XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 November 2015 - 15:47

Şəhid polis haqqında dostunun yazısı: “Vətən üçün…” – Fotolar

vuqar-1.png

“Tənhalıq hardan başlayır, harada bitir? Ayrılıq niyə ölümdən də betər olur?” suallarının cavabının çox çətin olduğunu sanmışdım. Sən demə, cavab tapmaq üçün dəridən-qabıqdan çıxmağa, filosofluq eləməyə gərək yoxmuş.

“ölüm nədir, rəngi necədir?” sualının da cavabını tapmışam. İndi “ölüm nədir, əcəl hansı şəkildə olur” deyəndə, gözlərimin önünə insan gəlir. ölümün bir adı da insandır: insan həm də əcəlin şəklini dəyişmiş formasıdır. Yəni İlahidən gələn ölüm və əcəl ucalığını insanlar çox adiləşdiriblər, adamlaşdırıblar, daha doğrusu.

Anladım ki, bu dünyada bir insan üçün ən böyük tənhalıq əzizini, doğmasını itirəndən sonra başlayır. Bəs, görəsən, dünyasını dəyişən birinin tənhalığı bu dünyanı tərk etməklə bitirmi? Yox, əsla, yox… 

Bəlkə, elə qəbir əzabı deyilən məfhum tənhalığın özüdür? Torpağa tapşırılan cansız cəsəd əl-ayaq çəkiləndən sonra əbədi, uzun sürən, ta qiyamətə qədər davam edən tənhalıqla üzbəüz qalmırmı?

Elə dörd divar arasında sıxılmaq da tənhalıqdır…

Dünən onları Vətən torpağına əmanət edəndə, bu fikirlər beynimi sarmaşıq kimi sarmışdı. Əcəl zənginin onlar üçün belə tez çalınmağı, içi mən qarışıq, orda olan hər kəsdə ölümə az da olsa seziləcək qədər nifrət oyatmışdı. Axı əzizlərimizi, doğmalarımızı itirmişdik. Bəs bu vaxtsız ayrılığın baiskarı kimlər idi?!

O güllələri, o qumbaranı onlara düşmənmi atmışdı?

“Nər…” sözü ilə adı başlayan yurdun övladlarının belə münasibətini sinirmək asan deyil, mənim əzizlərim. Amma onlar da fitvaya getdilər. Məlum kimlərinsə əlini öpüb onların ideyalarına sadiqliyini nümayiş etdirmək üçün talehkimilərin sözü ilə tapındıqları Haqdan, gərək, əllərini üzməyəydi nardaranlılar. Axı Vətənin varlığı dindən də, inancdan da üstündür, hər şeydən vacibdir. Min illər boyu suyunu içib, çörəyini yediyimiz, havasını udduğumuz Vətəni, torpağı qızıl sinidə kiməsə verməklə öz bədbəxtliyimizə yol açmış, imza atmış oluruq! Bir az da açıq desəm, dəyişən dünya düzəni, rus-fars qardaşlaşması bizlərə “Gülüstan”ı, “Türkmənçay”ı xatırlatmırmı?! Bu torpağın  taleyini satılmış talehlərə həvalə etmək keçmişi topa tutmaq, gələcəyi güllələmək deyilmi?

Həlak olan polis əməkdaşları Vüqar Nəsibovun, İsmayıl Tağıyevin günahı nə idi? Axı onlar islam, din pərdəsi altında maskalanmış birilərinin əməllərini ifşa etmək üçün görəvləndirilmişdilər. Bu görəv, əslində, xalqı və dövləti gələcək bəlalardan qorumaq üçün çox vacib idi.

Hadisələrlə bağlı izlədiyim nüanslardan biri daha çox diqqətimi çəkdi. Deyirdilər ki, guya, polislər namaz zamanı nardaranlılara hücum ediblər. Mən hər iki həmkarımızı yaxşı tanıyırdım. Onlar “namaz qıla-qıla” güllə, qumbara atıb namazı batil edənlərdən qat-qat inanclı, imanlı və vətənpərvər idilər!

