Strateq.az-ın “Vəkil Bürosu”na ünvanlanmış sualları hüquqşünas Sunay Ramazanova cavablandırır
Sual: Müxtəlif pensiya hüququ olan şəxslərə necə pensiya təyin oluna bilər? Həqiqət Rəhmanova
Cavab: Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir.
Sual : Yaşa görə əmək pensiyasının təyin olunmasının şərtləri nədir? Ayşən İbrahimova
Cavab: Qanunun tələbinə görə, 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda, yaşa görə əmək pensiyası hüququ vardır. Qanuna edilmiş qeydə əsasən, kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq, 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq, 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır.
Sual: Əliliyə görə əmək pensiyasının məbləği necə müəyyən olunur? Nisə Həmidova
Cavab: Əlilliyə görə əmək pensiyası əmək pensiyasının növlərindən biridir. Əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlilliyə görə əmək pensiyası aşağıdakılardan ibarətdir: baza, sığorta və yığım hissəsindən. Əlilliyə görə əmək pensiyasının baza hissəsinin məbləği yaşa görə əmək pensiyasının baza hissəsinin məbləğinin I qrup əlillərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə 120 faizi (I qrup gözdən əlillərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə 200 faizi), II qrup əlillərə 100 faizi, III qrup əlillərə isə 55 faizi həcmində müəyyən edilir.
Sual: Neçə uşaqla vaxtından əvvəl pensiyaya çıxmaq olar? Xatun Qafarova
Cavab: Beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan qadınların pensiya üçün müəyyən olunmuş yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var.
Sual: Mən I qrup əliləm, mənzil şəratim çox pis vəziyyətdədir. Bilmək istəyirəm ki, mən növbədənkənar mənzil şəraitimi necə yaxşılaşdıra bilərəm? Əfqan Əhmədov
Cavab: “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Qanuna görə, əlillər dövlətin hesabına mənzillə təmin edilirlər. I qrup əlillərə, sağlamlıq imkanları məhdud uşağın ailələrinə mənzillər növbədənkənar verilir. Əlillərə, sağlamlıq imkanları məhdud uşağın ailələrinə verilən mənzillər əlillərin, sağlamlıq imkanları məhdud uşağın ailələrinin səhhəti nəzərə alınmaqla, müəyyən edilən sanitariya texniki tələblərə uyğun gəlməlidir. Əlillərin, sağlamlıq imkanları məhdud uşağın ailələrinin mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər hesab edilməsinin əsasları, onlara mənzil verilməsinin növbəliyi Azərbaycan Respublikasının mənzil qanunvericiliyi ilə müəyyən edilir. Bu zaman 1 qrup əlillər, sağlamlıq imkanları məhdud uşağın ailələri, habelə II və III qrup müharibə əlilləri ailədə adambaşına 9 kvadratmetr və daha az yaşayış sahəsi ilə təmin edilmiş olduqda mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər sayılırlar.
Sual: Bilmək isəyirəm ki, müdir işçisinə təhqiramiz sozlər deyib, onu işdən azad edə bilərmi? Aytac İslamova
Cavab: Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır:
– tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi, tərəflərin iradəsindən asılı olmayan hallar, tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.
Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər:
müəssisə ləğv edildikdə, işçilərin sayı və ya ştatları ixtisar edildikdə, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə, işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud əmək vəzifələrini kobud şəkildə pozduqda, sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda, dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda.
Təhqir qadağandır və buna görə təhqir edən cinayət və mülki məsuliyyət daşıyır.
Sual: Mənim obyektim var və onu icarəyə vermişəm. 10 illik müqavilə əsasında. Mən hansı hallarda qarşı tərəfin razılığı olmadan müqaviləni ləvğ edə bilərəm? Akif Mehtiyev
Cavab: Əgər müqavilənin ləğvi barədə aranızda razılaşma əldə etmək mümkün deyildirsə, müqavilənin ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilərsiniz. Bu zaman müqaviləni ləğv etmək təklifindən digər tərəfin imtinasını almaq zəruridir.
Sual: Yaxın dostum kreditə məişət əşyası alarkən, zamin durmuşam. Dostum kreditin müəyyən bir hissəsini ödəyib. Hazırda işsiz olduğu üçün qalan krediti odəyə bilmir. Bu halda məni nə gözləyir? İlqar Babayev
Cavab: Qanuna görə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, borclu və zamin kreditor qarşısında birgə məsuliyyət daşıyır. Əgər dostunuz krediti ödəyə bilməsə və kreditor bununla bağlı məhkəməyə müraciət etsə, sizi də cavabdeh kimi göstərəcəkdir və siz bu öhdəliyin icra edilməsinə məsuliyyət daşıyırsız.
Sual: Mən boşanmışam, himayəmdə 2 azyaşlı uşağım var. Adıma nə maşın, nə ev, nə də torpaq sahəsi var. üstəlik, aliment də almıram. Bilmək istəyirəm ki, ünvan
lı sosial yardım ala bilərəmmi? Aysu Məmmədova
Cavab: ünvanlı sosial yardım aztəminatlı ailələrə verilir. Siz aztəminatlı ailələrə aid hesab edilə bilərsiz. Siz ailə üzvlərinin şəxsiyyət vəsiqələrinin surəti, ailə tərkibi haqqında yaşayış yerindən arayış, nikahın pozulması haqqında şəhadətnamənin surəti və s. sənədlərlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayon mərkəzinə ünvanlı sosial yardım almaqla bağlı müraciət edə bilərsiniz.