XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

01 Dekabr 2015 - 05:08

Professor Əbülhəsən Abbasov yazır: “Bəşəriyyət yeni praqmatik fəlsəfəyə ehtiyaclıdır”

Redaksiyadan: Dünya, bəşəriyyəti fəlakətə aparan böyük bir xaosun astanasındadır. Bir çoxları bu xaosun idarə edildiyi düşüncəsiylə hadisələrin nəzarətdən çıxmayacağı arxayınçılığı içərisində olsa da, dünyanın ən müxtəlif bölgələrində hər gün açılan güllələr, partlayan bombalar, süni şəkildə yaradılan iqtisadi-siyasi böhranlar yüzlərlə günahsız insanı məhv edir… Və ən pisi həm də odur ki, idarəedilən sayılan bu proseslər get-gedə öz sərhədlərini genişləndirərək, həm nəzarətdən çıxma, həm də daha geniş faciələrə, fəlakətlərə səbəb olma riski yaradır…

Hazırda dünyanın azsaylı düşünən beyinləri, gerçək elm adamları bu qanlı xaosu – fəlakət ssenarilərini durduracaq, bəşəriyyətin Xeyir niyyətlər üzrə yönləndirilməsini təmin edəcək Həqiqi Nizamın yollarının tapılması istiqamətində yorulmadan araşdırmalar aparmaqdadırlar.

Olduqca sevindiricidir ki, dünyanın belə azsaylı düşünən beyinləri içərisində öz sanmballı araşdırmaları ilə seçilən, diqqət çəkən bir azərbaycanlı filosofun da imzası var: söhbət tanınmış alim, fəlsəfə elmləri doktoru, professor Əbülhəsən Abbasovdan gedir.

Təəssüf ki, Azərbaycan cəmiyyəti və dövləti hələ də Əbülhəsən Abbasova layiq olduğu qiyməti verə bilməyib. Ancaq həqiqi elm adamları yaxşı bilir ki, hörmətli professorun uzun illərin zəhmətinə söykənən araşdırmaları hazırda dünyanın ən mühüm beyin mərkəzlərinin istinad mənbəyinə çevrilməkdədir və şübhə yoxdur ki, çox yaxın gələcəkdə həm də ən çox üz tutulan bilik xəzinəsi olacaq…

Strateq.az qərara gəlib ki, hörmətli professorun “Yeni dünya nizamını necə əldə etməli?” sualına cavab məqsədiylə uzun illərdir apardığı araşdırmaları bundan sonra hissə-hissə müntəzəm olaraq öz oxucularına təqdim etsin.

Beləliklə, aşağıda professor Əbülhəsən Abbasovun bu istiqamətdə yazdığı, bir növ, giriş xarakteri daşıyan ilk məqaləsini təqdim edirik:

 

abulhesen-abbasov.jpg

Əbülhəsən ABBASOV,

Fəlsəfə elmləri doktoru, professor

 

Xüsusi sübuta varmadan deyə bilərik ki, bu gün bəşəriyyət dərin və qlobal miqyaslı böhran yaşamaqdadır. Hadisə və proseslərin get-gedə daha da dramatikləşməsi, hətta faciəvi və fəlakətli xarakter alması göz qabağındadır.

Bu bəşəri böhranın nüvəsini maliyyə-sələmçi-spekulyativ qlobal kapitalizmin və onun əsas ideoloji-siyasi daşıyıcısı olan anqlo-sakson mahiyyətli liberalizmin hal-hazırki hakim modifikasiyası – dəqiq desək, oliqarxik liberalizmin durmadan artan ziddiyyətlərlə müşayiət olunan böhranı təşkil edir. Belə bir tarixi dövrdə bəşəriyyətin yeganə çıxış yolu dünyanın yenidən formatlaşmasında, yeni nizam və fəaliyyət səviyyəsinə çıxmasındadır. Necə ki, bir müddət istifadədən sonra kompüterin yenidən formatlaşmaya ehtiyacı olur, eləcə də dünyanın qayda-mizan əldə etməsi üçün yenidən formatlaş(dırıl)ması qaçılmazdır. Kompüterə gəldikdə, alternativ də var – təzəsini almaq olar, ancaq “yeni dünya”nı satın almaq, prinsipcə, mümkün deyil.

Zəruri və təxirəsalınmaz həllini gözləyən bu formatlaşdırma məsələsi “dünya problemləri” dediyimiz şəbəkədə ən ümdə və müəyyənedici bir problem kimi xüsusi prioritetliyə malikdir. Belə ki, bütün digər universal təyinatlı başlıca məsələlər məhz həmin prioritet problemlə bağlıdır. Bu sırada “qlobal siyasi arxitektura”“dünya nizamı”, beynəlxalq münasibətlərdə “yeni davranış kodeksi”, ənənəvi və bu gün də fəaliyyətdə olan geosiyasətin, konkret olaraq, “geosiyasi realizm”in, həmçinin, beynəlxalq hüququn və qlobal təsərrüfat sisteminin yenidən baxılması kimi aktual məsələlər durur.

