Güc strukturlarının rəhbər heyəti həlak olan polislərin dəfnində! – VİDEO, FOTOLAR

ötən gün Nardaranda baş verən silahlı insident zamanı həlak olan polis əməkdaşları Nəsibov Vüqar Eyyub oğlu və Tağıyev İsmayıl Rəsul oğlunun II Fəxri Xiyabanda dəfn mərasimi keçirilib.
Strateq.az xəbər verir ki, dəfn mərasimində Daxili İşlər naziri Ramil Usubov, Baş Prokuror Zakir Qaralov, Müdafiə naziri Zakir Həsənov, Milli Təhlükəsizlik nazirinin birinci müavini Mədət Quliyev, Daxili işlər nazirinin müavini Vilayət Eyvazov, Baş Prokurorun müavini Rüstəm Usubov, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalov, Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin rəisi Yaşar Əliyev və digər yüksək rütbəli polis zabitləri iştirak ediblər.
Qeyd edək ki, noyabrın 26-da Daxili İşlər Nazirliyi tərəfindən Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılıb, əl qumbarası atılıb. Hücum edənlərin davamlı atəşinə cavab olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə cinayətkar dəstənin 4 üzvü məhv edilib, daha bir neçə nəfəri yaralanıb. 2 polis əməkdaşı həlak olub. Eyni zamanda, Taleh Bağırov başda olmaqla, 14 dəstə üzvü saxlanılaraq istintaqa təqdim edilib.
Fakt üzrə Baş Prokurorluq tərəfindən cinayət işi başlanılaraq istintaq aparılır.