Dekabrın 1-də güc qurumlarının Nardaranda keçirdiyi reyd zamanı 20-yə yaxın adam saxlanılıb.
Bu barədə turan.az-a qəsəbənin Ağsaqqallar Şurasının sədri Natiq Kərimov bildirib.
Onun sözlərinə görə, polis əməliyyatında məqsəd silahların yığılmasıdır. Əsasən DİN rəhbərinin müavini Vilayət Eyvazov bir qrup yerli sakinlə görüşərək, kimdə silah varsa təhvil verməsinin vacibliyini bildirib. N.Kərimov də kimdə silah varsa təhvil verməyə çağırıb.
“Əgər mən bilsəydim ki, kimdəsə silah var, özüm alıb dövlətə təhvil verərdim” – deyə N.Kərimov vurğulayıb.
O ümidvar olduğunu bildirib ki, saxlanılanlar azad ediləcək, çünki onların çoxunun doğmalarının sözlərinə görə, qanunazidd heç bir hərəkət törətməyiblər.
öz növbəsində Daxili Qoşunların komandanı general-leytenant Şahin Məmmədov AzTV-yə müsahibəsində bildirib ki, “Nardaranda ictimai təhlükəsizliyin təminatı üzrə qarşıya qoyulan vəzifələr tam yerinə yetirilənə qədər qəsəbədə xüsusi operativ tədbirlər davam etdiriləcək”.