Hər bir millətin tarixə iz salmış şəxsiyyətləri var və o şəxsiyyətlər öz əməlləriylə hansısa el-obanın, ailənin, siyasi partiyanın üzvü olmaqdan çıxır, ümummilli mənəvi sərvətə çevrilir.
Məmməd Əmin Rəsulzadə də belə şəxsiyyətlərdəndir. Biz istəsək də, istəməsək də, sevsək də, sevməsək də, düşüncələrimizdən asılı olmayaraq, bu şəxsiyyətin Azərbaycan siyasi həyatında oynadığı rol həmişə yaşayacaq, gələcəyimizə, milli dövlətçilik ənənələrimizə işıq tutacaq.
Nə yazıq ki, xalqımızın tarixə bəxş etdiyi bu şəxsiyyət müstəqillik dövrümüzdə belə, öz layiqli qiymətini almayıb. Baxmayaraq ki, Məmməd Əmin Rəsulzadə ideallarından su içən bayrağımız elə bu hakimiyyətin özü tərəfindən ucaldılıb, ona dünyanın ən böyük dirəyi tikilib, hər rayonun ən görkəmli yeri Bayraq Muzeyiylə bəzədilib; baxmayaraq ki, o müqəddəs bayraq altında indi acgöz məmurlar millətin var-dövlətini talamaqla, monopoliyalar yaradıb özlərini dünyanın ən zənginləri sırasına çıxarmağa çalışmaqla məşğuldurlar.
İdeyasının işığına toplandığımız bu tarixi şəxsiyyətə isə elə onun “bir kərə yüksəlincə bir daha enməyəcəyinə” inandığı bayraq altında ləkələr atılır, haqqında hədyanlar danışılır. özü də çirkabı atanlar ən çox Rəsulzadə ideallarından mayalananlar, müstəqilliyimizin kefini çıxaranlardır.
Gəncədən deputat olmağa layiq görülmüş Naqif Həmzəyevi Məmməd Əmin Rəsulzadə haqqında işlətdiyi ağır kəlmələrə görə bu gün hər kəs yamanlayır, mətbuatda görünmək xətrinə bu cür insidentləri fürsət bilənlər əllərinə düşən girəvəni qaçırmaq istəmirlər. Siyasi sferada “biz də varıq” deyərcəsinə ortaya atılanların hər biri 32 yaşlı deputatın siyasi səbatsızlığından maksimum istifadə etməyə çalışırlar.
Halbuki, bəndənizdən soruşsanız, bu ağzının danışığını bilməyən deputatın jurnalistlər önünə çıxmasında, cibində deputat mandatı gəzdirməsində, Məmməd Əmin Rəsulzadəyə çirkab atmasında ən az günahkar olan da elə onun özüdür. Nədən ki, bir insan istənilən səviyyədə ola bilər və onu bu səviyyəsinə görə tənqid atəşinə tutmaq qətiyyən ədalətli deyil. Əsil tənqidə layiq olan hadisə onun tutduğu mövqe, daşıdığı ictimai status, mandatdır. O mandatı isə Naqif Həmzəyev hardansa oğurlamayıb. Əksinə, deputatlığı ona zurna-balabanla təqdim ediblər.
özünü birdən-birə millət vəkili kimi görən və bundan xeyli həvəslənən Naqif əfəndi də səviyyəsini bütün Azərbaycan ictimaiyyətinə göstərməyə qərar verib. Sizcə, haqsızmı? Axı adam bu səviyyəsinə görə ölkənin 125 nəfərindən birinə çevrilib. Elədirsə, niyə özünə böyük karyeralar qazandıran xüsusiyyətini camaatdan gizlətsin?
üstəlik, Naqif Həmzəyevin təhqiramiz sözləri bu hakimiyyət tərəfindən Məmməd Əmin Rəsulzadəyə qarşı edilmiş yeganə hörmətsizlik də deyil. Bu boyda məmləkətdə həmin mümtaz şəxsiyyətin sadəcə bir neçə abidəsi, adını ədəbiləşdirən xatirəsi yaşadılıb. Onlardan biri də Gəncə şəhərindəki heykəldir ki, uzun zamandan bəri şəhər rəhbərliyi tərəfindən başına çuval keçirilib. Gözünü açandan, ağlı kəsəndən M. Ə. Rəsulzadəyə bunca hörmətsizlik görən gənc adamın düşüncəsi də bu cür formalaşıb. O da öz beynində yaradılan düşüncəsini dilə gətirib. Doğru və ya yanlış, öz düşüncəsini ifadə edən bir adama hücuma keçənlər, nə yazıq ki, bu fikri formalaşdıran atmosfer haqqında heç nə demək istəmirlər.
Əslində isə problemi Naqif Həmzəyevdən çox, onu deputat edən səbəblərdə axtarmaq lazımdır. Hər kəsə bəllidir ki, Azərbaycan adlanan ölkədə millət vəkilini millət vəkili edən millətin özü deyil, özünü millətin yerinə qoyanlardır. O kəslərdir ki, millətin öz vəkilini müəyyənləşdirməsinə imkan vermir, kimi istəyirlərsə, onu da deputat seçirlər.
Millətin əlacı olsa, heç bir zaman öz dəyərlərinə çirkab atanlara mandat verməz və ya buraxdığı bu qədər böyük səhvdən sonra öz təmsilçisini geri çağırardı. Nə yazıq ki, xalqın içərisindən 125 nəfər layiq bildikləri adamı çıxarıb Milli Məclisə göndərənlər bu cür cəsarətə sahib deyillər. Hər halda indiyə qədər siyasi hakimiyyətin Naqif Həmzəyev haqqında heç bir ölçü götürməməsi də bunu sübut edir.
