Keçmiş Sovet İttifaqının ilk və son prezidenti olan Mixail Qorbaçov Türk hava sahəsini pozan rus təyyarəsinin vurulmasından sonra yaşananları qiymətləndirib.
Anadolu Agentliyinə istinadən strateq.az-ın bildirdiyinə görə, Qorbaçov tərəfləri bir araya gəlməyə çağıraraq deyib: “Təəssüf ki, belə bir hadisə yaşandı. Əlaqələrin son bir neçə ildəki vəziyyətə qayıtması üçün çox şeylər edildi. Mənim dövrümdə də əlaqələrin inkişaf etdirilməsi üçün çox işlər görüldü. Bizim ölkələrimizin inkişafını təmin edən böyük və geniş əlaqələrimiz var “.
Rusiya və Türkiyə əlaqələrinin pisləşməsinin yalnız iki ölkə üçün itki olmadığını, Avropaya da zərbə vurduğunu bildirən Qorbaçov bu zərbənin Yaxın Şərqin təhlükəsizliyinə də təsir edəcəyindən narahatdır.
“Siyasətçilər bu əlaqələrdə öz məsuliyyət və rollarının fərqinə varmalıdır” – deyən Qorbaçov, tərəflərə kompramisə getməyi və əlaqələrin düzəlməsi üçün vasitəçilərdən faydalanmağı tövsiyə edib:
“Hər nə olursa olsun, dialoq qurulmalıdır. Əgər ilk mərhələdə dialoq təmin olunmasa, bütün neqativliklərə baxmayaraq, əlaqələri düzəltmək üçün yollar axtarmaq lazımdır”.
Qeyd edək ki, Türkiyə prezidenti dəfələrlə rusiyalı həmkarına danışıqlar aparmaq üçün müraciət edib. Putin isə bütün bu təşəbbüsləri cavabsız bıraxıb. Qorbaçovun yuxarıdakı fikirləri bu baxımdan, Ərdoğanın mövqeyi ilə tam üst-üstə düşür.