi. Ona görə vurulub ki, Türkiyənin sərhədlərini pozmuşdu və eyni zamanda Suriya türklərini vururdu. Rusiya əvvəl bu münaqişəyə bir az ayrı istiqamət vermək istəyirdi. Məsələn, Türkiyə rəsmi şəkildə elan edir ki, təyyarəni onun Silahlı Qüvvələri vurub. Rusiya isə çalışırdı bunu orada mübarizə aparan qüvvələrlə əlaqələndirsin. Hiss olunur ki, Rusiya açıq şəkildə Türkiyə ilə münaqişəyə getməyə əvvəl meylli deyildi. Amma Türkiyə açıq şəkidə bəyan edəndən sonra ki, onlar vurub, bundan sonra Rusiyanın əsl sifəti görünməyə başladı.              

Sual: İkinci dünya müharibəsindən sonra olduğu kimi, Rusiya yenə Türkiyəni neytrallıq siyasətindən əl çəkmək üçün sanki təxribata çəkir. Rusiyada səslənən bəyanatları, PKK-ya, milli azlıqlara  silah verilməsi ilə bağlı bəyanatları misal çəkərdim. Bunun arxasında hansı planlar dura bilər? Türkiyə Rusiyaya qarşı soyuq müharibədən qaçmaq üçün nə etməlidir?

Əvvəla, onu deyim ki, İkinci Dünya Müharibəsində Türkiyə neytral ölkə deyildi, savaşa qoşulmayan ölkə idi. Türkiyənin Britaniya və Fransa ilə müttəfiqlik sazişi var idi. Türkiyə İkinci Dünya Müharibəsi illərində müttəfiqlərin sırasında idi. çörçill Adanada prezident İsmət İnönü (1938-1950-ci illərdə Türkiyənin prezidenti-red) ilə Türkiyənin savaşa girməsi ilə bağlı görüşəndə İnönü orada çox maraqlı bir fikir deyib. Deyib ki, biz savaşa girsək ruslar dost kimi bizim ölkəmizə girəcək və biz bir daha onları ölkəmizdən çıxara bilməyəcəyik. Şərqi Avropa İnönünün dediyi o təhlükəni yaşadı. Amma indi Türkiyə NATO-nun üzvüdür, yəni indi Türkiyə neytral dövlət deyil. İndi Türkiyə NATO-nun üzvüdür və NATO-nun bir cinahı, cənub-şərq cinahı bilavasitə Türkiyə ilə bağlıdır. Həm də Türkiyə NATO-nun ən güclü üzvlərindən biridir. Bilirsiniz ki, NATO daxilində, NATO sistemini tənzimləyən müqaviləyə görə, NATO üzvlərindən hansısa birinə hücum bütövlükdə bloka hücum kimi qəbul edilir. Düzdür, mən güman etmirəm ki, bu münaqişə müharibəyə çevrilsin. çünki Suriyaya baxma, orada ruslar məhəlli uçuşlar edir. Böyük müharibəyə ruslar hazır deyillər və bu müharibə onlar üçün uduşlu deyil. Sadəcə olaraq Türkiyənin və qərbin apardığı gözləmə siyasətindən Putin Rusiyası öz maraqları üçün istifadə etdi. Onlara lazım idi, Ukrayna məsələlərini arxa plana keçirmək və yeni bir münaqişə yaratmaq, dünyanın diqqətini ona cəlb etmək. Suriyanın timsalında bunu onlar bacardılar. Amma bunu onlar davam etdirə biləcəklərmi? Mən buna elə də əmin deyiləm. İndi Rusiyanın məqsədi heç də Əsəd rejimini saxlamaq deyil. Rusiyanın əsas məqsədi Suriya münaqişəsində tərəf kimi qəbul olunmasıdır. Orada nüfuzunu qoruyub saxlamaq, mümkün olsa bazalarını saxlamaq, Suriyada qurulacaq yeni hökumətdə söz sahibi olmaq istəkləridir. Amma nə dərəcədə onlar buna nail olacaqlar? Bunu demək bir az çətindir.

