***
“Günəşli” yatağındakı yanğın baş verən 10-cu dərin dəniz özülündə işçilərin təxliyyəsi başa çatıb.
SOCAR-dan verilən məlumata görə, artıq platformdakı bütün işçilər yanğın baş verən ərazidən çıxarılıb.
“İşçilər arasında ölən və xəsarət alan yoxdur”-deyə bildirilib. Hazırda platformada yanğının söndürülməsi istiqamətində işlər davam edir.
***
“Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə yanğın baş verən zaman platformada 63 nəfər olub.
SOCAR-dan bildirilib ki, bütün əməkdaşlar sağ-salamatdır: “Bütün əməkdaşlarımızın təxliyə olunması istiqamətində müvafiq tədbirlər görülür. Onların hamısı təhlükəsiz ərazidədir. Xilasedici gəmilər hadisə yerinə yaxınlaşıb. Güclü külək nəticəsində yaranan dalğalar xilasetmə əməliyyatını çətinləşdirir. Belə ki, dalğanın hündürlüyü 8-10 metrə çatır. Hadisə nəticəsində xəsarət alan və ölən yoxdur”.
Hadisə ilə bağlı SOCAR-ın vitse-prezidenti Rəhman Qurbanovun sədrliyi ilə komissiya yaradılıb.
Həmçinin “Azneft” İstehsalat Birliyində operativ qərargah yaradılıb. Qərargah platformada qalanların yaxınlarına mütəmadi olaraq məlumat verir (APA).
***
28 May NQçİ-nin “Günəşli” yatağında 10-cu platforma yanır.
Strateq.az bildirir ki, bu barədə Neftçilərin Huquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı özünün facebook səhifəsində yazıb.
Platformada xeyli neftçinin qaldığını deyən M. Qəhrəmanlı vəziyyətin gərgin olduğunu bildirib.
Mirvari Qəhrəmanlı yazıb ki, neftçilərdən birinin məlumatına görə, kəskin hava şəraiti xilasedici qayığı dənizə buraxmağa imkan vermir: “SOCAR rəhbərliyi bu dəqiqələrdə məlumat yayacaq. Vitse-prezident Rəhman Qurbanovun rəhbərliyi altında komissiya yaradılıb. Platformada 84 nəfər işləyir”.
Yanğın başlanan 10-cu platformadan neftçilərin təxliyyəsi başlanıb. Neftçilər kiçik qayıqlarla qəza yerindən uzaqlaşdırılırlar. Hazırda yanğınsöndürən gəmi yanan platformaya yan almağa çalışır.
***
SOCAR-ın mətbuat xidməti yanğınla bağlı rəsmi açıqlama yayıb. Açıqlamada deyilir ki, bu gün baş verən güclü tufan saat 17.40 radələrində “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın olub.
İlk növbədə özüldəki işçilərin təxliyyə olunması istiqamətində tədbirlərə başlanılıb. (apa.az)
Dalğanın hündürlüyü gəmilərin platformaya yaxınlaşmasına ciddi problemlər yaradır. Buna baxmayaraq, hazırda Fövqəladə Hallar Nazirliyinin xilasetmə dəstələri tərəfindən Xəzər Dəniz Gəmiçiliyinin “Vixr-9” və “Topaz” yanğınsöndürən gəmiləri, habelə “Avyor” dalğıc və “Samir Quliyev” yedək gəmiləri vasitəsi ilə təxliyyə işləri həyata keçirilir.
Hadisə ilə əlaqədar “Azneft” İstehsalat Birliyində qərargah yaradılıb.