Gördüyümüz kimi, bu məsələlərin hər biri qlobal əhəmiyyətli universal problemlərdir ki, onların səmərəli həlli və praktiki reallaşması ayrıca götürülmüş elmi idrak və fəaliyyət sahələri müstəvisində nəinki mümkün deyil, hətta mütləqləşdirilərsə, olduqca ziyanlıdır, çünki onsuz da mövcud olan dramatik situasiya artan xaos və qarşıdurmalar istiqamətində  daha da çıxılmaz vəziyyətə düşə bilər. Və biz bunu artıq aydınca görürük.

Eyni zamanda, pozitivə aparan çıxış yolu, sadəcə, elmlərarası yanaşmaya müraciətdə və ona üstünlük verməkdə deyil. Belə yanaşma zəruridir, ancaq kafi deyil. Fənlərarası sinergizmin, elmlərin üzvi surətdə sintezləşmiş inteqrativ gücünün həm idraki-koqnitiv fəzanın formalaşmasında, həm də mötəbər idraki silah kimi rolu danılmazdır. Bununla belə, bütün bəşəriyyətə ünvanlanmış problem və çağırışların həlli və cavablandırılması işində fənlərarası yanaşmanın əlahiddə bir vasitə qismində uzunmüddətli tətbiqi yalnız ziyan gətirə, Allah və insan hökmündən çıxmış yeni-yeni problemlər yarada bilər. Tarixi təcrübə bunu artıq Roma Klubu, 1983-cü ildən ABŞ-ın Santa-Fe şəhərində fəaliyyət göstərmiş və göstərən “Mürəkkəblik İnstitutu”nun timsalında sübutlandırıb. Bu ciddi tədqiqt mərkəzləri tərəfindən multidissiplinar zəmində çoxsaylı layihələr, konsept, trendlər işlənilib və onların da bir çoxu məhz gələcəyin hesablanmasına, dünyanın proyektləşməsinə, prolonqasiyasına həsr edilib, ancaq real faktlarla sübutlanan həqiqət ondan ibarətdir ki, bütün bu elmi külliyyat dünyanın “ölü ilmə”yə düşməsinin qabağını ala bilmədi. Onu da nəzərə alaq ki, Roma klubu 1965-ci ildən, “Mürəkkəblik İnstitutu” isə 1983-cü ildən fəaliyyət göstəriblər və hər birində də tanınmış mütəxəssislər, o cümlədən, Nobel mükafatı laureatları çalışıb. Xatırladım ki, ABŞ-ın “Mürəkkəblik İnstitutu” indinin özündə də fundamental tədqiqatlar aparmaqdadır və yalnız “idarəolunan xaos” nəzəriyyəsi ilə, xüsusi təyinatlı və hazırlıqlı diplomatların, analitiklərin yetişdirilməsilə məşhur deyil.

Deməli, vacib olan ümümi arsenalda multidissiplinarlıq bir “hissə”dir, “tam”ın özü deyil. Bəs, bu “tam” daha nəyə, hansı digər vacib “hissə”lərə ehtiyaclıdır?

Burada vacibliyi təbii və qanunauyğun sayılan bütün tərkib “hissə”lərin üzərində dayanmaq mümkün olmadığından, yalnız birinə – “tam”ın nüvəsini, hətta deyərdim ki, ümumən mahiyyətini müəyy
ənləşdirən fenomenə – FƏLSƏFƏYƏ diqqət yönəltmək istərdim. Fəlsəfənin müəyyənediciliyini və ona diqqətin vacibliyini nədə görürəm?

Birincisi, ümumbəşəri problemlər, ilk növbədə, elə təyinatına və missiyasına uyğun olaraq universal təbiətli, inteqrativ gücə və ümumiləşdirmə qabiliyyətinə qadir FƏLSƏFƏnin diqqət və tədqiqat obyektidir.

İkincisi, nəzərə alsaq ki, bir-biri ilə çarpazlaşan yuxarıda işarələdiyim ümumdünya problemləri ilk öncə dalana dirənmiş RUHun yenidən özünü tapması və dirçəlişi ilə bağlıdır, fəlsəfənin əvəzolunmaz rolu daha aydın olar. Belə ki, məhz fəlsəfə ruhun intibahını təmin edə biləcək elmi refleksiya zirvəsidir və bu həqiqəti də tarixin özü dəfələrlə təsdiqləyib.

