XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 December 2015 - 07:28

Amerika mətbuatı yazır: Ərdoğan Putinə layiq rəqibdir – Təhlil

putin-erdogan-88.jpg

Bu günlərdə hava məkanını pozmuş Rusiya təyyarəsini vuran Türkiyənin addımı geniş rezonans doğurmaqda davam edir və ciddi bölgəsəl, kürəsəl nəticələr verəcək.

Moskvanın reaksiyası tamamilə hiddətli və gözlənilən idi. Məsələ cavab zərbəsinədək gedib çıxmadı, lakin Moskva iqtisadi sanksiyalar, səfər qadağası və düşmənçilik ritorikası daxil olmaqla, Ankaraya qarşı qalan bütün tədbirlərdən istifadə etdi. Ankara öz tərəfindən ifadələrini yumşaltmaqla və xəbərdarlıq qaydasında Suriya sərhədi boyunca uçuşsuz zona yaratmaqla gərginliyi zəiflətməyə çalışır. Eyni zamanda bütün səviyyələrdə Rusiya ilə təmasları qaydaya salmağa cəhd edir.

Türkiyə Moskva ilə üzrxahlığı nəzərdə tutmayan dialoqlara başlamaq səylərinə əlavə olaraq NATO-dan və Vaşinqtondan sakitləşdirici əminlik əldə etməyə cəhd etdi.

Bunu əldə etdikdən sonra isə qaçqınlar üzrə əməkdaşlıq haqda Avropa Birliyi ilə saziş bağladı. Bu, ən yaxın perspektivdə özəl dəyişimlər gətirməyəcək, lakin Qərb buna ağıllı şəkildə yanaşsa, daha uzaq perspektivdə Ankaranın Transatlantik münasibətləri üçün dönüş məqamı ola bilər.

Heç bir bölgə və yaxud dünya dövləti keçən həftəyə qədər prezident Putinin Rusiyanın “yaxın xaric” xarici siyasətindəki yeni təcavüzkar strategiyasına hərbi vaistələrlə meydan oxumağa cürət etmirdi.

Krımın qeyri-qanuni işğalı və Ukraynada özgə əliylə müharibə xüsusunda iqtisadi sanksiyalara və sərt ifadələrə baxmayaraq, Transatlantik cəmiyyəti, deyəsən, hesab edirdi ki, münaqişənin məsrəfləri ondan gələn səmərəni xeyli üstələyir.

Hətta Putin diqqəti Ukraynadan Suriyaya keçirib öz müttəfiqi Əsədə təkcə hərbi tədarüklə deyil, həm də birbaşa aviasiya dəstəyi ilə yardım göstərərkən, Qərb həvəsiz şəkildə etiraf etdi ki, heç nə etmək olmaz və əslində, Rusiyanın birbaşa müdaxiləsi Suriya probleminin uzunmüddətli həllinin komponenti ola bilər.

Putin Suriyada yeni cəbhə atmaq cəhdiylə Türkiyənin hava sərhədini həyasızcasına pozub Kremlin niyyətləri haqda aydın siqnal verdi və prezident Ərdoğanı son dərəcə hiddətləndirdi. çünki Putin zərbə endirmək qismində hədəf kimi İŞİD-i və kürdləri deyil, Əsədə qarşı çıxış edən türkmənləri seçdi. Putinin təəssüfünə rəğmən o, noyabrın əvvəlində partiyası seçkilərdə inamlı qələbə qazanmış Ərdoğanın qətiyyətini lazımınca dəyərləndirmədi.

Oktyabrda Türkiyənin bütün tarixi ərzində Ankarada baş vermiş ən böyük terror aktından və PKK ilə münasibətlərdə gərginlik güclənəndən sonra Ərdoğan dünyanın diqqətini Suriyaya cəlb etməkdən ötrü G-20-nin Antalyadakı sammitindən istifadə etməyə cəhd etdi. Ərdoğan Paris hücumundan dərhal sonra baş tutmuş bu görüşdə Türkiyənin yalnız simptom saydığı İŞİD-ə qarşı təkcə müvəqqəti koalisiya yaratmaq deyil, həm də Ankaranın fikrincə, Suriyanın əsas problemi olan Əsəd məsələsini həll etmək niyyətindəydi. Ərdoğan öz niyyətlərini olduqca aydın şəkildə biçimlədi və “iyirmiliyin” görüşündən sonra Əsədin beynəlxalq terrorizmun və Türkiyəni, Avropanı bürümüş humanitar böhranın yeni dalğasının əsas səbəbi olduğu haqda əminliyini israr etdi. O, daha dərinə gedərək bildirdi: “Əsədin dalında duranlar heç də ondan az günahkar deyil”. Bu, Rusiya və İrana Suriya hadisələri və Türkiyənin hava məkanını yoxlamaqda Moskvanın daimi cəhdlərindən doğan açıq xəbərdarlıq idi. Təyyarə insidentinin müqəddiməsi Türkiyə səmasında vurulmuş Rusiya istehsallı pilotsuz aparat oldu.  

