XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

27 Noyabr 2015 - 18:41

Rusiya-Türkiyə gərginliyi: mümkün geosiyasi nəticələr – Təhlil

put-erd.jpg

Türkiyə qırıcısının Rusiyanın hərbi bombardmançı təyyarəsini vurması iki ölkə arasında ciddi ixtilafların meydana gəlməsinə yol açıb. Moskva sərt və əsəbi reaksiya verir, Ankara isə öz mövqeyini əsaslandırmağa çalışır. Dünyanın müxtəlif ölkələri fərqli fikirlər bildirirlər. Qərb birmənalı olaraq Türkiyənin hərəkətlərini dəstəkləyən bəyanatlar verir. İran çin tərəfləri soyuqqanlılığa çağırır.

Ancaq onu unutmaq olmaz ki, yaranmış vəziyyətin arxasında bir sıra geosiyasi və hərbi məqamlar dayanır. Məsələ böyük bir geosiyasi məkanda təhlükəsizliyin təmin edilməsi ilə əlaqədardır. üstəlik, beynəlxalq terrorla mübarizədə çox mühüm bir mərhələ başlayıb. Problemə həmin müstəvidə yanaşdıqda, bir neçə düşündürücü məqamı görmək olur. Onların təhlili faydalı olardı.

Strateji səhv: onu düzəltmək mümkündürmü?

Yaxın Şərqdə onsuz da çox gərgin olan geosiyasi vəziyyətə yeni bir faktor da əlavə olundu. Türkiyə qırıcı təyyarəsinin Rusiyanın “SU-24” tipli hərbi bombardmançı təyyarəsini vurmasından sonra hər iki tərəfdən həyəcan doğuran informasiyalar yayılmaqdadır. Ankara məcburən bu addımı atmalı olduğunu sübuta yetirməyə çalışır, Moskva isə heç bir arqumenti qəbul etmədən, sərt cavab tədbirləri görəcəyini bəyan edir. Dünya KİV-də isə fərqli təhlillər, şərhlər və proqnozlar yer alır. Onların sırasında iki böyük dövlət arasında münasibətləri korlamaq məqsədini güdən yazılara da rast gəlinir.

Aydındır ki, Rusiya-Türkiyə münasibətlərinin bu hadisədən əvvəlki vəziyyətdə qalması çətinləşib. Problemin geosiyasi aspektdə yarada biləcəyi fəsadlar üzərində düşünməyə böyük ehtiyac vardır. Həm də təcrübə göstərir ki, yaranmış vəziyyətdən bir sıra qüvvələrin öz məqsədləri üçün istifadə etmək cəhdlərini istisna etmək olmaz. Bu baxımdan, baş verən hadisəni hər iki tərəfin strateji səhvi kimi qiymətləndirmək mümkündür. Digər faktorlarla yanaşı, həm də ona görə ki, iki böyük dövlətin əməkdaşlıq potensialı çoxdur. Onların bir-biri ilə dil tapması geniş geosiyasi məkanda, hətta Avrasiya miqyasında sabitlik və sülhə ciddi töhfə verərdi.

Burada “The Washington Post” qəzetində dərc olunan məqalədə yer almış “baş verən hadisə situasiyanı nəzarətdən çıxaracaqmı?” kimi təşviş doğuran sualı vurğulamağa ehtiyac vardır (bax: Daniel W. Drezner. Will this Russia-Turkey business get out of control? / “WashingtonPost.com”, 24 noyabr 2015). çünki ekspertlər insidentin bütövlükdə Yaxın Şərqdə geosiyasi-hərbi vəziyyəti idarəolunmaz bir müstəviyə ata biləcəyindən ehtiyatlanırlar. Bunun üçün onlar bir neçə faktoru xüsusi vurğulayırlar.