üçüncüsü, bir halda ki, həmin problemlərin başlıca hədəfi bugün və gələcək üçün yeni nizam, qayda-qanun yaratmaqdır, deməli, yenə də, fəlsəfənin fəal müdaxiləsi və iştiraki labüddür, çünki nizamyaradıcılıq, birgəfəaliyyət mədəniyyətini formalaşdırmaq, həyatın bütün sahələri üzrə rasional tarazlığa və səmərəli əməkdaşlığa əsas yaradan “ölçü”nü tanıtmaq-aşılamaq, bu “ölçü”nü təfəkkürün və əməlin tənzimləyicisinə çevirmək bilabasitə fəlsəfənin missiyasıdır.

Nəhayət, dördüncüsü, yalnız fəsəfə dünya problemlərinin həllinə yönəlmiş ümumelmi səyləri, multidissiplinar cəhdləri vahid və məhsuldar məcrada birləşdirə, elmlər və bütün digər aktyorlar arasında yaradıcı mübadiləni, dialoqu, qarşılıqlı bəhrə verən əməkdaşlığı yüksək səviyyədə təmin edə bilər.

Sual yaranır, yaxşı, konkret olaraq, hansı fəlsəfədən söhbət gedir? Bu fəlsəfənin şərtləri, məzmun-mahiyyəti, ideya və prinsiplər sistemi nədən ibarətdir? Ona, təyinatına uyğun olaraq, həm şah əzəməti, həm də icraçılıq sərrastlığı verən nədir?

Bu suallara keçən əsrin 80-ci illərindən üzübəri öz məqalə və kitablarımda münasibətimi bildirməyə çalışmışam, daha doğrusu, onları cavablandırmaq cəhdində olmuşam. Bu məqsədlə, şərti olaraq, “postneoklassik fəlsəfə” adlandırdığım fenomenin zəruri tərkib hissələrini, idraki daşıyıcılarını, təfəkküri əsaslarını, ideya və prinsiplər sistemini bacardığım qədər işləmişəm. Qısaca deyim ki, söhbət mürəkkəb sistemlər nəzəriyyəsi və mürəkkəblik fəlsəfəsi üzərində qaynaqlanan, tənqidi-sinergetik təfəkkürlə silahlanmış yeni fəlsəfədən gedir. O fəlsəfədən ki, onun inşası konkret şərtlər daxilində həyata keçirilir:

Bu şərtlər sisteminin məğzini isə aşağıdakılar təşkil edir:

–  konkret tarixi səciyyə daşıyan təkcə, xüsusi və ümumi xarakterli göstəricilərin, imkan və zərurətlərin nəzərə alınması, başqa sözlə desək, real gercəkliyə adekvat münasibətin gözlənilməsı;

–  bəşəriyyətin keçdiyı tarixı təkamül yolunun hər bir mərhələsinə sayğılı və dözümlü münasibətin göstərilməsi;

– etnik birliklərin, xalqların və millətlərin tarixinə, özünəməxsus varlığına, mədəni irsinə həssaslıq;

– bəşəri tərəqqi amalından qaynaqlanan insan ləyaqətinə və şəxsiyyət suverenliyinə hörmət hissinin yüksək tutulması;

– birgəyaşayış və birgəfəaliyyət mədəniyyətinin mahiyyətindən irəli gələn tələblərin, ölçü və meyarların təmin olunması;

–   məntiq və zəka gücündən istifadə, zəmanə ilə ayaqlaşan rasionallıq və elmilik;

–  xəyalpərəstlikdən uzaq durmaq və idraki reallığın yaradıcı davamı kimi çıxış etmək;

–  dünya miqyasında sinergetik başlanğıcların qidalanmasına və özünütəşkil qabiliyyətlərinin güclənməsinə yardımçı olan düşüncə tərzinin formalaşdırılması;

– liberalizm, sosial-demokratiya, (neo)konservatizm, sosializm, demokratiya, avtoritarizm, etatizm, praqmatizm, pozitivizm, ekzistensializm, marksizm və sair ideya-siyasi, ideoloji, sosial-fəlsəfi cərəyan və konsepsiyaların rolunu mütləqləşdirməmək, əksinə, hansısa “izm”lərə münasibətdə rasional sərbəstliyi gözləmək, ontoloji varlığı qnoseologiyanın girovuna çevirməmək;

– ümumiyyətlə, qnoseologiyanın ontologiya ilə münasibətində “yumşaq hesablama”lara üstünlük vermək, təfəkkür – gerçəklik, subyekt – obyekt əlaqə və nisbətlərində mümkün qədər uzlaşmaya nail olmaq;

– qnoseologiyanın imperativləri pozitiv-sağlamlaşdırıcı dəyərlər aşılayan, insanın şüurlu varlıq kimi statusunu yüksəldən aksiologiyanın tələb və çərçivələri ilə sərhədlənməli, “yumşaq güc” rolunda çıxış etməli.

