OPEC-in (Neft İxrac edən ölkələr Birliyi) Vyanada keçirdiyi toplantısı başa çatdı.
Strateq.az-ın məlumatına görə, OPEC-in budəfəki toplantısında qəbul edilən qərar həm Rusiya, həm də Azərbaycan üçün ciddi nəticələr doğura bilər.
Belə ki, beynəlxalq bazarda neftin qiymətinin ucuzlaşmasından sonra “qara qızıl” istehsal edən bütün ölkələrdə dərin böhran yaranıb. Əslində bu toplantı da, guya, həmin böhranın nəticələrini ortadan qaldırmaq üçün keçirilirdı. Hər kəs ümidini OPEC-in hasilatı azaldacağına və nəticədə bazarda qıtlaşacağı gözlənilən neftin qiymətinin bahalaşacağına bağlamışdı. Bugünkü toplantıda isə nəinki həmin gözlənti özünü doğrultmadı, əksinə, gündəlik istehsal həcmi 5% artırıldı. Toplantıya qədər gündəlik maksimum hasilat 30 milyon barel idisə, toplantıda verilən qərarla bu rəqəm 31.5 milyona yüksəldildi.
Faktiki olaraq hasilatın artırılması mənasına gələn məlum qərar, sözsüz ki, neftin qiymətlərinə də ciddi təsir göstərəcək. Təsadüfi deyil ki, son bir neçə gün ərzində qlobal bazara hakim olan istehsalın azaldılması ehtimalı neftin qiymətlərini də artırmışdı. OPEC-in bugünkü toplantısında sözügedən ehtimalın reallaşmayacağı xəbəri yayılınca, qiymətlər də iclas bitməmiş yenidən 43 dollara endi.
Mütəxəssislərin fikrincə, bu eniş qısa müddət ərzində daha katastrofik hal ala bilər. Hətta bir barel neftin 20 dollara qədər enməsini belə proqnozlaşdıranlar var.
Venesuelanın neft naziri Eulogio Del Pino da perspektivə bu cür pessimist əhvali-ruhiyyə ilə baxanlardandır. Del Pino bir neçə gün əvvəlki açıqlamasında OPEC-in hasilatı tənzimləməyəcəyi təqdirdə, qiymətlərin 20 dollara enəcəyinin qaçınılmaz olduğunu bildirmiş, Səudiyyə Ərəbistanını və Qətəri 1 barel/88 dollar modeli üzərində baş sındırmağa dəvət etmişdi. Riyad yetkililəri Venesuela rəsmisinin bu təklifini gözdən keçirəcəyini desələr də, sonrakı açıqlamalar çox adamın kefinə soğan doğramışdı. Krallığın neft naziri Əli Naimi demişdi: “Səudiyyənin neft hasilatını azaldacağına dair söyləntilər tamamilə əsassızdır”.
Riyaddan gələn bu bədbin açıqlamalar hələ OPEC toplantısı başlamadan əvvəl neft bazarında qiymətlərin düşməsinə səbəb olmuşdu. Səudiyyənin hələ vurmadığı, sadəcə vuracağını elan etdiyi bu tərs sillənin xəbərinin belə ciddi nəticə verməsi gözlənilməz deyildı. Zira son bir ildə neftin qiymətlərinin ucuzlaşmasının başlıca səbəblərindən biri də məhz rəsmi Riyadın, guya şist neftini dunya bazarından vurub çıxarılması bəhanəsiylə hasilatı artırması idi.
Riyadın bəhanəsinə görə, yeni texnologiya ilə hasilatı artan şist nefti Səudiyyə krallığının bazarını əlindən ala bilər. Ona görə də, “qara məni basınca, mən qaranı basım” məntiqiylə hərəkət edən krallıq daha baha başa gələn şist neftini bazardan sıxışdırıb çıxarmağa qərar vermiş, bunun üçün də hasilatı artırmışdı. Məqsədi guya “qara qızılın” qiymətlərini şist neftini rentabelsiz hala gətirənə qədər ucuzlaşdırmaq idi.