Bir məqamın üstündə xüsusilə dayanmaq istəyirəm. Namaz qılarkən insan bu dünyanı unudur. çünki sən Allahın, səni Yaradının qarşısında durub Ondan bağışlanmanı diləyirsən. Yəni namazda olduğun vaxt çevrəndə baş verənlər səni mömin olaraq bu rabitədən heç bir vəchlə ayıra bilməz. Əlbəttə ki, söhbət əsl mömindən və müsəlmandan gedir.

Və Azərbaycan Polisi “Allahsız” deyil ki, namaz üstə, dilində “Allahu-əkbər” deyən, “əli yalın möminlərə” güllə atsın!

Demək, hadisə “möminlər” namazda olarkən baş verməyib, onların ölkəmizi, dövlətimizi parçalamaq, asayişi pozmaq üçün hazırladığı planlardan duyuq düşüb ifşa etməyə gələn həmkarlarımıza silahla dirəniş göstəriblər, cinayət əməli törədiblər. Sadəcə orada din, iman, Allah xofu və sevgisi insanları qandırmaq üçün bir vasitə idi.

Qardaş da qardaşa güllə atarmı? özü də kimə?

Qarabağ döyüşlərində sıralarından yüzlərlə əməkdaşı şəhid olan, ölkəmizin bütövlüyü uğrunda gecə-gündüz yorulmadan xidmət edən, asayişi qoruyan, sabitliyi təmin edən Azərbaycan Polisinə! Odlar, əjdahalar, canavarlar arasında qalan Vətəni, torpağı, xalqı qorumaq üçün beynini xurafat gəmirən, sülh, qardaşlıq rəmzi olan əsl islamın mahiyyətini bilməyən, Azərbaycanı sevməyənlərin əl quzusuna çevrilənlərin hər cür təxribatının qarşısını almaq naminə ölümün gözünə dik baxan Vətən oğullarına güllə sıxanlara, sıxdıranlara  nə ad vermək olar?

O açılan güllələr nardaranlılara, bakılılara, qarabağlılara, irəvanlılara, naxçıvanlılara, dərbəndlilərə, təbrizlilərə, borçalılara… deyil, xəyalımızda hər zaman varlığını arzuladığımız, sərhədlərini çizdiyimiz Vətənimizə – Azərbaycanımıza dəydi!

 

Necə ki, Məmməd Araz deyirdi:

Səndən, məndən ötən zərbə,

Vətən, Vətən, sənə dəydi!!!

 

…Dost itirmək ağır dərddi. Vüqar da mənim dostum idi. O, 1975-ci ildə qədim oğuz-türk yurdu indiki Ermənistan Respublikasının Kalinino rayonunun Mixaylovka (rayonun və kəndin adı haylar tərəfindən dəyişdirilib) kəndində keçmiş milis ailəsində doğulmuşdu. Atası Eyyub kişi beş övladını halal zəhməti, alın təri ilə dolandırırdı. O, haramdan uzaq durmağı, halalı sevməyi, halal yeməyi və qazanmağı öyrətmişdi, daha doğrusu, sevdirmişdi övladlarına.

Vüqar kiçik yaşlarından idmana həvəsliydi, güləşlə məşğul olurdu. Hətta rayonda erməni “dığaları”nın kürəyini yerə vuranda “türk, türk” deyib qəzəblərini gizlədə bilmirdi düşmənlərimiz.

1988-ci il hadisələrindən sonra düzəni dəyişdi, mizanı pozuldu dünyanın. Xaricdəki və imperiyadakı havadarlarından dəstək görən haylar bizləri yurdumuzdan-yuvamızdan pərən-pərən saldı. Ellər, obalar viranə qaldı. Yer-yurd adlarımız haylaşdırıldı.

