XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

30 Noyabr 2015 - 08:14

Ərdoğan Putinlə dil tapmaq üçün Nazarbayevə üz tutub

Türkiyənin Rusiya qırıcı təyyarəsini vurmasından sonra iki ölkə arasında münasibətlərin gərginləşməsi artıq Ankaranı ciddi təşvişə salıb. Son zamanlar Rəcəb Tayib Ərdoğanın aranı düzəltmək çabaları açıq şəkildə özünü büruzə verir.

Bir müddət öncə Türkiyə prezidentinin rusiyalı həmkarına etdiyi zəngə cavab verilməməsi, Parisdə keçirilən beynəlxalq tədbirdən birində görüş istəyinin geri çevrilməsi Ərdoğanın araya vasitəçilər salmasına səbəb olub. Strateq.az xəbər verir ki, Türkiyə prezidenti bu məqsədlə qazaxıstanlı həmkarıyla telefon danışığı aparıb və ondan iki ölkə arasında münasibətləri düzəltməsinə yardımçı olmasını xahiş edib.

Məlumat Qazaxıstanın Prezident Aparatı tərəfindən yayılıb. Aparatın açıqlamasında görə, Nursultan Nazarbayev həmkarına vurulan təyyarə hadisəsini araşdırmaq üçün türk və rus mütəxəssislərdən ibarət araşdırma qrupu yaradılmasını təklif edib. Təkliflə razılaşan Türkiyə prezidenti Putinlə görüşmək istədiyini bir daha diqqətə çatdırıb.

Türkiyə tərəfi bu məlumatı nə təkzib, nə də təsdiq edib.

Qeyd edək ki, rəsmi Bakı da qardaş ölkənin siyasi iradəsinə vasitəçilik etmək təklifi vermişdi. Görünür, Türkiyə Qazaxıstanın daha sanballı təsir gücünə malik olacağını düşündüyündən rəsmi Astanaya üz tutmalı olub.