ötən il ortaya atılan bu arqument isə səbəbdən çox, bəhanəyə bənzəyirdi. Nədən ki, həmin məntiqlə Səudiyyə Ərəbistanının özü bütün rezervlərini su qiymətinə satmalıdır. Əks halda təbii neftin istehsalı azalan kimi şist neftinin hasilatı yenidən başlaya və Səudiyyənin bazarı yenə əldən çıxa bilər. Deməli, “qaranı basmaq” Ərəbistanın “qara qızılı” bitənə qədər davam etdirilməlidir. Bu isə öz təbii sərvətini bilə-bilə dəyər-dəyməzə satmaqdan başqa bir şey deyil. Riyadın neft ehtiyatı bitdikdən sonra meydan şist neftinə qalacağından bu siyasətdən qazanan yenə rəqib tərəf olacaq. Bu qədər özünə zərər vuran neft strategiyası, hətta Səudiyyə Ərəbistanı kralının ağlına gəlməyəcək qədər məntiqsiz olduğundan, məlumdur ki, torbada ayrı pişik vardı.
Digər tərəfdən, şist neftinin yeni texnologiya ilə hasili ABŞ-a məxsus olduğundan Səudiyyə Ərəbistanının öz ağasının iradəsinə qarşı getməsi də inandırıcı görünmürdü. Belə çıxır ki, məqsəd ABŞ-ı deyil, başqasının kökünü baltalamaq idi.
Son bir il ərzində neft hasilatının artırılmasından ən çox zərər görənin Rusiya olduğunu nəzərə alanda torbadakı pişiyin “cinsi” də müəyyənləşir. Təsadüfi deyil ki, digər sanksiyalarla da dalana sıxışdırılan Rusiyanın OPEC-in son qərarından sonra tamamilə zəifləyəcəyi güman olunur. Venesuela neft nazirinin sözlərinə inansaq, toplantıdan əvvəlki hasilat həcmi belə bir barel neftin qiymətini 20 dollara salacaqdısa, istehsalın 5% artırılmasından sonra vəziyyət daha arzuedilməz olacaq. Bir barel rus neftinin 20 dollara başa gəldiyini hesaba qatsaq, hədəf olaraq eyni rəqəmin seçilməsi başadüşüləndir.
Nə qədər qəribə görünsə belə, Rusiyanın ən yaxın müttəfiqi sayılan İran da OPEC-in toplantısından əvvəl neft hasilatını artıracağına işarə etmişdi. ölkənin neft naziri Namdar Zəngani OPEC-in hasilat planlamasında İranın ehtiyaclarının da nəzərə alınmasını istəmişdi. Bu isə sanksiyalardan yaxa qurtarar-qurtarmaz neft qiymətlərinin ucuzlaşması talesizliyi ilə üzləşən İranın nəyin bahasına olursa-olsun, hasilatı artıracağından, dolayısıyla istəməsə belə, müttəfiqinin qarşısında yer alacağından xəbər verirdi. Görünür, gündəlik maksimum hasilat həcminə əlavə edilən 1.5 milyon barel neft və ya başqa təbirlə desək, 5%-lik artım İranın ehtiyacları üçün nəzərdə tutulub.
Sözsüz ki, neft çıxaran ölkələr öz hasilatlarını nə qədər artırırsa artırsın, istehlakçıların tələbləri eynilə qalır. İstehsalla istehlak arasındakı balansın pozulması isə ancaq 2 halla nəticələnə bilər: Ya kimlərsə oyundan kənar vəziyyətə düşməli olacaq, ya da neftin qiyməti ucuzlaşacaq. Hər iki ehtimalın Rusiyanın başında çatlayacağı güman olunur.
Təkcə, Rusiyanınmı? Əlbəttə, xeyr. 20 ildən artıqdır ki, öz sənayesini inkişaf etdirməyən, ümidini neft gəlirlərinə bağlamaqla Rusiyayla ortaq taleyi bölüşən Azərbaycan da Moskvaya vurulan bu tərs sillədən öz nəsibini alacaq. Bu sillənin küləyi belə Bakının silkələnməsi üçün kifayətdir.
Heydər Oğuz
Strateq.az