Bəzən adama elə gəlir ki, bütün bu insidentlər məhz bilərəkdən törədilir. Məqsəd milləti təhqir edə-edə sındırmaq, eşitdiyi təhqirlərə cavab verməyəcək qədər aciz duruma salmaqdır. Məmməd Əmin Rəsulzadə barəsində dünyanın ən ağır sözlərini işlədən Naqif Həmzəyevin Gəncədən seçilməsi də bu mənada təsadüfi deyil.
Bildiyimiz kimi, Gəncə Məmməd Əmin Rəsulzadə ideallarının ortaya çıxmasında müstəsna rol oynayan şəhərlərimizdəndir. 1918-ci ildə qurulan və qısa müddətdən sonra rus-sovet imperializminin tapdağı altında əzilərək tarixə qovuşan Azərbaycan Demokratik Cümhuriyyətinin qurulduğu Gəncə şəhəri sözügedən dövlətin ilk paytaxtı olub. İndi həmin şəhəri təmsil edən 32 yaşlı gənc bütün Gəncə əhalisi adından M. Ə. Rəsulzadəyə olmazın sözlərini deyir. Rəsulzadə ideallarıyla bu qədər eyniləşmiş bir şəhərin deputatının bu hədyanlarının yalnız bir səbəbi ola bilər: millətin heysiyyatıyla oynamaq, onu hər kəsin gözü qarşısında alçatmaq, mütiləşdirmək. Necə ki, əsirləri gözüqırpıq etmək üçün düşmən orduları belə edirlər. Azərbaycan hakimiyyəti bu millətin dəyərlərinə zərrə qədər hörmət edirsə, öz mövqeyini Naqif Həmzəyevə verəcəyi layiqli cavabla təsdiqləməlidir.
Yeri gəlmişkən, öz tarixi şüuruyla öyünən, Məmməd Əmini qurduğu dövləti qoruya bilmədiyinə görə təhqir edən bu gənc oğlana bir ortayaşlı məsləhəti vermək istərdim. Naqif bəy unutmasın ki, istənilən dövləti qoruyan tarixi şəxsiyyətlər yox, tarixi zərurətlərdir. Tarixi şəxsiyyətlər sadəcə tarixi zərurətlərin verdiyi fürsətdən istifadə edib siyasi ənənələr ortaya qoya bilərlər. Həmin ənənələrin yaşayıb-yaşamamasına isə zaman qərar verir.
Məmməd Əmin və onun silahdaşları da tarixi fürsətin verdiyi bu imkanlardan yararlanmış və müstəqil Azərbaycanın milli dəyərlərinin təcəssümü olan dövlətçilik ənənələrini ortaya qoymuşdular. Onların ortaya qoyduğu bu dəyərlər o qədər tutarlı olmuşdur ki, tarixi zərurətin gətirdiyi 70 illik işğalçılıq siyasəti belə salınmış bu izi silə bilməmiş, həmin dəyərlər yaşamış və daha sonra hətta Məmməd Əmin irsini sevməyənlərin söykənəcəyinə çevrilmişdir.
Bu fakt üzərinə çirkab atılan həmin mümtaz şəxsiyyətin öhdəsinə düşən vəzifəni layiqincə yerinə yetirdiyindən xəbər verir. Və heç kəs zənn etməsin ki, bugünkü dövlətimizin indiyə qədər yaşamasında hansısa tarixi şəxsiyyətlərin rolu olub. Sadəcə, tarixi zərurətlər hazırda önə çıxan liderlərin tərəfində olduğundan Azərbaycan yaşayıb və inşallah, yaşayacaqdır da. Amma öz tarixinə çirkab atmaqla deyil, onu ucaltmaqla böyük dövlət ola bilərik.
Diqqətimi cəlb edən məqamlardan biri də Məmməd Əmini ən ağır sözlərlə təhqir edən gəncin YAP-ın Gəncə təşkilatının sədrinin oğlu olmasıdır. Bir ata kimi iqtidar partiyasının regional rəhbərinin öz oğlunu millət vəkili görmək istəyinə heç bir sözüm ola bilməz. Siyasi iradə xalqın adından deputat seçmək səlahiyyətini bu adama veribsə, o, niyə öz gözünün ağı-qarasını qoyub, hansısa özgəyə deputatlıq mandatı verməlidir?
O başqa məsələdir ki, hər bir ata həm də öz övladının xarakterinə, tərbiyəsinə hər kəsdən daha vaqifdir. Və oğlunun qanacağını nəzərə alıb buna görə yüksəlməsini arzulamalıdır. öz oğlunun səviyyəsini görə bilməmək isə ya bir ata kimi onun qabiliyyətsizliyinə dəlalət edir, ya da cənab Həmzəyev qəsdən rəhbəri olduğu partiyanı ictimaiyyətin gözündən salmağa çalışır. Zira Məmməd Əmin Rəsulzadəyə atılmış bu çamur küləyə qarşı tüpürməyə bənzəyir. Naqif Həmzəyev formal belə olsa, yalnız özünü deyil, həm də iqtidar partiyasını təmsil edir və küləyin ona qaytardığı təkcə öz üzərinə də yapışmır.
Görünən budur ki, ata Həmzəyevin oğul sevgisi bu naqislikləri görmək qabiliyyətinin önünü kəsmiş, başqa sözlə onu kor etmişdir. Bu səbəbdən də siyasi hakimiyyət komanda maraqlarından daha çox, öz ailə mənfəətlərini düşünən, səviyyəsinə görə yer tutmayan və ya tutduğu yerin səviyyəsinə yüksələ bilməyən bu ata-baladan xilas olmalıdır. Əks halda Naqif Həmzəyevin ictimai rəy qarşısında YAP-a yapışdırdığı ləkəni təmizləmək asan olmayacaq.
Heydər Oğuz
Strateq.az