Həmin sırada iki ölkə arasında enerji sahəsindəki əməkdaşlığın və ticari əlaqələrin çətinliyə düşməsi, təhlükəsizlik sisteminin formalaşması perspektivinin azalması və Suriyadakı terroru ləğv etmək üçün vahid beynəlxalq koalisiyanın yaranması imkanlarının azalması ayrıca qeyd olunur (bax: Liam Denning. Russia, Turkey and World War G / “Bloomberg”, 24 noyabr 2015). Bunların fonunda Ankara və Moskvanın strateji səhvə yol verməsi daha aydın nəzərə çarpır.

Tərəfdaş seçimi: tələskənliyin zərəri

Burada bir məqamı xüsusi qeyd etmək istərdik. Bizcə, Rusiya tərəfdaş seçimində bir qədər tələsdi. İndi Yaxın Şərqdə geosiyasi dinamika çox mürəkkəbdir. Bu səbəbdən, mütləq seçim qarşısında özünə tərəfdaş toplamağın əhəmiyyəti böyükdür. Ekspertlər belə fikirdədirlər ki, Suriya problemini Türkiyəsiz həll etmək imkan xaricindədir (bax: məs., Нета Бар. Сбитый российский самолет: неужели Эрдоган на самом деле обезумел? (Maariv) / “ИноСМИ.ru”, 25 noyabr 2015).

Moskva isə bu faktı lazımi səviyyədə dəyərləndirmədən, regionun bir sıra dövlətləri və Suriyadakı radikal qrupların bəziləri ilə əməkdaşlıq qurdu. Bunun fonunda Ankara ilə münasibətlərin mümkün nəticələri dolğun qiymətləndirilmədi.

Əlavə olaraq, Rusiya Ermənistan faktorunun bütövlükdə nə dərəcədə mənfi rol oynadığının fərqinə varmadı. Sirr deyil ki, Rusiyada müəyyən vəzifələr tutan ermənilər daim Kremlin Ankara ilə münasibətlərini korlamağa, Moskvanı təxribatlara çəkməyə çalışırlar.

Məsələnin başqa tərəfi Rusiyada bəzi dairələrin bir sıra tarixi faktları nəzərə almaması ilə əlaqədardır. Hələ 1983-cü il sentyabrın 1-də Cənubi Koreyanın “Korean Air Lines” şirkətinə məxsus sərnişin təyyarəsini SSRİ hərbi hava qüvvələri Saxalin üzərində kursdan yayındığına görə vurmuşdu. 2012-ci il iyunun 22-də isə Türkiyəyə məxsus F-4 təlim-məşq təyyarəsi Suriya tərəfdən xəbərdarlıq edilmədən məhv edilmişdi. Yayılan informasiyalara görə, atəş Rusiyanın Suriyadakı hərbi bazasından açılmışdı (bax: özlem Albayrak. Rus uçağı ve ibret verici angajman tarihi / “Yeni Şafak”, 25 noyabr 2015). Fikrimizcə, bütün bunlardan xəbərdar olan qüvvələr eyni addımı başqasının da ata biləcəyinə səbirli yanaşmalıdır.

Bütövlükdə, böyük dövlətlərin tərəfdaş seçimində tələskənliyi neqativ nəticələrə gətirib çıxarır ki, bunları da bəzən illərlə aradan qaldırmaq mümkün olmur. Rusiya kimi böyük və qüdrətli bir dövlətin hər bir hərəkəti qlobal miqyasda hiss edilən təsirə səbəb olur. O cümlədən də Moskvanın tərəfdaş seçimində daha təmkinli və əsaslı olması müsbət hal olardı. Cənubi Qafqazda Ermənistan kimi təcavüzkarı özünə ən yaxın müttəfiq etməyin perspektivdə kimə xeyirli olacağını bu müddəalar prizmasından tam müəyyənləşdirmək çətin işdir.

Ankara: kifayət qədər ehtiyatlıdırmı?