Bu şərtlər, eyni zamanda, yeni – funksional və evristik epistemologiyanın səciyyəvi xüsusiyyətləridir ki, bunu da, müvafiq olaraq, postneoklassik epistemologiya adlandırıram.

Ən başlıca şərt-amal isə ondan ibarətdir ki, dünyanın rekonstruksiyası və yenidən formatlaşdırılmasının mühüm vasitəsi kimi postneoklassik fəlsəfə bəşəriyyəti “inteqrallaşmayan” (hesablanmayan) fenomenlər qarşısında aciz qoymasın, idraki gücsüzlüyü hər hansı “universalilər”ə, mistik və transsendent obrazlara istinadla ört-basdır etməsin, onsuz da artıq dərəcədə şübhəli, qeyri-müəyyən və problematik olan situasiyanı bir daha mürəkkəbləşdirməsin, mövcud duruma pozitiv nəticələrlə yekunlaşa biləcək inkişaf yönümü versin və bu istiqamətdə yararlı, məhsuldar üsul və formalar irəli sürsün. Göründüyü kimi, postneoklassik fəlsəfə öz amal-məqsədi etibarilə klassik fəlsəfi pozitivizmlə xeyli dərəcədə oxşar cəhətlərə malikdir. Birincinin ikincidən əsas fərqi elmi daşıyıcılar baxımından daha müasir, zəngin və məhsuldar olmasında, hissi və əməli müddəalarla yanaşı, əqli-intellektual-aksioloji müddəalara önəm verməsindədir. 

Postneoklassikada hiss, duyğu, təsəvvür, inam, əməl, ağıl, intellekt daha dərin və məzmunlu qarşılıqlı münasibətdədirlər – birinin avtonomluğu digərlərinin funksional tələbləri ilə hesablaşır, belə ki, səlahiyyətlər bölgüsü üzvi vahidliyin ödənilməsi ilə şərtlənir.  Burada biliyin əhəmiyyəti, başlıca olaraq, onun sanogen (sağlamlaşdırıcı) praktiki nəticələri ilə müəyyənləşir.

Biz tez-tez ictimai tərəqqidən, elmi-texniki-texnoloji uğurlardan danışırıq, hətta vaxtaşırı Qurana, Peyğəmbərimizin hədislərinə istinad edərək “alim öldüsə, aləm öldü” deyirik, ancaq bütün bunların nələrin hesabına mümkün old
uğu və başa gəldiyi haqda az düşünürük. Bir daha vurğulayıram: bütün bu “nələrin” içərisində başda fəlsəfə durur. Professianal fəlsəfə varsa, deməli, professional işlək epistemologiya, təbiətə, cəmiyyətə, dünyaya münasibətdə yüksək şüur süzgəcindən keçmiş, daxilən bütövləşmiş və kamilləşmiş idraki silah var. Professional, zəmanənin tələblərinə cavab verən fəlsəfə varsa, deməli, bütün elmlərin (riyaziyyat, fizika və kimyadan tutmuş tarix, psixologiya və pedaqoqikaya kimi) ata-anası var, onlar yetim deyillər. Təsadüfi demirlər ki, fəlsəfə həm elmlərin şahı, həm də himayədarı və xidmətçisidir. Professional fəlsəfə müxtəlif obyektiv və subyektiv səbəblərdən hansısa bölgədə, arealda, cəmiyyətdə tənəzzülə uğrayırsa, gücünü və təsirini itirirsə, şübhəsiz, bu coğrafiyada qaneedici idarəçilikdən, milli intibah və inkişafdan danışmaq əbəsdir. Uzun müddət, bəlkə də, professional fəlsəfəsiz yaşamaq olar, ancaq yalnız rəzil gündə! Əgər vaxtilə böyük mütəfəkkirlər – çarlz Pirs, Uilyam Ceyms, Con Dyui – fəlsəfi praqmatizm vasitəsilə ruhun sıçrayışlı dirçəlişinə və ABŞ-ın möhtəşəmlik qazanmasına, onun danılmaz elmi-texniki-texnoloji inkişafına və siyasi, sosial-iqtisadi qüdrətinə yardımçı olmuşdularsa, çox istərdim ki, postneoklassik fəlsəfə də ümumbəşəri miqyasda bu hədəflərə çatmaqda insanlara, xalqlara və dövlətlərə təsirli dəstək olsun! Bütün hallarda, bəşəriyyət yeni bir praqmatik fəlsəfəyə ehtiyaclıdır! Bu ehtiyacın ödənilməsi naminə biz, millət olaraq, öz töhfəmizi verə bilərik və verməliyik!