Şahmat üzrə 13-cü Dünya çempionu, qrossmeyster Harri Kasparov Putin hakimiyyətinin Türkiyədən qida idxalatını dayandırması və vizasız keçişin ləğv etməsini kəskin tənqid atəşinə tutub.
Strateq.az xəbər verir ki, qrossmeyster bu mövqeyini “Twitter” səhifəsində paylaşıb. Onun fikrincə, ruslara hər zaman olduğu kimi, yenə ən böyük zərər vuran Putinin düşmənləri yox, özü oldu. Putin hakimiyyətinin öz vətəndaşlarını öldürən diktator Bəşər Əsədi dəstəklədiyini və İŞİD-ə toxunmadığını yazan Kasparov Rusiyanın Suriyada bütün müxalif qrupları yox etməyə çalışdığına inanır: ” Rəsmi Moskva bu yolla dünyanı Əsəd və İŞİD variantlarından birini seçməyə məhkum etmək istəyir”.
Kasparovun fikrincə, Əsəd və Putinin Suriyada İŞİD-lə neft ticarəti etdiyi artıq sübuta yetirilib: “Hər iki diktator Suriya və ya Rusiya xalqına əhəmiyyət vermirlər. Onları yalnız kapital və hakimiyyətlərini əldə tutmaq qayğısı birləşdirir.”
Kasparov digər bir paylaşımında isə bildirir: “”10 il əvvəl Putin rejimini anlamaq üçün politologiya kitabları oxumayın, Mario Puzonu oxuyun”, demişdim. çünki Putinin siyasətini yalnız mafya qaydalarını öyrənməklə analiz etmək olar”.
Statuslarında Rusiya prezidentinin və ordusunun Krımda, Ukraynanın şərqində və Suriyada nələr törətdiyinə dair açıq-aşkar yalan söylədiyini bildirən Kasparov “indi onun vurulan rus təyyarəsi barədə doğru söylədiyinə necə inanaq?”- deyə sual verir.
Xatırladaq ki, rəsmi Moskva vurulan təyyarənin Türkiyə hava sahəsini pozmadığını bəyan etmişdi. Kasparov isə yuxarıdakı ritorik sualla bu açıqlamanı şübhə altına alır.
Suriyadakı hava hücumlarının çox sayda rus vətəndaşının ölümünə səbəb olduğunu, ancaq rus diktatorun bunu əhəmiyyətsiz hesab etdiyini dilə gətirən qrossmeysterə görə, baş nazir olduğu dövrdə öz ölkəsindəki şəhərləri bombalayan Putinin suriyalıları yox etməkdən çəkinməməsi təəccüblü deyil. Hava hücumları nəticəsində köçkünlərin sayının artdığına diqqət çəkən H.Kasparov Rusiyanın Suriyadakı infrastrukturu da yox etdiyini, qaçqınların ölkələrinə dönmələrini qeyri-mümkün hala gətirdiyini vurğulayıb.
H.Kasparov sosial media hesabında Putin və komandirlərinin sərt görünmək və NATO-nun qətiyyətini test etmək üçün pilotlara NATO xəbərdarlıqlarını qulaq ardına vurmağı əmr edərək, onların həyatıyla oynadığını yazıb. Statuslarında Putinin rus əsgərlərinin ölümündən təbliğat vasitəsi kimi istifadə etdiyini dilə gətirən Kasparov sərhədləri pozan təyyarənin vurulmasıyla Rusiya prezidentinin əlinin daha çox rus qanına bulaşdığını bildirib.
Kasparov Əsədin öz ölkəsində törətdiyi kütləvi qırğınlar nəticəsində, demək olar ki, ortada Suriya deyə bir şey qalmadığı, Əsəd və Putinin bir-birlərinə yaraşdığı, ancaq Suriya və Rusiya xalqlarının onları haqq etmədiyi görüşündədir. O, eyni zamanda, Qərbi və ABŞ-ı Putin administrasiyasının təcavüzkarlığı qarşısında yumşaq davranmaqda da günahlandırıb.