Polis mayoru Vüqar Nəsibovun ailəsi də həmin hadisələrdən sonra qaçqınlıq, köçkünlük həyatını yaşamağa məhkum oldu. Yurd ağrısı, torpaq itkisi ürəkdə dağa, alında şırıma dönsə də, soydaşlarımız o yurda dönmək həsrətinə boy verib toparlana bildilər. O torpaqlara dönmək arzusu gözündə qalan və dünyasını dəyişən böyüklərin həsrəti, nisgili sanki dünənin uşaqlarını bir boy böyütdü, onları vaxtsız yaşlandırdı.

Vüqar atasının yolunu davam etdirmək, böyük qardaşı İmran kimi polis olmaq arzusu ilə çalışdı, çabaladı. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirdi. Həqiqi hərbi xidmət keçdi. Peşəkar idmançı kimi özünü təsdiq etdi. Daxili işlər orqanlarına qəbul olundu. DİN-in Polis Akademiyasında təhsil aldı. Xidmətdə bişdi, püxtələşdi. İdmançı kimi həm bayrağımızı qaldırdı, həm də xidmətdə uğurlar əldə etdi. çox sınaqlardan keçdi həmkarımız. Fədakarlığı DİN və ölkə rəhbərliyi
nin diqqətindən yayınmadı. “İgidliyə görə” medalıyla təltif olundu.

Və məlum Nardaran hadisələri… O, daha doğrusu, onlar düşmən gülləsindən deyil, soydaşlarımızın atdığı güllələrdən həyata ömürlük əlvida dedilər. Vüqar 40-dan o yana keçə bilmədi…

ömrünün qürub çağını yaşayan dərdli babaya “Atam hanı, nə vaxt gələcək?” deyən Fəridə və Fidana onun necə cavab verməsini düşünəndə, göz yaşına hakim ola bilmirsən.

v-oqlu.png

Bir dostu, həmkarı, yurddaşı kimi Vüqardan çox yaza, çox danışa bilərəm. Yeri gəlmişkən, il yarım bundan öncə onunla bir dostumuzun xeyir işində görüşəndə: “Hafiz, bizim yerlərdən çox yaz, qoy bizdən sonra gələnlər o torpağı unutmasınlar, o yurda qayıtmaq, böyük Azərbaycanı qurmaq üçün çalışsınlar”,- deyib boynumu qucaqlamışdı.

O şaqraq gülüşü, təmkini gözlərimin önündədir. Dərdə bax ki, onun yoxluğu barədə indi bu misraları yazıram. Dərd ölçüyə, çəkiyə gəlməz ki…

Ayaqlarını qucaqlayıb oturan Fərid Yoxluğun və Dərdin böyüklüyünü hələ dərk etmir. Amma üzündə qəribə bir kədər, üzüntü var həmkarımızın oğul balasının.

Onun ölüm xəbərini eşidib ata evinə gələnlərin, onu xatırlayanların üzünə sanki payızın sonuncu nəfəsinin sarılığı çöküb. Gözlər, baxışlar, sözlər qəmlidi, kədərlidi.

Ruhunuz şad olsun, əziz qardaşlarım və paqondaşlarım. Bu Vətən, bu torpaq əsla sizi unutmayacaq, işıqlı xatirəniz hər zaman qəlbimizdə əbədi yaşayacaq! ölkə Prezidenti cənab İlham Əliyevin sizləri təltif etdiyi “Azərbaycan bayrağı” ordeni isə bundan sonra cinayətkarlıqla, ölkəmizi, Vətənimizi bölmək, təxribat yaratmaq istəyənlərlə ciddi mübarizədə, haqq işimizdə həmişəyanar mayak olacaq!

 

Hafiz Təmirov,

polis kapitanı

v-toy.png

vuq-2.png

vuqar-toy-2.png

v-valid.png

v-idman.png