Beləliklə, Suriyadakı ayırıcı xətlər hələ son insidentdən xeyli əvvəl qeyd edilmişdi, lakin Türkiyənin NATO-ya üzvlüyü bölgəsəl gərginliyin kürəsəl gərginliyə necə sürətlə keçə biləcəyini güclü şəkildə yada saldı. Paris hücumunda iştirak edənlərin bəzilərinin Türkiyə ərazisindən keçməsi və onlarda Suriya qaçqını pasportunun olması haqda informasiya bütün ölkələrdə siyasi müzakirələrə səbəb oldu. Lakin bu faktlar bir daha göstərir ki, Transatlantik cəmiyyətinin ən güney cinahı onun üçün nə qədər önəmlidir.

Rusiyanın Türkiyəni İŞİD-in hamisi kimi təqdim etmək cəhdləri Ərdoğanın dönəmində əksəriyyətin özünü təsdiq edən Ankaradan ən pisini gözləməyə meylli olduğu Qərbdə müəyyən uğur qazandı. Türkiyənin bu yaxınlaradək İŞİD-ə ikili münasibəti mahiyyətcə Ankaraya və xüsusən də Ərdoğanın Qərbdəki imicinə ziyan vurur. Lakin strateji planda Türkiyə üçün daha önəmli olan ABŞ və Almaniyada anlayırlar ki, Ankara bu gün kəskin şəkildə İŞİD-ə qarşı köklənib və Rusiya ilə münasibətlər pisləşəndən sonra Qərblə əməkdaşlığa hazırdır. Qərb Türkiyənin həmişə görünən güc mövqeyindən sövdələşmə apardığına vərdiş edib və indi Putinin ona bəxş etdiyi böhrandan faydalanıb AB-yə üzvlükdən tutmuş NATO çərçivəsində öhdəliklərə qədər ən müxtəlif məsələlər üzrə Ankara ilə dialoqa başlamağın zamanı yetişib. çünki bu böhran əyani şəkildə göstərdi ki, Türkiyə özünün Transatlantik müttəfiqlərinə nə qədər etibarlı şəkildə bağlıdır.

Prezident Putin Ərdoğanın simasında layiqli, öz coğrafi çevrəsində Rusiyaya qarşı cəsarətlə hərəkət etmyə qadir olan Türkiyənin qabiliyyətini sübut etməkdə tam qətiyyətlə dolu rəqib tapdı. Alyansda münasibətləri bundan sonra da mürəkkəbləşdirəcək kürdlərə görə dərin fikir ayrılıqlarına baxmayaraq, indi Türkiyənin Transatlantik xarakterini yenidən təsdiq etməyin əsl məqamıdır. Rusiyaya qarşı çıxış edən və Putinin bölgədə liderlik boşluğunu doldurmaq cəhdlərini ifşa edən Türkiyənin tərəfində çıxış etmək – Transatlantik cəmiyyətinin uzunmüddətli maraqlarına bu cür mövqe uyğun gəlir. Hərçənd onlar arasında İŞİD-ə qarşı koalisiyanın necə və nə vaxt hərəkətə gətirilməsi, Əsədsiz Suriyaya keçidi başlamaq haqda ötəri fikir ayrılıqları saxlanmaqdadır.

Cari böhran və gərginliyin Ankara ilə ən müxtəlif regional problemlər üzrə əməkdaşlığın bərpası üçün əlverişli konstruktiv imkana çevrilməsi Vaşinqton və Qərb paytaxtları üçün Moskvanın sayəsində əlverişli şansdır.

Coşua Uoker

The National Interest , ABŞ, 04.12.2015