XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 November 2015 - 13:02

Niderlanddakı diplomat yazır: “Xarici siyasət elitanın maraqlarına xidmət edəndə…”

nahid-1.jpg

Nahid Cəfərov,

diplomat, Niderland

Rusiya və Türkiyə münasibətlərindəki gərginlik Türkiyə silahlı qüvvələri tərəfindən Rusiya hava qüvvələrinə məxsus “Su-24” təyyarəsinin vurulması ilə əlaqədar diplomatik çərçivədən çıxaraq iki ölkəni real müharibə astanasına gətirib. Bu gərginliyi və bunun yarada biləcəyi nəticələri izah etməmişdən öncə, iki ölkənin uzlaşan və toqquşan maraqlarını izah etmək və bu maraqlar fonunda müharibənin olma ehtimalını müəyyən etmək lazımdır.

 
Türkiyənin enerji dəhlizi siyasətini reallaşdırmaq üçün bütün maraqlı tərəflərlə gərginliyi aradan qaldırmaq tələb olunurdu. Davutoğlunun “qonşularla sıfır problem” doktrinası da bu məqsədə xidmət edərək, Türkiyənin regionda rolunun artmasına səbəb oldu.

Türkiyənin Avropa İttifaqı ilə siyasətindəki çətinliklər eyni qurumla fərqli müstəvidə fərqli çətinliklərlə üzləşən Rusiya ilə münasibətlərin möhkəmlənməsinə şərait yaratdı. Rusiya və Ukrayna arasındakı qaz böhranı və eyni zamanda Qara dənizdən keçərək Rusiya qazını Avropaya çatdıracaq $40 milyard dəyərində olan layihənin Avropa tərəfindən dəstəklənməməsi bu kəmərin Türkiyə ərazisindən keçərək çəkilməsini qaçılmaz etdi. 2014-cü ilin dekabr ayında iki dövlətin prezidentləri Ankarada görüşərək 15.5 milyardlıq qaz kəmərinin tikilməsi ilə bağlı razılığa gəldilər. Kəmər tikiləcəyi təqdirdə, ildə 67 milyard kub metr Rusiya qazı Türkiyə vasitəsi ilə Avropaya nəql olunacaqdır. Bu layihə ilə bağlı müqavilə Rusiya prezidenti Vladimir Putinin Avropaya qaz müharibəsi elan etdiyi bir vaxtda imzalandı.

Rusiya-Ukrayna müharibəsi fonunda NATO-nun Baş Katibi Türkiyəni Rusiyaya qarşı sanksiyalara qoşulmağa dəvət etdiyi bir dövrdə, Türkiyə və Rusiya rəsmiləri iki ölkə arasında iqtisadi münasibətlərini daha da inkişaf etdirərək ticarət dövriyyəsini 2020-ci ilə qədər 3 dəfə artıraraq, $33 milyarddan $100 milyarda çatdıracaqlarını bəyan etdilər.

Bu iki dövlətin maraqları əsasən iqtisadi sahədə üst-üstə düşsə də, siyasi və təhlükəsizlik müstəvisində kifayət qədər toqquşur. Rusiya-Ukrayna müharibəsi ərəfəsində Rusiyanın Krımı öz ərazisinə birləşdirməsi və orada yaşayan türklərin hüquqlarının pozulması iki ölkə arasında gərginliyin ilkin toxumlarını səpməyə başladı. Rusiyanın Kipr siyasəti və kürdlərlə isti münasibəti bu iki ölkə arasındakı münasibətlərin gərginliyinə töhfə verən amillərdir.

Eyni zamanda Türkiyənin Rusiya ərazisində yaşayan müsəlmanlar və o cümlədən türklər arasında böyük nüfuza malik olması Rusiyanı kürdlərlə bağlı olan siyasətində daha ehtiyatlı olmağa vadar edir.

Heç təsadüfi deyildir ki, hərbi təyyarənin vurulması ilə münasibətlərin son dərəcə gərginləşməsi iki ölkə arasındakı qarşılıqlı asılılığın bütün elementlərini gündəmə gətirdi. Müharibə hər iki tərəfin milli maraqlarına xidmət etməsə də, bəzən liderlər qeyri-rasional addımlar ataraq mövcud olan psixoloji təzyiqin təsiri altına düşürlər. Hər iki ölkədə ictimai mövqeyin səfərbər edilməsi və liderlərin daxili auditoriyaya hesablanmış çıxışları qeyd olunan psixoloji durumu formalaşdırmaqdadır. Rusiya tərəfindən türk iş adamlarına qarşı təzyiqlərin göstərilməsi və buna cavab olaraq prezident Ərdoğan tərəfindən “Rusiya odla oynayır” bəyənatının səsləndirilməsi vəziyyəti elə bir mərhələyə çatdırır ki, həmin mərhələdən sonra liderlərin geri addım atması praktiki olaraq mümkün olmur və bu da müharibəni qaçılmaz edir.