Sual: Tərəflər münasibətlərin konstruktiv və təhlükəsizlik həddinə gətirilməsi üçün hansı addımları atmalıdır?  Söhbət Türkiyədən, Rusiyadan, NATO-dan və digər tərəflərdən gedir.

Bilirsiz, Rusiya tərəfindən Suriya məsələlərinə belə açıq müdaxilə beynəlxalq nizamnamənin, dünya düzəninin pozulmasıdır. Suriya məsələsi daha çox suriyalıların öz daxili işidir. Buna hansısa formada kənardan dəstəklər var. Amma SU-24 təyyarələri ilə döyüş meydanına daxil olub Əsədin antixalq rejimini
müdafiə etmək elə də uğurlu siyasət deyil. Biz ötən əsrin 90-cı illərindən başlayaraq Rusiyanı antidemoktratik və öz xalqı tərəfindən dəstəklənməyən rejimlərin yanında görürük. Münaqişənin həllinin ən sadə yolu tərəflərin beynəlxalq hüquqa hörmətlə yanaşmasıdır. Əgər belə hörmətlə yanaşma olmayacaqsa Rusiyanı oradan vurub çıxaracaqlar.

Sual: Azərbaycan bu münaqişədə, böhranda harada olmalıdır? 

 Azərbaycan bu münaqişədə beynəlxalq hüququn yanında olmalıdır. Beynəlxalq hüquq kimin tərəfindədirsə onun yanında olmalıdır. Bu bölgə elə də bizdən uzaq bölgə deyil. Uzun müddət bilirsiniz ki, Sovet İttifaqının yeritdiyi siyasət nəticəsində bölgədə müəyyən proseslər formalaşıb. Bir qədər əvvəl siz xatırlatdınız, PKK ilə bağlı məsələlər. Bunlar hamısı Sovet İttifaqı tərəfindən idarə olunurdu. Hələ 1946-cı ilin dekabrında kürd avtonomiyası məğlub olandan sonra, Bərazninin (iraqlı kürd siyasətçi, Kürdüstan bölgəsinin rəhbəri-red) 2000 atlıdan ibarət dəstələri  Naxçıvana gəldilər. Sudapulatov (1940-cı illərdə Sovet İttifaqının Daxili İşlər Xalq Komissarlığının-NKVD 4-cü idarəsinin rəisi, general-leytenant, sovet kəşfiyyatçısı, diversant-red ) öz xatirələrində yazırdı ki, Abakumov (Viktor Abakumov- 1946-1451-ci illərdə SSRİ dövlət təhlükəsizlik naziri olub-red) mənə zəng edib dedi ki, bu kürd dəstələri ilə yerli əhalinin,  o cümlədən, Mircəfər Bağırovun  əlaqələrinin yaranmasına imkan vermək lazım deyil, Bağırov onlardan öz məhəlli məqsədləri üçün istifadə etmək istəyir. Xozeyin (sahib-red) dedi ki, yəni  Stalin  dedi ki, onlar bizə daha böyük işlər üçün lazımdır. Ona görə, 1947-ci ildə onları Naxçıvandan götürüb özbəkistana gətirdilər, hərbi təlim keçdilər və sırf döyüşkən bir ordu vəziyyətinə saldırlar. 1958-ci ildə İraqda Əbdül Kərim Qasimi (General Əbdül Kərim Qasim, 1958-1963-cü illərdə  İraqın lideri olub, dövlət çevrilişindən sonra edam edilib-red) devirmək lazım gələndə, o qüvvələri aparıb tökdülər ora və orada Qasim hökumətini devirdilər. Sonrakı mərhələdə də PKK-a bilavasitə Sovet İttifaqı tərəfindən dəstəklənirdi, həm maddi, həm hərbi, həm də diplomatik yollarla dəstəklənirdi. Hesab edirəm ki, indiki münaqişədə Türkiyə bölgənin böyük dövləti, söz sahibi missiyasını təsdiq edəcək.