Lakin ədalət naminə digər bir məqamı da unutmaq olmaz. Bizcə, Türkiyə də haradasa öz gələcəyini dərindən düşünmədən addım atdı. Vəziyyət mürəkkəb və ziddiyyətli olsa da, geosiyasi maraqlar nəzər alınsa da, strateji aspektdə Ankaranın bu məsələdə bir qədər ehtiyatlı tərpənməsi daha səmərəli olardı. Bunun iki səbəbi üzərində dayanmaq istərdik.

Birincisi, Yaxın Şərqdə geosiyasi nüfuz uğrunda rəqabət güclənib. İndiki şəraitdə hansı tərəfin qalib gələcəyi aydın deyil. üstəlik, regionun böyük dövlətləri də eyni mövqe nümayiş etdirmirlər. Onlar arasında rəqabət də xeyli intensivləşib. Belə bir şəraitdə Rusiya ilə münasibətləri gərginləşdirmək nə dərəcədə düzgündür? Budur, İran və çin Türkiyə ilə Rusiyanı soyuqq
anlı olmağa çağırırlar. Qərb dövlətləri də “iki hökumət öz aralarında münasibətləri tənzimləməlidir” kimi fikirlər bildirirlər.

Ankaranın ehtiyatlı davranmalı olmasının ikinci səbəbi aşağıdakı məqamlarla bağlıdır. Nəzərə almaq lazımdır ki, strateji aspektdə məsələ yalnız Qərbin – NATO-nun güclü olmasında deyil. Söhbət bütövlükdə iki dövlətin və iki xalqın gələcək əlaqələrindən gedir. Bir çox sahələrdə onlar arasında sıx əməkdaşlıq mövcuddur. Bundan başqa, Qafqazda Rusiya və Türkiyə ortaq fəaliyyətləri ilə terrorun qarşısını ala bilərlər. Əsrlərdir davam edən erməni radikalizmini səngitmək imkanı qalardı.

Başa düşürük ki, iki ölkə arasındakı gərginliyin mənbəyində Bəşər Əsəd məsələsi dayanır. Suriyanın hazırkı prezidenti ölkə ərazisinin az bir qisminə nəzarət edə bilir. Türkiyə onun hakimiyyətdən getməsini arzulayır, Rusiya isə əksini daha doğru sayır. Lakin əsas problem ondan ibarətdir ki, şəxslər gəldi-gedərdi, xalq və dövlət isə əbədi qalır. Məhz bu reallıq kontekstində sual etmək istərdik: bir şəxsə görə iki böyük və dost dövlətin bu dərəcədə ixtilafa getməsinin əhəmiyyəti varmı? Biz bu suala müsbət cavab verə bilmirik.

Digər tərəfdən, indi faktiki olaraq böyük dövlətlər iki cəbhəyə ayrılıblar. Həlledici anda onların əksəriyyəti NATO-nu seçəcək. Biz, əsasən Qərb dövlətlərini nəzərdə tuturuq. O halda reallıqda Rusiya-NATO qarşıdurması yaranmış olur. İnanmırıq ki, bu, tərəflərdən hər hansı birinə fayda versin. çünki onların hərbi qüdrəti o səviyyədədir ki, ikisi də əldən düşə bilər. Dünyanın böyük bir ərazisində isə amansız savaş meydana gələr. Təcrübə göstərir ki, belə hallarda ən çox xalqlar ziyan çəkir.

Bütün bunlar Türkiyə ilə Rusiya arasında indi müşahidə edilən ziddiyyətli məqamların mürəkkəb geosiyasi və hərbi faktorlarla bağlı olduğu göstərir. Məsələ sadəcə bir hərbi təyyarənin vurulmasından ibarət deyil. Proses regional miqyasdan qlobal səviyyəyə qədər genişlənə və nəticələri bəlli olmayan məzmun ala bilər. Bundan ehtiyatlanmaq gərəkdir.

Newtimes.az