Bu gərginliyin fonunda Azərbaycan höküməti getdikcə dalana sıxılaraq bütün resurslarını vəziyyətdən çıxış yolu axtarmağa səfərbər edib. Real vəziyyəti daha dərindən anlamaq üçün bu dalanın yaranma səbəbini izah etmək daha vacibdir. Qərblə İran arasında mövcud olan nüvə böhranı Azərbaycanın regiondakı geosiyasi əhəmiyyətini artıraraq İrana qarşı müharibə olacağı təqdirdə, Azərbaycan ərazisinin strateji əhəmiyyətini daim gündəmə gətirirdi. Bu böhranın həlli istiqamətində müəyyən addımların atılması və müharibə senarisinin aradan qaldırılması həmin kartı Azərbaycanın əlindən aldı.

Bundan əlavə, Rusiya-Gürcüstan müharibəsindən sonra Rusiya-Ukrayna müharibəsi Avropa İttifaqına üzv olan dövlətlərdə böyük həyəcanla qarşılanaraq Avropanın təhlükəsizliyi üçün birbaşa hədə kimi qəbul olundu. Başqa sözlə ifadə etsək, bu müharibə Avropa İttifaqının varlığını şərtləndirən insan hüquqları və demokratiyanı İttifaqın (əsasən də ona üzv olan ölkələrin) xarici siyasətində əsas amilə çevirdi. Avropa Parlamenti tərəfindən 2015-ci ilin 10 sentyabr tarixində Azərbaycana qarşı qəbul edilmiş sərt qətnamə və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları bürosunun 1 noyabr Parlament seçkilərini müşahidə etməkdən imtina etməsi və nəticələri kəskin şəkildə tənqid etməsi də deyilənlərə bariz nümunədir. Azərbaycan höküməti tərəfindən yürüdülən repressiya siyasəti, vətəndaş cəmiyyətinə qarşı amansız təqiblər və seçki saxtakarlıqları bu qurumun qapılarını Azərbaycan üçün bağlayıb və nəticədə Azərbaycanın xarici siyasətindəki dalan dövrünün əsasını qoyub.

Bütün ümidlərini Rusiya və Türkiyəyə bağlayan rejim iki ölkə arasındakı münasibətlərin gərginliyi fonunda çıxılmaz vəziyyətə düşərək əsl böhranla üzləşməkdədir. Böhranı dərinləşdirən ən əsas səbəb ictimai mövqe ilə elitanın mövqeyi arasındakı kəskin fərqin olmasıdır.

Belə ki, Türkiyə ilə Azərbaycan arasında ictimai səviyyədə inkişaf edən qardaşlıq münasibətləri iki cəmiyyət arasındakı qırılmaz bağları dərinləşdirib və hökümətin bu təzyiqə qarşı Türkiyə əleyhinə addım ata bilməsini qeyri-mümkün edib.

Məsələni qəlizləşdirən digər məsələ Azərbaycanın Rusiya ilə eyni təhlükəsizlik məkanında yerləşməsi (Rusiyada baş verən bir hadisə birbaşa Azərbaycana təsir edir) və Rusiyanın Azərbaycana qarşı güclü təsir mexanizmlərinə malik olmasıdır. Azərbaycanın hansı tərəfə qoşulacağı həmin tərəfin mövqeyinə və müharibə potensialına təsiri minimal olsa da, bu siyasət Azərbaycan xalqı üçün böyük risklər vəd edir. Xarici siyasəti dalana salmamaqdan ötrü Azərbaycan hakimiyyəti aşağıdakı addımları atmalı idi:

1. Azərbaycanda istehsal təsərrüfatını yaradaraq 2 milyon azərbaycanlının Rusiyaya getməsinin qarşısını almalı idi (bu gün Rusiyada yaşayan 2 milyon azərbaycanlı Kremlin əlində Azərbaycana qarşı ən böyük təsir mexanizmidir);

2. Qərblə İran arasında olan gərginliyin əbədi deyil, keçici olacağını düşünməli və buna uyğun addımlar atmalı idi;

3. Nardaran hadisələrində İranı günahlandıraraq (rəsmi olmasa da) gərgin olan münasibətlərə daha da gərginlik gətirməməli idi (bunun təsiri hiss olunacaq);

4. Demokratik dəyərlərə hörmətlə yanaşaraq beynəlxalq institutlarla münasibətlərini pozmamalı idi.

Bütün bu addımların atılacağı təqdirdə, hökümət alternativlərə malik olaraq daha sərbəst xarici siyasət həyata keçirə bilərdi. Xarici siyasət elitanın maraqlarına xidmət edəndə, sonu dalan olur.