XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

01 Dekabr 2015 - 13:25

İran səfirliyi Nardaranla bağlı bəyanat verdi: “İki ölkə arasında uçurum yaratmaq üçün istifadə edirlər”

 

iran sefirliyi.jpg

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi son günlər Bakının Nardaran qəsəbəsində baş verən olaylarla bağlı bəyanat yayıb.

Bəyanatda bildirilir ki,  bir neçə nəfərin ölümü və yaralanması ilə nəticələnən Nardaran hadisələrinin ardından bəzi rəsmi və qeyri-rəsmi mətbu orqanlar, hətta millət vəkilləri birbaşa və dolayısı ilə İran İslam Respublikasını ittiham ediblər:

“Səfirlik hadisələrin ilk günündən başlayaraq, səbir və dözüm nümayiş etdirərək buna münasibət bildirməməyə çalışdı, lakin artıq ölkəmizin ləyaqəti və qüruru hücuma məruz qaldığı üçün ictimai fikir aydınlatmaq məqsədilə aşağıdakıları diqqətə çatdırır:

İranın bütün ölkələrə, xüsusilə qonşulara və özəlliklə də Azərbaycan Respublikasına qarşı xarici siyasəti daim mehriban qonşuluq, konstruktiv əməkdaşlıq və daxili işlərə qarışmama prinsiplərinə əsaslanıb və bu siyasəti əməldə də icra edib. İİR beynəlxalq təşkilatlarda Azərbaycanın ərazi bütövlüyünü hərtərəfli dəstəkləməsi və ikitərəfli siyasi, iqtisadi və mədəni əlaqələrin günbəgün genişlənməsi ölkələrimizin, xüsusilə iki ölkənin möhtərəm prezidentlərinin əlaqələrin möhkəmləndirilməsi və genişləndirilməsi üçün iradələrinin göstəricisidir. Şübhəsiz, İran ilə Azərbaycanın regionda yaxınlaşması və ikitərəfli əməkdaşlıqların inkişafı, özəlliklə iki ölkənin xalqları arasında yaxınlıq iki ölkənin başıucalılığını və hörmətini istəməyənlər üçün ciddi təhlükədir və bu qüvvələr müxtəlif vaxtlarda iki ölkə münasibətlərində uçurum yaratmaq üçün cari hadisələrdən istifadə edirlər. Aydındır ki, son hücumlar da İranı qaralamaq və iki ölkə münasibətlərinə zərər vurmaq məqsədilə edilir”.

Bəyanatda bildirilir ki, İran heç vaxt Azərbaycanın daxili işlərinə qarışmaq məqsədi güdməyib və Nardaran hadisələrinin baş verməsində də heç bir rolu olmayıb. İran daim dost ölkələrdə sabitliyin və əmin-amanlığın bərqərar olunmasını istəyib və prinsipial bir siyasət olaraq problemlərin və ixtilafların zorakı yollarla həllinə qarşı olub: “Təbii ki, İranın Azərbaycanın daxili işlərinə qarışması barədə Azərbaycanın rəsmi orqanları tərəfindən hər hansı bir sübut və dəlil təqdim olunduğu təqdirdə məsələ mütləq araşdırılacaq və biz əminik ki, bu barədə heç bir sənəd və dəlil yoxdur”.

Bəyanatda daha sonra deyilir ki, bəzi media orqanları Ayətullah Nuri Həmədaninin Azərbaycan xalqı ilə görüşündə bir neçə nəfərin onun əlini öpməsi səhnələrini nümayiş etdirməklə həmin şəxslərin İranla əlaqəli olduğunu göstərməyə çalışırlar. Qeyd edilir ki, din alimlərinə hörmət və ehtiram nümayiş etdirmək İslam dini yarananandan bəri adət olub və hətta Azərbaycanda da müxtəlif zamanlarda Ayətullah Lənkərani, Ayətullah Ordubadi, Ayətullah Badkubeyi, Ayətullah Gəncəvi, Ayətullah Qubayi və başqa böyük din alimləri və müctəhidlərlə görüşdə onlara qarşı ehtiram göstərərək əlləri öpülüb.

Bəyanatda təəssüflə bildirilir ki, “bəzi media orqanları və xüsusi şəxslər, özəlliklə vəhabi muzdurları Nardaran hadisələrindən sui-istifadə etməklə şiəliyi təkfirçilikdə və ifratçılıqda ittiham etməyə və özlərinin təkfirçi və terrorçu fəaliyyətlərində cinayət ortağı yaratmağa çalışırlar”.

Bəyanatda xüsusi olaraq vurğulanılır ki, İranın Nardaran hadisələri ilə əlaqədar yeganə açıqlaması bu bəyanatdır və bundan əvvəl İranın Azərbaycandakı səfiri və ya səfirliyin əməkdaşları bununla əlaqədar heç bir açıqlama verməyib.

L.SƏMLA